"Human Rights Watch" təşkilatının hesabatı yenə qərəzlidir
"Human Rights Watch" təşkilatının hesabatı yenə qərəzlidir

Ekspertlərin fikrincə, bloq yaratmaq, facebook hesabı açmaq, internetdən aktiv istifadə etmək insanı törətdiyi cinayətə görə məsuliyyət daşımaqdan azad etmir

Bu günlərdə "Human Rights Watch" təşkilatı Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatını açıqlayıb. Hesabatda ölkəmizə qarşı qərəzli fikirlər yer alıb. Bununla bağlı "Kaspi"yə mövqeyini bildirən Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli hesabatın çoxsahəli olduğunu diqqətə çatdırıb.

Bildirib ki, "Human Rights Watch" təşkilatının hesabatlarında qeyri-dəqiq informasiyaların yer tutması və bu qeyri-dəqiq informasiyalara əsaslanaraq ölkə haqqında yanlış rəy formalaşdırılması ilk dəfə deyil. Onun sözlərinə görə, "Human Rights Watch" və bir neçə beynəlxalq təşkilatlar bənzər hərəkətlərini fasiləsiz olaraq davam etdirirlər:
"Bu təşkilat və onun ölkədəki informatorları bilməlidirlər ki, bloq yaratmaq, facebook hesabı açmaq, internetdən aktiv istifadə etmək insanı törətdiyi cinayətə görə məsuliyyət daşımaqdan azad etmir. Bu cür təşkilatların hesabatlarında adları həbs olunmuş kimi keçən şəxslərin heç biri internetdən istifadə etdiklərinə, bloq yaratdıqlarına, facebook hesabı açmaqlarına görə həbs edilməyiblər. Azərbaycan məhkəmələri kiməsə internetdə yaydığı fikrə görə həbs cəzası kəsməsi praktikasından hələ istifadə etməyiblər. Əgər belə bir fakt varsa, qoy "Human Rights Watch" təşkilatı həmin faktı ortaya qoysun və biz də onun ətrafında müzakirə aparaq. Kimsə cinayət əməli törədib qanunla müvafiq cəza alıbsa, amma "Human Rights Watch" təşkilatı hesab edirsə ki, bu adam bloqqer olduğu, internetdən istifadə etdiyi üçün törətdiyi əməlin cəzasını çəkməməlidir, bu, absur, beynəlxalq praktikada təsadüf edilməyən yanaşmadır.
Rauf Mirqədirov məsələsinə gəlincə, istintaqın yekunlaşmasını və məhkəmənin hökmünü gözləmədən bu hadisəyə rəy vermək, hər halda peşəkar fəaliyyət göstərən beynəlxalq təşkilata yaraşmayan hərəkətdir. Burada bir məqama da diqqət çəkmək istəyirəm, mən bir neçə dəfə təklif etmişəm ki, Azərbaycan barədə hesabat hazırlayan təşkilatlar özlərinin istinad etdikləri mənbələr barədə informasiyanı şəffaflaşdırmalıdırlar. Azərbaycanda vətəndaş cəmiyyətinin bütün sahələrinə dair institutlarmış, peşəkarlaşmış, legitimləşmiş QHT-lər mövcuddur. Əksər beynəlxalq təşkilatlar öz işlərini bu cür peşəkar QHT-lərlə qururlar. Amma institutlaşmamış, qeyri-peşəkar, legitim olmayan QHT-lərlə işləyən beynəlxalq təşkilatlar da var ki, onların da hesabatları məhz "Human Rights Watch"un hesabatı kimi qeyri-dəqiq, subyektiv olur".
