Tolerantlığa zərbə cəmiyyətin çöküşüdür
Tolerantlığa zərbə cəmiyyətin çöküşüdür

Qadınlar nədən dini təriqətlərin hədəfinə çevrilir?

Türkan Azad:-" Çünki aldadılmış bu insanlarla söhbət edəndə qısa zaman ərzində yanlış yolda olduqlarını hiss edir və bu yoldan çəkinirlər"
Son zamanlar radikal dini qruplaşmaların Azərbaycanda dini tolerantlığa zərbə vurmaq üçün müəyyən addımlar atdığının şahidi olmuşuq. Və bunu nəzərə alan hakimiyyət ciddi addımlar atdı və hazırda da bu proses davam etdirilir. Buna baxmayaraq sosial şəbəkələrin imkanlarından yararlanan müəyyən qüvvələr yeni dini təşkilatlar yaratmaqda və terrora meyl göstərməkdədirlər. Bu dəfə isə yeni yaradılan təşkilatın hədəfi jurnalist olub. "İranmeyilli bir qrup şəxs dünəndən etibarən mənə qarşı provokasiyaya başlayıblar". Bunu Avropa.info saytının rəhbəri Ruslan Bəşirli deyib. O bildirib ki, buna səbəb Avropa.info-da dərc olunan ""Hizbullah" Azərbaycanda təşkilat yaratdı- Hizbullah qalibun" və "Molla rejiminin Səhər Tv-si Avropa.info-ya qarşı" başlıqlı yazılardır: "Birinci yazıda məlumat verilmişdi ki, Xaçmaz rayon sakini Namiq Həşimzadə adlı bir şəxs "Hizbullah qalibun" adlı təşkilat yaradıb və hətta virtual məkanda bu təşkilatın adı ilə çıxış edir. Hətta Youtube saytında da bu adla öz videolarını yerləşdirir. Bununla bağlı hətta İranın Səhər TV kanalına verdiyi müsahibəni də saytımızda yerləşdirmişdik. Həmin müsahibədə Namiq Həşimzadə Azərbaycan dövlətinin əleyhinə bir sıra ittihamlar da səsləndirmişdi. Bundan sonra Səhər TV bu məsələ ilə əlaqədar ikinci dəfə verilş hazırlayıb və Avropa.info-nu "sionist mediası" adlandıraraq Namiq Həşimzadəni müdafiə edib. Bununla bağlı yazdığımız ikinci yazıdan sonra isə, başda Namiq Həşimzadə olmaqla profilində İranın dini liderləri Xomneyi və Xomeyninin şəkillərini yerləşdirən bir qrup sosial şəbəkələrdə mənim əleyhimə kampaniyaya başlayıblar. Hətta inboksuma söyüş və təhqirlərdən ibarət olan sözlər göndəriblər. Bu azmış kimi Namiq Həşimzadənin özü tezliklə bizimlə haqq hesab çəkəcəyini bildirərək hədə qorxu gəlir. Mən anlamaq istəyirəm ki, bu heç bir təhsili olmayan, İrana bağlı cahil şəxsin arxasında kimlər durub ki, jurnalistə, bir saytın rəhbərinə hədə qorxu gəlir?".Çox maraqlıdır ki, bu tip təşkilatlar həm də artıq qadınlardan istifadə etməyə başlayıblar. Hətta iddia olunur ki, bəzi qadınlar radikal dini qrupların təsirinə düşərək Suriyayada gediblər. Maraqlıdır, qadınların dini qruplaşmalara cəlbi hansı fəsadlar yarada bilər və bunun qarşısını necə almaq mümkündür? "Unikal"a açıqlama verən "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova iddia edir