Vitse-admiraldan Zakir Həsənova sərt ittihamlar
11:25 18-07-2014
CƏMİYYƏT
Vitse-admiraldan Zakir Həsənova sərt ittihamlar
İyulun 17-də müdafiə nazirinin sabiq müavini, Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun barəsindəəki 3 aylıq həbs müddəti uzadılıb. Bakı Hərbi Məhkəməsi vitse-admiralın daha 3 ay həbsdə qalması haqda qərar verib. Ş.Sultanov həbsinin qərəzli oduğunu bildirir.
Vitse-admiral saxlanıldığı Bakı İstintaq Təcridxanasından məktub yollayıb. Vəkili Adəm Məmmədovun redaksiyaya təqdim etdiyi məktubunda vitse-admiral yazır: "Hər bir islahat qanuna əsaslanmalıdır. HDQ-də yeni müdafiə naziri tərəfindən aparılan islahat təəssüf ki, qanun pozuntusundan başlandı. Bu islahat HDQ-nın dağılmasına və kadr potensialının məhv olunmasına gətirib çıxardı".
Vitse-admiral yazır ki, "Azərbaycan Respublikası Təhlükəsizlik Strategiyası"nın müəllifidir və hazırda HDQ-də baş verənlər acınacaqlı vəziyyətin yaranmasına səbəb olub: "Bunların sübutları, şahidləri kifayət qədər var və bunları müstəqil komissiyaya təqdim etməyə hazıram".
Vitse-admiral ona qarşı istintaqın sifarişli şər və ciddi qanun pozuntuları üstündə qurulduğunu qeyd edir: "Mən cinayətkar olsaydım çalışardım ki, Xanlar Vəliyevlə dostluq münasibəti yaradam və onun tərəfindən qanun pozuntularına göz yumum. Lakin indinin özündə mən həbsdə olarkən öz sözümü deyirəm və inanıram ki, bu "vətən üçün lazımdır". Hərbi Prokurorluq tərəfindən törədilən özbaşınalıqları kimsə deməlidir. Mən otaqda oturub vitse-admiral rütbəsinə çatmamışam. Hər zaman çətinliklərlə rastlaşmışam. Bu da bir sınaqdır. HDQ-də Milli Təhlükəsizlik Nazirliyinin əks-kəşfiyyat şöbəsi var. Onlar da vəziyyətə nəzarət edirlər və hər bir qanun pozuntusu aşkar olunan zaman MTN-ə, Müdafiə Nazirliyinə yazılı məlumat verirlər və qanun pozuntusu olsa idi, onlar məlumat verərdilər".
Ş.Sultanov müdafiə naziri Zakir Həsənovla münasibətlərinə də toxunub: "Zakir Həsənovla mənim hər zaman dost münasibətlərim olub. O, Dövlət Sərhəd Xidmətində çalışarkən tez-tez mənə müraciət edirdi ki, DSX-də gəmilərdə olan nöqsanları aradan götürmək üçün, təmir işləri görmək üçün köməklik edim. Daxili Qoşunların komandanı olarkən biz tez-tez telefonla əlaqə saxlayırdıq. Bayramlarda təbrik edirdik və dövlət tədbirlərində birlikdə iştirak edirdik. Buna baxmayaraq, vəzifəyə təyin edilən gündən o mənə qarşı qərəzli yanaşdı və heç bir dəfə də olsun qəbul edib söhbət etmədi. Baş Qərargah rəisi Sadıqov mənə birinci gündən dedi ki, nazir mənim öz vəzifəmdə qalmağımı istəmir. "Niyə" sualıma cavab verdi ki, yuxarıdan belə məsləhət görülüb. "Kim məsləhət görüb" sualıma o, cavab verə bilməyəcəyini söylədi. Buna baxmayaraq, nazirin qəbuluna keçməyə çalışsam da, qəbul otağında onun məşğul olduğunu dedilər. Belə olduqda mən raportla donanmadakı vəziyyət və gələcək inkişaf haqqında təkliflərimi məruzə etdim və məxfi poçtla göndərdim. Lakin o məni yox, 2-ci dərəcəli kapitanları çağırıb onlardan HDQ-də olan vəziyyətlə maraqlanırdı. Onlar da gəlib bunu mənə məruzə edirdi. Biz bilirik ki, hər bir sahədə yeni təyin olunmuş rəhbər ilk öncə əsas mütəxəsislərlə görüşərək, vəziyyətlə tanış olur. Zakir Həsənov təyin olunandan, dəfələrlə görüş təklifindən imtina edib, baxmayaraq ki, bu onun vəzifə borcu olub".
Yəni müdafiə naziri imkan vermədi ki, ölkəmizin admiralı öz sözünü desin. Mən üzümü Ali Baş Komandana tutub müraciət yazmışam və inanıram ki, bu haqsızlıqları biləndən sonra o ədalətli qərar qəbul edəcək.
Mən ulu öndərimiz Heydər Əliyevin yetirməsiyəm, 15 yaşımdan hərbiçiyəm və 40 il "Vətəni qorumaq" peşəsinə ömrümü həsr etmişəm. Bu qanunsuzluqların qabağı alınmasa onda zabitləri nə gözləyir?"
Ş.Sultanov onun müdafiəçisi Adəm Məmmədova və HDQ zabitlərinə Hərbi Prokurorluğun təyziqlər göstərdiyini də yazaraq qeyd edir ki, növbəti məktublarını da hazırlamaqla məşğuldur.
Qeyd edək ki, Respublika Hərbi Prokurorluğu tərəfindən yayılan rəsmi məlumatda bildirilirdi ki, HDQ-də aparılan kompleks yoxlamalar nəticəsində ciddi qanun pozuntuları aşkar edilib. Həmin qanun pozuntuları ilə bağlı CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb. Müəyyən olunub ki, vitse-admiral Şahin Sultanov Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsində xidmət etdiyi müddət ərzində vəzifə saxtakarlığına yol verməklə külli miqdarda dövlət əmlakını talayıb. Ş.Sultanovun qanunazidd əməlləri sübuta yetirildiyindən o, CM-in 313 və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22