Bakıda İŞİD təhlükəsi var?
11:24 16-01-2015
İQTİSADİYYAT
Bakıda İŞİD təhlükəsi var?
"İŞİD azərbaycanda terror aktları törədə bilər və bu qorxulu, təhlükəli aktların hədəfi ölkədəki yəhudi mədəniyyət mərkəzləri, sinaqoqlar ola bilər. Bu səbəbdən də həmin obyektlərin mühafizəsi üçün çox ciddi tədbirlər görülməyə başlayıb".
Bu xəbər ölkə mediasında yayıldı və bəlli oldu ki, mənbə Rusiyadakı saytlardan biridir. O da vurğulandı ki, sən demə, "Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi İŞİD təhlükəsini ciddi qiymətləndirərək operativ əməliyyat tədbirləri planı hazırlayıb".
İlk baxışdan çox təlaşlı informasiyadır. Niyə də yox: Bakıda İŞİD-çilər dolaşır, haralarısa hədəfə alıblar, terror aktları hazırlayırlar, bizlərsə bundan bixəbərik və yaxşı ki, uzaqdan xəbərdarlıq gəldi.
Əslində isə bizləri çox sadəlövh insanlar, primitiv kütlə sayırlar, deyəsən.
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması real təhdiddir. Dünyanın artıq nadir ölkəsi var ki, oranın vətəndaşlarından kimsə bu terror axınına, vəhşət yayan, dəhşətli aksiyalarını islam adı ilə pərdələyən nanəciblərin təşkilatına qatılmasın. Myanmadan tutmuş Kanadaya, Çilidən tutmuş, Monqolustana qədər ən müxtəlif ölkələrdən olan radikallar, ekstremistlər, terrorçular İŞİD-ə axışırlar.
Səbəblər barədə çox deyildiyindən və yazıldığından həmin məqamı bir daha təhlil etmək fikrindən uzağam.
Azərbaycanda da İŞİD-in tərəfdarları var. Bəli, belədir və onların arasında Suriyaya, İraqa "vuruşmağa", daha doğrusu, törətməyə çalışdıqları cinayətləri "islam, müsəlmanlıq, ümmə" adı ilə reallaşdırmağa tələsənlər mövcuddur.
Amma bu, Azərbaycanda "İŞİD təhlükəsi"nin reallığı barədə təhlillərə varmağa səbəb ola bilməz.
Sadəcə, statistikaya nəzər salsaq, Kanada vətəndaşları arasında İŞİD-ə qatılanların sayının Azərbaycanla müqayisədə dəfələrlə çox olduğunu görərik. Və ya Britaniya, Hollandiya, Bosniya, hətta Tayvan və ya Çinlə müqayisə olunanda belə, Azərbaycanda İŞİD təhlükəsi anlamına gələ biləcək, yaxud gətirilə biləcək real təşviş səbəbi yoxdur.
Həmişəki kimi, məsələnin obyekti və subyektini bilərəkdən "səhv" salanlar Azərbaycanda dini zəmində toqquşmaların reallığı ilə bağlı təxminlərini, hər şeyi öz adı ilə çağırsaq, arzularını "etibarlı mənbələrdən alınan məlumat"lar kimi mediaya ötürürlər.
Belədirsə, Azərbaycanda gerçəkdən də, İŞİD təhlükəsi varmı?
Azərbaycan multikultural, bütün səmavi dinlərin mənsublarının bərabər hüquqlarla yaşayaraq inanclarına qarşılıqlı sayğı bəslədiyi nadir ölkələrdən biridir.
Bu, hakimiyyətin tələbi və ya iqtidarın istəyi ilə olmayıb. Ölkədəki "azad müxalifətçilər" və sosial şəbəkələrdəki amerikapərəstlər durumun əksini deyərək, "hər şey hakimiyyətin yaratdığı görüntüdür" desələr də, onların iddiaları ən azı absurd təsiri bağışlayır. Hər halda Azərbaycandakı müsəlman ailələr əsrlər əvvəl yəhudilərə qardaş təki yanaşanda, katolik, lüteran və pravoslavların kəndlər salaraq qəsəbələr tikməsinə mane olmayanda, Bakıda kilsələr, kapellalar və məbədlərin inşasına ianələr verəndə nə indiki hakimiyyət vardı, nə də hakimiyyəti sifarişli tənqid edənlər.
Olan tarixi faktlar, keçilən yaşam, bir də unudulmayan hisslərdir.
Həmin hisslər isə Azərbaycandakı bütün dinlərin mənsublarında təhlükəsiz ömür əminliyi yaradıb.
Fars Körfəzi ölkələrindən ixrac edilən vəhhabilik, İrandakı neo-Xomeyni mərkəzlərindən yönəldilən radikal "əhli-kəlam"lar nə qədər radikallıq etsələr də, tərəfdarlarını "əsl din uğrunda mübarizə"yə çağırıb onlarla olmayanları onlara qarşı duranlar adlandırsalar da, ölkədəki tolerantlıq məcburi imperativ yox, həyat tərzidir.
