Köçürmə Komissiyası "Sovetski" sakinlərinə işbazlar və dələduzluğa cəhdlərlə bağlı xəbərdarlıq edib
"Söküntü ərazisində qanunsuz tikintilər və qanunsuz tikintiyə cəhdlər artıb"
"Müəyyən sakinlər tərəfindən dövlətdən əlavə vəsait almaq üçün müəyyən əməllərə əl atılır. Söhbət əlavə yeni qanunsuz tiklilərdən gedir".
Bunu açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.
S. İslamov bildirib ki, son 1 həftə ərzində Bakının "Sovetski" məhəlləsində 10 qanunsuz tikinti aparmaq cəhdinin qarşısı alınıb, 8 qanunsuz tikilmiş tikili sökülüb. Köçürmə Komissiyasının sədri bildirib ki, ölçü işlərinə başlamazdan əvvəl müasir texniki vasitələrlə bütün mərhələlər üzrə ərazidə çəkilişlər aparılıb və bu gün Köçürmə Komissiyasında söküntü ərazisinə düşən mənzillərin mövcud vəziyyətinin fotoşəkilləri var: "Sakinlərin hər hansı yeni tikinti aparmasından asılı olmayaraq, biz bilirik ki, ərazinin vəziyyəti necə olub. Orada ölçü işləri apararkən hər hansı əlavə tikinti ilə qarşılaşırıqsa, bu barədə vətəndaşa xəbərdarlıq edirik. Dəfələrlə mətbuat vasitəsi ilə ictimaiyyətə bəyan olunub ki, söküntü ərazisində hər hansı tikinti aparılması qanun pozuntusudur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 501 saylı 12 dekabr tarixli 2013-cü il tarixli sərəncamından sonra aparılan istənilən tikinti qanunsuzdur. Öz adı ilə adlandırsaq, bu, dələduzluq yolu ilə dövləti aldatmaq və dövlətin vəsaitini mənimsənilməsinə cəhddir. Bu barədə vətəndaşlara Köçürmə Komissiyasının nəzdində yaradılan İşçi qrupları, Rayon İcra Hakimiyyəti tərəfindən xəbərdarlıq edilib, buna baxmayaraq, belə cəhdlər olur".
Köçürmə Komissiyasının sədri qeyd edib ki, son 1 həftə ərzində söküntü ərazisində qanunsuz tikintilərin və qanunsuz tikintiyə cəhdlərin artması müəyyən məsələlərdən xəbər verir: "Araşdırma aparmışıq və məlum olub ki, müəyyən insanlar, işbazlar ərazidə sakinləri aldatmaqla məşğuldurlar. Sakinlərə vədlər, ümidlər verir, qanunsuz tikintiyə həvəsləndirirlər. Ancaq son nəticədə bu insanlar başa düşməlidirlər ki, Komissiyada ərazinin bütün mövcud vəziyyəti barədə məlumat var. Sakinlərin bu gün hər hansı əlavə tikiliyə sərf etdiyi vəsait boş yerə gedir. Biz bu gün ölkə başçısının tapşırığı ilə o insanların mənzil şəraitini yaxşılaşdırmağa çalışırıq, mənzil şəraitlərini yaxşılaşdırmaq üçün onlara yüksək həddə pul verilir. Bizi bu ağrıdır ki, sakinlərin son nəticədə apardıqları qanunsuz tikliləri sökmək məcburiyyətində qalırıq, biz istəmədən onlara maddi ziyan dəyir. İnsanların yeni tikdikləri evlər söküləndən sonra etiraf edirlər ki, gərək kimisə inanmayaydılar, bunu etməyəydilər, xeyli ziyana düşüblər. Qanunsuz tikinti işləri aparan sakinlərə xəbərdarlıq edirik ki, tikinti işlərini dayandırsınlar və özləri tikilini əvvəlki vəziyyətə qaytarsınlar, əks təqdirdə söküntü rayon İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək, dəyən maddi ziyana görə məsuliyyət isə sakinin öz üzərinə düşəcək".
