Hacıbala Abutalıbov yenidən Ziya Məmmədova qarşı
10:40 15-01-2015
İQTİSADİYYAT
Hacıbala Abutalıbov yenidən Ziya Məmmədova qarşı
Bakı meri ilə nəqliyyat naziri arasında ixtilaf dərinləşir
Bakı metrosunun "28 May" stansiyasındakı yeraltı keçidlərdəki ticarət köşkləri sökülür. Bir çox mətbuat orqanlarında söküntünün səbəbi sakinlərin buradan rahat istifadə edə bilməməsi ilə əsaslandırılır.
Amma ticarətçilər fərqli fikir səsləndirir. Onlar bildirirlər ki, köşklərin sökülməsinə səbəb kimi bu ilin yayında Bakıda keçiriləcək Avropa Olimpiya oyunları göstərilir.
Satıcıların sözlərinə görə, metronun "28 May" stansiyasının yaxınlığında yerləşən yeraltı keçiddə ticarət köşkləri Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin gəlişindən sonra sökülüb. "Bizə dedilər ki, olimpiya oyunlarına görə belədir. Bunları havayı verməyiblər, pul ödəyərək köşk tikmişik", - deyə ticarətçilər bildiriblər.
Füzuli meydanının qarşısında yerləşən yeraltı keçiddəki ticarət köşkləri sökülən sahibkarlar da bildiriblər ki, bütün bu oyunlar olimpiya oyunlarına görədir: "4 giriş-çıxışı olan piyada keçidinin bir hissəsindəki alış-veriş məntəqələri sökülür. Rəflər dağıdılır, mallar isə sahibləri ilə birlikdə keçiddən çıxarılır".
"28 May" metrostansiyasındakı yeraltı keçidin nəqliyyat naziri Ziya Məmmədova yaxın adamlar tərəfindən icarəyə verildiyi bildirilir. Bəzi satıcıların "Unikal"a bildirdiyinə görə, icarə məqsədi ilə nazirə məxsus "Qarant-holdinq"dən gələn nümayəndələrə hər bir köşk üçün 5 min manat ödənilib. Bundan başqa, onlardan hər ay 400 manat da əlavə "haqq" alınıb.
Onlar həmin şəxslərdən birinin Emil olduğunu bildiriblər. Amma əməkdaşımızın bu şəxsdən ortaya atılan iddialara münasibətini öyrənmək cəhdləri nəticəsiz qalıb. Emil ona açdığımız telefon zənginə cavab versə də, qəzetdən olduğumuzu öyrənən kimi telefonu qapadıb.
Əldə etdiyimiz başqa bir məlumata görə, paytaxt meri Hacıbala Abutalıbov narazı satıcılarla görüşüb və onların şikayətlərini dinlədikdən sonra ilginc tövsiyə verib. Şəhər rəhbəri ticarətçilərə onlardan qeyri-qanuni yığılan "haqlar"la bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməyi məsləhət görüb. Eyni zamanda özünün də bu məsələni diqqətdə saxlayacağını bildirib.
Qeyd edək ki, Ziya Məmmədovun biznes şəbəkəsinin bir parçasını təşkil edən "28 May" metrosundakı yeraltı keçiddəki köşklərin Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən sökülməsi nəqliyyat naziri ilə Abutalıbov arasında qovğanın daha da dərinləşdiyinin göstəricisidir. İki oliqarx arasındakı ixtilaf isə bütün çılpaqlığı ilə ortaya ötən ilin noyabrında çıxmışdı. Belə ki, paytaxt rəhbərinin Bakıda quraşdırdığı parkomatlar Nəqliyyat Nazirliyi tərəfindən topa tutulmuşdu.
Belə ki, Ziya Məmmədovun nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov nəqliyyatda yaranmış problemlərə görə meriyanı suçlamışdı: "Nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş cibliklər mövcuddur. Lakin onların yerində mülki avtomobillər dayanır. Həmçinin avtobuslara, taksilərə imkan verilməməsi, parklanma ilə bağlı böyük çətinliklər yaşanır. Parkomatların ucbatından parklanan nəqliyyat vasitələri az qala avtobusların içinə girir. Onların fəaliyyətinə imkan vermir".
Ə.Cəfərov qeyd edib ki, bununla bağlı quruma xeyli sayda şikayətlər daxil olub.
Abutalıbovun Ziya Məmmədovun nazirliyinə cavabı isə kifayət qədər sərt alınmışdı. Meriyanın Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev Nəqliyyat Nazirliyinə tabe qurumların nümayəndələrinin onların ünvanına səsləndirdikləri paytaxtda ödənişli müvəqqəti duracaqlarda quraşdırılan parkomatların nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməsi, taksilərə parklanmaya imkan verilməməsi, parkomatlarla avtobus dayanacaqları arasında məsafənin az qoyulması kimi ittihamları qəbul etməyərək demişdi: "Danışırlar e, amma hüquqi cəhətdən əsaslandırmaları yoxdur. Hamının fikir söyləməyə hüququ var. Amma sözü deyəndə fikirləşmək lazımdır. Axı parkomatın onlara nə aidiyyəti var?!"
İndi belə görünür ki, Abutalıbov "28 May"dakı yeraltı keçiddə köşkləri sökdürməklə özünün parkomatlarına "ilişən" nəqliyyat nazirindən daha açıq şəkildə qisas almaqdadır. İki oliqarx arasında ixtilafın qarşıdakı günlərdə və aylarda daha da şiddətlənəcəyi isə artıq indidən heç bir şübhə doğurmur.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53