Fransa polisi terrorçuların izinə düşdü
Fransa polisi terrorçuların izinə düşdü

Avtomobildə təqib edilən terrorçular: "Təslim olmayacağıq"

Fransa polisi içində "Charlie Hebdo" jurnalına hücumda şübhəli sayılan şəxslərin olduğu ehtimal edilən bir avtomobili izləyir. Xarici mətbuatın verdiyi məlumata görə, avtomobildən polislərə atəş açıldığı və şübhəlilərin əlində ən az bir girovun olduğu bildirilir.

Məlumata görə, hazırda bölgədə 90 min polis və əsgər şübhəlilərin tutulması əməliyyatına qatılıb. Əməliyyat bölgəsində insanların küçələrə çıxması qadağan edilib.
Son məlumatlara görə, təqib olunan Səid və Şərif Kuaşi qardaşları polislərlə telefonda danışıblar. Qardaşlar polisə "təslim olmayacağıq, şəhid olmaq istəyirik, ölməyə hazırıq" deyiblər. Onları 3 vertolyot havadan təqib edir.
Qeyd edək ki, şübhəlilərin tutulması əməliyyatı ilə bağlı ziddiyyətli məlumatlar gəlməkdədir. Bir müddət əvvəl terror aktına görə şübhəli hesab olunan Şərif və Səid Kuaşi qardaşlarının Parisin 50 kilometr cənubunda yerləşən Dammarten-an-Qoel departamentində CDT sənaye zonasında bir binada mühasirəyə alındığı xəbəri yayılıb. Sənaye zonası polis tərəfindən tamamilə mühasirəyə alındığı bildirilib.
Paris prokurorluğu isə ərazidə baş verən atışma zamanı iki nəfəri ölməsi barədə informasiyanı təkzib edib.

Livan kəşfiyyatı
Fransada daha dəhşətli terror aktlarının
hazırlandığını açıqladı

Livan kəşfiyyatı bir sıra islamçı qrupların Fransada terror aktları hazırladığına dair bu ölkə kəşfiyyatını əvvəldən xəbərdar edib. Bu barədə Livanda nəşr olunan "Əs-Səfir" qəzeti məlumat yayıb.
"Bizim aldığımız informasiya göstərir ki, Fransa ərazisində yeni terror aktları hazırlanır, ola bilsin ki, onlar "Charlie Hebdo" jurnalına qarşı törədilən terrordan daha amansız olsun", - deyə qəzetə məktub göndərən kəşfiyyat nümayəndəsi bildirib.
Terror aktlarının Suriyadan qayıtmış və ya Suriyadakı qruplaşmalarla bağlılığı olan silahlılar tərəfindən hazırlandığı güman olunur.

Fransa terroru dünya mətbuatında: "Xristian fanatiklərlə cihadçılar arasında fərq yoxdur"

"Charlie Hebdo" satirik jurnalının əməkdaşlarının öldürülməsi ilə bağlı xəbərlər dünyanın ən nüfuzlu mətbu orqanlarının əsas mövzusu olub.
publika.az ixtisarla bəzi yazıları təqdim edir.
"Le Monde":
Tanınmış filosof Abdennur Bidar "Le Monde" qəzetində terror aktını pisləyərək bunu Fransanın "11 sentyabrı" adlandırıb. Bununla yanaşı, o qeyd edib ki, məhz islam sayəsində Fransada yeni sivilizasiya yaranacaq. Bu sivilizasiya həm Qərbin, həm də Şərqin ən yaxşı ənənələrini birləşdirəcək.
Abdenur vəziyyəti daha da qəlizləşdirən, radikal çıxışlar edən sağ təmayüllü partiyaları tənqid edib.
"The New York Times":
Bu qəzetin yazarı Nikolos Kristof qeyd edib ki, terrorçuların hansı dinə məxsus olmaları vacib deyil. Onun fikrincə, Yuqoslaviyada soyqırım törətmiş xristian fanatiklərlə cihadçılar arasında heç bir fərq yoxdur.
"The Guardian":
Bu nəşrin yazarı Syuzan Mur qeyd edib ki, terror aktı Avropada radikal sağ təmayüllü partiyaların əlinə işləyir. Terrorçularla ən yaxşı mübarizə onları gülüş hədəfinə çevirməkdir.
"The Telegraph":
Jirnalist Den Xojis yazıb ki, Parisdəki terror aktına görə o "Twitter"də Məhəmməd peyğəmbərin karıkaturasını qoymağa qorxub: "Etiraf edək ki, qələm qılınca məğlub oldu".

