Azərbaycanda toylara qadağa qoyulmalıdırmı?
Hətta boşanmaların bir səbəbi də toy xərcləridir
Payız fəslinin gəlməsi ilə toyların sayı artıb. Toy gənclərin ailə qurması üçün təşkil olunan şadlıq mərasimi olsa da bu gün artıq qeyri-adi bir xarakter alıb. Bu gün toylar həqiqətən də imkanlı adamların öz pulunu nümayiş etdirdiyi, kasıbların da borc alıb "qonşudan qalma geri" prinsipini reallaşdırdıqları "mərasim"ə çevrilib.
Hazırda Azərbaycan toylarında əhəmiyyət kəsb edən əsas amil toyun sadəliyi, zövq almaq üçün gözəl təşkil olunması deyil, daha böyük zalda təşkil olunması, daha məşhur müğənnilərin ifa etməsi, dəhşətli sayda menyu təqdim etməsidir. İmkanlı adamlar bu toylardan qazanc gözləməsələr də kasıblar toyun sonunadək "kaş ki, toya çəkilən xərci, şadlıq evinin pulunu çıxara biləydim" deyə düşünürlər. Bu bir faktdır ki, bugünkü toylarda çox sayda pullar havaya sovrulur, qazanan isə şadlıq evləri olur. Bu gün şadlıq evlərinin bir çoxunda toyun gedişində müğənninin "ifasından" heç nə anlamaq mümkün olmur, çox sayda yeməklər isə atılır. Bu yalnız bizim ölkədə deyil.
Aparılan araşdırmalara görə, hətta boşanmaların bir səbəbi də toy xərcləridir. Belə ki, şişirdilmiş toy xərclərindən sonra ailə quran gənclərin iqtisadi çətinliklər yaşadığı, bunun da onların həyatlarında problemlərə yol açdığı göstərilir.
Atılan yeməklər, yaxud
aclıqdan ölən insanlar
Hazırkı toylarda ən dəhşətli vəziyyət məhz menyu ilə bağlıdır ki, son vaxtlar bu istiqamətdə qaydaların tətbiqi ilə bağlı müzakirələr aparılır. Şadlıq evlərinin özlərinin təqdim etdiyi menyuda çoxsaylı yeməkdən toy sahibləri imtina edə bilmir, nəticədə isə toy başa çatdıqdan sonra tonlarla yemək atılır. Yaxud, işgüzar şadlıq evləri həmin yeməyi digər toya təqdim edirlər ki, bu da insanların səhhəti ilə bağlı problemlərə gətirib çıxarır.
Statistikaya nəzər salsaq, Dünya Ərzaq Təşkilatının açıqladığı hesabata görə, yalnız 29 Avropa Birliyi ölkəsində ildə ümumilikdə 90 milyon ton qida israf edilərək atılır. Əgər 2020-ci ilə qədər qarşısı alınmazsa, bunun illik orta hesabla 126 milyon ton artacağı ehtimal edilir. Avropada 79 milyon insan yoxsulluq həddindən aşağı yaşadığı halda 16 milyon insan yardım təşkilatlarının ərzaq yardımı ilə dolanır. Dünyada 7 milyard əhali var ki, təxminən 1,3 milyard ton qida hər il istehlak edilmədən atılır. İldə 10 milyon insan aclıqdan öldüyü halda, 870 milyon insan hər gün aclıq problemi yaşayır. ABŞ-da qida israfının illik 40 milyon tonu keçdiyi açıqlanıb. Ən böyük israf ABŞ, Kanada və AB ölkələri olduğu halda Hindistan kimi bir çox ölkədə qida israfı sürətlə artır. Gündə 100 min toy olan Hindistanda mərasimlərdən sonra minlərcə ton qida atılır. Bu gün dünyada ərzağı atan insan, eyni zamanda günlərlə dolanışıq üçün həmin qazancı əldə etmək üçün çalışır. Təbii ki, tonlarla yeməkləri yemədən atan ölkələr sırasında Azərbaycan da var.
"Toy məclislərini və
hüzn mərasimlərini qanunla tənzimləməzlər"
Son vaxtlar Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsi hazırlanması təklif olunur. Bu barədə millət vəkillərinin fikrinə gəldikdə isə MM-in İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Əli Məsimli Milli.Az-a bildirdi ki, toy məclislərini və hüzn mərasimlərini qanunla tənzimləməzlər:
"Heç vaxt kiminsə fikri mənim üçün müəyyənedici olmur, mən həmişə düşündüyümü deyirəm. Orta əsrlərdə aparıcı Avropa ölkələrinin birində qanun qəbul edilmişdi ki, parlamentdə ölmək olmaz.... indi xatırlayıb gülürlər. Mən istəmərəm ki, mənim də üzv olduğum Azərbaycan Parlamentinin hansısa qanununa 100 ildən sonra gülsünlər. Ona görə də toyu və yası Milli Məclisin qəbul etdiyi qanunla tənzimləmək təfəkküründən uzaq adamam".
Digər millət vəkili Aydın Mirzəzadə isə Milli.Az-a bildirdi ki, toy məclisləri ilə bağlı hansısa xüsusi bir qanuna ehtiyac yoxdur: "Toylardakı səslərin gücü ilə bağlı Nazirlər Kabinetinin qərarı kifayət edir. Eyni zamanda Dövlət Əmək Müfəttişliyinin müştərilərə zorla qəbul etdirilən menyularla bağlı bir neçə reyd keçirməsi öz nəticəsini verəcək. Bu işlər indiyə qədər görülməyib. Qanun və qaydalar hamı üçün məcburidir".
