Müxalifət düşərgəsindəki düşmənçilik davam edir
11:55 19-07-2014
CƏMİYYƏT
Müxalifət düşərgəsindəki düşmənçilik davam edir
Məlum olduğu kimi, müxalifət düşərgəsində yenə də vahid mövqe yoxdur. 2013-cü il prezident seçkilərindəki məğlubiyyət bu düşərgənin nümayəndələrinin bir-birinə olan münasibətlərini daha da pisləşdirib.
İş o yerə çatıb ki, qarşıdan seçki gəlsə də, hələ də müxalifət qüvvələri hər hansı birlik yarada bilməyiblər. Buna səbəb isə partiyalar arasındakı gərginlikdir. İndiki situasiyaya və partiyalar arasındakı münasibətlərə baxanda, yaxın gələcəkdə hər hansı birliyin yaranması da müşkül görünür. Mövzu ilə bağlı fikirlərini bölüşən siyasilər də təxminən bu fikirdədirlər.
Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyyət Əliyev "Unikal"a açıqlamasında deyib ki,Azərbaycan müxalifət partiyaları arasındakı münasibətlər normal birlik yaradlılmasına imkan vermir. Onun sözlərinə görə, burada liderlərin ambisiyalarının önəmi daha böyükdür: "Bu gün müxalifət partiyalarının bir araya gələ bilməməsinin əsas səbəblərindən biri, bəlkə də birincisi müxalif liderləri arasında olan qeyri-səmimi münasibətdir.Bu münasibətlər düzəlməyincə müxalifətin böyük birliklərinin yaranması çətin məsələdir. Bu cür münasibətlərlə birlik yaratmaq mümkün deyil, yaransa belə səmimi birlik olmayacağından perspektivi də olmayacaq".
Məsələ ondadır ki, bu günə kimi müxalifət düşərgəsində təmsil olunan siyasi təşkilatlar onlarla birlik yaradıb. Hər birliyini ömrü isə seçki prosesi başlayandan seçki başa çatan sonrakı dövrə qədər olub. T.Əliyev deyir ki, birliklə bağlı həmişə fikirlər, təşəbbüslər olub, bu gün də var, sabah da olacaq: "Çünki birlik həmişə lazımdır. Amma, birlik sağlam münasibətlər əsasında yaransa daha yaxşı olar. Müxalifətin bütün spektrini əhatə edəcək birliyin yaxın perspektivdə yaranacağına inanmıram".
Məsələylə bağlı Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın da mövqeyi üst-üstə düşüb. Əvəz bəy də müxalifətin birlik çabalarının əhəmiyyətsizliyini bildirib: "Son 20 ildə Azərbaycanda çoxlarının müxalifətçi kimi tanıdığı adamların bəziləri əslində iqtidara sərf edən addımlar atmaqla məşğuldurlar. Sözsüz ki, bu həm müxalifətin, həm də demokratik dəyişiklik istəyən kəsimin mübarizəsinə pis təsir edir. Gəlin ad çəkmədən proses haqqında danışaq. Onsuz da cəmiyyət kimin kim olduğunu və hansı rolu oynadığını yaxşı bilir və görür. Ona görə də bunun üçün ad çəkməyə dəyməz. Belə olan təqdirdə müxalifət düşdüyü vəziyyətdən necə çıxmalıdır? İlk olaraq az-çox qalan sağlam müxalifət bir araya gəlməlidir. İkincisi, vəziyyət o yerə çatıb ki, müxalif partiyalar indiki məqamda özünü saxlamalı və qorumalıdır. Sıralarına yeni nəsli cəlb etməyə çalışmalıdır".
ALP sədri deyib ki, müxalifət bir araya gələ bilsə də, birliyi qoruyub-saxlaya bilmir: "Praktika dəfələrlə göstərdi ki, Azərbaycan müxalifəti 1993-cü ildən bəri bir yerə toplaşıb dağılıb. Hətta vaxtı ilə bir təşkilatda olmuşlar belə. Müxalifətin bu birləşmə oyunundan cəmiyyət artıq yorulub. Çox təəssüf ki, Azərbaycan müxalfətinin birlik termini artıq əhalidə təkcə inamsızlıq yox, qıcıq yaradır. Və çox təəssüf ki, bu belədir. Ona görə nə etmək lazımdır? Mübarizə taktikasını vəziyyətə uyğun seçmək lazımdır. Situasiyaya uyğun addım atmaq və partiyaları buna hazrılamaq lazımdır. İndiki məqamda isə bizim klassik mübarizə üçün heç bir şəraitimiz yoxdur".
AMİP Siyasi Şurasının üzvü Əli Orucov da müxalifətin bir araya gəlməsinin problem olduğunu dilə gətirib. Onun sözlərinə görə, birliyin baş tutmamasında əsas məsələ tərəflərin bir-birini qəbul etməməsi, qarşılıqlı etimadın olmamasındadır: "Çox təəssüflər olsun ki, bu gün bizim bəzi müxalifətçi dostlarımız fəqrli fikirlərə dözə bilmir və bunu faciə kimi qiymətləndirirlər. Tənqid adətən ağır olur və tənqidi hər adam qəbul edə bilmir. Amma təriflə də uzağa getmək mümkün deyil. Ona görə də müxalifət özü -özünə bir az tənqidi yanaşmanı da bacarmalıdır. Səhvləri qiymətləndirib gələcək fəaliyyətində bunu nəzərə almalıdır. Ancaq təəssüflər olsun ki, bu günə kimi bu hallarla rastlaşılmayıb. Heç kəs deməyib ki, mənim atdığm addımda yanlışlıq olub və yaxud hansısa subyektivliyə yol vermişəm. Hamı özünü ideal və səhvsiz göstərməyə çalışır və təbii ki, bu da ən böyük bəlalardan biridir. Ona görə də heç bir birliyin ömrü uzun olmur, parçalanır".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16