Türmədəki səs-küylü ölüm işi rəisi hədəfə gətirib
Türmədəki səs-küylü ölüm işi rəisi hədəfə gətirib

14 saylı cəzaçəkmə müəssisəsində məhkumun ölümü ilə bağlı açılan cinayət işinin müdhiş detalları "Unikal"da

Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində məhkum Babayev Elşad Səid oğlunun ölümü ilə nəticələnən cinayətin yaratdığı ajiotaj hələ də davam edir. Məsələnin ictimailəşməsi isə cəmiyyətin diqqətinin bu istiqamətə yönəlməsinə səbəb olub.

Ədliyyə Nazirliyi və Baş Prokurorluq hadisə ilə bağlı birgə çıxış edib. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun "Unikal"a verdiyi məlumata görə, məhkum Babayev Elşad Səid oğlunun ölümü ilə bağlı daxil olmuş məlumata əsasən Qaradağ rayon Prokurorluğunun müstəntiqi tərəfindən məhkəmə-tibb ekspertinin və Ədliyyə Nazirliyinin Tibb Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. İlkin araşdırma ilə müəyyən edilib ki, müəssisədə cəza çəkən bir qrup məhkum baş vermiş hadisədən istifadə edərək rejim qaydalarını pozmuş, əməkdaşların tələblərinə əməl etməyək müəssisənin normal iş fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlərə yol vermişlər. Bununla əlaqədar E.Babayevin ölümünün səbəblərinin, habelə həmin məhkumların qeyd olunan hərəkətləri nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilmiş, eləcə də müəssisə əməkdaşları və məhkumlardan izahatlar alınmış, E.Babayev barədə aidiyyəti sənədlər, o cümlədən tibbi sənədlər götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Onu da nəzərə çatdıraq ki, Penitensiar Xidmət tərəfindən hadisə üzrə xidməti yoxlama və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilmiş, toplanmış sənədlər aidiyyəti üzrə prokurorluğa göndərilib. Qaradağ rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanmış, hazırda istintaq hərəkətləri davam etdirilir.
"Unikal"ın əldə etdiyi məlumata görə, məsələnin bu şəkildə böyüməsi Penitensiar Xidmətin rəhbərliyini hərəkətə keçmək məcburiyyətində qoyub. Bu barədə bizi bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, son dövrlər həbsxanalarda baş verən qanunsuzluqlar barədə məlumatların intensivləşməsi məsələnin yuxarı dairələrin diqqətini cəlb etməsi ilə nəticələnib: "Nəzərə çatdırım ki, 14 saylı cəzaçəkmə müəssisəsindən narazılıqlar neçə müddət idi ki, gəlirdi. Amma müəssisə rəhbəri müxtəlif yollarla içəridə baş verən qanunsuzluqların ictimailəşməsinin qarşısını alırdı. Amma son olayın bu şəkildə böyüməsi məsələni bir qədər kritikləşdirdi. Artıq Ədliyyə Nazirliyi və Baş Prokurorluq məsələni nəzarətə götürüb, müvafiq iş üzrə istintaqa başlanılıb. Sözsüz ki, məsələ tam həll olunmayana qədər geri çəkilməyəcəklər".
Bizi bilgiləndirən şəxsin sözlərinə görə, müəssisə rəhbəri hazırda özünü qorumaq üçün müxtəlif variantlara əl atır. "Məndə olan məlumata görə, həmin gün növbədə olan bir neçə şəxsi qurban verməklə özünü qorumaq istəyən rəisin vəziyyəti yaxşı deyil. Artıq onun digər qanunsuz əməlləri də üzə çıxmaqdadır. Çox güman ki, qısa müddətdə törətdiyi əməllərə görə vəzifədən uzaqlaşdırılacaq. Ancaq onun işdən çıxarılmaqla yaxasını qurtarması çətin görünür. Məhz, bu məsələyə görə müəssisə rəhbərinin işçiləri ilə bir yerdə məhkəmə qarşısına çıxarılacağı gözləniləndir", - deyə müsahibimiz fikrini tamamlayıb.

Z.MƏMMƏDLİ