Sabir Rüstəmxanlıdan təklif
12:03 30-05-2014
CƏMİYYƏT
Sabir Rüstəmxanlıdan təklif
VHP sədri DAK-ların birgə qurultay keçirməsini istəyir
Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı parçalanmış duruma düşmüş DAK-ın birləşməsi ilə bağlı müraciət edib.
DAK-ın mətbuat xidmətindən verilən məlumata görə, DAK-ın növbəti qurultayına hazırlaşdığını qeyd edən S.Rüstəmxanlı təkcə qurultay çağırmaqla iş bitmədiyini vurğulayıb.
S.Rüstəmxanlı bildirib ki, son illərin təcrübəsi göstərir ki, yüzlərlə adamın iştirakı ilə ən yüksək səviyyədə qurultay keçirsələr də, kənarda az sayda insanların DAK adı ilə fəaliyyət göstərməsi qurumun işinə mənfi təsir göstərir, onun nüfuzuna zərbə vurur: "Bu bəyanatda məqsəd heç də həmin hadisələri yenidən təhlil etmək, kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirmək deyil. Günah var - yoxdur, bunu bir qırağa qoyaraq fəaliyyət prinsiplərimizi müəyyənləşdirməkdir. Hər halda, DAK-ın quruculuğunda iştirak etmiş, onun formalaşmasında fəallıq göstərmiş hər hansı şəxsin müəyyən səbəblər üzündən bu qurumdan uzaqlaşması başadüşüləndir, ancaq onların öz doğma təşkilatlarını bölərək alternativ qrup yaratmaq cəhdi anlaşılan deyil və DAK-ın işinə ciddi zərbə vurur. DAK-ın sıralarından müəyyən adamların inciyib getməsində heç vaxt iştirak etməmişəm və bunlar mənim, ədəbi yaradıcılığımdan tutmuş siyasi fəaliyyətimə qədər, milli mübarizə və həyat prinsipimə ziddir, mən ömrüm boyu milli birlik və həmrəylik tərəfdarı olmuşam. DAK-ın bütövlüyü, monolitliyi mənim üçün orada hər hansı vəzifə daşımaqdan daha mühüm məsələdir. Onu da başa düşürəm ki, DAK-dan ayrılmaların, alternativ qurumlar yaratmağın arxasında təkcə şəxsi maraqlar və xarakterlərdəki uyğunsuzluqlar dayanmır, bu məsələdə marağı olan qüvvələr təşkilatımızı rahat buraxmayacaq, hər yeni dönəmdə yeni problemlər yaradacaqlar. Buna baxmayaraq, biz öz məsuliyyətimizi dərk etməliyik".
S.Rüstəmxanlı Güney Azərbaycanda gedən proseslərin, Quzeydə müstəqilliyimizi təhdid edən açıq və gizli qüvvələrin meydan sulamasının birliyi zəruri etdiyini vurğulayıb: "Bu, bir ictimai sifarişdir və tarixin bizim üzərimizə qoyduğu son dərəcə ciddi vəzifədir. Əsl milli qüvvələr bir araya gələndən sonra DAK-a tapşırıqla gələnlərin meydanı daralır və onlar təşkilatda artıq adama çevrilirlər. Buna görə də mən DAK-ın bütün köhnə üzvlərinə, hüquqi əsas oldu-olmadı DAK adı ilə fəaliyyət göstərən alternativ qurumlara müraciətlə onları real birlik yolunu axtarmağa dəvət edirəm. Əslində bizim bölünəsi malımız yoxdur, narazılıqların çoxu xırda, şəxsi iddia və yanlışlıqlardan, aldanışlardan başlanıb. Mən İsveçdə, Norveçdə, Danimarkada, Hollandiyada, Fransada, Almaniyada, İngiltərədə, Baltik respublikalarında, Rusiyada, Ukraynada, ABŞ-da, Kanadada yaşayan və köhnə DAK-çıların hər birinin yaxşı tanıdığı dostlarımıza üz tutaraq ən qısa müddətdə mənim bu birləşmək, bütün milli-vətənpərvər qüvvələrimizi bir araya gətirmək istəyimə münasibət bildirmələrini rica edirəm. Bu məsələləri nəzərə alıb DAK-ın növbəti qurultayına bir yerdə getməliyik. Bunun üçün əlavə müzakirələrə ehtiyac varsa, mən bu vəzifəni öz öhdəmə götürə bilərəm. DAK öz sıralarında Güneylə Quzeyi birləşdirən bir təşkilatdır və gələcək fəaliyyətimizi də bu prinsipə uyğun qurmalı və son illərdə DAK-ı məhz bu birliyi pozmaq niyyəti ilə parçalamaq istəyənlərin bütün ümidlərini puç etməliyik".
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33