Azərbaycandakı "dərman biznesi"nin şok gizlinləri
09:05 20-05-2014
İQTİSADİYYAT
Azərbaycandakı "dərman biznesi"nin şok gizlinləri
Əczaçılıq sektoru əməkdaşı saxta dərmanlarla bağlı bəzi məqamların üstünü açdı
Saxtalıq, saxtakarlıq həyatımızın hər sahəsində təhlükəlidir. Əfsuslar olsun ki, çəmiyyətimiz saxtakarlardan, dələduzlardan xali olmadığı kimi, insanlarımız da saxtakarlardan, dələduzlardan sığortalanmayıblar.
Ən pisi də odur ki, saxtakarlar törətdiyi əməlləri ilə çox vaxt həyatımızı, sağlamlığımızı təhlükə altında qoyurlar. Söhbət saxta dərmanlardan və ... ağ xalatlı həkimlərdən gedəcək.
Saxta dərmanlar harada və necə hazırlanır?
"Ans press"in əməkdaşı saxta dərmanın harada, necə hazırlanmasında məlumatlı olan əczaçılıq sektorunun işçisi ilə söhbətləşib. O, maraqlı məqamlara toxundu: "Bir müddər əvvəl "Askorutin", "Analqin" və "Essensial" kimi dərmanlar saxtalaşdırılaraq Azərbaycanda istehsal edilirdi. Sonra bunun qarşısı alındı. Belə ki, vaxtı keçmiş dərmanın farmakoloji tərkibini təşkil edən vasitələr, nəzərdə tutulan miqdardan az qatıldığından müalicə effektli alınmır, ya da ki, dərmandan zəhərlənmələr baş verir. Bəzən isə Azərbaycana və ya hər hansı bir bazara dərman gətirmək istəyən iş adamı və ya əczaçı tibbdə daha çox istifadə olunan Analqindən 50% 2ml ampula sifariş verir. Analqinin tərkibində olan metamizol natrium 500 mq olmalıdır. Lakin sifarişçi həmin istehsalçı ilə danışır ki, tərkibdəki metamizol natrium 500 mq deyil, 250 mq olsun. Bu zaman dərmanın tərkibinin əsas kompamentini təşkil edən natriumun miqdarı azalsa da, satış qiyməti dəyişmir. Və nəticədə həm dərmanı sifariş edən sifarişçi, həm də satıcı qazanır. Özü də qazandığı milyonlarla ölçülür. Uduzan isə alıcı və ya ehtiyaci olan xəstə olur. Tərkibi zəif olan dərmanın müalicəvi effekti də güclü olmur. Bunun isə yoxlamadan keçirilməsinin müxtəlif üsulları var. Çox vaxt belə dərmanlar satışa yol tapa bilir. Az hallarda onları aşkar edib, satışdan çıxarırlar".
Səhiyyə Nazirliyi
rəsmisi nə deyir?
Dərmanların hansı qaydada yoxlanılması prosesinə isə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Pərviz Əzizbəyov aydınlıq gətirdi: "Tərəfimizdən mütəmadi olaraq, əczaçılıq təşkilatlarında yoxlamalar aparılır. Yoxlamaların nəticəsi isə ölkənin KİV-də öz əksini tapır".Nazirlik rəsmisi əlavə etdi ki, son üç ayda 75 aptekdə yoxlamalar həyata keçiriblər. Bu yoxlamalar nəticəsində yararlılıq haqqında analiz protokolu olmayan 180 qutu dərman preparatı, eləcə də 4 qutu vaxtı keçmiş dərman aşkar edilərək müsadirə olunub. İlin birinci rübü ərzində həm Azərbaycan Səhiyyə Nazirliyi, həm də Azərbaycan Milli Təhlükəzislik Nazirliyinin keçirdiyi birgə əməliyyat çərçivəsində bir sıra dərman preparatlarının saxtalaşdırılmasınin qarşısı alınaraq götürlüb".
Azərbaycan Respubluikası MTN-nin mətbuat xidmətinin yaydığı xəbərlərdə də saxta dərmanlar satışını təşkil edənlərin barəsində məlumat verilib. Nazirlik tərəfindən həyata keçirilmiş sonuncu əməliyyat tədbiri nəticəsində, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməyən saxta dərmanlar aşakarlanaraq götürülüb. Əməliyyat zamanı məlum olub ki, Gərayev Tofiq Ağababa oğlu dərman vasitələrinin tərkibi və hazırlanması barədə biliklərindən istifadə edərək ucuz qiymətə aldığı "No-şpa", "Bromqeksin", "Seftriakson" tərkibli, eləcə də mənşəyi məlum olmayan digər dərman vasitələrinin qutularını və etiketlərini dəyişdirib, həmin dərmanları Rusiya və Türkiyə istehsalı olan, bahalı "Primavir", "Sefoqram", "Pulmaksol" və sair adla hazırlayaraq satışını təşkil etməyə cəhd göstərib. Saxtakarlar bir az da irəli gedərək "Primavir", "Sefoqram" və "Pulmaksol" adlı dərman vasitələrinin qutuları, etiketləri və içlik vərəqələrini də mətbəədə hazırlayaraq, oxşar şəkildə çap ediblər.