Yeni-yeni ideyalar
fikirləşirlər ki, insanları
necə tora salsınlar
Sosioloq Əhməd Abbasbəyli isə bildirdi ki, bugünkü toylar bərbad vəziyyətdədir: "Bu gün hər birimizi toya çağıranda sanki insanın üzərinə ağır bir yük yükləyirlər. Burada maliyyə tərəfi əsas deyil, şəxsən mən toya gedəndə istirahət etmirəm. Son vaxtlar şahidiyəm, insanlar toya saat 6-da gedirlər, qısa bir müddətdə oturmaq olur, sonra kişilər dəhlizdə siqaret çəkirlər, söhbət edirlər. Toydan gəldikdən sonra da insanın başı ağrıyır. Digər tərəfdən menyu ilə bağlı problemlər var. Dəhşətli dərəcədə israfçılıqdır. İnsan nə qədər yemək yeyə bilər?"
Bu gün ölkədə bir küçədə 20-dək şadlıq evinin olduğunu deyən sosioloqun fikrincə, sadəcə olaraq bu, biznesdir. Yas mərasimlərinin nizama salınması ilə bağlı müzakirə aparıldıqda daha çox bu işdən pul qazanan adamların etiraz etməyə başladığını deyən Ə.Abbasbəyli deyir ki, bu gün bir çox məmurların belə şadlıq evləri var: "Faktiki bu gün böyük toy biznesində milyard manatlara qədər pul dövriyyə edir. Məsələn, bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə də toy zamanı evlənən gənclərə yardım məqsədilə hədiyyələr, yaxud pul bəxşiş edirlər ki, ilkin bir kapitalı olsun. Amma bizdə bütün qohum-əqrabasını toya çağırır, onlardan pulu yığıb aparır verir şadlıq evlərinə, bu da biabırçılıqdır. Toy biznesi sadəcə şadlıq evlərindən ibarət deyil, eləcə də gözəllik salonları var, son vaxtlar illərlə yada düşməyən xınayaxdı meydana gəlir. Yeni-yeni ideyalar fikirləşirlər ki, insanları necə tora salsınlar. Burada hər birimizin günahı var. Çünki bizim xarakterimizdə var ki, bir-birimizlə rəqabət aparaq, bəhsə girək: filankəsin toyu filan yerdə oldu, yaxud toyunda filankəs oxudusa, mən ondan daha yaxşı etməliyəm.
Şou-biznesin harınlamağının, insanlara yuxarıdan aşağı baxmaqlarının səbəbi də biz özümüzük. Bir müğənniyə çağırıb 10-12 manat pul verəndə, əlbəttə ki, onlar belə edəcəklər. O toyda qətiyyən başa düşülmür ki, nə oxunur, pis bir akustika var. Müğənni canlı oxumursa, diskdən istifadə edirsə, bu musiqini eşitmirəmsə, ona niyə 10 min manat pul verməliyik? Normal qiymətlər olmalıdır. Ümumiyyətlə, bilinmir ki, neçə nəfər müğənni vergi qeydiyyatındadır. Bu günlərdə bir toya dəvətliydim, yüngül bir səhnəcik düzəltmişdilər. Yəni, primitiv şeylər heç də xoşagələn deyil, toyu hörmətdən salırlar. Mətbəximizi hörmətsiz edirlər, həm sağlamlıq baxımından ziyandır, həm yeməyin xərci fantastik bir şeydir ki, yeməklər stolun üstündə qalır. Dünyanın heç bir yerində toya bu cür diqqət yetirən xalq görməmişəm. Toya gedəndə istirahət etmək lazımdır. Bakı kəndlərinə mağar toylarına gedəndə adam zövq alır. Rayonlarda da artıq toylar şadlıq evlərində olur".
Milli Məclisdə qanun layihəsi hazırlanması təklifinə gəldikdə isə sosioloq deyir ki, bir tərəfdən, bu cür məsələlər qanunvericiliklə tənzimlənməməlidir: "Yəni, inzibati resurslardan istifadə etmək düzgün deyil. Normal insanlar üçün bu şeylərlə bağlı norma qoymaq yanlış bir şeydir. Müasir, demokratik cəmiyyətdə düzgün deyil. Bizdə ciddi qanun qoyulmasının da tərəfdarı deyiləm. Bir neçə müddətdir ki, bizdə bu istiqamətdə danışılsa da səhəri gün ya özü toy edir, ya da başqasının toyuna gedir. "İnsanların qınağı olmalıdır" fikri mümkün deyil. Çünki toy biznesi işləyir. Dövlətin müdaxiləsi olmadan bunun qarşısının alınması mümkün deyil. Birincisi ondan başlamaq lazımdır ki, kitabxanaların, kəsilən ağacların yerində şadlıq evləri tikilir. Hər halda bunun üçün MM-in qərarı olmasa da Nazirlər Kabinetinin bir qaydaları olmalıdır, yaxud vergi ilə bağlı buna daha ciddi nəzarət edilməlidir, icra hakimiyyəti orqanları daxili tələblər vasitəsilə nəzarət etməlidir. Ciddi inzibati tədbirlər görülməsə, bunun qarşısını almaq mümkün olmayacaq. Çünki burada insanlar pul qazanırlar, bütün günü telekanallarda şadlıq evlərinin reklamları gedir".
Nigar Abdullayeva
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54