Azad Rəhimovun postu uğrunda "böyük savaş" gözlənilir
13:18 16-05-2012
CƏMİYYƏT
Azad Rəhimovun postu uğrunda "böyük savaş" gözlənilir
Bakının 2020 olimpiadasına ev sahibliyi təsdiqlənərsə iri qruplar üz-üzə gələcək
Bir neçə gün əvvəl, daha dəqiq desək, mayın 10-da Yunanıstanda Olimpiya məşəlinin yandırılma mərasimində iştirak edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov "Reuters" agentliyinə müsahibə verib.
Nazir Bakının 2020-ci il Yay Olimpiya Oyunları uğrunda mübarizədə Bakının qalib gəlmə şanslarının yüksək olduğunu bildirib. Bu zaman iddiaçı ölkələrin bəzilərində iqtisadi böhranın hökm sürməsini, bəzilərinin isə digər beynəlxlq idman yarışlarına (əsas iddiaçılardan olan Türkiyə həm də futbol üzrə 2020-ci il Avropa Çempionatına ev sahibliyinə namizədliyini irəli sürb-red.) ev sahibliyi etmək istəklərini göstərib. Azad Rəhimov digər bir arqument kimi də son illər Azərbaycan idmanının inkişafına böyük vəsaitlər yatırılmasını göstərib.
Nazir bildirib ki, son 10 ildə Azərbaycan idmanının inkişafına 1 milyard dollardan artıq vəsait yatırılıb.
"Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi dəqiqləşərsə, qarşıdakı illərdə idman sektoruna ayrılan pulların məbləği bundan bir neçə dəfə çox olacaq". Bunu isə nazirin açıqlamasına şərh verən adının çəkilməsini istəməyən etibarlı mənbə bildirib.
Mənbə daha sonra olduqca ilginc təxminini irəli sürüb: "Burada ən maraqlı nüanslardan biri isə ondan ibarətdir ki, Azərbaycan paytaxtı 8 il sonra təşkil olunacaq Yay Olimpiya Oyunlarına ev sahibliyi edərsə, yəni namizəd şəhərlər arasından Bakı üzərində dayanılması dəqiqləşərsə, bu, hakimiyyət daxilindəki qrupların Azad Rəhimovun postu uğrunda savaşa başlamasını şərtləndirəcək".
Qaynağımız bunun sadə bir təxmin olmadığını, eyni zamanda hakimiyyət daxilindəki ümumi əhval-ruhiyyə barədə yaxşı bilgili olması ilə izah edib: "Təcrübə göstərir ki, hansı nazirlik ətrafında iri pullar dövr etməyə başlayırsa, həmin nazirliyin rəhbəri postu uğrunda iqtidar daxilindəki güc mərkəzlərinin savaşı başlayır. 2020 Yay Olimpiya Oyunlarına Bakı ev sahibliyi edərsə, idmana ayrılacaq milyardlara nəzarət, onların yönləndirilməsində Gənclər və İdman Nazirliyinin payı çox olacaq. Həmin payı isə ayrı-ayrı iri oliqarxların öz nəzarətində görmək istəməsi təbiidir".
Qaynaq məsələnin yalnız maliyyə faktoru ilə sınırlanmadığını da önə çəkir: "Burada başqa faktor da var. Bu da ondan ibarətdir ki, Yay Olimpiya Oyunlarının təşkili ilə bağlı gənclər və idman naziri postunun siyasi çəkisi də artacaq. Bu, həmin postun əhəmiyyətini xeyli dərəcədə artıracaq. Belədə isə gənclər və idman nazirini öz qruplaşmasına daxil edən, yaxud həmin nazir postuna öz adamının təyinatına nail olan qruplaşma eyni zamanda iqtidar içindəki gücünü də artırmış olacaq, təsir imkanlarını genişləndirmək fürsəti də qazanacaq".
Onu da deyək ki, Bakının 2020 Yay Olimpiya Oyunlarına namizədliyi məsələsinin əslində ciddiyyətdən uzaq bir təşəbbüs olduğuna dair də çeşidli rəylər var. Belə düşünənlər hesab edirlər ki, Azərbaycan paytaxtının yaxın onilliklərdə Olimpiya Oyunlarına ev sahibliyi etmək şansı sıfıra yaxındır; belə bir vəziyyətdə Azad Rəhimovun optimizmi gülüş doğurur. Hesab olunur ki, gənclər və idman naziri "Bakı-2020" iddiasını ortaya atmaqla əslində idman sektoruna qarşıdakı illərdə büdcə ayırmalarının və əlavə vəsaitlərin daxilolmalarının artırılmasına çalışır. Bu isə 10 ildə idmana xərclənən 1 milyardın taleyi kimi sonluq vəd edir: yüksək korrupsiya şübhəsi!
Qeyd edək ki, müstəqil ekspertlərin bir çoxu əmindir ki, son 10 ildə Azərbaycan idmanının inkişafına 1 milyard dollardan artıq vəsait yatırılması barədə gənclər və idman nazirinin söylədiklərinə şübhə etmək çətindir, amma indiyədək idmanın inkişafı adı altında xərclənən 1 milyard dolların heç 30 faizi təyinatı üzrə xərclənməyib. Bugünədək dəfələrlə bu istiqamətdə iddia və ittihamlar səslənsə də, adıçəkilən nazirliyin onların heç birini təkzib etməməsi də maraq doğurur.
Bir sözlə, idmanı belə korrupsiyalaşmış Azərbaycanın 2020 Yay Olimpiya Oyunlarına iddiası qarşıdakı maraqlı proseslərin cərəyan etməsinə işarədir. Biz əlbəttə ki, 8 il sonrakı Yay Olimpiadasının ölkəmizdə keçirilməsini çox arzulayır və bu, reallaşacağı təqdirdə də bunun misilsiz hadisəyə çevriləcəyini bilirik.
Sadəcə, istəyimiz, "Bakı-2020" təşəbbüsünün iqtidar içindəki bəzi qruplar tərəfindən öz maraqlarının təminatı vasitəsinə çevrilməməsidir. Bu istəyimizin reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06