Ziya Məmmədovun nəqliyyat sistemi çökdü
10:19 10-01-2015
İQTİSADİYYAT
Ziya Məmmədovun nəqliyyat sistemi çökdü
O qədər də güclü olmayan qar paytaxtda sərnişindaşımanı iflic etdi
Cəmi iki gündür yağan və o qədər də şiddətli olmayan qar Bakının sərnişindaşıma nəqliyyatını iflic edib.
Belə ki, paytaxtın Suraxanı rayonunun Əmircan, Günəşli, Hövsan, Xəzər rayonunun Zağulba, Buzovna, Bilgəh və Sabunçu rayonunun Maştağa, Zabrat qəsəbələrində, habelə digər yaşayış massivlərində nəqliyyatın hərəkəti "çöküb". Şaxtalı və çovğunlu hava ilə əlaqədar bu və digər qəsəbələrdə ictimai nəqliyyatın hərəkətində böyük fasilələr yaranıb. Qarın təmizlənməməsi qəsəbələrə gedən yolları qəza mənbəyinə çevirib. Bu səbəbdən avtomobillərin hərəkətində çətinliklər ortaya çıxıb.
Bütün bunlar bir yana, bir sıra qəsəbələrdən paytaxtın mərkəzinə, metrostansiyaların qarşısına hərəkət edən marşrut avtobusları srağagün axşam saat 21:00-dan sonra xəttə çıxmayıb. Məhz buna görə də çovğunlu havada dayanacaqlarda sərnişin sıxlığı yaranıb. Bu isə öz növbəsində xəttə gec-gec çıxan bəzi marşrut avtobuslarında həddən artıq sərnişin sıxlığının yaranmasına, təhlükəsizlik qaydalarının pozulmasına səbəb olub.
Zağulba qəsəbəsinin sakini Qətibə Məmmədova bildirib ki, "Bilgəh-Zağulba - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən "171" saylı marşrut avtobuslarının bir qismi srağagün axşam saat 21-dən başlayaraq xəttə çıxmayıb. Bu isə öz növbəsində Bilgəh, Zağulba və digər qəsəbələrdə yaşayan sakinlərin axşam evlərinə qayıtmalarında problemlər yaradıb. Bundan istifadə edən taksi sürücüləri gediş haqlarının qiymətlərini 2 dəfə artırıblar. "171" saylı marşrut avtobuslarının sürücülərinin özbaşınalıqları bu gün də davam edib: "Səhər saat 8-də küçədə avtobus tapmaq çətin idi. Camaat küçədə qalmışdı. Dayanacaqlar adamla dolu idi". Qəsəbə sakininin sözlərinə görə, bu gün səhər "171" saylı marşrut avtobuslarının hərəkət intervalı 25 dəqiqədən, hətta bəzi hallarda yarım saatdan çox olub.
Marşrut avtobuslarının hərəkət intervalı ilə bağlı ən acınacaqlı hal "Hövsan qəsəbəsi - "28 May" metrostansiyası istiqamətində hərəkət edən "175" saylı marşrutda yaşanıb. Belə ki, Hövsan sakinləri axşam saat 21:30-dan sonra avtobus tapmayıblar. Bu səbəbdən sakinlər Səməd Vurğun heykəlinin qarşısına toplaşaraq taksilərdən istifadə etmək məcburiyyətində qalıblar. Başqa vaxtlarda hər sərnişin üçün 2 manat gediş haqqı tələb edən bəzi sürücülər bu fürsəti qaçırmayıblar - onlar gediş haqlarını 5 manata qaldırıblar. "175" saylı marşrut avtobuslarının hərəkət intervalı bu gün səhər saatlarında 1 saat 50 dəqiqə olub. Belə ki, onlar Hövsan sakinlərini qəsəbədən "28 May" metrostansiyasına 1 saat 45 - 1 saat 55 dəqiqəyə çatdırıblar.
