Etibar Pirverdiyevin "biznes imperiyası" təhlükə altında
10:33 14-01-2015
İQTİSADİYYAT
Etibar Pirverdiyevin "biznes imperiyası" təhlükə altında
Etibar Pirverdiyevin "biznes imperiyası" təhlükə altında
"Azərenerji" "şef"inin gəlir qaynaqları sıradan çıxmaq riski ilə üz-üzədir
"Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevin geniş biznes şəbəkəsinə malik olduğu sirr deyil. Pirverdiyevin heyvandarlıqdan tutmuş tikinti sektorunadək bir çox sahələrdə gəlir qaynaqlarının olduğu hamıya məlumdur.
Mətbuat dəfələrlə yazıb ki, təkcə 2004-2012-ci illərdə Azərbaycan dövləti üst-üstə 9 milyard 545,9 milyon dollar borclanıb, alınan xarici kreditlərdə ən böyük pay sahiblərindən biri isə məhz "Azərenerji" olub: 24,09%. Yəni nə az, nə çox düz 2,3 milyard dollar! Bunun üzərində dövlət investisiya layihələrini gəldikdə ortada külli miqdarda məbləğ yaranır. Bununla belə, ölkənin enerji sektorunda çoxsaylı problemlər qalmaqdadır. Bölgələr bir yana, hətta Bakıətrafı kənd və qəsəbələrdə, Abşeron rayonunun əksər hissələrində, Sumqayıtda və s. payız aylarından başlayaraq fasiləsiz işıq məsələsində ciddi problemlər yaranır.
Belə iddialar mövcuddur ki, bu, yuxarıda haqqında danışılan fantastik məbləğdə vəsaitlərin əhəmiyyətli hissəsinin qeyri-şəffaf, təyinatsız xərcləmələrin "qurbanına" çevrilməsi ilə bağlıdır. Hətta belə fikirlər də səslənir ki, Etibar Pirverdiyev şəxsi biznesini gücləndirdiyi halda, enerji sektorunda köklü müsbət dəyişikliklərin baş verməməsi haqqında danışılan vəsaitlərin taleyi ilə bağlı şübhələri daha da qüvvətləndirir.
Yeni məlumatlara görə isə, "Azərenerji" prezidentinin "biznes imperiyası" son vaxtlar sürətlə çökməkdədir. Məsələn, "işıq şefi"nin nəzarətindəki "Azinko" şirkətinin işləri heç də əvvəlki illərdə olduğu qədər "yağ kimi" getmir. Buna səbəb isə Pirverdiyevin şirkətinin iri məbləğli dövlət investisiya layihələrindən məhrum edilməsidir. "Azinko"nun investisiya layihələrindən kənarda saxlanılması "Azərenerji" prezidentini möhkəm pərişan edib, onun gəlirlərini əhəmiyyətli şəkildə azaldıb. Məsələ burasındadır ki, Pirverdiyevin "Azenko" şirkəti Bakıda Dövlət Bayrağı Meydanının qülləsini inşa edərkən ciddi maxinasiyalara yol verib. Bir müddət sonra qüllənin laxlaması məhz həmin korrupsiyanın nəticəsi hesab olunurdu. Baş verənlər Pirverdiyevə ölkə rəhbərliyinin etimadını tamamən sarsıdıb və o, xeyli gözdən düşüb. Bunun ardınca isə "Azinko" şirkətinə külli miqdarda pulların ayrıldığı dövlət layihələri dayandırılıb. Yəni Pirverdiyevin şirkətinin əlində hazırda heç bir ciddi dövlət investisiya layihəsinin icrası yoxdur. Hazırda "Azinko"nun çox xırda layihələri həyata keçirdiyi, şirkətin gəlirlərinin xərclərini güc-bəla ilə ödədiyi, "işıq şefi"nin isə bu vəziyyəti aradan qaldırmaq üçün bir neçə dəfə hökumətdəki müəyyən dairələrə ağız açmasına rəğmən "yox" cavabı aldığı bildirilir.
Məhz bu da Pirverdiyevin "Azinko"sunda xeyli ixtisarların aparılması ilə nəticələnib.
"Azərenerji" rəhbərinin çətin vəziyyətdə olan biznes nöqtələrindən biri də Sumqayıt Texnologiyalar Parkıdır (STP). Hələ ötən ilin yazında ölkə KİV-ləri yazırdılar ki, STP-də ciddi maliyyə böhranı yaşanır. Pirverdiyevin nəzarətində olan bu müəssisədə işçilərə əmək haqqı verilmədiyi də gələn bilgilər arasındadır. Hətta problemin Pirverdiyevə qarşı hökumətdəki "dözüm limiti"ni sarsıtdığı və onun işdən uzaqlaşdırılmasının gündəmə gəldiyi də həmin vaxt yayılan məlumatlar arasında idi. O da vurğulanırdı ki, STP-də yaşananlardan sonra Hesablama Palatası burada yoxlamalara başlayıb. Bildirilirdi ki, yoxlamalardan sonra STP-nin idarəetməsi Etibar Pirverdiyevdən alınacaq.
Yeni iddialar da STP-də problemlərin öz həllini tapmadığı yönündədir. Elə bu maliyyə çətinliklərinin də orada ixtisarlar aparılmasına gətirib çıxardığına dair məlumatlar dolaşır.
Bundan başqa, Pirverdiyevin ölkəyə elektrik avadanlıqlarının gətirilməsindəki inhisarçı mövqelərinin də zəiflədilməyə, bu işlə məşğul olmaq istəyən firmalara "yaşıl işıq" yandırılmağa başladıldığına dair də informasiyalar gəlməkdədir.
Deyilənlərdən belə başa düşmək olar ki, cəmi iki-üç il əvvələdək sürətlə böyüyən biznes imperiyasına, ciddi gəlir qaynaqlarına malik olan "Azərenerji" prezidenti son vaxtlar müxtəlif biznes sahələrindən kənarlaşdırılmaqda, iri həcmli dövlət investisiya layihələrindən uzaq tutulmaqdadır. Bu da onun maddi kapital etibarı ilə çökməyə başladığını göstərir. Təcrübə isə göstərir ki, maliyyə baxımından zəifləyən və ya zəiflədilən məmurlar bir qayda olaraq, çox keçmədən tutduqları postu da itirirlər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59