İnsanlığa qayğı tolerantlığın əsasıdır
10:32 18-06-2014
CƏMİYYƏT
İnsanlığa qayğı tolerantlığın əsasıdır
Heydər Əliyev Fondundan dünyaya göstərilən yeni nümunə
Bu gün insanlara qayğı, himayədarlıq dünyanı ən narahat edən mövzuya çevrilməkdədir. Çünki dünyanın demək olar ki, bütün bölgələrində irili xırdalı münaqişələr, qarşıdurmalar insanı keyfiyyətlərə ağır zərbə vurmaqda, milli- dini tolerantlığın sıradan çıxması ilə nəticələnməkdədir.
Belə bir məqamda isə Heydər Əliyev Fondu sözün həqiqi mənasında dünyaya bir tolerantlıq nümunəsi göstərməkdədir. Bu nümunə isə bir çox özəllikləri ilə fərqlənir. İlk özəllik isə budur ki, milli-dini yanaşmadan öncə ətrafındakılara bir insan kimi yanaşmalı, insan dəyərini ətrafa izahlayandan sonra dayanaqlı milli və dini tolerantlığa sahib olmaqdır. Bu gün Heydər Əliyev Fondunun tək Azərbaycanda yox, dünyanın bir çox ölkələrində həyata keçirtdiyi aksiyalar məhz bunun bariz nümunəsidir və dünyaya Azərbaycana məxsus dini və milli tolerantlıq çatdırılmaqdadır. Belə ki, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə "Qanın milliyyəti yoxdur" adlı növbəti xeyriyyə aksiyası keçirib.Aksiya Rusiya Federasiyasının bir nömrəli qan köçürmə mərkəzi olan Seçenov adına Moskva Tibb Akademiyasının kilinik transfuziologiya və hematologiya kafedrasında baş tutub.Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən həyata keçirilən bu ilki aksiyada azərbaycanlı tələbələrlə yanaşı ümumilikdə Moskvanın ali məktəblərinin 300-ə yaxın nümayəndəsi iştirak edib.Aksiyaya tələbələrlə yanaşı, universitetin əcnəbi tələbələrlə iş dekanlığı və beynəlxalq şöbəsinin əməkdaşları, müəllimlər, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər təşkilatının üzvləri də qoşulublar.Qeyd edək ki, son 6 ildə gənclər təşkilatı əcnəbi tələbələrlə iş dekanlığının əməkdaşları və tələbələrlə birlikdə bu cür aksiyaları mütəmadi olaraq keçirir. Hər il pulsuz donor aksiyalarında yüzlərlə gənc iştirak edir, toplanan vəsait isə onkoloji və digər xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilir.Aksiyadan sonra institutun hematologiya kafedrasında mətbuat konfransı keçirilib. Konfransda Heydər Əliyev Fondunun bu cür aksiyaların təşkilində hər zaman maraqlı olduğu və gələcəkdə də bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulduğu bildirilib.Bunu da qeyd edək ki, bu tip aksiyalar bir tərəfdən insanların sağlamlığına dəstəkdirsə, digər tərəfdən isə insanlığa olan dəyər və son nəticədə milli tolerantlığın özülüdür. İnsanlığa sevgi olmadan sözsüz ki, topluya sevgi, milli tolerantlıq mümkün deyil. Elə Mehriban Əliyevanın Afina səfərində də bunun şahidi olduq.Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin Yunanıstana dövlət səfəri çərçivəsində iyunun 15-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Afinada "ELPİDA" xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanış olub. M. Əliyeva əvvəlcə burada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşüb."ELPİDA" Dostluq Assosiasiyası 1990-cı ildə yaradılıb. Yunan cəmiyyətində böyük nüfuz qazanan bu assosiasiyanı insanlara ən çox sevdirən məhz xərçəng xəstəliyinə tutulan uşaqlara xüsusi qayğı göstərməsi olub.Mərasim "ELPİDA"nın fəaliyyətinə həsr olunan videoçarxın nümayişi ilə davam etdirilib.Assosiasiyanın prezidenti Marianna Vardinoyannis çıxış edərək Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri M. Əliyevanı "ELPİDA"da görməkdən məmnun olduğunu bildirib. O, M. Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və dünyada təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirdiyini bildirib."ELPİDA"nın layihələrindən danışan Marianna Vardinoyannis assosiasiyanın ötən dövrdəki fəaliyyətinə nəzər salıb, Heydər Əliyev Fondu ilə əlaqələrinə toxunub, Bakıda Talassemiya Mərkəzinin fəaliyyət göstərdiyini bildirib.Sonra M. Vardinoyannis "ELPİDA" mükafatını M. Əliyevaya təqdim edib.Mərasimdə çıxış edən M. Əliyeva Azərbaycanla Yunanıstan arasında ildən-ilə güclənən, qarşılıqlı faydaya, tərəfdaşlığa və hörmətə əsaslanan əlaqələrdən danışıb: "Biz bu əlaqələrdən fərəh hissi duyuruq. Bu cür sıx münasibətlər bir çox sahələri - siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə edir. Ümidvaram ki, Azərbaycan prezidentinin səfəri əməkdaşlığımızı dərinləşdirəcək və genişləndirəcək".
