"Təəssüf ki, bu janr 70 il ərzində yalnız meyxanələrdə səsləndi"
09:42 01-11-2014
CƏMİYYƏT
"Təəssüf ki, bu janr 70 il ərzində yalnız meyxanələrdə səsləndi"
Namiq Məna: "Kim meyxana sözünü hər hansı bir klassikin yaradıcılığında janr kimi qeyd olunduğunu göstərsə, alnından öpüb ona ustad deyərəm"
"Ən böyük arzum isə odur ki, bədihə janrını dünyay çıxaraq və hər kəs bilsin ki, bizim belə bir sənət nümunəmiz var"
"Bu günə kimi mənə kifayət qədər böyük etimad göstərilib. İndi çalışıram ki, etimadı doğruldum. Bu janrla Amerikaya qədər gedib çıxmışam"
Bu gün tanınmış söz ustadı, bədihəçi Namiq Mənanın 42 yaşı tamam olur. Bədihəçi ilə görüşümüz elə doğum günündə baş tutdu. Namiq Məna ilə söhbətimiz bədihə janrının tarixi, hazırkı durumu və gələcəyi ilə bağlı oldu.
- Namiq müəllim , müsahibəni qəliz qafiyə ilə başlayaq, yoxsa yüngül?
- O baxır söhbətimizin necə alınmağına. Güman edirəm ki, qafiyələşməyimiz yerinə düşəcək.
- Biz sözdə məna varsa, təxəllüs niyə Məna olub?
- Bu təxəllüsü mən özüm götürməmişəm. Mən İncəsənət Universitetində təhsil alarkən orda bir fəlsəfə müəllimi var idi, o, vermişdi. Universitetdə Novruz şənliyində çıxış eləmişdim. Ordakı çıxışımdan sonra müəllim məni auditoriyaya dəvət elədi. Soruşdu ki, sən gördüklərini o dəqiqə mənalı şəkildə qafiyəli formada çatdırırsan, bunu necə edirsən? Söhbətimiz zamanı məna sözünü bir neçə dəfə işlətdi. Sonra soruşdu ki, təxəllüsün var, mən də dedim ki, yox. O da dedi ki, bəlkə təxəllüsün Məna olsun. O gündən mənə böyük bir şərəf oldu ki, bu təxəllüsü daşıyıram. Amma hesab edirəm ki, bir ömür bəs eləməz ki, bu təxəllüsü doğruldum. Çalışıram ki, gücüm çatan qədər öhdəsindən gəlim.
- Füzuli ruhu Sizə yaxındır, yoxsa Nizami?
- Füzuli böyük bir dəryadır, amma Nizaminin şeyirləri mənə daha yaxındır. Nizami bir qədər sadə dildə yazıb, amma Füzuli çox qəlizdir. Füzulinin misralarını, beytlərini açmaq üçün insan böyük təfəkkurə malik olmalıdır. Nizamidə sətirlər Azərbaycan dilinə tərcümə edilib deyə, mənim üçün daha yaxındır. Mən 88-89-cü illərdə cızmaqara edirdim. O vaxtı Nizamini oxuyurdum. Onun bir misrası yadımdadır.
Deyirlər çox şadmış gənc bir müqəssir
Dara çəkilərkən boynunda kəndir
Dostlardan birisi etdi bir sual
Az qalır ömrünə bəs nədir bu hal
Dedi son nəfəsimdir ömrüm qalıb az
Az ömrü kədərlə keçirmək olmaz.
Bu misraları oxuyandan sonra yazdıqlarımın hamısını büküb kənara atdım ki, mən nahaq bu sənətlə məşğulam. Təbii ki, Füzuli də böyük dəryadır. Ümumiyyətlə, klassiklərimizin hamısının yaradıcılığı qiymətlidir. Mütləq bunlardan dəhrələnməlisən ki, nəsə bir şey ortaya çıxarmağı bacarasan.
- Son zamanlar aşıqlarla meyxanaçılarda bir yaltaqlıq simptomları meydana çıxmağa başlayıb. Bu yaltaqlıq hardan gəlib çıxır?