ki, bu sahədə durum kifayət qədər acınacaqlıdır:-" Bu gün qadınlara qarşı zorakılığın bir formasıda məhz onların məcburi şəkildə hansısa dini cərəyana cəlb olunmalarıdır. Dəfələrlə şahidi olmuşuq ki, radikal dini qruplaşmalara qoşulan kişilərin ilk qurbanları elə ailə üzvləri olur. Demək olar ki, bu şəxslər ilk məqamlarda məcburi şəkildə evdə yoldaşlarının və körpə qızlarının başlarını basğlamağı tələb edir, hətta buna əməl etmyəndə fiziki gücdə tətbiq edirlər. Sadəcə olaraq maarifləndirmənin aşağı səviyyədə olması səbəbindən bu qadınlar hüquqlarını müdafiə edə bilmirlər. Gəlin maraqlı bir fakta baxaq. Hazırda sələfi təriqətindən olan minlərlə şəxsin zövcəsi zorən ya xoşluqla hicab bağlayırlar. Amma bu şəxslərin bu günə qədər toplum şəkilində hardasa namaz qıldıqlarının şahidi olmamışıq. Çünki onların böyük bir hissəsi zorən bu addımı atmağa məcbur olublar. Bunu da qeyd edim ki, qadınlar eyni zamanda digər din daşıycıları tərəfindən də ələ keçirilir. Apardığımız araşdırmalar sübut edir ki, bu gün müxtəlif xristian yönümlü dini təşkilatların əksər üzvləri qadınlardır. Çünki bu qadınların əksəriyyəti maddi çətinlik ucbatından bu təriqətin üzvünə çevriliblər. Həmçinin ümidsizliyə qapılmış qadınlarda çıxış yollarını onlara daha isti münasibət göstərən
təriqətlərə qoşulmaqda tapırlar. Çünki bu təşkilatlarda bir kollektivçilik var və kütlə psixologiyasından bəhrələnən təşkilat rəhbərləri asanlıqla onları ələ ala bilir. Həmçinin xristian missionerləri ona görə qadınları daha çox sıralarına cəlb etmək istəyirlər ki, bu yolla onların övladlarını da asanlıqla ələ keçirtsinlər. Belə qadınlarda bir aqressivlik olur və öz övladlarına belə fiziki güc tətbiq etməklə missioner təşkilatların quluna çevirirlər. Buna görə hesab edirəm ki, ciddi şəkildə qadınlar arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır. Çox acınacaqlı haldır ki, bu gün Azərbaycanda insanlara daha çox təsir göstərən dini təşkilatların böyük əksəriyyəti radikal qüvvələrdir və onların sabah hansısa terror olayında iştirakları mümkündür. Və belə olan halda bu qadınlar sözün həqiqi mənasında qurbanlığa çevriləcəklər. Bir məqama da toxunum ki, son illər radikal dini qruplaşmalar qadınların imkanlarından daha çox yararlanırlar və onların böyük əksəriyyəti kamikadze rolunda çıxış edirlər. Elə etməliyik ki, sabah bu Azərbaycanda da təkrarlanmasın. Bunun üçün hazırda Azərbaycan hakimiyyəti kifayət qədər işlər görüb, Heydər Əliyev Fondu müxtəlif aksiyalar keçirərək tolerantlığın təbliğinə imkanlar yaradıb və bizlər, vətəndaş cəmiyyəti üzvü olan hər bir kəs maarifləndirmə işlərinə həssas yanaşmalıyıq".