MTN-nin mətbuat xidmətinin digər xəbərində isə bildirilir ki, bir qrup şəxs xaricdən gətirdiyi baytarlıq preparatlarını respublikanın müxtəlif xəstəxanalarından topladığı, istifadə olunmuş dərman şüşələrinə kustar üsulla qablaşdıraraq üzərlərində xarici əmtəə nişanları və rekvizitlər əks olunmuş, Bakı şəhərində çap edilmiş etiketlər yapışdırmaqla baytarlıq preparatları hazırlayaraq saxta yolla qazanc əldə etmək istəyiblər.
Belə qeyri-qanuni alverlə məşğul olan saxtakar işbazaların tibb sahəsində özlərinə geniş meydan açıb, insanların sağlamlığını təhlükəyə qoyaraq, nə qədər ailəyə bədbəxtlik, sağalmayan xəstəliklər gətirirlər. Nə yaxşı ki, həmin saxta dərmanlar vaxtında götürülüb. Yəqin ki, istintaq bu şəbəkələrin nə vaxtdan işləməsi və dərmanların daha hansı apteklərdə və əczaxanalarda satdırılması məqamını da araşdırır. Kimlərinsə varlanmasına, harınlanmasına, hətta həyatını itirməsinə gətirib çıxaran "işbazlar" yenə də layiqli cəzalarını alacaqlar.
Bəzi ağxalatlılar
daha Hippokrata
xəyanət edirlər
Lakin səhiyyəmizdə vətəndaşlarımızı qane etməyən bir başqa məqamlar da mövcuddur. Xəstələnməkdən, qəzaya düşməkdən kimsə sığortalanmayıb. Və təbii ki, belə anlarda insanların köməyinə gələnlər ilk növbədə vicdanlı həkimlərimiz olur.
Müasir həyatımızda xəstəxanaya müraciət edən hər bir ailənin hər gün rastlaşdığı real mənzərə isə belədir. Təcili surətdə xəstəmizi xəstəxanaya yerləşdiririk, ilkin müayinələr bitəndən sonra, həkim və ya tibb bacısı əlində bir siyahı xəstənin yiyəsinə yanaşaraq, orada yazılan dərmanları alıb gətirməyi tapşırır. Ən acınacaqlısı da odur ki, bəzən bu siyahıda bint, pambıq , spirt kimi köməkçi tibbi ləvazimatlar da yer alır. Bu fakta inanmaq üçün Səhiyyə Nazirliyinin hər hansı bir əməliyyat qrupu Sumqayıtda, lap elə Bakıda xəstəxanaların yaxınlığında olan aptek və ya əczaxanaların həyətində reyd keçirərək, dərman növbəsinə dayanan və ya dərman alan alıcılardan, əllərindəki dərman dolu paketi hara apardıqlarını soruşsalar və əlbəttə ki, cavab çox eyni olacaq: "Xəstəxanada ağır xəstəm var, qəzaya düşənim var, əməliyyat olanım var, filankəsim infarkt keçirib... onun üçün almışam. Təcili aparım, həkim gözləyir".
