Rusiya-Türkiyə əlaqələrində enerji amili
10:42 14-01-2015
İQTİSADİYYAT
Rusiya-Türkiyə əlaqələrində enerji amili
Ekspertə görə, iki ölkə arasındakı münasibətlərin xarakteri Avrasiya bölgəsindəki tarazlığa büyük təsir göstərəcək amillərdən biridir
Enerjinin beynəlxalq münasibətlərdəki strateji önəmi Rusiya prezidenti Vladimir Putinin dekabrın əvvəlindəki Ankara səfəri zamanı Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşündən sonra verdiyi mesajlarla bir daha gündəmə gəldi. Bunu Dr. Nazim Cəfərov APA üçün hazırladığı analitik məqalədə qeyd edib.
O daha sonra yazıb: "Birincisi, soyuq müharibədən sonra Rusiya-Türkiyə münasibətlərində həm qlobal sistemin dəyişən xarakteri, həm regional, həm də daxili şərtlərin təsiri ilə mahiyyət dəyişikliyi baş verməkdədir. Bu dəyişim prosesini, müəyyən mərhələlər istisna olmaqla, tarixən kəskin rəqabət xarakteri daşıyan münasibətlərin çoxistiqamətli intensiv əməkdaşlığa çevrilməsi kimi qiymətləndirmək olar. Soyuq müharibədən sonra Rusiya və Türkiyənin xarici siyasətlərində ortaya çıxan yeni strateji konsepsiyalar iki ölkə arasındakı əməkdaşlıq prosesinin önəmini gücləndirmişdir. Belə ki, Rusiya baxımından qlobal mənada çoxqütblü beynəlxalq sistemin təmin edilməsi və bu çərçivədə regional müstəvidə Avrasiyada Qərb təsirinin gücləndirməsinə mane olunması üçün Türkiyənin mövqeyi mühüm əhəmiyyət kəsb etməkdədir. Xüsusən son dövrlərdə "soyuq müharibə" ritorikasını tamamilə tərk edərək "360 dərəcə xarici siyasət" kursu tətbiq etməyə başlayan Türkiyə üçün isə Rusiya mühüm qlobal və regional əməkdaş rolunu oynamaqdadır. 1991-ci ildən 2000-ci illərin əvvəlinə qədərki dövrdə, tarixi rəqabətin yaratdığı "qarşılıqlı inamsızlıq sindromu"nu əsasən ortadan qaldıran Rusiya ilə Türkiyə arasındakı münasibətlərin xarakteri qlobal güc mübarizəsinin taleyini müəyyənləşdirəcək önəmdəki bölgələrdən olan Avrasiyadakı tarazlığa büyük təsir göstərəcək amillərdən biridir. Son dövrlərdə baş verən Gürcüstan, Suriya və Ukrayna hadisələri kimi ciddi ziddiyyətlərin təsir etməsinə baxmayaraq xarakterini dəyişdirmədiyi Rusiya-Tükiyə münasibətləri üçün qlobal sistemdə getdikcə kəskinləşən enerji rəqabəti isə ciddi bir imtahan sayılmaqdadır.
İkincisi, enerjinin iqtisadi və strateji önəmi həm Rusiyanın, həm də Türkiyənin strateji konsepsiyalarında bu amilə xüsusi önəm verilməsi zərurəti yaratmaqdadır. Rusiya baxımından, enerji amili həm öz iqtisadi tranformasiyasını maliyyələşdirmək, həm də geosiyasi maraqlarını həyata keçirmək baxımından strateji önəm daşımaqdadır. Xüsusilə Vladimir Putinin iqtidara gəlməsi ilə Rusiyanın qlobal və regional maraqlarının həyata keçirmədə enerji amili əsas strateji vasitələrinin başında gəlməyə başlamışdır. "Enerji supergücü" olma strategiyası kimi xarakterizə edilən bu yanaşma, qlobal önəmdə enerji ehtiyatlarına malik olan Rusiyanın dünyanın bütün bölgələrindəki enerji ehtiyatlarına təsir gücünün əldə edilməsində və bu ehtiyatların özünə sərfəli şərtlərdə beynəlxalq bazarlara çıxardılmasında mümkün qədər fəal olmanı şərtləndirməkdədir. Bu çərçivədə Rusiyanın xüsusən Avrasiyadakı enerji ehtiyatları üzərində nəzarəti davam etdirməsi və hətta bunu tam monopoliyaya çevirməsi ən mühüm hədəf kimi ortaya çıxmaqdadır. Digər tərəfdən, Türkiyə də artan iqtisadi ehtiyacları və soyuq müharibə sonrasında "yeni strateji missiya" axtarışlarında olması səbəbilə enerji amilinə xüsusi önəm verməkdədir. Türkiyə Rusiyadan fərqli olaraq neft və təbii qaz kimi enerji ehtiyatları baxımından çox kasıb ölkədir. Bu da Türkiyəni getdikcə artan öz daxili tələbatını qarşılamaq və beynəlxalq sistemdəki strateji önəmini daha da artırmaq üçün qlobal əhəmiyyətli enerji tranzit ölkəsi və mərkəzi olma stratejisini güdməsini şərtləndirir. Bu strategiya isə Türkiyənin ətrafındakı enerji ehtiyatı bol olan ölkələrlə xüsusi diqqət göstərərək öz enerji təminatının müxtəlifliyini təmin etmə və müxtəlif istiqamətli enerji kəmərlərinin tranzit ölkəsi olması hədəfini həyata keçirməsində fəal olması mənasını daşıyır.
Üçüncüsü, enerji amilinin Rusiya-Türkiyə münasibətlərində gündəmə gəlməsi yeni bir məqam deyil. Bu məsələnin tarixini bundan 30 il əvvəl, yəni 1984-cü ildə imzalanan SSRİ-Türkiyə Respublikası təbii qaz müqaviləsi ilə başlatmaq olar. Bu kontekstdə tərəflər arasında enerji məsələsinə dair kifayət qədər təcrübənin olduğunu və bu təcrübənin soyuq müharibə reallığında başladığını və sınaqdan çıxdığını demək olar. Qeyd edilən tarixi təcrübənin Rusiya-Türkiyə münasibətləri də enerji amilinin təbii qaz, neft və nüvə cəhətlərini əhatə edən yeni layihələrə müəyyən mənada bünövrə təşkil etdiyini də qeyd etmək vacibdir.
Dördüncüsü, Rusiya-Türkiyə münasibətlərində enerji mövzusu həm əməkdaşlıq, həm də rəqabət xarakteri daşımaqdadır. Bu münasibətlərdə əməkdaşlıq motivini dəstəkləyən nümunələr 1984 tarixli SSRİ-Türkiyə qaz və 1997 tarixli Mavi Axım kəməri müqavilələridir. Bundan əlavə Cənub Axını layihəsi və bəzən gündəmə gələn, ancaq Türkiyə-İsrail münasibətlərinin pisləşməsi ilə hazırda o qədər də aktual olmayan "Mavi Axın-2" layihəsi bu sıradan sayıla bilər. Rusiya ilə Türkiyə enerji əməkdaşlığının ən mühüm nümunələrindən biri kimi artıq inşa edilməyə başlanan Akkuyu Atom Elektrik Stansiyasını da unutmaq olmaz. İki ölkə arasında enerji rəqabətinin ən mühüm nümunələri isə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri və TANAP enerji layihələridir. Rusiyanın İranın nüvə proqramına verdiyi dəstəyinin də eyni zamanda bölgə tarazlığında Türkiyə əleyhinə şərtlər yaradan bir enerji layihəsi olduğunu da xüsusi qeyd etmək lazımdır".
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53