Qubad İbadoğlunun tərəfdarlarına xəbərdarlıq edildi
08:23 30-10-2014
CƏMİYYƏT
Qubad İbadoğlunun tərəfdarlarına xəbərdarlıq edildi
Müsavatın MNTK-na yeni sədr seçildi, növbəti narazılığın əsası qoyuldu
Dünən Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti iclası keçirilib. Partiyadan "Unikal"a verilən məlumata görə, iclasın gündəliyinə MNTK sədrinin seçilməsi, Qubad İbadoğlu tərəfindən MNTK-ya göndərilən arayışa verilən ilkin Rəyin müzakirəsi və cari məsələlər daxil edilib. MNTK sədrliyinə iki nəfər öz namizədliyini irəli sürüb.
Sədr seçkisi gizli səsvermə yolu ilə keçirilib. Gizli səsvermə nəticəsində Sevinc Hüseynova səs çoxluğu ilə MNTK-nın sədri seçilib.Gündəlikdə duran ikinci məsələ geniş müzakirə olunub və növbəti iclasda Qubad İbadoğluna arayışla bağlı yekun rəyin təqdim olunması qərara alınıb.
Ancaq Qubad İbadoğlunun tərəfdarları seçkinin nəticələrindən narazıdırlar. Bu səbəbədən də Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli Sevinc Hüseynovanın partiyanın Mərkəzi-Nəzarət Təftiş Komissiyasına (MNTK) sədr seçilməsinə münasibət bildirərkən deyib ki, Sevinc Hüseynova Qubad İbadoğlunun təqdim etdiyi arayışla bağlı qeyri-obyektiv mövqe tutacaq. O bildirib ki, S. Hüseynova hər zaman hazırkı başqan Arif Hacılını dəstəkləyib. E.Məmmədli başqanlığa sabiq namizəd Qubad İbadoğlunun qurultaydakı pozuntulara dair arayışının MNTK tərəfindən obyektiv araşdırılacağına inanmadığını vurğulayıb: "Biz bu haqda öncədən fikir bildirmişdik. Sevinc Hüseynova isə obyektiv olacağını söyləyib. Müsavatın sosial şəbəkədəki qapalı qrupunda Qubad İbadoğlu Qubadlı rayon təşkilatı tərəfindən Nizamnaməyə uyğun olmayaraq Məhəbbət Muradlının partiyadan qovulması ilə əlaqədar imza kampaniyası başlatmışdı. Sevinc Hüseynova isə sərt şəkildə kampaniyanın dayandırılması ilə bağlı xəbərdarlıq etdi. Bütün bunlar göstərir ki, Sevinc Hüseynova qeyri-obyektiv mövqe tutacaq".
İlginc məqamlardan biri də odur ki, artıq Qubad İbadoğlunun tərəfdarlarına qaşı loyal yanaşılmayacaq. Müsavat Partiyası başqanının müavini Nüşabə Sadıxlının açıqlaması da bunu deməyə əsas verir. Belə ki, N.Sadıxlı bildirib ki, qurultaydan sonra Müsavat Partiyasının Məclisində verilən bəyanat təkcə Qubad İbadoğlu, Səxavət Əlisoy və Vurğun Əyyub üçün nəzərdə tutulmayıb. Bu bəyanat sırf işə mane olmaq, Müsavatdakı problemlərin həllinə maneçilik törətmək istəyənlər üçündür. O, kiminsə Müsavat Partiyasından uzaqlaşdırılacağını da istisna etməyib: "Əgər kimsə ümumi fəaliyyətimizə mane olursa, kim qarşımıza sədd çəkirsə, əlbəttə, onu uzaqlaşdırmalıyıq. Bunun başqa yolu, başqa çarəsi yoxdur. Müsavat demokratik plüralizmi dəstəkləyən, ona riayət edən partiyadır. Müxtəlif fikirliliyi qəbul edirik. Hətta onlara dəstək də veririk ki, Müsavatdakı demokratiya göstəricisi cəmiyyətdə görünsün. Bu, bir az da qərəzsiz olmalıdır. Əgər qərəz varsa, kimsə sənin işinə mane olursa, təbii ki, ondan uzaqlaşmaq haqqında düşünməlisən. Bu o demək deyil ki, kimsə partiyada işləmək istəmir və onu partiyadan uzaqlaşdıracağıq. Cəzanın üsulları var. İndi artıq partiyanın Divanı da formalaşıb. Yəqin ki, qərarlarla kim hansı cəzaya layiq görülərsə, onu da alacaq".
Qeyd edək ki, Müsavat Məclisi partiyanın qurultayında keçirilən başqanlıq seçkisinə kəskin etiraz edənlərə qarşı bəyanat verib. Bəyanatda bildirilib ki, etiraz edənlərin hərəkəti partiyanın ali orqanı olan qurultayın qərarlarına hörmətsizlikdir. Qurultayın qərarlarına etiraz edənlər başqanlığa keçmiş namizədlər Qubad İbadoğlu və Səxavət Əlisoydur. Hətta Səxavət Əlisoy açıqlamasında Müsavat Məclisinin bəyanatına əhəmiyyət vermədiyini bildirib. Qubad İbadoğlunun tərəfdarı olan Vurğun Əyyub da Arif Hacılının başqan olmasına qarşı olanlardandır.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02