Mobil operatorların bezdirici SMS-ləri kritik vəziyyət yaradıb
Problemin aradan qaldırılması üçün nə etməli?
Mobil operatorların insanları bezdirən SMS-lərinin qarşısı bir sıra ölkələrdə hüquqi qaydada və sivil mexanizmlərlə alınır. Azərbaycanda isə bu problem hələ də insanları narahat etməkdədir. Reallıq odur ki, hər bir mobil operator abunəçisi gün ərzində bir neçə dəfə bezdirici reklam mesajları alır (sabahinfo.az).
Reklamlar əsasən məişət avadanlıqları, ev və restoran, lotoreya oyunları və s. ilə bağlı olur. Hətta bir çox hallarda yetkinlik yaşına çatmayanların məniviyyatına ziyan vura biləcək məzmunlu SMS-lər göndərilir. Bir ailədə bir neçə nəfərin mobil telefonu olduğunu, eyni zamanda bir nəfərin bir neçə operatorun xidmətindən istifadə etdiyini nəzərə alsaq, o zaman operatorların insanları aldatmaqla gün ərzində nə qədər pul qazandığını təsəvvür etmək çətin deyil. Həmçinin məktəb yaşlı uşaqların da telefon istifadə etdiyini nəzərə alsaq, o zaman mobil operatorların yetkinlik yaşına çatmayanların əxlaqına zidd hərəkət etdiyini anlamaq çətin deyil. Odur ki, mobil operatorların abunəçilərə göndərdiyi SMS-lər vətəndaşlar arasında sözün həqiqi mənasında haqlı narazılıq və narahatlıq yaradıb. Bu problem cəmiyyət arasında geniş müzakirə mövzusuna çevrilsə də, problem hələ də həllini tapmayıb. Əldə etdiyimiz məlumata görə, hətta vəziyyət o yerə çatıb ki, abunəçilərdən bəziləri istifadə etdiyi mobil operatorun xidmətini baykot edərək ondan imtina ediblər. Bununla da abunəçilər gün ərzində göndərilən bir çox SMS-lərə vaxt sərf etməyin mənasız olduğunu bir daha nümayiş etdirmiş olublar. Ancaq maraqlı odur ki, narahatlıq və narazılıq böyüsə də, SMS-lər dayanmır, hətta gündəlik göndərilənlərin sayı daha da artır.
Bu isə o deməkdir ki, mobil operatorlar yalnız qazanc əldə etməyi düşünür və abunəçilərin hüquqlarının pozulması onlar üçün konkret olaraq maraqlı deyil.
Mobil operatorların
məntiqsiz yanaşması
qəbul edilmir
Yaranmış problemə münasibət bildirən "Azercell" və "Bakcell" mediaya açıqlamalarında çox qəribə və məntiqə sığmayan "arqument" səsləndirirlər. Hər iki mobil operator bu problemə gah müdaxilə edə bilmədiklərini deyir, gah da istəyəmənlərin deaktiv etməsini tövsiyə edirlər. Mobil operatorlar hətta qeyd edirlər ki, göndərilən SMS-lərin məzmununa görə cavabdehlik daşımırlar. Mütəxəssislər isə təsdiq edirlər ki, son vaxtlar provayderlər vasitəsilə göndərilən reklam xarakterli SMS-lərin sayı çoxalıb. SMS marketi ilə məşğul olan provayderlər-"Bakcell", "Azercell" və "AzerFon"un SM xidmətini satırlar. Bu provayderlərə ciddi nəzarət etmək lazımdır ki, onlar mobil telefon nömrələrinə icazəsiz SMS göndərməsinlər. Hesab edilir ki, mobil telefon istifadəçisinə öncə reklam SMS-nin qəbul olunmasına dair bildiriş xəbərdarlığı göndərilməlidir. Əgər istifadəçi həmin bildiriş mesajının mütəmadi gəlməsinə razılıq verərsə, onun telefonuna bu tipli SMS-ləri göndərmək olar. Ekspertlər həmçinin hesab edirlər ki, mobil operatorların fikirləri kökündən səhv yanaşmadır. Onların fikrilərindən belə çıxır ki, operator 100-150 şirkətlə müqavilə bağlayacaq, abunəçilərin də işi həmin şirkətlərin sms-ni deaktiv etmək olacaq? Bunun üçün abunəçilərin razılığı olmalıdır. Yəni müqavilə bağlanmalıdır. Mobil operatorların yanaşması və onların narahatlıqlara məhəl qoymamaları həm də belə təəssürat yaranmasına əsas verə bilər ki, onlar bizim danışığımızın təhlükəsizliyinə zəmanət vermirlər.