- Hər bir məsələyə müxtəlif aspektlərdən yanaşmaq olar. Mən bilmirəm, siz kimi və konkret hansı məqamları nəzərdə tutursuz. 90-91-ci illərdə lent yazılarım var idi. O vaxt gedib çörək, ət, yağ növbəsinə dayanırdıq, bütün bunları yaşamışam. Zirzəmilərdə idmanla məşğul olurduq. Mən o vaxt meyxanalarımda da deyirdim ki, ət də talonla, qənd də talonla. Qoyma a qardaş, vətən əldən gedir, Xəzan gəlibdir çəmən əldən gedir. Yəni, günümüzün reallığı qafiyələrdə öz əksini tapıb. İndi də Azərbaycanda gedən inkişafı sətirlərimdə vurğulayıram. İstər aşıq olsun, istər də bədihə ustaları olsun, müxtəlif mövzulara toxuna bilərlər. Amma insan bir mövzuya müxtəlif aspektlərdən yanaşa bilər. Tərifə layiq olan məsələləri qeyd eləmək lazımdır, bunu isə yaltaqlıq adlandırmaq düzgün deyil.
- Belə demək olar ki, meyxana qəzəldən törəmə janrdır?
- Deməzdim ki, qəzəldən törəmə janrdır. Bizim janrın başlanğıcında əruza yaxın olub. O vaxt peyğəmbərlərə, müqəddəs şəxslərə bədihələr mədh olunub, özü də Allah kəlamları ilə. O vaxt şeir dili olub və insanlar bir-biri ilə ünsiyyətdə olanda şeir dili ilə danışırmışlar. Zaman keçdikcə dəyişim, ona ritm verilib. Bu gün də bir az da inkişafa doğru gedir. Sadəcə, bu gün deyənlərin sayı çoxdur. Çoxu da müəyyən mənfəət əldə etmək üçün bu sənətə gəlir. Amma sənəti inkişaf etdirmək üçün çalışanlar da var.
- Ümumiyyətlə, bu sənətin öncüllərindən kimlərin adını çəkə bilərsiniz?
- Mirzə Bağırın adını çəkmək olar, O, 1810-cu ildə anadan olub, 1882-ci ildə dünyasını dəyişib. Ondan qabaq Mirzə Ələkbər Sabir də bədihələr deyib. Hophopnaməni açıb oxusanız, rast gələrsiniz. Seyid Əzim Şirvaninin özündə də bədihə nümunələri var. O vaxt rus pristavları məktəbi yoxlamağa gəlir. Ondan soruşanda ki, pristavla necə yönləşdiz, o da bədahətən deyib ki, "Şto-muşto gəlmişəm, əldə qaşov gəlmişəm, inspektor nallayıb, lap xaraşo gəlmişəm". Amma ondan da əvvəl bədihə nümunələri var. Ümumiyyətlə, bədihənin aşıq janrına çox yaxınlığı var. Sadəcə olaraq aşıq sənəti heca, bizim sənət isə əruza yaxındır. Amma sırf əruza da bağlamaq olmaz, çünki heca ilə də söyləyə bilərsən. Əliağa Vahid də xatirələrində deyir ki, Səməd Vurğunla, Cəfər Cabbarlı ilə də bədahətən şeirlə deyişirmişlər.
- Son iyirmi il ərzində belə bir fikir formalaşıb ki, görünən meyxanaçı olmaq üçün narkotikdən istifadə eləməlisən. Bunun məntiqi mənası nədir?
- Sovet dönəmində bizim müəyyən milli mənəvi dəyərlərimizə zərbələr dəyib. O cümlədən bu janrdan da yan keçməyib. Bu janr 70 il ərzində meyxanələrdə səsləndi. Vahidin qəzəllərində də bu meyxanələr barədə məqamlar öz əksini tapıb. Bəziləri deyir ki, güya Vahid spirtli içki aludəçisi olub, amma bu tamamilə yanlışdır. Sadəcə olaraq, şair və yazıcılara müəyyən təzyiqlər var idi, buna görə də Vahid özünü sərxoş kimi göstərirdi ki, onunla işləri olmasın. Hətta bir ara belə bir tendensiya da yaranmışdı ki, spirtli içki içməsən, narkotik qəbul eləməsən, deyə bilməzsən. Təəssüflər olsun ki, müəyyən sənətkarlar var idi ki, bu mənfi yola sürüklənmişdilər. Şükürlər olsun ki, bu gün o işlə məşğul olanlar təmizlənib, hətta ibadətlə məşğul olan gənclərimiz də var.
- Arada mən də meyxanaya qulaq asıram. Müşahidələrimə görə meyxanaçıların böyük əksəriyyətinin intellekti aşağıdır, mütaliəsi zəifdir. Siz necə, mütaliəyə vaxt ayırırsınızmı, müasir Azərbaycan yazarlarından kimləri oxuyursunuz?
- Mütaliə edirəm, amma elə də çox yox. Bilirsiniz, şeir, söz elə bir şeydir ki, hər gün yeni söz demək olmur.