Azərbaycanda ağlı başında olan müsəlman heç bir xristianı "Sən gavursan!" deyərək suçlamır, yerli xristianlar və ya yəhudilər arasında da başı hicablı xanımlarımızı terrorçu sayacaq idiotizmə varanlar hələ nəzərə çarpmayıb.
Belədə, Azərbaycanda qəflətən "real İŞİD təhlükəsi" kimi absurdu gündəmə gətirənləri sadəlövh, primitiv düşüncəli insanlar saymaq olmaz. Sınanmış metodlar və işlək ssenarilərdən yararlananlar bu dəfə oyun müstəvisi qismində ölkəmizi seçiblər.
Azərbaycanı ikinci Livana, Bakını yeni Beyruta çevirmək istəyənlər var və bunu artıq söyləməyin vaxtı çatıb.
Livan Yaxın Şərqin ən tolerant ölkəsi idi, Beyrut isə "Yaxın Şərqin Parisi" sayılırdı.
Müxtəlif dinlər və millətlərin mənsubları "Sidr ölkəsi" adlanan bu məmləkətdə firavan yaşayırdılar.
Ta ki, ABŞ və Britaniyanın maraqları Livanın şimalı ilə cənubunda "rəqib" dövlətlərin maraqları ilə toqquşanadək.
Əvvəlcə Livanın şimalında dini zəmində döyüşlər başlandı, sonra cənubda xristianlarla müsəlmanlar rəqiblərə çevrildilər.
Beyrut savaş meydanına, teraktların qana buladığı məkana döndü. Livan indi dini qruplaşmalarla təşkilatların amansız mübarizə apardığı yerdir və ölkə real parçalanma təhlükəsi ilə yaşayır.
Livan cəzalandırılmışdı, çünki ölkə rəhbərliyi Britaniyanın tələblərini qulaqardına vurmuş, ABŞ-ın əmrlərini yerinə yetirməmişdi. Britaniyalılar livanlıları Yaxın Şərqdəki forpost ölkənin sakinləri statusu ilə barışmağa vadar etmək istəyirdilərsə, amerikalılar bu ölkəni böyük hərbi baza və qonşu dövlətlərə qarşı əməliyyatların hazırlanaraq gerçəkləşdiriləcəyi müstəvi kimi görmək istəyirdilər.
Onu da xatırladım ki, vaxtilə Livan Qərbin regiondakı ən etibarlı müttəfiqlərindən sayılırdı və hətta bir ara ölkənin NATO ilə ən sıx hərbi əməkdaşlıq rejiminə keçirilməsi ilə bağlı danışıqlar da aparılırdı.
Azərbaycanı da Livana çevirmək istəyirlər.
Eynən onillər əvvəl işə salınan ssenari bizə qarşı tətbiq olunur.
Bakı Beyruta bənzədilir, NATO ilə əməkdaşlığın intensivləşdirilməsi müqabilində az qala hər azərbaycanlının həyatının sürəkli nirvanaya çevriləcəyi vəd olunur, Avropa Birliyinin tələblərinin tam, qeyd və şərtsiz yerinə yetiriləcəyi təqdirdə indiyədək görmədiyimiz firavanlıqda, duymadığımız bəxtəvərlikdə yaşayağımız deyilir, ABŞ-ın göstərişlərinin dərhal, maksimal sürətlə gerçəkləşəcəyi zamanda bolluqdan nə edəcəyimizi bilməyəcəyimiz söylənir.
ABŞ və Avropa Birliyinin diplomatları, təşkilatları, fondları, siyasətçiləri eyni məzmunda çıxış edirlər.
Amma Livandan fərqli olaraq, Azərbaycanın hakimiyyəti bu hipnotik seansa aldanmadığından indi oyun qaydaları dəyişib və ölkəyə daxildəki Qərb uşaqları ilə yanaşı, xaricdəki "etibarlı mənbələrdən alınan informasiyalar" vasitəsilə kobud, aşkar təzyiqlər edilir.
Lakin zaman dəyişib və Bakı da Beyrut deyil.
Bu reallıqla barışmaq istəməyənlər isə efemer "İŞİD təhlükəsi", "terakt təhdidləri" kimi dezinformasiyalarla vəziyyəti gərginləşdirmək, Azərbaycanı Qərbdən yardım istəməyə vadar etmək istəyirlər.
Qərb isə bəlli, heç vaxt heç bir ölkəyə təmənnasız yardım etmir və hər belə yardım sonradan ölkənin iqtisadi, siyasi, diplomatik və sosial müstəqilliyinin mərhələlərlə qəsb olunması ilə nəticələnir.
Bundan sonra Azərbaycanda ən müxtəlif "təhlükə"lərin varlığı ilə xəbərlər yayılarsa, təəccüblənməməliyik. Demokratiyanın simasının bəzən çox eybəcər hal aldığı dünyada yaşayırıq axı.
Orxan Hun
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59