Əliyevlə Ərdoğan dünyaya mesaj verdi
11:22 16-01-2015
İQTİSADİYYAT
Əliyevlə Ərdoğan dünyaya mesaj verdi
Azərbaycan və Türkiyə prezidentləri Ankarada önəmli bəyanat imzaladılar
Türkiyə prezidentinin yeni iqamətgahında Azərbaycan prezidenti İlham Əliyevin təntənəli qarşılanma mərasimi keçirilib.Mərasim tarixdə mövcud olmuş 16 türk dövlətinin simvolu sayılan hərbi geyimli əsgərlərin iştirakı ilə ilk dəfə açıq havada keçirilib. Azərbaycan prezidenti İlham Əliyevi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyə nümayəndə heyətini İlham Əliyevə, İlham Əliyev isə Azərbaycan nümayəndə heyətini Rəcəb Tayyib Ərdoğana təqdim edib.Sarayın qarşısında foto çəkiləndən sonra prezidentlər arasında təkbətək görüş başlayıb. Daha sonra Azərbaycan prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.
"Ötən il danışıqlarda müəyyən irəliləyiş müşahidə olunub, ancaq Ermənistan təxribat xarakterli addımlar atdı"
"Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində Türkiyənin mövqeyi dəyişilməz olaraq qalır. Bu məsələdə Türkiyə ədaləti, haqqı, beynəlxalq hüququ və öz qardaşını dəstəkləyir".
Bunu prezident İlham Əliyev deyib.
Prezident qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları uzun illərdir işğal altındadır: "Dünyanın ən üst qurumu olan BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan işğalçı qüvvələri bu torpaqlardan çıxsın. Ancaq bu qətnamələr icra edilmir. Bu da onu göstərir ki, Ermənistan sülh istəmir. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu da bu işdə heç bir nəticə hasil edə bilmir. Fəaliyyət var, ancaq nəticə yoxdur".
İ. Əliyev vurğulayıb ki, keçən il danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunub, ancaq Ermənistan təxribat xarakterli addımlar atdı, xüsusilə noyabr ayında işğal edilmiş torpaqlarda, Ağdam rayonu ərazisində geniş miqyaslı təlimlər keçirdi, Azərbaycanın mövqelərinə hücum çəkməsi zamanı Azərbaycan tərəfindən layiqli cavabla qarşılandı, düşmən yerinə oturduldu: "Ancaq bu, əlbəttə ki, danışıqlar prosesinə müsbət təsir göstərmir. Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq".
Ərdoğan: "Minsk Qrupunun səmimi olmadığını görürük"
"Prezident İlham Əliyevlə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi apardıq. Türkiyə bu məsələdə Azərbaycana dəstəyinin davam edəcək".
Bunu isə Azərbaycan və Türkiyə dövlət başçılarının Ankarada keçirilən görüşündən sonra mətbuat qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan deyib.
"Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son məlumatları aldıq. Minsk Qrupunun səmimi olmadığını görürük. Onların dediklərini qəbul etməmiz mümkün deyil», - deyə Ərdoğan vurğulayıb.
"2015-ci ildə il ilk xarici səfərimi qardaş Türkiyəyə edirəm. Bu, artıq gözəl bir ənənəyə çevrilib. Bu səfər imkan verdi ki, bu il görüləcək işləri bir daha müzakirə edək, birgə fəaliyyət planını təsdiq edək. Birgə bəyanatda əvvəlki dövrdə görülən və gələcəkdə görüləcək işlər əksini tapıb". Cavab olaraq İlham Əliyev belə açıqlama verib.
Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında müzakirə edilən məsələlər qardaşlıq əlaqələrini daha yüksəklərə çıxaracaq: "Bu gün dünyada Azərbaycan və Türkiyə qədər yaxın əlaqələrə malik olan başqa dövlətlər yoxdur. Bizim əlaqələrimiz tarixə və qardaşlığa söykənir. Türkiyənin Azərbaycanı "G20" toplantısına dəvət etməsi bizim üçün şərəfdir, ilk növbədə ona görə ki, bu dəvət qardaş Türkiyədən gəlib. Azərbaycana göstərilən bu diqqətə görə əziz qardaşıma minnətdaram. Əminəm ki, dostluq-qardaşlıq əlaqələrimiz bundan sonra da uğurla davam etdiriləcək. Bu gün bir çox məsələ müzakirə edildi, qərarlar verildi, nazirlərin öz aralarında görüşləri keçirildi. Əminəm ki, bütün bu məsələlərin həlli bizi daha yaxın edəcək".
Müdafiə sahəsində əməkdaşlığa toxunan dövlət başçısı Azərbaycanın Türkiyədən xeyli silah aldığını söyləyib: "Azərbaycanda birgə hərbi məhsul istehsalı barədə fikir mübadiləsi apardıq. Müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlar var. Keçən il Azərbaycanda birgə hərbi təlimlər keçirildi və bir neçə gün davam etdi. Birgə təlimlər bundan sonra da mütəmadi keçiriləcək. Biz Türkiyənin böyük uğurlarına çox sevinirik, Türkiyə artıq güc mərkəzidir. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da o qədər güclü olacaq".