Müsəlmanların "əl işi", yoxsa Qərbin yeni
"11 sentyabr"ı?

Fransanın "Charlie Hebdo" satirik jurnalının redaksiyasına edilən hücumdan sonra ekspertlər artıq proqnozlarını verməyə başlayıblar: terror aktı birbaşa olaraq müsəlman dünyasını əhatəyə alan çox ciddi və təhlükəli proseslərin başlanğıcı olacaq. Bu barədə publika.az saytındakı analitik yazıda bildirilir.
Yazıda daha sonra deyilir: "Təsadüfi deyil ki, terror aktı xarici medialarda gedən analitik şərhlərdə "Fransanın 11 sentyabrı" kimi dəyərləndirilir. 2001-ci il 11 sentyabr tarixində Nyu-Yorkdakı əkiz qüllələrin partladılmasından sonra hansı proseslərin baş verdiyi, dünyanın necə dəyişildiyi barədə çox danışmaq lazım deyil. Əfqanıstan, İraq, Suriya, Liviya, Yəmən, Misir, Afrikanın bir çox ölkələrində minlərlə başların kəsilməsi, Türkiyənin özündə belə bu gün də partladılan bombalar 11 sentyabrın "məhsulları"dır.
11 sentyabr hadisələri və partlayışın kimlərin törətməsi ilə bağlı fikirlər birmənalı deyil. Hadisələrin arxasında məhz Amerika xüsusi xidmət orqanlarının dayanması barədə şübhələr elə ilk gündən baş qaldırıb və ötən müddət ərzində bu hadisədən irəli düşənlərin ABŞ başda olmaqla, Qərb dünyasının olması da buna əminliyi bir qədər də artırıb. Təbii ki, ABŞ-dakı faciə, eləcə də Parisdəki terror aktının arxasında dayanan qüvvələrlə bağlı konkret iddia irəli sürməkdən uzağıq. Amma əminliklə iddia etmək olar ki, terror aktının nəticələrindən məhz Qərbin geosiyasi maraqlarının həyata keçirilməsi üçün istifadə olunacaq.
Avropada islamafobiyanın səviyyəsi hər keçən gün artır. Terror aktı isə islamofobiyanın "köhnə qitə"də daha da artmasına təkan verəcək. Ötən ilin son günlərində İsveçdə bir-birinin ardınca bir neçə məscid yandırıldı. Ötən həftə isə Almaniyada "islamlaşma" əleyhinə nümayişlərə yüz minlərlə insan çıxdı. "Vətənpərvər Avropalılar Qərbin İslamlaşması Əleyhinə" qrupu ötən ilin oktyabr ayından bəri Drezden şəhərində hər həftə belə nümayişlər təşkil edir. Oxşar nümayişlər bundan daha əvvəl Avropada islamafobiyanın mərkəzlərindən sayılan İsveçrədə keçirildi. Parisdəki terror aktını törətməkdə şübhəli sayılanların da müsəlman olması anti-islam şüarları ilə küçələrə çıxanların sayını milyonlara yüksəldəcək. Təbii ki, bu, siyasətini daim anti-islam bəyanatları üzərində quran avropalı siyasətçilərinin dilini daha uzun edəcək və müsəlmanlara qarşı yeni hücum başlanılması üçün onlara əlavə güc verəcək. Bir sözlə, "Charlie Hebdo" jurnalının redaksiyasına edilən hücum "köhnə qitə"də müsəlmanlara qarşı elan edilməmiş müharibənin yeni dalğasını yaradacaq.
