Neft qiymətləri savaşa dönür: qaranın ağı çıxır
10:11 13-01-2015
İQTİSADİYYAT
Neft qiymətləri savaşa dönür: qaranın ağı çıxır
ABŞ ilə ərəb ölkələri, İran və Rusiya arasında toqquşmalar güclənir
Ciddi və nüfuzlu informasiya agentliklərindən sayılan Reuters-in ekspertləri dünya bazarlarında xam neftin qiymətlərinin bundan sonra da aşağı düşəcəyini, yaxud indiki səviyyədə qalacağını təxminləməyə çalışıblar. Hər halda son vaxtlarda "qara qızıl" 50 faiz ucuzlaşıb (milli.az).
Ekspertlər ilk suala tam əminliklə cavab verə bilməsələr də, ikinci sualın cavabının çətin olmadığını vurğulayıblar.
İranın "Iranian Students News Agency" (İSNA) agentliyi də həmin suallara cavablar arayıb ki, sonuclar yetərincə maraqlıdır.
Ümumiyyətlə, görünən odur ki, dünya bazarlarında neft qiymətlərinin ciddi dəyişməsi üçün ən azı iki hadisə baş verməlidir. Səudiyyə Ərəbistanı geosiyasi və iqtisadi maraqlarına nail olmaq üçün ABŞ-ın "qara qızıl"ın ucuzlaşdırılması oyununa qatılmışdı. Səudilərin məqsədi OPEK-də mövqelərini bərpa etmək, daha doğrusu, bu qurumda inhisarçı duruma nail olmaqdır.
İllərdən bəri sanksiyalara məruz qalan İranla Krım olaylarından sonra Qərbin sanksiyalarının nə olduğunu anlayan Rusiyanı "cəzalandıran" ABŞ neft qiymətlərini sürəkli ucuzlaşdırmaqla Tehran və Moskvanın vəziyyətini ağırlaşdırıb.
İran kimi, Rusiyanın da dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini məhz xam neft və təbii qaz satışlarından əldə olunan pullar təşkil edir. "Qara qızıl" ucuzlaşdıqca "mavi yanacaq" da dəyərini itirməkdədir və təbii ki, Tehranla Moskvanın üzləşdiyi maliyyə problemləri daha da dərinləşir.
Eyni zamanda, neft qiymətləri ilə oynamaqla ABŞ enerjidaşıyıcıları bazarlarında Səudiyyə Ərəbistanının və ümumiyyətlə, Fars Körfəzi ölkələrinin indiyədək səbatlı təsir bağışlayan mövqelərini əməllicə silkələyərək zəiflədib.
Meksika, Nigeriya və Venesuela ilə yanaşı, Səudiyyə Ərəbistanı ABŞ-ın neft ixracında önəmli yer tutduğundan Vaşinqton ölkə ərazisində şist neftinin hasilatını artırmaqla həm idxaldan asılılığı azaldıb, həm də satıcıların problemlərini artırıb.
Bazarda tələbat əvvəlki səviyyədə, təklif artıb və bu da qiymətlərin ucuzlaşmasını sürəkli prosesə çevirib: Səudiyyə Ərəbistanı amerikalılara sata bilmədiyi nefti kiməsə "xırıd" etmək məcburiyyətində qalıb.
Məntiq Ər-Riyaddan neft hasilatını azaltmağı və beləcə, ucuzlaşmanın zərərlərini bir qədər yumşaltmağı tələb etsə də, Səudiyyə Ərəbistanı tam tərsini edir, hasilatı əvvəlki səviyyədə saxlayır. Zərərli olsa da.
Dünya neft bazarı bundan sonra adi, normal rəqabət istiqamətində inkişaf edərsə, "qara qızıl"ın qiymətləri hasilata çəkilən xərclərə, yəni maya dəyərə əsasən müəyyənləşdiriləcək. ABŞ-ın planları, Səudiyyə Ərəbistanının istəkləri və ya OPEK-dəki "yorğan davası" indiki təki həddən ziyadə önəm kəsb etməyəcək.
