Daha bir məşhur azərbaycanlı milyarder çətin ayaqda
10:10 13-01-2015
İQTİSADİYYAT
Daha bir məşhur azərbaycanlı milyarder çətin ayaqda
Mübariz Mənsimov sponsoru olduğu klubun pullarını niyə azaltdı?
"Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun Lənkərandakı komandasına maliyyə dəstəyini azaltması barədə məlumatlar ciddidir. Mənsimovun belə bir qərar verməsinin səbəbi isə müxtəlif cür izah olunur. Hesab edilir ki, bu cür addımın atılmasında gözlənilməz və ya qeyri adi heç nə yoxdur.
Məsələn, axar.az-a verilən xəbərə görə, iş adamının bu sərt qərarı kluba ayrılan milyonlarla manatın havaya sovrulmasına etirazdır. Mənsimovun geridə qalan 10 il ərzində təmkinli davranışı və "Xəzər Lənkəran"dan avrokuboklarda nəhayət, nəticə olacağı gözləntisi puça çıxdı.
Bir neçə il əvvəl Mənsimov futbolçuların bərbad oyununu görüb Lənkərandakı stadionu mal-qara üçün örüş sahəsi edəcəyini açıqlamışdı. Ancaq ümid edirdi ki, sərf edilən milyonlar öz bəhrəsini verəcək, komanda "Neftçi", "Qarabağ", həmçinin "İnter" kimi avrokuboklarda mərhələ adlaya biləcək.
Məlumatda deyilir ki, klubu idarə edən Mais Mənsimov-Tuyqun Nadirov cütlüyü "Palmali" rəhbərinin bütün ümidlərini puç edib.
Mirça Rednik, Yunus Hüseynov, Con Toşak, Mustafa Dənizli və ən sonda Oğuz Çətin kimi adlı-sanlı məşqçilər komandanın başına gətirildi, pullar xərcləndi. Lakin böyük maliyyə resursları olan, Qafqazın "Çelsi"si adlanan komanda Mais-Tuyqun duetinin timsalında 10 il geriyə salındı. "Axı, hamı bilir ki, bu qədər pulun, şəraitin qarşılığında "Xəzər Lənkəran" "Neftçi" və "Qarabağ"dan daha əvvəl Avroliqanın qrupunda oynamalıydı. Elə isə azarkeşlərin günahı nədir ki, onlar klub rəhbərliyinin pərdəarxası oyunlarına görə sevimli komandalarının normal uğurlarını görə bilmirlər? Mais Mənsimov-Tuyqun Nadirov cütlüyü indiyədək baş məşqçilərinə heç bir peşəkar çərçivəyə sığmayan münasibət göstəriblər. Onlar baş məşqçilərə sərbəst işləmək imkanı verməyiblər. Odur ki, komanda 10 ildə xərclənən vəsaitlərin müqabilində ciddi uğur qazanmayıb. Artıq fırtınalar şəhəri adlanan Lənkəranda azarkeşlər əvvəlki qədər stadiona axışmır, oyunlara maraq göstərmir. Bunun günahı nə azarkeş, nə də futbolçulardadır. Rəhbərliyin idarəçiliyi açıq-aşkar komandanı uçuruma apardı", - deyə məlumatlı qaynaq iddia edir.
Bəzi qaynaqlar isə Mənsimovun Lənkəran klubundan maddi dəstəyini önəmli ölçüdə geri çəkməsini azərbaycanlı biznesmenin son vaxtlar yaşadıqları problemlərlə bağlayırlar. Belə ki, Mübariz Mənsimova aid olan "Palmali" şirkətinin yükdaşıma gəmilərinin yarıdan çoxu Rusiya bazarına aiddir. Rusiyanın iqtisadi sanksiyalarla üzləşməsi şirkətin də fəaliyyətinə ciddi təsir edib.
Artıq Rumıniya və Yunanıstanda Mənsimovun iki gəmisi limanda həbs edilib. Avropa Birliyi Kremlə təzyiq üçün rus bayrağı altında üzən gəmiləri həbs edir. Bu, sanksiyaların davamıdır və Mənsimovun da işini zəiflədib.
Məlumata görə, "Xəzər-Lənkəran"a maddi dəstəyin azaldılmasının səbəblərindən biri də bu faktor göstərilir. Artıq klubda legioner qalmayıb, millinin oyunçuları komandadan gedib, baş məşqçi istefa verib, maliyyə problemləri yaranıb. Klub rəhbərliyi gənc oyunçularla işləmək qərarı verib.
Bildirildiyinə görə, "Palmali"nin İstanbul ofisinə qışda komandaya müəyyən transferlərin edilməsinin vacibliyi bildirilib. Amma baş ofisdən bunun üçün məbləğ ayırmaqdan imtina edilib.
Qeyd edək ki, son vaxtlar istər Azərbaycanda, istərsə də ölkə hüdudlarımızdan kənardakı tanınmış biznesmenlərimizin pul böhranı ilə üzləşməsi xəbərləri intensivləşib. "Baghlan Group" prezidenti, "Hafka" ləqəbli Hafiz Məmmədovun müflisləşmək həddinə çatdığı artıq hamıya məlumdur. Biznesini bir neçə il əvvəl Rusiyadan köçürən və hazırda Türkiyədə yaşayan "AST Telman" ləqəbli məşhur azərbaycanlı milyarder Telman İsmayılovun da son vaxtlar xeyli kasıbladığına dair bir müddət əvvələdək intensiv xəbərlər yayılır, konkret faktlara istinad edilirdi.
İndi isə başqa bir məşhur milyarderimizin pul sarıdan problemlər yaşadığı deyilir. Mənsimovun Rusiyaya sanksiyalar səbəbi ilə xeyli qazancından məhrum olması barədə xəbərlərin nə qədər doğru olub-olmadığını zaman göstərəcək.
Amma həmin iddialar təsdiqini taparsa, "Palmali" şirkətinin rəhbəri üçün qarşıdakı ayların daha çətin keçə biləcəyini təxmin etmək mümkündür.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53