Cəbhə xəttində vəziyyət gərginləşir
14:43 05-05-2012
CƏMİYYƏT
Cəbhə xəttində vəziyyət gərginləşir
Ermənilər mütəmadi olaraq kəndlərimizi atəşə tuturlar, Ermənistan hakimiyyəti seçki qabağı xal yığmağa çalışır
Son günlər cəbhə xəttində və Ermənistanla sərhəddə vəziyyət gərginləşməyə başlayıb. Aldığımız məlumata görə, işğalçı Ermənistan silahlı birləşmələrinin hərbçiləri mütəmadi olaraq kəndlərimizi atəş altında saxlamağa çalışır. Azərbaycan tərəfi düşmənə cavab atəşi açsa da, erməni tərəfi bundan nəticə çıxarmayaraq, öz əməllərini davam etdirir.
Qeyd edək ki, cəbhə xəttində vəziyyətin gərginləşməsi hər il yazda intensivləşir. Bunun başlıca səbəbi kimi, yeni mövqelərin ələ keçirilməsi və hazırlıqla bağlı olduğu deyilir. Lakin son dövrlər intensivləşən atəşkəs rejiminin pozulması məsələsinin Ermənistanda keçirilən parlament seçkiləri ilə bilavsitə əlaqəsi var. Ekspertlər deyirlər ki, İrəvanda hakimiyyətdə olan Sarkisyan iqtidarı seçkilərdə xal qazanmaq üçün cəbhə xəttindəki ordunu fəallaşdırır. Niyyət isə Ermənistan cəmiyyətinə "biz olmasaq müharibə başlayar" mesajını verməkdir.
Bildirək ki, erməni ekspertləri də etiraf edirlər ki, son dövrlər Ermənistan ordusunun atəşkəs rejimini pozması xüsusi tapşırıq əsasında həyata keçirilir. Məsələn, erməni siyasətçi Ter-Tadevosyan iddia edir ki, guya Azərbaycan tərəfi son atışmalarla Ermənistan prezidentinin mövqelərini zəiflətməyə çalışır. "Yəni bu hərəkətlər dolayısı ilə Ermənistanda indiki hakimiyyətə qarşı çıxanlara dəstəkdir" deyə o bildirib. Ümumiyyətlə, Ermənistanda hakimiyyətin əsas təbliğat tezisi məhz budur və Sərkisyan müxalifəti və seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq küçələrə çıxmaq niyyətində olanları bu cür şantaj etməkdədir. Məsələ burasındadır ki, Sərkisyanın partiyası oliqarx Qaqik Tsarukyanın Çiçəklənən Ermənistan Partiyası tərəfindən ciddi rəqabətlə üzləşib. Müxalif elektorat isə keçmiş prezident Levon Ter-Petrosyanın ətrafında cəmlənib. Əgər Sərkisyanın partiyası bu seçkilərdə parlamentdə yerlərin yarıdan çoxunu əldə edə bilməsə, onun gələnilki prezident seçkilərində hakimiyyət başında qalması çətin olacaq. Belə vaxtda Ermənistan hakimiyyəti Azərbaycanla cəbhə xəttində gərginliyi artırmağa yönələn təxribatlar təşkil edir, əhalini müharibə təhlükəsi ilə qorxudur".
Məsələyə münasibət bildirən "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli deyib ki, cəbhə xəttində vəziyyət həmişə gərgin hesab olunur: "Bu baxımdan son zamanlar xüsusi bir gərginliyin müşahidə olunduğunu düşünmürəm. Hesab edirəm ki, Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesinin uzanması, münaqişənin həlli perspektivinin qeyri-mümkün görünməsi cəbhə xəttində gərginləşmənin daha da çoxalacağı ehtimalını ortaya qoyur".
O deyib ki, ümumilikdə isə, 2012 və 2013-cü illərdə region ölkələrində seçki dövrü olması səbəbindən, hər hansı hərbi əməliyyatların başlanmasını gözləmir.
Mərkəz rəhbəri həmçinin atəşkəsin pozulmasının Azərbaycanın İsraildən silah alması ilə əlaqələndirilməsinin doğru olmadığını deyir: "Bunu düşünmürəm. Azərbaycanın silahlanması ilk növbədə müharibə hazırlığına işarə kimi yozulsa da, bunun yaxın vaxtlarda cəbhə xəttində hansısa gərginliyə səbəb olacağını zənn etmirəm. Azərbaycanın silah alması normal bir haldır. Çünki Qarabağ münaqişəsi həll edilməyib, atəşkəs olsa da, müharibə davam edir".
Hərbi ekspert Azad İsazadə isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflər arasında aparılan danışıqlar prosesinin davam etdirilməsinə, eləcə də atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, müharibə ehtimalı həmişə realdı. Hərbi əməliyyatların istənilən vaxt başlanmasının mümkün olduğunu qeyd edən ekspertə görə, hazırkı vəziyyətdə münaqişə ölkələri buna o qədər də meylli görünmürlər: "Ermənistan təlimlər keçirsə və yaxud da atəşkəsi pozursa, bu, görüntü yaratmaq və özünü güclü göstərmək istəyi ilə bağlıdır. Regiondakı hazırkı vəziyyət də müharibənin başlanması ehtimalını istisna edir. Amma yaxın aylarda cəbhə xəttində tez-tez hərbi toqquşmaların baş verməsini mümkün sayıram. Çünki adətən qış aylarında belə hallara az təsadüf olunsa da, iqlim dəyişikliyi baş verəndən sonra periodik olaraq toqquşmalar baş verir. Biz indi belə deyək ki, həmin periodik mərhələyə daxil olmuşuq. Yəni yazda cəbhə xəttində toqquşmaların baş verməsi mümkündü. Amma bu, lokal xarakterli olacaq. Amma əgər münaqişə tərəfləri bu toqquşmaların əhatə dairəsinin genişləndirilməsinə maraqlı olsalar, bu halda toqquşmalar müharibəyə çevrilə bilər. Lakin belə bir istək tərəflərin mövqeyində müşahidə edilmir. Ona görə də mən müharibə ehtimalını real saymıram".
Cavid
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00