Mən "ELPİDA" Assosiasiyasına ilk dəfə 5 il öncə səfər etdim. Həmin vaxt əldə etdiyiniz bütün nailiyyətlər mənə böyük təəssürat bağışladı. Həyata keçirdiyiniz bu nəcib missiyanızda sizə minnətdarlığımı bildirmək istərdim.
Əziz dostum Marianna ilə ilk dəfə UNESCO-ya xoşməramlı səfir təyin edildikdən sonra tanış oldum. Həmin vaxtdan etibarən biz yaxın dostlara çevrildik. Onu da deyim ki, bizi yalnız dostluq deyil, həm də ideallar birləşdirir. Təşkilatlarımız - "ELPİDA" və Heydər Əliyev Fondu ehtiyacı olan insanlara yardımı prioritet hesab edirlər.
Mariannanın qeyd etdiyi kimi, Heydər Əliyev Fondu da sosial, mədəni və təhsil sahələrində bir çox layihələr həyata keçirir.
Yunanca "ELPİDA" "ümid" deməkdir. Bütün bu binaları - xərçəngdən əziyyət çəkən uşaqlar üçün çox müasir xəstəxana, onların valideynləri üçün qonaq evi və ən yaxşı avadanlıqla təchiz edilmiş, olduqca peşəkar həkimlərdən ibarət bölməni gördükdən sonra deyə bilərik ki, bu məkan uşaqlar və onların valideynləri üçün əsl ümid yeridir.
Həyatının bir hissəsini xəstəxanada keçirmək məcburiyyətində olan uşaqlara qayğı göstərmək çox xeyirxah işdir. Burada siz nəinki yüksək texnologiya əsasında tibbi müalicə aparırsınız, o cümlədən xüsusi mühit yaradırsınız. Bu, böyük qayğı, məhəbbət və dəstək mühitidir. Uşaqları qəlbinizdə saxlayırsınız. Bu uşaqlar hər hansı digər uşaqlar kimi oynamağı, gəzməyi və dostları ilə birgə olmağı sevirlər. Siz isə onları heç zaman təklikdə qoymayan insanlarsınız. Fəaliyyətiniz böyük təşəkkürlərə layiqdir. Çox sağ olun.
Sonda mən hörmətli Mariannaya, "ELPİDA" Assosiasiyasının bütün üzvlərinə bu mükafata görə təşəkkürümü bildirirəm. Bu mükafatı Heydər Əliyev Fondunun səhiyyə sahəsində apardığı fəaliyyətin yüksək qiymətləndirilməsi kimi qəbul edirəm.
Məqsədlərimiz eyni olaraq qalır: ehtiyacı olan insanlara hər zaman kömək etmək.
Əminəm ki, biz bu məramı uşaqlarımız üçün davam etdirəcəyik. Çünki insanlar gələcəyə ümidlə yaşayır. Gələcək isə uşaqlarsız mümkün deyil.
Mən bir daha göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkür edirəm. Bütün gələcək təşəbbüslərinizdə sizə uğurlar arzulamaq istəyirəm. Sizə ən böyük uğurlar diləyirəm. Çox sağ olun. Sizin hamınızı 2015-ci ildə paytaxt şəhərimiz Bakıya - ilk Avropa Oyunlarına dəvət edirəm".Sonra M. Əliyeva öz adı yazılmış ulduzu "ELPİDA"nı ziyarət edən görkəmli şəxslərin adları olan lövhəyə vurub.Daha sonra Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun hədiyyələrini uşaqlara təqdim edib.Akropol Muzeyinə gələn M. Əliyeva və M. Vardinoyannis burada nümayiş etdirilən tarixi eksponatlara baxıblar.Məlumat verilib ki, Akropol ətrafında aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatların nümayiş etdirildiyi muzey dünya memarlığının və incəsənətinin nadir inciləri ilə zəngindir və bura turistlərin ən çox sevdiyi yerdir.
Daha sonra UNESCO-nun xoşməramlı səfirləri M. Əliyeva və M. Vardinoyannis birlikdə nahar ediblər.Bunu da qeyd edək ki, tolerantlıqdan irəli gələn bu insani dəyərlər həm də Azərbaycanın özündə tanınmış ziyalılara, o cümlədən jurnalistlərə də şamil edilir ki, bununda kökü sadəcə olaraq İlham Əliyevin dediyi kimi insan faktorunun bütün faktorlardan öndə olmasıdır. Bu baxımdan ağır xəstəliyə tutulan şair Vaqif Səmədoğlunun, jurnalist Nicat Dağların müalicəyə göndərilməsi xüsusi olaraq qeyd edilməlidir. Hazırda isə ağır xəstəliyə düçar olan gənc şair Aqşin Yeniseyin dövlət vəsaiti ilə müalicəyə götürülməsi unudulmamalıdır. Bir cəmiyyətdə insanlığa belə dəyər verilirsə, sözsüz ki, bu həm də tolerantlığın daha uzun ömürlü və səmimiliyini əks etdirir. Məhz buna görə də Heydər Əliyev Fondu, bir tərəfdən milli-mənəvi dəyərlərimizi musiqi, mədəniyyət vasitəsi ilə dünyaya tanıdırsa, digər tərəfdən də yardımsız insanlara dayaq durmaqla, onları yenidən həyata qaytarmaqla cəmiyyətdə özünə bir inam yaradır. İnamlı xalq hər zaman tolerant və güclü olur.
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27