S. İslamov bildirib ki, mənzilinin sahəsi az olan şəxsin müəyyən qədər maddi vəziyyətini yaxşılaşdırmaq üçün 2-3 kv.m əlavə yeni sahənin tikintisinə cəhd göstərməsini müəyyən qədər başa düşmək olar: "Ancaq Köçürmə Komissiyasının dünən və bu gün sökdüyü, ləğv etdiyi, 2 gün müddətində gecələr taxta və yüngül konstruksiyalı materiallardan tikilmiş iki tikili bizi çox təəssüfləndirir. Sakinlərdən biri əlavə 150 kv.m tikili inşa edib, həmin şəxsin maddi vəziyyəti həddindən artıq pis idi, söküntüdən sonra da çox peşmançılıq hissi keçirirdi. Onun qonşusu - uzun illər Daxili İşlər Nazirliyində işləmiş, hazırda istefada olan polis polkovnik isə 200 kv.m-ə yaxın yeni qanunsuz tikili tikmişdi, həmin qanunsuz tikili bu gün söküldü. Bir daha deyirəm ki, bu, birbaşa dələduzluq yolu ilə dövlət vəsaitini mənimsəməyə yönələn əməldir, biz də kimliyindən, hansı vəzifədə olmasından asılı olmayaraq heç kəsə söküntü ərazisində qanunsuz tikinti işləri aparılmasına icazə verilməyəcəyik. Keçmiş xidmətindən asılı olmayaraq, kimsə bu gün qanunsuz tikili aparırsa, qarşısı alınacaq".
S. İslamov "Sovetski" sakinlərinə müraciət də edib: "Sakinlər kimlərinsə sözlərinə aldanıb əlavə tiklilər aparmasınlar. Onsuz da bu tiklilər qiymətləndirmə zamanı nəzərə alınmayacaq. Çünki ərazidəki tiklilərin bizdə mövcud vəziyyətdə fotoşəkilləri var".
Köçürmə Komissiyasının sədri bu il oktyabrın 23-də N. Nərimanov 69 ünvanda yaşayan Mədinə Seyidəmirova hətta dövlət tərəfindən vətəndaşdan satın alınmış mənzilə girərək zəbt edib: "Köçürmə Komissiyası ərazini gəzib, söküntü işləri ilə tanış olarkən bunu gördük. Əvvəlcə Mədinə Seyidəmirov bildirdi ki, evin əvvəlki sahibi köçməyib. Ancaq biz nəzərə çatdırdıq ki, həmin şəxs köçüb, onun vəsaiti də ödənib, mənzil sizin tərəfdən zəbt olunub. Bundan sonra etiraf etdi ki, mənzili zəbt edib və mənzildən onu heç kim çıxara bilməz, bu mənzilindən də pulunu Komissiyadan almalıdır. Ona izah edildi ki, qanunsuzluq edir, cinayət əməlinə gedir, bu ev artıq vətəndaşdan alınıb, dövlətə məxsusdur. Bundan sonra küçəyə çıxdı, uca səslə ətrafdakı sakinləri dövlət nümayəndələrinə qarşı qarşıdurmaya çağırdı. Sonra da mətbuata müsahibə verir ki, polis onu "şortik"lə bölməyə aparıb. Ancaq sual verən lazımdır ki, ərazidə niyə "şortik"lə gəzirdin ki, polis də aparsın? Sadəcə, həmin vaxt asayişi qoruyan polislər gördü ki, vətəndaşdan dövlət tərəfindən alınmış evi zəbt edən bu xanım vətəndaşları dövlət qulluqçuları ilə qarşıdurmaya sövq etmək üçün çağırışlar edir, onu qısa müddətdə polis şöbəsinə apararaq izahatını aldılar. Biz də dövlət tərəfindən vəsait ödənmiş həmin mənzili sökdük. KİV-dən də xahiş edirik ki, bu sahədə vətəndaşları maarifləndirsin, dövlət bu məsələlərə nəzarət edir".
Qeyd edək ki, Köçürmə Komissiyası qanunsuz tikintilərin sökülmə anını əks etdirən fotoları da APA-ya təqdim edib.
Digər Xəbərlər
2024-11-06 00:42:16
2024-11-05 23:55:53
2024-11-05 23:38:03
2024-11-05 21:02:28
2024-11-05 19:58:49
2024-11-05 18:51:00
2024-11-05 18:40:41
2024-11-05 18:26:54
2024-11-05 18:20:11
2024-11-05 18:16:54
2024-11-05 18:06:36
2024-11-05 16:47:16
2024-11-05 16:25:00
2024-11-05 16:23:31
2024-11-05 15:56:49
2024-11-05 15:53:56
2024-11-05 15:49:13
2024-11-05 15:45:26