"Unikal"a açıqlama verən "Təmiz dünya" İctimai Birliyinin "Seçim" psixologiya mərkəzinin psixoloqu Türkan Azad qadınların belə təriqətlərə cəlb olunması ilə bağlı maraqlı məqamlara aydınlıq gətirdi:-"Bu gün insanlar həddindən artıq çox informasiya qəbul edirlər və nəticədə ciddi fəsadlar yaranır. Gəlin məsələnin iki tərəfinə baxaq. Bu gün gənc xanımlar birdən- birə bir "azadlıq" dediyimiz boşluğa düşürlər və nəticədə sosial şəbəkələrin girovuna çevrilirlər. Bu isə onların sözsüz ki, əxlaqına, tərbiyələrinə və cəmiyyətdə ki, mövqelərinə təsir edir. Və yaxud maarifləndirməyə ciddi ehtiyacı olan xanımlar rastlarına çıxan hər bir yeniliyə bir ümid yeri, çıxış yolu kimi yanaşırlar. Bundan isə müəyyən təriqətlər maksimal dərəcədə istifadə edirlər. Bu isə o deməkdir ki, həddindən artıq informasiyanın qəbul edilməsi insanlarda şəxsiyyətin ikiləşməsi problemini yaradır. Diqqət etsəniz görərsiniz ki, bu gün insanlarımızın əksəriyyətində şəxsiyyətin ikiləşməsi problemi var. Hətta bu gün insanları psixoloji insan tipinə görə ayırmaqda çətinləşib. Səhəri melonxoliq, günortanı sanqvinik, axşamı isə fleqmatik ovqatla yaşayan insan sözsüz ki, ciddi psixoloji sarsıntılar keçirəcək. Bir müddət öncə əsasən xristian dinini qəbul etmiş qadınlarla ünsiyyət quraraq onların psixoloji durumu ilə maraqlandım və maraqlı nəticələr ortaya çıxdı. Bu insanlar əsasən aşağıdakı halı yaşayan insanlar idi
1. Panikataq problemi yaşayandan sonra tam ümidsizləşmiş və yeni ümid nöqtələri axtaranlar
2. Sosial gərginliklərdən sarsılaraq panik-gərginlik halında yaşayan insanlar
3. Daha çox mistik həyata inanıb və baxıcılarla sıx təmasda olub, sonunda dini cərəyanlara yönələn insanlar
daha çox üstünlük təşkil edirdilər. Və çox maraqlı haldır ki, bu şəxslərin 90 faizində şizofreniyanın əlamətləri müşahidə olunurdu. Bunu da deyim ki, bu missioner təşkilatların rəhbərlərinin böyük əksəriyyəti insan psixologiyasını peşəkarcasına bilirlər və bu boşluqlardan yararlanaraq bu insanları sözün həqiqi mənasında zombiləşdirirlər. Təsəvvür edin ki, bu insanların böyük əksəriyyəti hansısa mistik əlamətlərdən danışır, özlərinin seçilmiş olduqlarını bildirir, yuxularında İsa peyğəmbərlə söhbət etdiklərini deyir və missioner təşkilat rəhbərləri də onları inandırır ki, həqiqətən onlar seçilmişlərdir. Bunun qarşısını almaq üçün isə sadəcə olaraq maarifləndirmə işlərini gücləndirməli və cəmiyyətdə psixoloqların rolunu artırmaq lazımdır. Çünki aldadılmış bu insanlarla söhbət edəndə qısa zaman ərzində yanlış yolda olduqlarını hiss edir və bu yoldan çəkinirlər. Hesab edirəm ki, valideyinlərdə məsələyə həssas yanaşmalı , övladlarında hansısa bir çatışmamazlıq hiss edən kimi ilk növbədə psixoloqlara müraciət etməlidirlər. Bunu da qeyd edim ki, son illər qadınların kamikadze kimi istifadə olunmalarıda təhlükəli məqamdır və buda sırf psixoloji problemdir. Apardığım müşahidələrə görə bu qadınların böyük əksəriyyəti ciddi sarsıntı keçirtmiş insanlardır. Onlar ya hansısa səbəbdən ailə üzvlərini itirən və intiqam hissi ilə yaşayanlardır. Belə insanlara intiqamlarını almaq üçün münbit şərait yaradan kimi onlar sözsüz ki, təsir altına düşürlər. Son zamanlar belə kamikadzeləri əsasən Çeçenistanda gördük. Bu qadınların əksəriyyətinin həyat yoldaşları, övladları rus ordusu tərəfindən öldürülüb. Və dini qruplaşma nümayəndələri onlara intiqamlarını alacaqları təqdirdə cənnətə düşəcəklərini aşılayır və bu yolla məlum qadınları girova çevirirlər".