İŞİD ətrafında həlqə daraldırılır
Terror təşkilatının neft biznesi: alanlar və satanlar üzə çıxdı
Peşmərgənin Kobaniyə daxil olması ilə əlaqədar anti-İŞİD qırıcıları da fəallığını artırıb. Məlumata görə, ABŞ qırıcıları Kobanidə İŞİD silahlılarının 10-dan çox mövqeyini bombalayıb.
İŞİD-ə qarşı döyüşlərdə Azad Suriya Ordusu da öz dəstəyini göstərib. Suriya rejiminə qarşı olan qruplaşma İraq peşmərgələrinin Kobaniyə dəstək verməsini alqışlarla qarşılayıb. Ordu komandiri Nizər əl-Xatib sonuncu döyüşlər zamanı Kobanidə sənaye bölgəsinin İŞİD-çilərin işğalından xilas edildiyini deyib. Əl-Xatibin sözlərinə görə, hazırda Azad Suriya Ordusundan Kobanidə 400-dən çox əsgər döyüşür.
Suriya hökuməti Türkiyənin öz ərazisindən peşmərgələrə dəhliz açmasını ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib. Amerika isə Türkiyənin anti-İŞİD koalisiyasına qoşulması üçün təkliflərini davam etdirir. Bu barədə ölkənin müdafiə naziri Çak Heyqel məlumat verib.
Türkiyə anti-İŞİD koalisiyasına qoşulmaq üçün koalisiya qarşısında qoyduğu əsas şərtlərdən biri kimi koalisiyanın eyni zamanda prezident Bəşər Əsədi hədəfə almasıdır.
İHİD Türkiyə üzərindən neft satırmı?
İŞİD-in Türkiyə üzərindən neft satdığı ilə bağlı yalanı rəsmən təkzib edilib. Bu iddialar ABŞ Müdafiə və Maliyyə nazirlikləri, Almaniyanın "Bild" qəzeti, Türkiyə və İraq hökumətləri, eləcə də, İraq Kürd Regional Rəhbərliyinin kəşfiyyat hesabatları sayəsində təkzib olunub.
İŞİD-in nefti iki ayrı xətt üzrə bazara çıxardığı müəyyən edilib.
Suriya və İran-Dubay marşrutları
İŞİD neftinin bazara çıxarıldığı marşrutlardan birincisi Suriya hakimiyyəti ilə bağlıdır. Terror təşkilatı ələ keçirdiyi mədənlərdəki neftin çoxunu birbaşa Əsəd hakimiyyətinə satır. Xüsusilə də Rakka bölgəsində çıxarılan neft bu kanallar vasitəsilə satılır. İkinci marşruta isə İran üzərindən Dubay bazarına çıxarılan neft aid edilir.
İŞİD neftini kürd
biznesmenlər satır
İkinci marşrut üzrə pul qazananlar arasında "neft ixracatı icazəsi" olan bəzi kürd biznesmenlərin olduğu da məlum olub. Bu barədə açıqlama verən İKRR səlahiyyətliləri İŞİD neftini satan kürd biznesmenlərinin necə işlədiyini də izah edib. Sənədlərdə satdığı neftin 50 ton olduğunu qeyd edən biznesmenlər, əslində 200 ton neft satırlar. Bu neftin 150 tonu İŞİD-dən ucuz qiymətə alınan neftdir. Biznesmenlərin dələduzluğunu ortaya çıxaran İKRR hərəkətə keçib.
Bərzani tədqiqat
komissiyası qurdu
İKRR lideri Məsud Bərzaninin göstərişi ilə İŞİD-dən neft alan kürd biznesmenlərin təyin edilməsi üçün Tədqiqat Komissiyası yaradılıb. Komissiya neft ixracatı icazəsi olan bütün kürd biznesmenlərin fəaliyyətini araşdırmağa başlayıb.
Gündə bir 1 milyon
dollar qazanılır
ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyat idarəsinin rəisi Devid Çohen İŞİD-in Suriya və İraqda ələ keçirdiyi mədənlərdə gündə 50 min barel neft istehsal etdiyini bildirib. Hesablamalara görə, İŞİD neft satışından gündə təxminən 1 milyon dollar qazanır.
İŞİD neftini alan
cəzalandırılacaq
İKRR-nin yüksək rütbəli məmuru İŞİD neftinin beynəlxalq bazara İran-Dubay marşrutu ilə çıxarıldığını təsdiq edib. Qanunsuz neft ixracatı ilə məşğul olan kürd biznesmenlərin müəyyənləşdirilməsi üçün aparılan araşdırmalar haqqında danışan məmur bildirib: "İŞİD-in nefti Türkiyə üzərindən satdığı barədə iddialar tam yalandır. Terror təşkilatından neft aldığı təsdiqlənən biznesmenlər cəzalandırılacaq".