Qeyd edək ki, "175" saylı marşrut avtobuslarının sürücüləri adi günlərdə də özbaşınalıqlar edərək hərəkət intervalını pozur, xəttə 35 dəqiqə gec çıxırlar.
Suraxanı sakinlərini rayonun daxili qəsəbələrinə daşıyan "161" saylı avtobusların sürücüləri sanki xəttə püşkatma ilə çıxıblar. Belə ki, iki gün ərzində bu istiqamətdə hərəkət edən marşrut avtobusları xəttə yarım saatdan bir çıxırlar. "Hövsan - Əhmədli metrostansiyası" marşrutu ilə hərəkət edən "132" saylı marşrut xəttinin 16 avtobusundan bir neçəsi bu gün xəttə çıxıb. Belə olmasaydı, hər gün xəttə 6 dəqiqə intervalı ilə çıxan avtobuslar bu gün yollarda 15-17 dəqiqə fasiləylə görünməzdilər.
Dünən səhər avtobusların vaxtında gəlməməsi səbəbindən işə gecikən qəsəbə sakinləri naəlac qalaraq taksilərdən istifadə ediblər.
Biləcəri qəsəbəsinin sakinlərini Binəqədi yolu ilə paytaxtın bir sıra yerlərinə daşıyan "202" saylı marşrut avtobuslarında əməlli-başlı cəhənnəm əzabı yaşayıblar. Sakinlər şikayət edərək bildirirlər ki, bu gün səhər həmin avtobuslara minmək, ümumiyyətlə, mümkün olmayıb. Avtobusların vaxtlı-vaxtında gəlməməsi, bəzi sürücülərin şaxtalı hava şəraitinidən sui-istifadə etməsi avtobuslarda kəskin sərnişin sıxlığı yaradıb. Bu səbəbdən sakinlərin bir çoxu taksilərdən istifadə etməyə məcbur olublar.
"Zabrat, Maştağa, Buzovna - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən "107" saylı marşrut avtobusları dünən axşam saat 22-dən sonra sakinləri bu ictimai nəqliyyatdan rahat istifadə etmək hüququndan məhrum ediblər. Bəzi sürücülərin özbaşınalıqları dünən səhər xəttə gec çıxmaqda özünü göstərib. Sakinlərin sözlərinə görə, bu gün səhər saatlarında "197" saylı marşrut avtobusları xətdə 35 dəqiqədən bir görünüblər. Bu isə təbii ki, onsuz da hər gün mövcud olan sərnişin sıxlığının daha da artmasına səbəb olub. Analoji hal Buzovna - Mərdəkan istiqamətində hərəkət edən "144" saylı marşrut avtobuslarında da yaşanıb. Yolların buz bağladığını bəhanə edən bəzi sürücülər xəttə gec çıxaraq hərəkət intervalını pozublar.
Şaxtalı hava daha çox "Günəşli - "Neftçilər" metrostansiyası istiqamətində hərəkət edən "64" saylı marşrut avtobuslarının sürücülərinin işinə yarayıb. Sakinlərin sözlərinə görə, dünən səhər saat 8-dən 8:45-ə qədər xəttə ... cəmi 1 avtobus çıxıb. Düşünürük ki, bu səbəbdən yaranan sərnişin sıxlığını təsvir etməyə lüzum yoxdur.
Sakinlər bildirdilər ki, "Günəşli qəsəbəsi -"Neftçilər" metrostansiyası istiqamətində hərəkət edən "50" saylı marşrut avtobuslarının da hərəkətində fasilələr yaranıb. Görünür, bəzi sürücülər çovğunlu hava şəraitini bəhanə gətirərək xəttə çıxmaqdan imtina ediblər. Təbii ki, bunun da nəticəsində ən böyük zərər Günəşli qəsəbəsinin sakinlərinə dəyib.
Bir sözlə, Bakının sərnişindaşıma nəqliyyatı o qədər də güclü yağmayan qar sınağından çıxa bilmədi. Bu anormal mənzərəyə Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin necə haqq qazandırmağa çalışacağı isə şübhəsiz ki, maraq doğurur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53