Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mübarək bin Fəhd Əl-Tanini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi, əlaqələrimizin bundan sonra da dərinləşəcəyinə əminlik ifadə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığının genişlənməsindən məmnunluq ifadə olundu. Bu yaxınlarda Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitinin keçirilməsinin bu ölkələr arasında əlaqələrin inkişafı işinə xidmət etdiyi bildirildi.
Qubernator Aleksandr Jilkin Heydər Əliyev Fondu tərəfindən Həştərxanda həyata keçirilən layihələri yüksək qiymətləndirdi və bu layihələrin vilayətin əhalisi tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd etdi.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Ümumhəmkarlar İttifaqları Konfederasiyasının prezidenti, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Mixail Şmakovu və Ümumhəmkarlar İttifaqları Konfederasiyanın baş katibi Vladimir Şerbakovu qəbul edib.
Görüşdə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin Bakıda keçirilən növbəti iclasının beynəlxalq əməkdaşlıq baxımından önəmi vurğulandı. Azərbaycan ilə Ümumhəmkarlar İttifaqları Konfederasiyası və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.