Müşfiq Şahverdiyev: "Fərda, Elməddin? Soyuğam onlarla"
09:49 16-05-2014
ŞOU
Müşfiq Şahverdiyev: "Fərda, Elməddin? Soyuğam onlarla"
"Bu da bu" yumorostik layihənin aparıcı aktyoru Müşviq Şahverdiyevlə müsahibəni təqdim edirik.
- "Bu da bu"da ssenariləriniz zəifləyir sanki...
- Hansısa mövzu ilə bağlı qadağanız, çərçivəniz varmı? Senzura olaraq...
- Olur. Bizim layihənin rəhbəri Murad Dadaşovdur. Ona irad tuturlar, o da bizə irad tutur. Söz yox ki, müəyyən şeyləri gözləmək lazımdır. Amma müəyyən şeylər də var ona irad tutanda adam deyir ki, burada nə var axı...
- Məsələn, nə mövzuda olan səhnələrinizə irad tuturlar?
- İrad deməzdim, sadəcə deyirlər ki, sadəcə bunu eləməsəz daha yaxşı olar. Yəni mollalar demişkən, günah deyil, amma məkruhdur. Məsələn, bizim polislərlə bağlı səhnəciyimiz var idi, müəyyən səbəblərdən onu saxladılar. Halbuki, biz heç kimi təhqir etmirik. Mənim polis dostlarım da var, hacı, məşədi, kərbalayı dostlarım da. Bunun məsələyə aidiyyatı yoxdur. Mən aktyoram, yazılan, verilən rolu oynayıram, bu mənim borcumdur.
- Obrazlarınızın həyatda prototipi var?
- Orada Gopçu Mübi var, o... Həyatda belə bir adam var. Bizim dostumuzdur, Əhmədlidə yaşayır, adı Mübarəkdi, metroda işləyir. Özü belə söhbətlər edirdi; mən qatarda gedərkən vaqonlar bir-birindən aralananda onlardan yapışıb birləşdirmişəm filan... Onun söhbətlərini dinləyə-dinləyə Mübi obrazını düşündüm. Bizi efirdə görəndən sonra dedi ki, düz eləmirsiz, mənim söhbətlərimi edirsiniz, mən gop eləmirəm filan. Dostuq da keçir bizə.
- Hər səhnəciyinizdə bir zonanın ləhcəsi olur...
- Bir dəfə Salyan tərəfdə idik. İlkin Salyandandır. Orada nədənsə zəhərləndim, özümü yaxşı hiss etmirdim. Həkimə getdim. Həkim başladı da: "Mıa baax, səər-axşam ağzımızı əgir, indi də qəlib ki, zəhərrənmişəəm? Helə səə yaxşı olıb..." gördüm bunlar məndən yanıqlıdı, heç mənə yanaşıb yardım etmək istəmirlər. Dedim allah evinizi tiksin, daha o söhbət orada qaldı da. Axırda dərman zad verdilər. Həmişə deyirəm, ləhcə ilə danışmaq lağ deyil.
- Amma ləhcə obrazı sevdirmək üçün, gülüş yaratmaq üçün işin asanına qaçmaqdı...
- Bir tərəfdən sizlə razıyam. Amma ləhcə gülüş deyil, şirinlik qatır. Ləhcə gülməli olsaydı hamı bir-birinə gülərdi. Amma bunun da payı var: obraza bir yekə pencək geyindirdin, əlinə təsbeh verdin, bığ-saqqal düzəltdin, bir-iki də məzəli söz desə güləcəklər ona. Bizdə cəmi bir-iki ləhcə var, qalanları ləhcəsiz danışırlar.
- "Tək səbir"də hamınız bir yerdə idiniz, sonra dağılışdınız...
- Bir meyxanada da demişdim bunu: mənim tələbələrim var idi, əli çörəyə çatandan sonra hamısı dağılışdı. İndi "Tək səbir"də də elə. Nə qədər quyuda su var idi, hamı onun ətrafında idi, hamı ondan bəhrələnirdi. Quyu quruyan kimi hərə getdi özünə quyu qazmağa. Biz o vaxt Həsənin başına yığışmışdıq. Bir bulkanı ikiyə bölürdük, bir siqareti bölürdük. Quyu quruyan kimi hamı dağıldı. Bəlkə də bu yaxşıdı...
- Münasibətləriniz necədi?
- Soyuqdu. Salam-sağ ol. Hələ şükür ki, bizdə yumorist azdı. Türkiyədəki kimi 20-30 nəfər olsa gecə ikən bir-birini öldürərdilər. Ya da bir-birinin qıçın sındırardılar ki, səhnəyə çıxa bilməsin. İnanın ki, bir film çəkib bu yumoristlərin - Rafaelin Coşqunu, Fərdanı, Elməddini bir yerə yığmaq istəsələr onları razı salmaq üçün illər lazım olar.