Ola bilər ki, ağlabatan ssenari təsiri bağışlasın, amma 1982-2004-cü illərdə neft bazarı məhz bu prinsiplər əsasında inkişaf edib.
Nəticənin necəliyindən asılı olmayaraq bilinən budur ki, sonuc hələ çox uzun müddət sonra bilinəcək.
İranla Rusiyanı "diz çökdürmək" üçün ABŞ və Səudiyyə Ərəbistanının bundan sonra da cəmi bir neçə aya zərurət duymaları mümkün deyil. Bundan başqa, ABŞ-da şist nefti hasilatının həcm artımını dayandırmağa çalışan Səudiyyə Ərəbistanının da istəyinə çatması mümkün deyil. Və ən nəhayət, dünya neft bazarının OPEK-in diktəsindən çıxaraq rəqabətin adi şərtləri əsasında fəaliyyət göstərməsi ehtimalı da illüziya təsiri bağışlayır. Neft bazarının oyunçularının tam əksəriyyəti qiymətlərin əvvəlki səviyyəyə qayıtmasını gözləyir.
Amma onların ümidləri puç ola bilər.
Yaxın Şərqə hökmranlıq üstündə dünya gücləri arasında qərinələrdən bəri davam edən qarşıdurmanın şiddətlənəcəyi şübhə doğurmur ki, bu da "qara qızıl"ın sürətlə bahalaşmasını irreal edir.
Əsas məsələ bu deyil. Önəmli sayılası məqam odur ki, xam neftin qiymətləri mövcud səviyyədə qalacaq, yoxsa ucuzlaşmanın yeni rekordları qeydə alınacaq?
Neft qiymətlərinin formalaşması mexanizmlərinə bir daha nəzər salaq. 1974-cü ildə OPEK-in ilk dəfə neft qiymətlərinə sərt təsir etdiyi vaxtdan keçən 40 ili şərti olaraq üç dövrə bölmək olar. 1974-1985-ci illərdə neftin bir barreli 21-48 dollara satılırdı: 1998-ci ildə Rusiyanın defolt bəlasına ürcah olduğu qısamüddətli dönəmi və 1991-ci ildəki İraq savaşını nəzərə almayaq.
2008-2009-cu illərdə xam neftin qiymətləri kəskin şəkildə bahalaşmışdı. 2009-2014-cü illərdə isə neftin bir barreli 50 dollardan ucuz olmamışdı.
Bu üç mərhələnin önəmi onların OPEK-in 1974-1985-ci illərdəki hökmranlığı sənələrindəki qiymət diapazonunun 10 sənəsinə bərabər olmasındadır. Halbuki 1986-2004-cü illərdə tamamən fərqli situasiya, başqa şərtlər vardı. Görünür, bu iki mərhələnin fərqi 1985-ci ildə OPEK-in "neft diktaturası"nın çökməsi və son 20 ildə dünya bazarında qiymətlərin əsasən rəqabət şərtləri əsasında formalaşdırılmasındadır.
Di gəl, 2005-ci ildə OPEK Çində neftə tələbatın artmasından yararlanaraq qiymət siyasətində inhisarçılığını bərpa etdi.
Bəhs etdiyimiz tarixi dövrləri nəzərə alsaq, 1 barrelə görə 50 dolların dünya neft bazarında inhisar dəyərinin rəqabət qiymətindən fərqləndirən sərhəd, hədd olduğunu söyləyə bilərik. Məhz bu rəqəm yeni qiymət diapazonuna daxil olacaq.
Bəs yaxşı, onda yaxın illərdə 1 barrelə görə 50 dollar "qara qızıl"ın maksimal, yoxsa minimal qiyməti olacaq?
