Ac ermənilər çörək istəyir, Sərkisyan cəsəd verir
10:29 10-01-2015
İQTİSADİYYAT
Ac ermənilər çörək istəyir, Sərkisyan cəsəd verir
İşğalçı ölkənin cəbhə təxribatının pərdəarxası
Ermənistan iqtisadiyyatı çökür. 2014-cü ilin nəticələri bu ölkənin ciddi problemlərinin olduğunu bir daha göstərdi. publika.az xəbər verir ki, ötən ilin sonunda erməni milli valyutası dramın dəyəri 10 faiz aşağı düşüb. Mərkəzi Bankın müdaxiləsi nəticəsində bunu qarşısı müvəqqəti olaraq alınsa da, yanvarın ilk günlərindən vəziyyət daha da pisləşib.
Rəsmi məlumatlara görə, ötən ilin 11 ayı ərzində Ermənistan iqtisadiyyatı 3-3,5 faiz artıb. Lakin bu artım 5,2 faiz planlaşdırılırdı. Bir sıra erməni ekspertlər isə bu göstəricilərə inanmır.
Mərkəzi Bankın keçmiş sədri Baqrat Asatryan Rusiya mediasına açıqlamasında bildirib ki, 3-3,5 faiz artım normal ölkələr üçün müsbət hesab olunsa bilər, lakin Ermənistan üçün bu çox acınacaqlıdır: "Ermənistan kimi ölkələrin iqtisadi artım həddi 6 faizdir. Yəni yalnız bu qədər artım olarsa, müxtəlif sosial təbəqələr bunu hiss edə bilər".
Ölkənin rəsmi məlumatlarında iddia olunduğu artımın sənaye yox, xidmət və ticarət sahəsində olması da diqqət çəkir. Yəni, bu Ermənistan iqtisadiyyatının vəziyyətini daha yaxşı əks etdirir. Çünki ölkədə istehsal sıfıra bərabərdir, əksər mallar idxal olunur. İxracın həcmi isə olduqca aşağıdır. Bəzi ekspertlərə görə, ixrac həcmlərinin aşağı olması bu ölkənin artıq xəstə olduğunu deməyə əsas verir. Ölkədə biznes üçün rəqabət şəraiti yoxdur, böyük bizneslər iflasa uğrayır, bütün sahələr inhisara alınıb.
Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasına daxil olan deputatı Mikayel Melkumyanın fikrincə, yalnız ciddi yerli istehsalın mövcudluğu iqtisadi təhlükəsizliyin təminatı məsələsində rol oynaya bilərdi: "Bu həm də xarici amillərin təsirindən qurtulmaq deməkdir. Lakin iqtisadi problemlər, ixracın aşağı səviyyəsi, Ermənistana xarici təsirləri artırır. Bu gün investisiya qoyuluşu kəskin sürətdə ixtisar olunub, faktiki olaraq yox səviyyəsindədir. Sərmayə axınının yoxluğu ölkə üçün təkcə bu gün yox, gələcəkdə də problemlər yaradacaq".
Bir sıra ekspertlərin qiymətləndirmələrinə görə, 2014-cü ilin iqtisadi göstəriciləri olduqca ağır olub. Bu həm də 2015-ci ildəki problemlərin bazası deməkdir. Digər tərəfdən, sanksiyalarla mübarizə aparan Rusiyadan 2015-ci ildə bu ölkəyə yardımın olacağı az ehtimal olunur. Bu baxımdan, Ermənistan uçurumun ağzına qədər gəlib çıxıb.
Ermənistanın sabiq baş naziri Qrant Baqraytanın məlumatıma görə, insanların həyat səviyyəsi olduqca aşağı düşüb: "Bu gün Ermənistan əhalisinin 30 faizi dilənçi günündə yaşayır. Yerdə qalanlar yalnız acından ölməmək qədər qazana bilirlər. Bu isə 2015-ci ilin çox ağır olacağını bir daha göstərir".
Mütəxəssislərin hesablamalarına görə, Ermənistanda mavi yanacağın da qiyməti bu il artacaq. Çünki "Ermənistan qaz sənayesi" şirkəti aldığı qazın pulunu dollarla ödəyir. Dolların yüksəlməsi fonunda dram aşağı düşür. Bu isə şirkətin əhaliyə satdığı yanacağın qiymətini qaldıracağını göstərir.
Ən maraqlısı Ermənistan baş naziri Ovik Abramyanın əhaliyə verdiyi vədlərdir. O, ölkədə bütün problemlərin həll olunacağını vəd edərək əhaliyə daha yaxşı yaşamaq haqda danışırdı. Göründüyü kimi, 2015-ci ilin ilk günləri Ermənistan üçün yaxşı başlamayıb.
Rusiyanın "Vestik kafkaz" nəşri çökən Ermənistan iqtisadiyyatı fonunda maraqlı versiya irəli sürüb.
Sayt yanvarın ilk günlərindən erməni hərbi birləşmələrinin Azərbaycan mövqelərinə hücum etməsi, təxribatlar törətməsini məhz daxili vəziyyətlə bağlayır.
"Hökumət iqtisadi vəziyyəti heç cür düzəldə bilmir və əhalinin yığılıb qalan hirsini cəbhəyə yönəltmək fikrindədir. Ona görə də ilin ilk günlərindən başlayaraq cəbhədə atəşkəs rejiminin mütəmadi pozulması haqda xəbərlər yayıldı. Görünür, İrəvan rejimi ac əhalinin başını "cəbhə uğurları" və "düşmən Azərbaycan obrazı" ilə qatmaq istəyir", - deyə sayt bildirib.
Qeyd edək ki, son günlər Azərbaycan mövqelərinə təxribat xarakterli hücumlar edən erməni hərbi birləşmələri Azərbaycan Ordusu tərəfindən geri oturdulub. Düşmən hər hücumunda itki verərək geri qayıdıb.
Asif Nərimanlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53