İsmət Abbasov kimlərin "bostanına daş atdı"?
11:45 09-05-2012
CƏMİYYƏT
İsmət Abbasov kimlərin "bostanına daş atdı"?
Nazir geni dəyişdirilmiş məhsullar gətirənləri
"sancdı", amma konkret adlar çəkməyə də qorxdu
Kənd təsərrüfatı naziri İsmət Abbasov bir neçə gün öncəki açıqlamasında deyib ki, Azərbaycana geni dəyişdirilmiş məhsulların (GMO) gətirilməsinin qəti əleyhinədir.
"Həm Kənd Təsərrüfatı Nazirliyi, həm də bu işlə məşğul olan digər müvafiq nazirliklər ölkəyə belə məhsulların gətirilməsinə icazə vermir".
Nazir belə məhsulları ölkəyə gətirib bazarlara çıxaranların səhvə yol verdiklərini vurğulayıb.
Nazirin sözlərindən belə məlum olur ki, Azərbaycana geni dəyişdirilmiş məhsuların gətirilməsi qadağandır. Əgər belədisə, onda dükan-bazarda kütləvi şəkildə satılan geni dəyişdirilmiş meyvə-tərəvəzi niyə yığışdırmırlar? Nazir niyə həmin məhsulları ölkəyə gətirənlərin adlarını açıqlamır?
Heç kimə sirr deyil ki, Azərbaycana xaricdən meyvələrin gətirilməsi inhisardadır və buna yüksək vəzifəli məmurlardan bəziləri nəzarət edir. Ekspertlər deyirlər ki, həmin məhsullar əasasən geni dəyişilmiş meyvə-tərəvəzdir ki, onlar aylarla yaxşı qala bilir. Bəlkə bu səbəbdən İsmət Abbasov GMO məhsullarını ölkəyə gətirən şirkətlərin adlarını çəkmək istəmir?
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı, ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdüri Sabir Vəliyev modern.az-a bildirib ki, keçən il "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanun qüvvəyə minib. Həmin qanunda xüsusi bir maddə var ki, bu da bəzi geni dəyişilmiş məhsulların xaricdən gətirilməsinə qadağa qoyur: "Çünki, bu cür məhsullar insan orqanizimində müxtəlif fəsadlar, xəstəliklər yaradır. Qanuna uyğun olaraq, müvafiq orqanlara, həm gömrük orqanlarına, həm də Kənd Təsərrüfatı Nazirliyinə tapşırıqlar verilib. Biz də bu qanuna əməl edirik".
Maraqlıdır ki, şöbə müdiri saytın əməkdaşı ilə söhbətdə geni dəyişilmiş məhsulların artıq ölkəyə gətirilmədiyini vurğulayıb. "Bu məhsullar gömrük orqanları tərəfindən sərhəddən buraxılmır. Bizim Kütləvi Sanitar Dövlət Nəzarəti Xidməti var. Belə məhsullara nəzarət olunur. Əgər laborotoriyada aşkar olunsa ki, filan məhsulların geni dəyişilib, onlara sertifikat verirlər və həmin məhsullar gömrük xidməti tərəfindən Azərbaycana buraxılımır. Biz həm də bazarlarda, yarmarkalarda, ara ticarət yerlərində də yoxlanışlar aparırıq, imkan vermirik ki, belə məhsullar yayılsın. Əgər belə hallarla üzləşsək, bu məhsullara dərhal qadağa qoyacağıq" - o deyib.
Nazirlik rəsmisi onu da qeyd edib ki, Azərbaycana kənd təsərrüfatı məhsulları əsasən, İran və Türkiyədən gətirilir: "Geni dəyişilmiş məhsullar həm bitkiçilik, meyvə-tərəvəz, həm heyvandarlıq məhsullarının hər birində ola bilər. Bəzən gürürük ki, gözəl, iri, bizimkindən iki dəfə də böyük almalar Fransadan gətirilib. Amma ilk novbədə biz bunu yoxlamalıyıq ki, bu geni dəyişdirilmiş almadır, yoxsa təbii yolla əmələ gələn. Bu cür məhsulları fərdi adamlar gedib, istənilən bir ölkədən gətirə bilər, sərhədlər açıq olduğundan buna heç bir qadağa yoxdur, amma laborotoriyadan keçəndə bilinsə ki, bu məhsulların geni dəyişilib, artıq həmin məhsulların ölkəyə keçirilməsinə gömrük orqanları tərəfindən icazə verilmiyəcək. Həmin məhsullar geri qaytarılacaq".
Nazirlik rəsmisinin dediklərindən belə nəticə hasil olur ki, hazırda dükan-bazarda kütləvi şəkildə satılan, xarici görünüşcə adama "gəl-gəl" deyən meyvə-tərəvəzlər geni dəyişilmiş məhsullar deyil... Halbuki, kənd təsərrüfatı sahəsi üzrə ekspetlər deyirlər ki, həmin məhsullar sağlamlıq üçün təhlükəli olan GMO-lardır.
Sadəcə, Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, - başda da nazir İsmət Abbasov olmaqla, - meyvə-tərəvəz biznesini inhisarda saxlayan yüksək çinli məmurlardan ehtiyatlanaraq, açıq danışmaq, GMO məhsulları gətirən hansısa şirkət adı çəkmək istəmirlər...
Sevda Cəlilli
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00