Mübariz Əhmədoğlu: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini özünün regional maraqlarına təhlükə kimi görür"
10:42 03-06-2014
CƏMİYYƏT
Mübariz Əhmədoğlu: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsini özünün regional maraqlarına təhlükə kimi görür"
"ABŞ Dövlət Departamenti Prezident İlham Əliyevin Respublika Günü münasibətilə keçirdiyi qəbulda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması fonunda Ermənistanın ünvanına səsləndirdiyi fikirlərə reaksiya verdi.
ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Cen Psaki alovlu ritorika və bəyanatların prinsiplərə zidd olduğunu, regionda gərginliyi artırdığını və sülh prosesinə zərər vurduğunu bildirdi. C.Psaki həmsədr ölkə prezidentlərinin 2009-cu ildən 2013-cü ilədək qəbul etdikləri birgə bəyanatları davamlı sülhün əldə olunması üçün əsas adlandırdı".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
Onun sözlərinə görə, baş verənlər Ermənistanın Dağlıq Qarabağ siyasətinin ABŞ ilə şərikli olduğunu bir daha nümayiş etdirdi: "ATƏT Minsk qrupu həmsədrlərinin 12 may bəyanatına münasibət bildirməyən Ermənistanın xarici işlər naziri Edvar Nalbandyan amerikalı həmsədr Ceyms Uorlikin yaydığı "Amerikan variantı"nı tənzimlənmə üçün əsas kimi qəbul etdi. "Amerikan variantı"nın digər həmsədrlərin birgə variantından fərqi prinsipialdır. "Amerikan variantı"nda birinci addım kimi Dağlıq Qarabağın statusunun razılaşdırılması, ikinci addım kimi aralıq statusun verilməsi, üçüncü addım kimi Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulub. Bu, ermənilərin istəyinə uyğundur: əvvəlcə, Qarabağ ermənilərinə statusun verilməsinə, Dağlıq Qarabağın müstəqilliyinin Azərbaycan tərəfindən tanınmasına nail olmaq, sonra isə ətraf yeddi rayonu Azərbaycana qaytarmaq. Həmsədrlərin birgə bəyanatına əsasən isə ilk növbədə Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılır, ikinci addım kimi Dağlıq Qarabağa aralıq status verilir, üçüncü addım kimi isə Dağlıq Qarabağın ümumi statusunun müəyyən olunmasına girişilir.
ATƏT MQ həmsədrlərinin atəşkəs rejiminin 20 illiyinə həsr olunmuş obyektiv bəyanatının Ermənistana təsirini neytrallaşdırmaq, imitasiya resursu yaratmaq üçün "Amerikan variantı"nı ortalığa qoyan da ABŞ-dır".
Politoloq qeyd edib ki, rəsmi Vaşinqton Ermənistanın tənzimləmə prosesini yubatmasına reaksiya vermir. Azərbaycan Prezidentinə verdiyi bu reaksiya bir daha sübut edir ki, danışıqlar prosesində imitasiya ABŞ ilə Ermənistanın müştərək siyasətidir: "Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin yaratdığı separatçı rejimi maliyyəşdirən də yalnız ABŞ və Ermənistandır. Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyən Levon Ter-Petrosyanı ABŞ hakimiyyəti devirdi. 2008-ci ildə tökdüyü qanın qorxusundan Serj Sarkisyan Dağlıq Qarabağ tənzimlənməsində güzəştə hazır idi. ABŞ-ın o zaman Ermənistandakı səfiri M.Yovanoviç imkan vermədi. Kaliforniya Ştatı (ABŞ) Dağlıq Qarabağın müstəqillik hüququnun tanınması ilə bağlı qərar qəbul etdi. Prezident İlham Əliyevin haqlı tənqidlərinə dərhal neqativ reaksiya verən ABŞ Dövlət Departamenti Azərbaycanın Ermənistana ucuz qaz satmaq, regional əməkdaşlığa qoşmaq barədə təkliflərinə də münasibət bildirməyib. ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini özünün regional maraqlarına təhlükə kimi görür".
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49