Bu müharibədə edilən ilk hücumları da artıq görürük. Dünən Fransada bir necə məscidə hücum edilib. Ölkənin qərbində yerləşən Le-Man şəhərində məscidin həyətinə dörd qumbara atılıb. Ölkənin cənubundakı Por-la-Nuvel şəhərində isə naməlum şəxslər məsciddəki namaz zalına atəş açıblar. Xoşbəxtlikdən, atəş zamanı zalda heç kim olmayıb. Bundan əlavə, ölkənin şərqindəki Vilfranş-sür-Son şəhərində də məscid yaxınlığındakı kafe partladılıb. Bu hadisənin də müsəlmanlara qarşı hücumların bir hissəsi olduğu istisna edilmir.
Terror aktının baş verdiyi gün Rusiyanın "YUKOS" neft şirkətinin keçmiş sahibi, keçmiş oliqarx Mixail Xodorkovski kütləvi informasiya vasitələrini Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməyə çağırması da müsəlmanlara qarşı müharibədə yeni dalğanın bir hissəsi idi. Utancverici haldır ki, Qərbin bir sıra KİV-lərində Məhəmməd peyğəmbərin karikaturaları dünən yenidən çap olundu. Karikaturalar "Business Insider", "Huffington Post", "CNN Money" kimi Amerika nəşrlərində dərc edildi. "Daily Beast" saytında isə "Charlie Hebdo"nun 16 ən qalmaqallı karikaturası ilə slayd yerləşdirilib. Karikaturaları "Deutsche Welle" başda olmaqla Almaniyanın bəzi qəzetləri yenidən çap edib. Hər halda, xristian dünyasının müsəlmanlara qarşı səfərbərliyini təşkil etmək üçün Parisdəki terror aktından daha yaxşısını tapmaq çətin olardı.
Qeyd edək ki, Qərbdə koalisiya təyyarələrinin İraq və Suriyaya yağdırdığı bombaların İŞİD və yaxud "Əl-Qaidə" deyil, məhz İslam dünyasının üzərinə atılan bombaların olduğuna inananlar kifayət qədərdir. Amma Parisdəki terror aktı bu fikirdə olanları da yenidən düşünməyə məcbur etdi. Hadisədən sonra yayılan informasiyalardan birinə diqqət yetirək. "Charlie Hebdo"nun karikaturaçılarından biri Korinne Reyin sözlərinə görə, redaksiyaya hücum edən silahlılar ona redaksiyanın qapısını açdıraraq "Biz "Əl-Qaidə"yik" deyiblər. İŞİD-in isə verdiyi bəyanatda "hücumu "İslam Dövləti"nə simpatiya bəsləyənlər edə bilər" deyilir.
Terror aktında İŞİD və "Əl-Qaidə"nin adının hallanması Fransa və ABŞ başda olmaqla bir sıra dövlətləri təxirə salınmış strateji məqsədlərinə yaxınlaşdırır. Fransa prezidenti Fransua Ollandın bir neçə gün bundan əvvəl "Suriyaya 2013-cü ildə kimyəvi silah istifadə edilərkən müdaxilə etmədiyimiz üçün peşmanam. Müdaxiləmiz reallaşmadı və indi də qarşımızda İŞİD terroru var. İŞİD-in isə Əsəd rejimi ilə əlaqəsi olduğundan şübhələnirik" demişdi. Qərb 2013-cü ildə neft və qaz satışından milyardlar qazanan Rusiya qarşısında geri çəkilərək Əsədi vurmaq fikrindən vaz keçməli olmuşdu. İndi isə Rusiya iflas həddindədir, Putinin son vaxtlar səsi çıxmır və mümkün qədər az görünməyə çalışır. Çox güman ki, ABŞ-ın "Əl-Qaidə" lideri Üsamə Bin Ladenin arxasınca gedərək Əfqanıstanı işğal etməsi kimi, Ollandın da "hücumu "İslam Dövləti"nə simpatiya bəsləyənlər edə bilər" deyərək İŞİD-in arxasınca İraq və Suriyaya getməsi hazırkı situasiyada problem olmamalıdır.