- Bu kinin səbəbi nədir?
- Bilmirəm. Heç kimin gözü bir-birini götürmür. Kimsə kimin yanından çıxıb o birinin yanına gedirsə qəbul etmirlər ki, sən onun adamısan.
- Siz, Fərda, Elməddin, bir-birinizin yumoristik səhnələrinə gülə bilirsiniz?
- Yox. Mən bilirəm ki, onlar bizim səhnələrimizə gülmür, biz də onların.
- Niyə, gülməli deyil sizə?
- Maraqlı deyil. Mən, məsələn, bizim yumoristlərin işi ilə maraqlanmıram. Bəlkə də içimizdə bir prinsip var, o qoymur gülməyə... Yəni demirəm ki, onları gözüm götürmür. Bilirəm ki, mən onlara maraqlı deyiləm, onlar da mənə. Hərə öz işi ilə məşğul olur.
- Hədəfiniz nədir?
- Film çəkmək. SSRİ dağılandan sonra kinostudiya tənəzzül etdi. Biz keçmişdəki qədər də çəkə bilmirik. Texnika da var, amma hələ də o keçmişə çata bilmirik. İndi yavaş-yavaş kinoteatrlar işləyir. Mən təəssüf edirəm ki, orada əksər filmlər xarici filmlərdir, türk filmləridir. Bizdə kinoya ciddi yanaşmırlar. Peşəkar olmayanları filmə çəkirlər. Hədəfim super kinokomediyalar işləməkdir. Artıq layihəmiz də var. Bu həftə içində layihə təsdiqlənəcək. Elə indi də filmlə bağlı görüşmədən gəlirəm. Yayda çəkilişlər olacaq. İlkinlə mən baş rolda olacağıq.
- Şansınız daha çoxdur. Sponsor sarıdan deyirəm...
- Sponsor məsələsini təbii ki, həll etmişik. İstərdim ki, sponsor daha böyük olsun, daha çox olsun. Biz daha böyük film çəkərdik. Amma o hələ yoxdur. Biz bu filmi çəkib özümüzü sübut etməliyik. Sonrakı layihələrdə qazanc barədə düşünəcəyik.
- Qazanc demişkən, toylara gedirsiniz?
- Toylardan, reklamdan filandan qazanırıq. Arada xaricə dəvət edirlər. Belə.
- "Bu da bu" bağlandı artıq, eləmi?
- Hə. Yeni layihə olacaq. "M qrup" prodakşndan yumoristik şou veriliş formatında yeni tele-layihə olacaq.
- Parodiyalar necə, olacaqmı?
- Son zamanlar parodiya ilə məşğul olmuram. Vaxtilə çox müğənniləri parodiya edirdim. Amma mən parodist kimi tanınmaq istəmirəm, mən aktyoram. Ola bilər məclisə rəngarənglik qatmaq üçün hardasa parodiya etmək olar. Amma əsas olan filmdi.
- Heç Musiqili Komediya Teatrına tamaşaya filana getmisiniz?
- Yox. Onlar gənc nəsli bəyənmirlər. Mənə maraqlıdır ki, onlar da gənc olanda əvvəlki nəsillər onları bəyənməyib? "Muzkomediya"ya getməmişəm, amma iki il Lənkəran teatrında aktyor işləmişəm. Bilirsiniz, teatrda işləyib dolanmaq mümkün deyil. İndi biri durub deyəcək ki, sənət hər şeydən irəlidir. Yox, axı. Mən ac oturub barmağımı gəmirim ki, sənət irəlidir? Axı insan yemək içmək, yaşamaq istəyir. Hamı istəyir yaxşı yaşasın.
- Yaşlı nəsildən olan yumorist aktyorlarımızın çoxu artıq səhnədə deyil. Məsələn, Arif Quliyev kimi yumoristə artıq tələbat yoxdur. Sizcə sizinlə də eyni şey baş verə bilər?
- Ola bilər. Üzərində işləməsən ola bilər. Arif Quliyev öz dövrünün yaxşı yumoristi olub. 90-cı illərdə, efirdən görəndə mənim arzum onun əlindən tutmaq idi. Qismət oldu ki, görüşdük. Onlar sadəcə çox pis zamana düşdülər. Kino, teatr zəiflədi. SSRİ dağıldı, müharibə başladı və kinoda, teatrda səssizlik oldu. İndi-indi dirçəlir.
- Sonda aydınlıq gətirin, kütümün pulu necə oldu?
- (gülür) Çalışırıq bölək...
Digər Xəbərlər
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38
2024-12-21 09:10:00
2024-12-21 00:44:40
2024-12-20 23:03:04