Arif Hacılı-Vurğun Əyyub davası böyüyür
10:09 13-01-2015
İQTİSADİYYAT
Arif Hacılı-Vurğun Əyyub davası böyüyür
Müsavat başqanı əsas rəqiblərini yeni Məclis sədrinin əliylə "vurmağa" başlayıb
Müsavat Partiyasının qurultayından xeyli müddət ötsə də, daxili çəkişmə bitmək bilmir. Ən əsası da başqan Arif Hacılı ona qarşı mübarizə aparanları bağışlamaq niyyətində deyil.
"Unikal"ın məlumatına görə, Arif Hacılı rəqiblərini tamamilə sıradan çıxardığını nümayiş etdirmək üçün onların tərəf kimi qəbul olunmasını istəmir. Onun sözlərinə görə, Müsavat Partiyasında tərəflər yoxdur: "Bir Müsavat Partiyası var, bir də Müsavatın içərisində seçkilərin nəticələrindən narazı qalan qrup. Bu qrup üzvlərinin tutduğu mövqe, onların apardığı siyasət Müsavat Partiyası tərəfindən qəbul olunsa da, olunmasa da, əgər nizamnamə çərçivəsində aparılırsa, bununla bağlı hər hansı tədbir görülmür. Müsavat Partiyasının qurultayından əvvəl 3-4 ay müddətində partiya üzvlüyündən xaric olunanların sayı qurultaydan sonra partiyadan xaric olunanların sayından çox olub. Bildirmək istəyirəm ki, Müsavat Partiyasının qurultayından sonrakı dövrdə partiyadan cəmi üç nəfər xaric edilib. Bu baxımdan, guya hansısa bərabər səviyyəli qarşıdurmanın olması barədə fikrin yanlış olduğunu nəzərə çatdırmaq istəyirəm. Eyni zamanda, xüsusi vurğulamaq istəyirəm ki, Müsavat Partiyası daxilində gedən bu məsələlərə kənardan müdaxilə göz önündədir. Azərbaycanda fəaliyyət göstərən bir sıra partiyalar, qurumlar, mətbuat orqanları bu vəziyyətdən faydalanmağa çalışır və Müsavat Partiyasına qarşı kampaniya aparırlar. Guya partiya içində böyük bir hərəkatın olması, böyük bir prosesin getməsi barədə görüntü yaratmağa cəhd göstərirlər. Halbuki Müsavat Partiyası daxilində hazırda qüvvələr təxmi-nən 97 faizin 3-ə, yaxud 98-in 2 faizə nisbətindədir. Yəni, Müsavatın ümumi ideoloji siyasi xəttinə qarşı ayrı-ayrı adamlar əllərindən gələni edirlər, partiyaya mümkün qədər daha çox ziyan vurmağa çalışırlar. Bir daha qeyd edirəm ki, onların nail olduğu nəticələr apardıqları fəaliyyətlə bağlı yox, Müsavat Partiyasına qarşı olan qüvvələrin bu məsələlərdən Müsavata qarşı istifadə etməsi ilə əlaqədardır".
Maraqlısı odur ki, Arif Hacılı əsas əleyhdarlarından olan Vurğun Əyyubun sıradan çıxarılması ilə bağlı etdiyi cəhdlərin ictimailəşməsini istəmir. Hətta Məclisin iclasında baş verənlərdən də imtina edir: "Kiminsə Məclis üzvlüyündən çıxarılması məsələsi müzakirə olunmayıb. Sadəcə, Məclis üzvlərindən biri özünün Məclis üzvü olmadığını dəfələrlə iddia edir və iclaslarda iştirak etmir. Bu, sırf texniki məsələdir. Sadəcə olaraq, onun adı Müsavat Partiyası Məclis üzvləri siyahısından çıxarılmalıdır. Amma biz humanistlik göstərərək bu məsələdən də opponentlərimin Müsavat Partiyasına qarşı istifadə edəcəklərini nəzərə alaraq, onun adını Məclis üzvləri sıyahısından hələlik çıxarmadıq".
"Unikal"ın əldə etdiyi məlumata görə, Arif Hacılı Vurğun Əyyubu özünə yaxın olan Müsavat Məclisinin yeni sədri Nüşabə Sadıxlının əliylə vurmağa çalışır. Bu, N.Sadıxlının dünənki açıqlamasında da özünü göstərdi. Belə ki, Məclis sədri deyib ki, Məclisin növbəti toplantısında Vurğun Əyyub Məclis üzvlüyündən çıxarıla bilər. Onun sözlərinə görə, Vurğun Əyyubun Məclis üzvlüyündə qalması digər müsavatçıların haqqının tapdalanmasıdır, çünki onun Məclisdə tutduğu yeri hər hansı müsavatçı tuta bilər.
Xatırladaq ki, Müsavat Məclisinin ötən toplantısında partiya başqanı Arif Hacılı tərəfindən Vurğun Əyyubun Məclis üzvlüyündən kənarlaşdırılması təklif edilib. Bu təklif onun Müsavat Məclisini qeyri-legitim hesab etməsi, toplantılara qatılmaması ilə əsaslandırılıb. Lakin bəzi Məclis üzvlərinin bu təklifə qarşı çıxması səbəbindən təklif səsə qoyulmayıb və V. Əyyuba xəbərdarlıq edilib. V. Əyyub isə onunla bağlı veriləcək istənilən qərarla maraqlanmadığını və özünü Məclis üzvü saymadığını açıqlayıb.
N. Sadıqlı qeyd edib ki, belə olan halda V. Əyyub Məclisin növbəti toplantısında Məclis üzvlüyündən kənarlaşdırıla bilər: "Biz həm də Vurğun Əyyubun haqqını tapdalayırıq. Çünki bu adam Məclisdə iştirak etmək istəmirsə, onu məcburi şəkildə orada saxlamağın mənası yoxdur. Müsavatçıların istəyindən asılı olaraq Vurğun Əyyubun Məclis üzvlüyündən kənarlaşdırılması məsələsi qaldırılsa, bu məsələ müzakirə oluna və o, vəzifəsindən kənarlaşdırıla bilər".
Görünən odur ki, Müsavatın növbəti Məclisinin toplantısı da səsküyülü olacaq. Hər halda, Qubad İbadoğlu və tərəfdarları Müsavatdan tamamilə uzaqlaşmayana qədər Arif Hacılının aqressiyası azalmayacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53