- Bir müddət öncə mən sizin bir qəzəlinizə qulaq asdım, kifayət qədər mütaliyənin nəticəsi idi. Yəni, mən bu aspektdən yanaşıram...
- Hər bir məclisin özünə uyğun şeiri var. Elə kontingent olur ki, onu sadə sözlərlə ələ ala bilirsən. Amma elə auditoriya da var ki, orda dərin təfəkkürdən doğan sətirlər ortaya çıxarmalısan. Bədahətən deyəndə təkrara yol vermək elə də qəbahət deyil, amma yazıda yüz ölçüb bir biçməlisən.
- Son iki-üç ildə Qurandan ayələrdən, hədislərdən sitatlar gətirilir. Bu barədə nə deyə bilərsiniz?
- Bayaq qeyd etdiyim kimi, bu janrın yaranışında Allah kəlamları öz əksini tapıb, peyğəmbərlərə bədihələr deyilib. Düzü, mən bayağı ritm altında dini bədihələrin deyilməsinin əheyhinəyəm. İndi meyxana adlandırılan sənət formasının bədihə olduğu tarixi faktlarla sübut olunur. Mən bunu arqumentlərlə, faktlarla sübut etmişəm ki, meyxana sözünün sənətə aidiyyatı yoxdur.
- Məsələ ondadır ki, Sizin bədihə sözünü də qəbul eləməyənlər oldu?
- Kim nə istəyir deyə bilər, amma fakt ortadadır. Şeyx Nizamidən bir nümunə deyim bəs edər. "Mən fikirlər usdadıyam, fəzilətim bir ümmandır, Zamanlara məkanlara hökm etməyim səmadandır, Hər bədihəm, hər müəmmam yüz-yüz qəlbi fəth eyləyir, Min-min canı satın alan eyhamların bir dastandır". İndi gəlsinlər, sübut eləsinlər. Kim meyxana sözünü hər hansı bir klassikin yaradıcılığında janr kimi qeyd olunduğunu göstərsə, alnından öpüb ona ustad deyərəm.
- Klassiklərimizin yaradıcılığında da Allaha bir sevgi var. Namiq Məna necə, Allahı sevir, yoxsa qorxur?
- Allahından qorxan heç kimdən qorxmaz, Allahından qorxmayan hamıdan qorxar. Belə bir deyim də var. İndi baxır kim, hansı anlamdan yanaşır. Təbii ki, mənim qəlbimdə Allah sevgisi var. Sözsüz ki, qorxu da var, amma sevgi daha çoxdur. Hansısa madiyyat, şöhrət, dünya malı sənin başını gicəlləndirə bilər, elə bilərsən ki, hər şeyi sən özün edirsən. Amma yolunu azanda Allah səni elə başa salır ki, hər şeyin yaradanın əlində olduğunu anlayırsan.
- Bu gün ad gününüzü keçirəcəksiniz, yoxsa doğum gününü?
- Təbii ki, doğum günümü. Adımın nə vaxt qoyulduğunu dəqiq bilmirəm, çünki noyabrın 1-də dünyaya gələ bilərsən, amma adını üç gün sonar da qoya bilərlər. Elə də olur ki, dünyaya gəlməmiş ad verilir. Namiq nitqi səlis olan deməkdir. Görünən odur ki, mən də adımın mənasına uyğunlaşmışam.
- Amma mənə elə gəlir ki, Məna Namiqi sıradan çıxardı...
- Ola bilər. Amma məna çox ağır anlamdır. Düzdür, illər keçdi, öz övladımın da adını məna qoydum. Sənətimi sevən insanlar var idi ki, onlar da öz övladlarına Məna adını qoydular. Hətta məni bir Mənanın toyuna da çağırıblar. Bizi də ruhlandıran belə hallardır və stimul verir.
- Son olaraq, bir şey soruşum. Televiziyanı açdınız və xəbər verildi ki, Namiq Mənaya mədəniyyət xadimi fəxri adı verildi. İlk reaksiyanız necə olar?
- Təbii ki, sevinərəm. 42 yaşım tamam olur. Bu dövr ərzində mənə kifayət qədər böyük etimad göstərilib. İndi çalışıram ki, etimadı doğruldum. Bu janrla Amerikaya qədər gedib çıxmışam. Bunlar mənim üçün böyük nailiyyətdir. Siz deyən də olsa, sevinərəm və onu zəhmətimin qiyməti kimi qəbul edərəm, məsuliyyətimi daha da artırar. İnşallah onun da zamanı çatar. Ən böyük arzum isə odur ki, bədihə janrını dünyaya çıxaraq və hər kəs bilsin ki, bizim belə bir sənət nümunəmiz var.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02