Məmurların "elmi ad alveri"nə növbəti ağır zərbə gəlir
10:08 13-01-2015
İQTİSADİYYAT
Məmurların "elmi ad alveri"nə növbəti ağır zərbə gəlir
Dövlət Elmi Ekspertiza Şurasının yaradılmasının müdhiş pərdəarxası
Azərbaycanın elm sahəsində yeni struktur yaradılması təklif olunur. Belə ki, "Elm haqqında" qanun layihəsində Dövlət Elmi Ekspertiza Şurası (DEEŞ) adlı qurumun yaradılması nəzərdə tutulur.
Qanunun 32-ci maddəsinin tələbinə əsasən, yaradılacaq qurum elmi və elmi-texniki fəaliyyətin ekspertizasını həyata keçirəcək. DEEŞ-nin yaradılması qaydaları və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı təsdiq edilən Əsasnaməyə müvafiq olaraq həyata keçiriləcək.
Xatırladaq ki, qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və yaz sessiyasının ilk iclasında müzakirəsi gözlənilir.
DEEŞ-in yaradılmasından sonra xüsusilə də plagiat dissertasiyalar və digər yollarla elmi ad alanların "kitabının bağlanacağı" da gözlənilir. Bu sırada xüsusilə məmurların plagiat dissertasiyalar, pulla başqalarına elmi iş yazdıraraq elmi ad almalarını qeyd etmək lazımdır. DEEŞ-in yaradılması ilə bu halların qarşısının alınacağı, eləcə də vaxtilə sözügedən üsullarla elmi dərəcəyə yiyələnənlərin də müəyyənləşdirilərək onların daşıdıqları elmi adlardan məhrum ediləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycanda vəzifəli, imkanlı şəxslərin "alimlik həvəsi" uzun illərdir ictimaiyyət arasında və mediada ciddi müzakirə mövzusudur. Hətta iş o yerə çatıb ki, ötən ilin yayında Azərbaycandakı Dissertasiya Şuralarının vəzifəli şəxslərin elmi ad almaq məqsədi ilə yazdırdığı dissertasiyaları geri qaytarmağa başladığına dair xəbərlər yayılıb. Bildirilib ki, bu, vəzifəli şəxslərin elmi ad almalarına qoyulan yasaqla bağlıdır.
Bundan əvvəl isə məlum olmuşdu ki, məmurlara elmi ad almaq qadağan olunub. Həmin vaxt bu barədə mətbuata açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov məlumat vermişdi. Ramiz Məmmədov bu addımı məmurların Dissertasiya Şurasına təsiretmə ehtimalları ilə əlaqələndirmişdi. Yeni qaydaya görə, elmi ad almaq istəyən məmur vəzifəsilə vidalaşmalıdır.
Bir daha vurğulamaq lazımdır ki, Azərbaycanda son illər məmur və vəzifəli şəxslərin elmi ad alması moda düşüb. Hər yerindən duran məmur çalışır ki, müxtəlif vasitələrlə bu ada layiq görülsün. Heç kimə sirr deyil ki, bu zaman məmurlar elmi dərəcə almaq üçün yazılan işləri heç də özləri həyata keçirmirlər. Buna onların həm vaxtı çatmır, həm də əksər məmurların elmi proseslə məşğul olmaq bacarığı belə yoxdur. Bunun nəticəsidir ki, ölkəmizdə son illər qondarma alimlər də peyda olublar. Hansı ki, belə vəziyyət sonda gətirib elm və təhsilin inkişafına əngəl olur.
Ekspertlər isə deyirlər ki, hazırda Azərbaycanda elmi istedadı olan, ancaq maddi imkanı olmayan insanlar elmə yaxın durmurlar. Elmə gələnlər isə müəyyən ad almaq xatirinə bu və ya digər vasitələrlə elmi iş yazmağa can atanlardır. Bu işləri yazanlar isə maddi imkansız vəziyyətdə olan görkəmli alimlərdir.
İstisna edilmir ki, ölkədəki "dissertasiya alveri"nin aradan qaldırılmasında əsaslı dönüşü məhz Dövlət Elmi Ekspertiza Şurasının yaradılması aradan qaldıra bilər. Bunun üçün yaradılacaq yeni strukturun öz fəaliyyətini şəffaflıq və obyektivlik prinsipləri üzərində qurması, vəzifəli şəxslərin səlahiyyətlərindən, təsir imkanlarından çəkinməyərək yalnız elm sahəsinin maraqlarını ön planda tutması kifayətdir. Belədə məmurların, həmçinin bizneslə məşğul olan imkanlı şəxslərin elmi fəaliyyətə heç bir aidiyyatları olmadığı halda qaranlıq yollarla, qanunsuz şəkildə elmi dərəcələrə yiyələnməsi də asanlıqla önlənə bilər.
Eyni zamanda indiyədək bəzi məmurların şübhəli yollarla elmi ad alması da ekspertizaya cəlb edilməli, lazım gələrsə belələrinin elmi dərəcələri ləğv olunmalıdır ki, bu, gələcəkdə də oxşar niyyətlərə düşənləri öz hədəflərindən çəkindirsin. Unutmaq olmaz ki, elm sahəsinin ölkədəki inkişafı həm də məhz belə güzəştsiz addımlar nəticəsində mümkün ola bilər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59