İŞİD israilliləri öz
hesabına Türkiyə
kurortlarına göndərir
Bu arada məlum olub ki, son vaxtlar Türkiyənin məşhur istirahət zonalarına axın edən israilli ərəblərin və bədəvilərin sayı artıb. Sən demə, kasıb müsəlmanların dəbdəbəli otellərdə istirahətini İraq İslam Şam Dövləti maliyyələşdirirmiş.
İŞİD israillilər üçün bilet alır və onları ən yaxşı otellərin ən prestijli nömrələrində yerləşdirir. İstirahətə gələnin bütün xərcləri əvvəlcədən ödənilir.
Sonra istirahətdən zövq alan bədəvilərə İŞİD agentləri "məzuniyyət"dən sonra Suriyaya keçərək terror təşkilatının sıralarına qatılmağı təklif edirlər.
İsrail agentliklərinin verdiyi xəbərə görə, hələlik heç bir israilli İŞİD-in vədlərinə aldanmayıb və hamısı məzuniyyətdən sonra evə qayıdıblar.
Odur ki, İsrail dövləti bu şəxsləri məhkəməyə cəlb etmir.
İŞİD əsiri olmuş qızın şok etirafı:
"11 yaşlı qızı zorladılar"
İŞİD əsirliyindən qaçan 19 yaşlı kürd qadın təşkilat barədə şok etiraflar edib. Rusiya mətbuatının məlumatına görə, "Cana" ləqəbli qadın əsir düşdükdən sonra 70 yaşlı qoca kişiyə satıldığını deyib: "İŞİD əsir götürdükləri ailələrin hər şeyini qəsb edirdi. Bizi əsir tutduqdan sonra Mosula apardılar. Saxlanıldığımız evdə çoxlu qadınlar vardı. Əsgərlər içiri girib xoşladığı qadınları götürüb aparırdılar. Bir dəfə 11 yaşlı qızı zorladılar. Məni isə 70 yaşlı qoca ərəbə satdılar. Həmin adam silah gücünə məni öz idelogiyasına inandırmağa çalışırdı. İndi burada olsaydı, ona heç nə deməzdim, sadəcə öldürərdim". Həkim olmaq istədiyini deyən Cana anası və 2 qardaşının İŞİD əsirliyində olduğunu bildirib. Şimali İraq Kürd Rəhbərliyinin rəsmisi Dr.Nazad Beqikani də İŞİD-in əsir götürdüyü qadınları seks köləsi etdiyini açıqlayıb. Qadınların davamlı olaraq zorlandığını və qul bazarında müxtəlif qiymətlərə satıldığını deyib.
İŞİD-in missiyası
"İŞİD Rusiya, Türkiyə və İrana qarşı yaradılıb. ABŞ-ın səylərinə baxmayaraq, Rusiyanın dəstəyilə Bəşər Əsəd hakimiyyətdə qalmağı bacardı. 2008-ci ildən İranın Yaxın Şərqdə mövqe genişləndirməsinin qarşısını ala bilmədi. İraqın keçmiş Maliki hökumətinin İranla geniş əlaqələr qurub Rusiya və Çinlə münasibətlərə isti baxması da ABŞ-ı qıcıqlandırdı. Qətər, Səudiyyə Ərəbistanı və Bəhreyn də İranı regionda istəmirdilər. Kürdlər də Malikidən narazıydılar. Baş verənləri dayandırmaq üçün ABŞ-ın regiona açıq müdaxiləsi üçün bəhanə yox idi. Nəticədə Suriyada İŞİD-i yaratdı". Bu isə "olaylar.az" saytında dünən yerləşdirilən analitik yazıdandır.
Yazıda daha sonra deyilir: "Əvvəlcə Əsədə qarşı vuruşan İslam Dövləti Amerikanın maraqlarının əksinə gedən Malikinin üzərinə göndərildi. Maliki hakimiyyətdən uzaqlaşdırılan kimi Suriya kürdlərinin üzərinə göndərildi. İndi Kürd-İŞİD müharibəsinin başladılmasında məqsəd Türkiyənin fikrini yayındırmaqdır. Çünki Ankara Türkiyə sərhədində separatçı kürd dövlətinin yaradılmasını istəmir. Ona görə də İŞİD-lə mübarizəyə qoşulmur. PKK-nın İslam Dövləti tərəfindən darmadağın edilməsinə isti baxır. Lakin məsələ belə sadə deyil. Müharibə regionun bütün kürd kəsimilə yox, məhz PKK və İŞİD arasında aparılır. Yaranmış qarışıq durumda Məsud Bərzaniyə sadə kürdləri bir araya toplayıb dövlət yaratmaq vəzifəsi tapşırılıb.