Fransa jurnalının əməkdaşlarına qarşı törədildiyi iddia olunan terror aktının əslində əvvəlcədən hazırlanmış tamaşa olduğuna dair iddialar səslənir. Məsələn, "Free Gaza" hərəkatının sözçüsü Qreta Berlin Parisdəki terror aktının İsrailin kəşfiyyat təşkilatı "Mossad" tərəfindən həyata keçirildiyini iddia edib. Onun sözlərinə görə, terror aktı "Mossad" təşkilatının bir müddət əvvəl Fələstinlə Fransa arasında imzalanmış sazişinə cavabıdır: "Axı İsrail Fransaya xəbərdarlıq edirdi ki, Fələstinin müstəqilliyinə səs verəcəkləri halda bunun ciddi nəticələri olacaq. Hətta dördyaşlı uşağa da aydındır ki, bu dəhşətli hücuma görə kim məsuliyyət daşıyır". Analoji bəyanat Rusiyadan da verilib. Geosiyasi Problemlər Akademiyasının prezidenti, istefada olan general-polkovnik Leonid İvaşov "IslamNews" saytında dərc edilən şərhində terror aktına görə ABŞ və İsraili ittiham edib. "Biz görürük ki, bu gün Avropa müxtəlif səbəblərdən İsrailə qarşı dayanır. ABŞ və onun müttəfiqi İsrailin Yaxın Şərqdə hərəkətləri Avropaya qaçqınların axınını yönəldir. Buna görə də avropalılar ABŞ və İsraildən narazıdır. Fələstinin müstəqil dövlət kimi tanınması isə ABŞ və İsrailə zərbədir", - general bildirib.
Təbii ki, Fransa və digər Qərb ölkələri bu iddiaları qəbul etməkdən uzaqdır və terror aktının sırf müsəlmanların "əl işi" olduğunu bildirirlər. Amma Ollanda başsağlığı mesajları göndərən Qərb liderləri terror aktı baş verən gün ən yaxşı cavab elə Qərb ölkəsindən gəldi. İspaniyanın ən məşhur aktyorlarından olan Villi Toledonun Parisdə törədilən terror aktı ilə bağlı açıqlaması ölkəni silkələdi. Toledo sosial şəbəkədə paylaşdığı mesajlarında terror aktının arxasında milyonlarla adamı öldürən Qərbin dayandığını bildirib. "Siz heç bir səs-küy çıxarmadan milyonlarla adamı öldürürsünüz, onların bu hadisələr qarşısında səssiz qalacağınımı düşündünüz?" - o deyib. Pentaqon və NATO-nun hücumlarının ölkələri belə yox edəcək səviyyəyə çatdığına diqqət çəkən aktyor Parisdəki terror aktını lənətlədiyini, amma hər kəsin yaxşı-yaxşı düşünməli olduğunu ifadə edib. Qərb həqiqətən düşünməlidir: Niyə onların paytaxtlarında, böyük şəhərlərində törədilən terror aktlarının arxasından müsəlmanlar çıxır? Cavab çox sadədir: Ta səlib yürüşlərindən başlayaraq islam dünyasına edilən hücumlar, dinc insanların başlarına "səhvən" tökülən bombaların nəticəsində yığılan nifrət hissinin zaman-zaman boşalmasına ehtiyac var. Amma Parisdəki terror aktı ilə bağlı hələ heç nə dəqiq deyil: Hücum doğrudanmı sırf müsəlmanların "əl işi"dir, yoxsa Qərbin yeni "11 sentyabr" taktikası?"
Murad İbrahimli