Problem qonşu
ölkələrdə həll edilir
Azərbaycanda yaşanan problemlər dünyanın bir sıra ölkələrində də mövcuddur. Amma bizdən fərqli olaraq digər ölkələr bu problemin həlli üçün hüquqi müstəvidə praktik tədbirlər görməyə başlayıblar. Məsələn, Rusiyada mobil telefon abunəçisinə razılaşdırılmamış reklam SMS-i göndərmək mümkün deyil. Rusiyada bu günlərdə qüvvəyə minən "Rabitə haqqında" Qanuna edilmiş dəyişiklik belə tədbirlərin həyata keçirilməsini tələb edir. Dəyişikliyə görə, reklam SMS-lərini göndərmək üçün operator abunəçi ilə ayrıca müqavilə bağlamalıdır. Abunəçinin razılığı olmadan onun nömrəsinə reklam tipli SMS-lər göndərərsə, Antiinhisar Xidməti operatorla bağlı ölçü götürəcək.
Türkiyədə isə bu problemlə mübarizədə daha konkret və sərt tədbirlər görüləcək. Ötən həftə Türkiyə Böyük Millət Məclisində müzakirə edilərək qəbul edilən "Elektron ticarətinin tənzimlənməsi haqqında" qanuna görə icazəsiz reklam mesajı, elektron poçt göndərən firmalar cəzalandırılacaq. Şəxsi məlumatları, rabitə xidmətlərinin məxfiliyini və e-ticarət əməliyyatlarında istehlakçı hüququnu qorumağı hədəfləyən qanuna görə, mesajlar üçün mütləq istehlakçının razılığı lazımdır. Əgər qaydalara əməl edilməsə, hər bir mesaja görə 1000 lirədən 5 min lirəyə qədər cəza tətbiq olunacaq. Mesajlar davam edərsə, cəza tədbirləri daha da sərtləşdiriləcək. Yeni qanuna görə, istehlakçılar istədikləri zaman bu mesajları almağa son verə biləcəklər. Belə ki, "Mesaj almaq istəmirəm",-yazaraq SMS göndərəcəklər. Beləliklə, abunəçi-istehlakçı siyahıdan 3 gün ərzində çıxarılacaq. Əgər mesajlar davam edərsə, şirkətlər 2 min lirədən 15 min lirəyə qədər cərimə olunacaqlar. Yenə qanun layihəsinə görə, e-ticarət əməliyyatları zamanı ödəmə aparılmadan əvvəl məhsulla və qiymətlə bağlı bütün məlumatlar alıcıya açıq şəkildə bildirilməlidir.
Bəs, Azərbaycanda hansı tədbirlər
görülməlidir?
Azərbaycanda isə əhalinin, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərin mənəviyyatına ziyan vuran açıq-saçıq reklamlar qadağan oluna bilər. Bu, "Reklam haqqında" yeni qanun layihəsində nəzərdə tutulub. Layihə Milli Məclisin İqtisadi Siyasət Komitəsində hazırlanıb. Bu barədə açıqlama verən layihənin müəllifi Vahid Əhmədov deyib ki, yeni qanun artıq parlamentə tövsiyyə edilib və çox güman ki, payız sessiyasında müzakirəyə çıxarılacaq.
V.Əhmədovun sözlərinə görə, yeni reklam qanunvericiliyi 1997-ci ildən qüvvədə olan qanundan 70 faiz fərqlənəcək: "O vaxt bizim reklam bazarının həcmi 200 min dollar idi, indi bu rəqərm 70 milyon dollardır. Ölkə kifayət qədər inkişaf edib, yeni məhsul və xidmətlər yaranıb, odur ki, reklam qanunvericiliyinin dəyişdirilməsi də zəruridir".
Əgər qanun qəbul edilsə, SMS reklamları da qadağan ediləcək. Belə ki, qanunda daha bir yenilik isə vətəndaşların mobil telefonlarına, elektron poçtlarına göndərilən reklam xarakterli ismarıclarla bağlıdır. İqtisadçı deputatın sözlərinə görə, ölkədəki şirkətlər yalnız müqavilə əsasında vətəndaşları öz məhsul və xidmətləri barədə məlumatlandıra biləcəklər.
Sonda onu da qeyd edək ki, lüzumsuz SMS-lərin yaratdığı kritik psixoloji durum bu sahədə təcili tədbirin görülməsi zərurətini yaradıb. Səmərəli mexanizm kimi eyni problemi yaşayan və vaxtında təsirli tədbirlər görməyə qərar verən qonşu ölkələrdə tətbiq edilən təcrübə Azərbaycan üçün də keçərli və nümunə hesab edilə bilər. Odur ki, Rusiya və Türkiyə təcrübəi mobil operatorların cəmiyyətə yaşatdığı süni narahatlığı aradan qaldıra bilər.
Atif Eyvazov
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50