Əfsuslar olsun ki, yaşanan olaylar və mövcud situasiya 1986-2004-cü illərdəki mərhələnin, yəni dünya bazarlarında xam neftin 1 barrelinin 20-50 dollar arasında satıldığı dövrün geri qayıdışını istisna etmir. Uzunmüddətli perspektivdə inkişaf etmiş dövlətlərlə yanaşı, Çində neftə tələbat səviyyəsini alternativ enerjidaşıyıcıları hasilatının artımı, texnikanın inkişafı, habelə ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərin güclənməsi qlobal miqyasda xam neftə tələbatı aşağı sala bilər. Onda "qara qızıl" hazırda dünya miqyasında çox böyük həcmdə olan daş kömür ehtiyatları kimi adi təbii ehtiyata, enerji resursuna çevriləcək.
İraqda və Liviyada vətəndaş müharibəsinin bitməsi nəticəsində dünya bazarına daha çox neft daxil olarsa, "qara qızıl" yenə də ucuzlaşacaq.
Bütün bunlarla yanaşı, ABŞ-da şist neftinin hasilatının artırılması və sürətli inkişaf OPEK-in 1974-1985 və 2005-2014-cü illərdəki təki inhisarçı mövqelərə malik olduğu mərhələlərin bir daha təkrarlanmamasına, neft qiymətlərinin rəqabət şərtləri əsasında formalaşacağına da zəmin yaradır.
Şist neftinin hasilatı ucuz başa gəlməsə də, hazırda Səudiyyə Ərəbistanı və ya Rusiyada yox, məhz Birləşmiş Ştatlarda neft hasilatında təklif tələbatı üstələyib. O da var ki, illər keçdikcə şist neftinin hasilatı adi neftlə müqayisədə daha ucuz olacaq.
Səudiyyə Ərəbistanı kimi iri neft satıcıları hasilat həcmlərini aşağı sala bilməzlər: belə ölkələrdə büdcənin gəlirləri "qara qızıl" satışlarından asılı olduğundan, hasilatın aşağı düşməsi sosial narazılıqlara, hətta iğtişaşlara səbəb ola bilər. ABŞ-da isə durum tam fərqlidir: amerikalılar bazardakı təklif və tələbat arasındakı münasibətləri nəzərə alaraq hasilatı azaltmaq, artırmaq imkanlarına malikdirlər.
Rəqabət mübarizəsinin belə məntiqi Birləşmiş Ştatlarda şist neftinin 1 barrelinin hasilatına sərf olunan 40-50 dolların yaxın gələcəkdə dünya bazarlarında xam neftin minimal yox, maksimal qiymətini bəlirləyəcəyini istisna etmir.
Amma "qara qızıl"ın 1 barrelinin 50-120 dollar arası qiymətlərə satılacağı dövr də başlana bilər. OPEK üzvü olan dövlətlər dünya neft bazarlarında qiymətlərin rəqabət şərtlərinə formalaşmasına imkan verməmək üçün daha effektiv inhisar mexanizmləri hazırlamağa başlayıblar.
Birləşmiş Ştatlarda şist neftinin hasilatının sürətlə artmağa davam etdiyi bir şəraitdə qiymətlərin inhisarçılıq motivləri ilə müəyyənləşdirilməsi çətinləşsə də, OPEK şist nefti hasilatçılarının bir çoxunu məcburi passivliyə vadar etmək, oyundan çıxarmaq və qiymətləri öz bildiyi kimi bəlirləmək üçün təsir ikmanlarına malikdir.
Ən azı, ona görə ki, neft qiymətlərinin ucuzlaşması dünya iqtisadiyyatına pis təsir edib. Makroiqtisadi situasiya enerjidaşıyıcılarına tələbatın artmağa başladığını göstərir və belə şəraitdə neftin sürətlə ucuzlaşması paradoks olardı.
Neft bazarlarında ABŞ ilə ərəb ölkələri, İran və Rusiya arasında toqquşmalar güclənir. Sonucun nə olacağını yaxın həftələrdə biləcəyik.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17