Baxmayaraq ki, ölkə prezidenti hətta ən ucqar rayonlarımızda belə müasir tipli xəstəxanaların açılmasını qarşıya məqsəd qoyub. Bu proses çox böyük vüsətlə həyata keçirilir. Bütün görüşlərində və xəstəxanaların açılışında Azərbaycanda tibbi xidmətin pulsuz olduğunu bəyan etsə də, iş başında olan ağ xalatlı, "Hippokrat andı" içən bəzi üzdəniraq həkimlərimiz və xəstəxanalarımız bunu unudurlar. Adam hərdən fikirləşir ki, bəzi ağxalatlılar daha Hippokrata xəyanət edirlər, andlarını pozurlar. Bəlkə bu andın adını dəyişib, millətimizə, xüsusiyyətimizə aid bir adla əvəz edək ki, ağxalatlılar daha xəyanət etməsinlər. Ola bilər ki, yuxarıda yazdıqlarımla kimsə, razılaşmasın, lakin, aşağıdakı qeyd etdiyim hadisəni təsdiq edən özüməm. Bu ilin mart ayında gecə ilə 80 yaşlı anamı ürək tutması ilə xəstəxanaya çatdırandan sonra başımıza gəlmişdi. Səhərisi günü, anamı "müalicə edən" ağxalatlı həkim hətta iynə vurmaq üçün spirti də özümüzə aldırmışdı. Təbii ki, daha olan olub, keçən keçib. Həmin gün mən etiraz etmək istəyəndə "azərbaycansayağı qaydalara" öyrənən bacım, dedi ki, səs eləmə, hələ müalicə edirlər, allahına şükür elə. Sən durub "qaydaları" dəyişəcəksən?. Məcbur olub, "palaza büründüm" ki, mən də bu "elnən sürünənlər"dən olum.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Pərviz Əzizbəyova bu məsələyə münasibət öyrəndim. Cavabı belə oldu: "Ölkə prezidentinin fərmanı ilə dərmanlar xəstəxanalarda, stasionarlarda, müalicə alan bütün xəstələrə pulsuz verilir. Dövlət tərəfindən təsdiq olunmuiş siyahı var ki, bu siyahıda bütün dərmanlar xəstəxanalara Səhiyyə Nazirliyinin İnnovasiya Təchizatı Mərkəzi tərəfindən paylanılır. Nazirliyin isə bütün xəstəxanalara çatacaq qədər dərman preparatları və tibbi laboratoriya vasitələri var. Bu ancaq o halda ola bilər ki, İnnovasiya Təchizatı Mərkəzinin siyahısında olmayan hər hansı bir dərmanın alınması üçün belə bir qərara gəlinsin. Əks halda, hər hansı bir vətəndaşımız, əgər belə qanunsuz bir halla rastlaşırlarsa, xəstə üçün dərman almağa göndərilirlərsə, bizə müraciət etsinlər. Əgər varsa da, o zaman fakt yerindəcə yoxlanılıb, tərəfimizdən lazımi tədbirlər görüləcək.
Deputat:
"Azərbaycanın imkanı var ki, şpritsdən tutmuş bir sıra dərmanları özündə istehsal etsin"
Dərman istehsalında birinci olan ölkələrin adını sadalamaq niyyətində deyiləm. Ancaq bizə qonşu olan ölkələr var ki, onlar əhalisini öz tibb ləvazimatları və istehsal etdikləri yerli dərmanlarla təmin edirlər. Mütəxəsislər deyir ki, istehsal olanda, kənardan gətirilən dərmanlara az ehtiyac olur, saxtakarlıq edənlərin də çirkin niyyətləri baş tutmur.
Problemin həlli yolunu aramaq üçün Milli Məclisin deputatı, İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədova müraciət etdik. Millət vəkili məsələyə belə aydınlıq gətirdi: "Bu məsələ gündəmdə var. Bir neçə dəfə də MM-də müzakirə obyektinə çevrilib. Azərbaycana dərmanın 95-98 faizi xaricdən xüsusilə də Rusiya, digər MDB dövlətlərindən və Türkiyədən idxal edilir. Ancaq Azərbaycanın imkanı var ki, şpritsdən tutmuş bir sıra dərmanları özündə istehsal etsin. Yəni Azərbaycan üçün bundan ötrü xammal da var, texniki imkanlar da maliyyə vəsaiti də var. Hətta bir neçə il bundan qabaq bu məqsədlə sahibkarlara güzəşt məqsədilə müəyyən kreditlərin verilməsi ilə bağlı qərar da çıxdı. Əfsuslar olsun ki, məsələ həllini tapmayıb. Biz bu sahədə geri qalmışıq. Bu il Azərbaycanda "Sənaye ili" elan olunub. Dərman istehsalı da onun bir sahəsidir, mənə elə gəlir ki, Azərbaycanda bu sahəni inkişaf etdirməyə çox böyük ehtiyac var. Vətənimizn təbiəti dərman bitkiləri ilə zəngindir. Bölgələrdə hətta bu dərman bitkilərinə uyğun olan xüsusi mini fabriklər və sexlər də tikmək olar. Bu üsulla da ölkəmizdə dərman istehsalını 50-60 faizə çatdırmaq olar. Xaricdən idxalı azaltsaq, bunun ancaq dövlətimizin büdcəsinə xeyri olacaq. Azərbaycan Səhiyyə Nazirliyi müvafiq qurumlarla birlikdə bu məsələnin üzərində işləyirlər. İqtisadi İnkişaf və Sənaye Nazirliyi də bu məsələyə diqqəti artırarsa, məqsədəuyğun şəkildə sahibkarlkara mini zavod və fabriklərin tikilməsi üçün kreditlər verilərsə, iş öz məcrasına düşər. Və bundan sonra Azərbaycan istehsal etdiyi dərmanlara nəzarət mexanizmini də özü qurub yarada biləcək".
Həyat, yaşam olan yerdə, insanlar olan yerdə təbii ki, problemlərimiz olacaq. Tanrının bizə verdiyi mərhəmət hissini bir-birimizə əsirgəməməliyik. Bunun üçün bir az nəfsimizə hakim kəsilməli, bir az gözlərimizi geniş açıb ətrafımıza nəzər salmağı bacarmalıyıq.
Aida Eyvazlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53