AMEA-da yeyinti şübhələri
10:39 15-01-2015
İQTİSADİYYAT
AMEA-da yeyinti şübhələri
Akademiyaya ayrılan dövlət vəsaiti ilə bağlı yeni iddialar
Hələ ötən ilin mayında mətbuatda belə məlumatlar yayılmağa başlamışdı ki, Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yoxlama aparır. Daha doğrusu, təftişin Akademiyanın Arxelogiya və Etnografiya İnstitutunda həyata keçirildiyi bildirilirdi.
Həmin vaxt KİV yazırdı ki, yoxlamalar nəticəsində kifayət qədər yeyinti faktları aşkar edilib, iddialara görə, büdcə vəsaitlərinin istifadə edilməsi, büdcədən əsaslı investisiya qoyuluşları, təmir və tikinti, ştat vahidləri, ezamiyyə xərcləri və s. ilə bağlı şişirtmələr ortaya çıxıb. Büdcədən ayrılmış vəsaitlər hesabına nəqliyyat xərclərində və müxtəlif avadanlıqların, ləvazimatların alınmasında da ciddi qüsurların aşkarlandığı, xüsusilə bu zaman "Satınalmalar haqqında" və "Tenderlərin keçirilməsi haqqında" Azərbaycan Respublikasının müvafiq qanunvericilik tələblərinin kobud şəkildə pozulduğu deyilirdi.
Məsələn, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun F.Əmirov 9 ünvanında yerləşən "Elmi fondu və Arxivi" binasının təmiri və avandanlıqları üçün ayrılan 1 milyon 720.000 min manatlıq büdcə vəsaitinin az bir hissəsinin təyinatı üzrə istifadə olunması, elmi işçilərin oturduqları otaqlara alındığı göstərilən inventarların isə əslində kağız üzərində olmasının müəyyənləşdirildiyi də yayılan informasiyalar arasında idi. Həmçinin adıçəkilən institutda faktiki olaraq 282 nəfər ştat vahidi mövcud olsa da, onların yalnız 50 nəfərinin faktiki olaraq işdə olduğu aydınlaşıb. İnstitutun beş minik avtomobilinin şəxsi məqsədlər üçün istifadə olunması, onlara sərf edilən təmir və yanacaq pullarının şişirdildiyi də yayılan iddialar arasında idi.
Ümumiyyətlə, AMEA-da yeyinti şübhələri son vaxtlar xeyli intensivləşib. Yuxarıda xatırlatdığımız iddiadan əvvəl Akademiyanın Dilçilik İnstitutu ilə bağlı da ilginc iddialar ortaya atılmışdı. 2013-cü ilin sonlarında KİV yazırdı ki, Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə iki milyon manat ayrılıb, amma həmin vəsait qurumun maddi-texniki bazasının gücləndirilməsinə deyil, rəhbər şəxslərin maraqları naminə istifadə edilib. "Guya təxminən 1700 manat olan coxlu LC (Seleron) kompüteri alınıb. Həmin kompüterlərin qiyməti əslində təxminən 300 manatdır. Qiyməti guya 2500 manat olan 20 ədəd noutbuk alınıb. Ən zəif, istehsalı artıq dayandırılmış, köhnəlmiş "Compaq" noutbuklarının təxmini qiyməti isə halbuki 299 dollardır. Qqiyməti guya 1000 manat olan 10 ədəd musiqi mərkəzi alınıb. Onların da real qiyməti 200 manatdan cox deyil. Digər tərəfdən, Nəsimi adına Dilçilik İnstitutuna 10 ədəd musiqi mərkəzi lazım idimi?" - bu həmin vaxt institutun bir qrup əməkdaşının mətbuata şitkayətindəndir.
Belə iddialar var ki, AMEA-nın institutları üçün ayrılan dövlət vəsaitlərinin təyinatsız şəkildə xərclənməsi adət halını alıb. Belə ki, Akademiyanın müxtəlif institutlarında ştat vahidlərinin süni şəkildə artırılması, dəftərxana xərclərinin şişirdilməsi, xüsusilə də təmir-tikinti adı altında iri vəsaitlərin təyinatsız xərclənməsi artıq adət halını alıb. Akif Əlizadənin Milli Elmlər Akademiyasının prezidenti postuna gəlişindən sonra bu cür zərərli tendensiyaların, yeyinti meyllərinin qarşısının alınacağına dair böyük ümidlər vardı.
Amma AMEA-dakı mənbələr həmin ümidlərin reallaşmadığını təəssüflə qeyd edir və əlavə olaraq bildirirlər ki, Akademiyanın müxtəlif institutlarında ayrılan dövlət vəsaitlərinin düzgün xərclənməsinə dair hələ də ciddi şübhələr qalmaqdadır. "Keçən ilin payızında AMEA-nın vitse-prezidentlərindən biri mətbuatdakı çıxışında bildirdi ki, elmin müxtəlif sahələrinə vəsaitin artırılmasına ehtiyac var, Akademiyanın elm sahəsindəki inkişaf üçün 2014-cü ilin dövlət büdcəsindən ayrılan vəsait tam yetərli deyil. Bu fikirlərlə razılaşmamaq mümkün deyil. Amma AMEA prezidenti Akif Əlizadə və Akademiyanın digər rəhbər şəxsləri əlavə vəsait ayrılmasının zərurətini vurğulamamışdan əvvəl gərək ayrılan mövcud vəsaitin şəffaf xərclənməsini təmin etsinlər, bu büdcə pullarını kimlərinsə müxtəlif yollarla şəxsi maraqları naminə havaya sovurmasının qarşısını alsınlar".
Yeri gəlmişkən: Akif Əlizadənin AMEA rəhbərliyinə gəlişindən sonra Akademiyadan Sovet nostaljisinin izlərinin silinəcəyini gözləmək olardı. Amma bu da reallaşmadı. Akademiyanın Rəyasət Heyətinin binasının giriş hissəsində dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan üçrəngli bayraq asılıb, di gəl, bayraqdan bir neçə metr yuxarıda isə "Azərbaycan SSR Elmlər Akademiyası" adı gözə dəyir. Biz hələ binanın divarlarındakı beşguşəli sovet ulduzunu demirik. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasının ön və yan hissələrində sovet dövrünün rəmzi olan beşguşəli ulduzlar qalmaqdadır.
Görəsən, niyə?!
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59