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət isə hesabata münasibət bildirərkən adəti üzrə "Human Rights Watch" təşkilatının Azərbaycanla bağlı açıqlamalarında bu dəfə də tələskənliyə yol verdiyini söyləyib. O, "NİDA"çılarla bağlı məhkəmə prosesinin təzə yekunlaşdığını, bu işlə bağlı növbəti hüquqi addımların atılması üçün imkanların olduğunu vurğulayıb. Bildirib ki, əgər kimsə öz hüquqlarının pozulduğunu, məhkəmənin düzgün qərar qəbul etmədiyini iddia edirsə, onun daha yüksək instansiyalara müraciət etmək hüququ var: "Əgər hökm ədalətsizdirsə, onunla bağlı həmin şəxslərin yenidən mübahisə və müzakirə açmaq imkanı var. Belə olan halda ədalət və qanun tərəfdarı olan beynəlxalq təşkilat bütün bu mərhələlərin keçilməsini gözləməli idi. Azərbaycan elə bir ölkədir ki, burada qanunun aliliyi təmin olunur, məhkəmə instansiyaları müvafiq şəkildə pillələnir. İlk məhkəmə prosesində hüququnun pozulduğunu iddia edən şəxs Apelyasiya, Ali, Konstitusiya məhkəmələri kimi daha yüksək instansiyalara müraciət edə bilər. Ancaq təəssüflər olsun ki, "Human Rights Watch" təşkilatı bu mərhələləri gözləmədən açıqlama verdi və Azərbaycanla bağlı qərəzini bir daha nümayiş etdirdi. Bu da təsadüfi deyil. Məhkəmə prosesi mayın 6-da bitəndən dərhal sonra ABŞ-ın Azərbaycandakı səfiri açıqlama verərək, nəticələri şübhə altına aldı. Bunun ardınca ABŞ Helsinki Komissiyası Vaşinqtondan açıqlama verdi və məhkəmənin qərarı ilə bağlı öz şübhələrini dilə gətirdi. Hətta Azərbaycanı ədalətsiz məhkəmə prosesi təşkil etməkdə ittiham etdi. Yəni, bütün bu adamlar heç bir araşdırma aparmadan, ayrıntıları müəyyənləşdirmədən, ümumilikdə prosesə kompleks şəkildə yanaşmadan açıqlamalar verdilər, ABŞ dövlətinin rəsmi mövqeyini ortaya qoydular. "Human Rights Watch" da məhz ABŞ-ın yedəyində gedən təşkilat, ABŞ dövlət siyasətinin köməkçi vasitəsi olduğundan həmin açıqlamalara əsaslanaraq, eyni mövqeni ifadə edən hesabatla çıxış etdi. Bu bizi qətiyyən təəccübləndirmir. Çünki ABŞ dünyada jandarm rolunu oynamaqda, bütün dünya ölkələrinə öz iradəsini diktə eləməkdədir. Diktə etmək üçün isə müxtəlif təsir rıçaqları yaradılmalıdır. Belə rıçaq rolunu isə onlar üçün insan haqları məsələsi oynayır".
A.Həsrət ABŞ-ın özündə insan haqları baxımından vəziyyətin heç də yüksək səviyyədə olmadığını qeyd edib. Onun sözlərinə görə, iki gün əvvəl ABŞ mediası məlumat yayıb ki, psixi xəstəliyi sübut olunan şəxsə bu ölkədə ölüm hökmü kəsilib: "ABŞ ədalət tərəfdarıdırsa, o zaman bu dövlətin faktiki olaraq məhkəmənin, tibbi orqanların psixi problemləri olmasını təsdiq etdiyi şəxs haqqında ölüm hökmü kəsməsi nə dərəcədə düzgündür? Eyni zamanda "Human Rights Watch" təşkilatı nədən bu cür fakta göz yumur, bununla bağlı hər hansı açıqlama vermir? Axı bizdən fərqli olaraq, orada psixi qüsuru olan, xəstə, ağlı yerində olmayan, əməllərinə görə cavab vermək iqtidarında olmayan bir insanı ölüm hökmünə məhkum ediblər. Amma Azərbaycanda barələrində məhkəmə hökmü çıxarılan şəxslərin təqsirləri tam sübuta yetirilib. Ona görə də ABŞ kimi dövlətlərin və "Human Rights Watch" kimi yedək təşkilatların bu məsələdə xüsusi canfəşanlıq etmələri, sadəcə olaraq onların Azərbaycana basqı etmək niyyətindən irəli gəlir. Biz belə təşkilatların bu cür açıqlamalarını, hesabatlarını qərəzli hesab etdiyimizə görə, bunlara o qədər də əhəmiyyət vermirik".
Fuad