12 iyul 2025-ci il tarixdə Ağdam Olimpiya İdman Kompleksində Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə aprel döyüşləri şəhidi, kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun  xatirəsinə həsr olunmuş cüdo üzrə açıq  turnir keçirilib.

"Unikal" xəbər verir ki, 8 komandada 60-ə yaxın idmançının qatıldığı turnirdə Ağdam Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini Allahverən Əliyev, aparatın əməkdaşları, şəhidin  ailə üzvləri, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Ağdam Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Kazımov, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, veteran idmançılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Turnir əvvəlcə Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən natiqlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılara yaradılmış şəraitdən bəhs edərək yarış iştirakçılarına uğurlar arzulamışlar.Yarışın sonunda  şəhidin qardaşı Zabil Orucov çıxış edərək turnirin təşkilatçıarına və iştirakçılara minnətdarlığını bildirmişdir.Turnir qaliblərin  mükafatlandırılması ilə başa çatıb.