İlham Əliyev bildirib ki, dünyada Azərbaycan-Türkiyə kimi bir-birinə yaxın ikinci ölkə yoxdur və bu birliyi təsdiq edən bir sıra məqamlar var:
"Bu il Türkiyədə tez-tez olacağam. Aprelin 24-ü Çanakkala zəfərini birgə qeyd edəcəyik. Bu tarixin seçilməsinə görə, öz və Azərbaycan xalqı adından sizə minnətdaram. Müdrik addımdır. Əminəm ki, bizim xalqlar bunu layiqincə qiymətləndirəcəklər.
Görüşdə bir çox məsələlər müzakirə olundu, qərarlar verildi, nazirlər öz aralarında görüşlər keçirdi. Müdafiə sahəsində əlaqələrimiz artır, Türkiyədən çoxlu silah-sürsat alırıq. Artıq Türkiyə ilə birgə Azərbaycanda müdafiə sənayesi məshullarının istehsalı ilə bağlı müzakirə apardıq. Türkiyə dünya miqyasında güc mərkəzidir. O nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq. Müdafiə sahəsində əməkdaşlığın güclənməsi üçün planlarımız var. Hərbi təlimlər mütamadi olaraq keçiriləcək. Prezident daha sonra bildirib:"Azərbaycan və Türkiyə arasında iqtisadi sahədə çox gözəl əməkdaşlıq var".Dövlət başçısı bildirib ki, son illər Türkiyə Azərbaycana, Azərbaycan isə Türkiyəyə milyardlarla dollar sərmayə yatırıb: "2020-ci ilə qədər Türkiyədə Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq".
Prezident İlham Əliyev Türkiyə şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və 10 milyard dollar həcmində layihələr icra etdiklərini nəzərə çatdırıb. O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin icrası enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirəcək: "Biz burada artıq çoxtərəfli əməkdaşlığa qədəm qoyuruq. Türkiyə, Azərbaycan, Gürcüstan və Cənub Qaz Dəhlizinin digər iştirakçıları fəal, birgə fəaliyyət göstərməlidirlər. Gələn ay Bakıda Cənub Qaz Dəhlizinin Birinci Məşvərət Şurası keçiriləcək və Şuranın iclasında layihənin icrası ilə bağlı konkret, dəqiq tövsiyələr veriləcək. Üç il əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla TANAP layihəsinə imza atdıq. TANAP layihəsi əslində Cənub Qaz Dəhlizi layihəsinin bel sütunu, təməlidir. Bizim qəbul etdiyimiz qərar bu gün dünyanın çox böyük layihəsinə çevrilib. Cənub Qaz Dəhlizi və "Şahdəniz" yatağının işlənməsi hazırda Avropanın ən böyük infrastruktur layihəsidir. Bu layihəyə 45 milyard dollar sərmayə qoyulacaq".
İ. Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələrin vaxtlı-vaxtında icra olunacağını vurğulayıb: "Bu gün müzakirə olunan hər bir məsələ özlüyündə nəhəng bir layihədir. TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr strateji əhəmiyyətə malikdir və bu strateji layihələrdə Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Əminəm ki, bütün bu layihələr vaxtlı-vaxtında icra ediləcək".
Prezident İlham Əliyev bu il Türkiyədə Çanaqqala zəfərinin ildönümü və TANAP layihəsinin icrası ilə bağlı tədbirlər keçiriləcəyini söyləyib: "Bu il biz Türkiyədə tez-tez olacağıq. Təbii ki, əziz qardaşımı bir daha Azərbaycana dəvət edirəm. Bizim tez-tez görüşlərimiz keçirilir və bu görüşlər xalqlarımızı, ölkələrimizi daha da birləşdirir".
Dövlət başçısı qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı dünya çapında önəmli bir faktordur və bu faktoru heç kim inkar edə bilməz: "Böhranlı illərdə belə Türkiyə və Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır, dünya miqyasında bizim rolumuz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu da onu deməyə əsas verir ki, gələcək illərdə də Türkiyə və Azərbaycan inkişaf edəcək və biz daha böyük tərəqqi görəcəyik".
Azərbaycan və Türkiyə arasında bir sıra sənədlər imzalanıb.
Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində Azərbaycan və Türkiyə arasında bir sıra sənədlər imzalanıb.
İmzalanan sənədlərdən biri çirkli pulların təmizlənməsi və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasına qarşı məlumat bölüşdürülməsinin artırılması sahəsində əməkdaşlıq protokoludur. Sənəd Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırma Qurumunun sədri İbrahim Hakkı Polad və Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov tərəfindən imzalanıb.
Türkiyənin Gömrük və Ticarət Nazirliyi ilə Azərbaycan Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığı gücləndirmək məqsədilə ortaq komitə qurulmasına dair razılaşma protokoluna Türkiyənin gömrük və ticarət naziri Nurəddin Canikli və Azərbaycanın sənaye və iqtisadi inkişaf naziri Şahin Mustafayev imza atıb.
Daha sonra Türkiyə ilə Azərbaycan arasında yanvarın 15-də Ankarada keçirilmiş Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının nəticələri ilə bağlı birgə bəyanat imzalanıb.
Sənədi Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayiib Ərdoğan imzalayıblar.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59