Türkiyə üçün
hazırlanmış tələ
İŞİD-in kürdlərə xidmət etməsini sübut edən digər amil təşkilatın tez-tez Türkiyəni təhdid etməsidir. Lakin rəsmi Ankara buna baxmayaraq, Bağdadini qıcıqlandıracaq qərara getmir. Başa düşür ki, İŞİD-ə edilən hücum Türkiyəyə baha başa gələcək. Türkiyə sərhədində yerləşmiş İŞİD üçün cumhuriyyətə hücum asan işdir. Bununla Suriya və İraqda yaranmış boşluqdan istifadə edən kürdlər öz dövlətlərinin müstəqilliyini elan edə bilərlər. İŞİD-lə mübarizəyə başı qarışacaq Türkiyə təhlükəsizliyi ilə məşğul olduğu üçün buna o qədər də əhəmiyyət verməyəcək. Ankaranın koalisiyaya qoşulması PKK-nın da Türkiyəyə hücumlarını artıracaq. Bərzani isə boşluqları kürdlərlə doldurmağa çalışacaq. Əsas hədəf Türkiyə ilə sərhəddə yerləşən Kobanidə möhkəmlənməkdir. Qərb tərəfindən dəstəklənən Suriya Azadlıq Ordusunun kürdlərə köməyə gəlməsi bu planın tərkibinə daxildir. Bu mənada İŞİD digər region dövlətləri kimi Türkiyəyə qarşı yaradılmış tələdir. Lakin burada ABŞ-ın məqsədi Türkiyəni parçalamaq yox, geosiyasi planlarının icrasında müttəfiq kimi yararlanmaqdır. Planı həyata keçirmək üçün ABŞ-a görə, Türkiyəni koalisiyaya qoşmaq şərtdir. İŞİD-in tez-tez Ankaranı terrorla hədələməsi bundan qaynaqlıdır. Bununla Türkiyəni bloka qoşacağına inanır, Ankara isə hələlik razı deyil.
Hədəfdə İran da var
İŞİD-in digər missiyası İranı vurmaqdır. Bunun üçün regionda onun əleyhinə dövlət yaratmağa çalışır. Kürdlər bu baxımdan plana uyğundur. Baş verənlərə liderlik edən Səudiyyə Ərəbistanın da maraqlarını əks etdirir. "Hizbullah"-ın İŞİD-ə qarşı aktivləşməsi bundan xəbər verir. İslam Dövlətinin Livanının Şimalını ələ keçirmək planın üzə çıxması da İranı qıcıqlandırmaq xarakteri daşıyır. Artıq İŞİD-in İrana qarşı olması barədə Qərbdən siqnal verilib. İngiltərənin "Sunday Times" qəzeti İŞİD-in İranın nüvə stansiyalarına hücum edəcəyini iddia edib. Qəzet İŞİD liderlərindən Abdullah Əhməd əl-Məşdaninin bu barədə 70 maddədən ibarət sənəd hazırladığını bildirib. Sənəddə iranlı diplomatların, iş adamlarının, elm xadimlərinin öldürülməsinə çağırış da yer alıb. Məsələyə münasibət bildirən rusiyalı siyasi analitik Vladimir Sajin hesab edir ki, İŞİD vaxtilə İranın 8 il boyunca Səddam Hüseyn rejiminə qarşı müharibə aparması faktorunu da nəzərə alır. Sajinin sözlərinə görə, İŞİD Malikiyə hücuma keçəndə ilk olaraq Bağdada dəstək İrandan gəlib: "İran İŞİD-ə qarşı başladılmış mübarizəyə aktiv şəkildə qoşulur. Bu birmənalı deyil. Çünki İslam Dövlətinin ona qarşı olduğunu bilir. Şiə İranı İŞİD-in qanlı terror hücumlarının reallaşdıracağı ölkələr siyahısındadır. Bunun üçün təşkilat Rusiya ilə anlaşmaq istəyir. Nəzarəti altında olan Ənbar əyalətindəki neft və təbii qaz yataqları qarşılığında Moskvadan İranın nüvə stansiyalarına dair gizli məlumatları istəyir". Sajinin İŞİD-in İrana qarşı olması iddiasında gerçək var.
Məsələn nüvə müzakirələrində "Altılıq"-la Tehran arasında isinmənin olduğu vaxt İŞİD İranı təhdid etmir. Təbii ki, bu birmənalı deyil. Türkiyədə İŞİD-in İngiltərə tərəfindən yaradıldığına inanırlarsa, İranda ABŞ-ın. Belə bir təhdid İranı Amerikaya qarşı aqressivləşdirə bilər. İŞİD də oyununu Amerikanın qurduğu plan taktika üzərindən oynayır. Lakin Rusiyanın ABŞ-ın tələsinə düşəcəyi inandırıcı deyil. Çünki son nəticədə Amerikanın bu oyunları onun üçün oynadığını bilir. Proseslərin hansı nəticə ilə başa çatacağı isə başqa mövzudur".
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02