İdeologiyanın siyasi fəallığa təsiri
12:20 10-02-2015
SİYASƏT
İdeologiyanın siyasi fəallığa təsiri
Bu gün Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri də insanların hüquq və azadlıqlarının qorunması, həmçinin siyasi və sosial fəallığının artırılmasıdır. Həqiqətən də düşündürücü sualdır, vətəndaşların siyasi və sosial fəallığının artırılması üçün nələr edilməlidir? Ekspertlər hesab edir ki, siyasi və sosial fəallığın yaradılması və aktivliyi üçün bir sıra mühüm şərtlər vacibdir.
Amma bunların sırasında daha vacibi vətəndaşın təmsil olunduğu dövlətin ciddi ideoloji bazaya sahiblənməsidir. Yəni ideoloji baza olmazsa yaradılan siyasi fəallıq ötəri xarakter daqşıyacaq və daha çox dağıdıcılıq rolunu oynayacaq. Götürək elə qonşu Ermənistanı. Bu günə qədər Ermənistanın, erməni toplumunun köklü bir ideoloji xətti olmadığından bu topluda yaradılan siyasi fəallıq dağıdıcılıq missiyasını üzərinə götürüb və bu səbəbdən regionda ciddi təhlükəyə çevrilib. Məsələn, bu gün Ermənistan qonşuluğunda olan Gürcüstana, Azərbaycana, Türkiyəyə torpaq iddiasındadır və hər məqamda düşmənçiliklə məşğul olmağa çalışılır. Çünki dövlətin və toplumun özünün ideoloji bir bazası yoxdur və yaradılan siyasi aktivliyin faydalı iş əmsalı sıfır olan işə çevrilir.Maraqlıdır, bəs Azərbaycanda mövcud olan azərbaycançılıq ideologiyası toplumun siyasi fəallığının artırılmasına hansı formada təsir edə bilir? Bununla bağlı "Unikal"a açıqlama verən ekspert Anar Turan bildirir ki, hər bir xalqın vahid məram və məqsəd ətrafında birləşərək inkişaf yolunu düzgün müəyyənləşdirməsi ilk növbədə, milli ideologiya ilə sıx bağlıdır. Azərbaycan dövlətinin milli ideologiyasının özəyini və əsasını təşkil edən isə azərbaycançılıqdır. "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi olan Anar Turan deyir ki, bu gün Azərbaycanda azərbaycançılıq mövcuddur və bu ideologiyanın bəlli birləşdirici prinsipləri var:" Azərbaycançılıq ideologiyasının mahiyyəti çox böyükdür. Bütün qədim mənbələrdə Azərbaycan adı çəkilir. Bu coğrafiyanın, bu ərazinin məhz Azərbaycan olduğu bildirilir. Və bu coğrafiyada yaşayan xalqın bir əsas dili var. Türk dillərinin bir qolu olan Azərbaycan dili. Yəni milli və ərazi baxımdan kiçik göstəricilərə malik deyilik. Bu isə bizə gələcəyə doğru böyük hədəflərimizə çatmaqda çox böyük şanslar yaradır. Lakin ən böyük problem budur ki, biz tarixi torpaqlarımızın bəlkə də səksən faizini itirmiş, onun iyirmi faizində dövlət qurmuş xalqıq. Bizim tarixi torpaqlarımız müxtəlif qonşularımızın hakimiyyəti altındadır. Lakin buna da sevinmək lazımdır ki, bu gün bizim müstəqil dövlətimiz var. Əlbəttə ərazicə sahib olduqlarının az bir qismində yerləşsə də, nəticədə müstəqildir. Bu çox böyük nəticədir. Təkcə bu amil digər ölkələrdə və qonşu dövlətlərin tərkibində yaşayan azərbaycanlılar üçün əsl stimuldur. Bu, onlar üçün qürur mənbəyidir. Çünki, onların dövləti var. Onları qoruyan dövlət var. Bax belə məqamda dövlətçiliyin nə demək olduğunu anlayırsan. Bayrağın, gerbin, himnin, milli ordunun nə olduğunu anlayırsan. Çünki bu varlıqlar səni təmsil edir. Sən onlara söykənirsən, onlar isə sənə dayaq olur. Şübhəsiz belə məqamda milli dəyərlərimizi, milli bütünlüyümüzü qorumaq, təmin etmək üçün azərbaycançılıq ideologiyası bizə çox böyük dəstək olur. Bu ideologiyanın sayəsində biz özümüzü qürbətdə, əcnəbi ölkələrdə də layiqincə təmsil edirik. Birləşirik, sözümüzü deyirik, təşkilatlanırıq, həqiqətlərimizi, acılarımızı bərabər bölüşürük. Bu isə bizim gücümüzü müəyyənləşdirir. Azərbaycançılıq ideologiyası xalqımızın gücünü müəyyənləşdirir. Əlbəttə bunun faydasını görmək üçün ilk öncə təşkilatlanmaq və bunun üçün lazım olan addımları atmaq gərəklidir. Təşkilatlanmaq yalnız sözdə deyil, əməldə, iş birliyində konkret olaraq birimizin digərinə dəstəyində hiss olunmalıdır. Üstəlik tariximizi, dəyərlərimizi öyrənməliyik, təbliğ etməliyik ki, indiki qloballaşan dünyada bizə məxsus olanları itirməyək". Anar Turan bunu da bildirir ki, bir cəmiyyətdə siyasi fəallığın artması daha çox gənclər arasında müşahidə olunmalıdır və gənclərin ümumilikdə bu proseslərə təsiri olmalıdır:" Gənclər böyük qüvvədir. Gənclik bütün
zamanların ən böyük təbii silahı olmuşdur. Bütün müharibələr tarixən gənclərin üzərində qurulub və onların iştirakı ilə yekunlaşıb. Fiziki göstəricilər, intellekt, innovasiyalardan istifadə bacarığı bütün zamanlarda gənclərin daha çox payına düşmüşdür. Bu baxımdan şübhə yoxdur ki, təşkilatlanma işində də gənclər daha geniş müstəvidə hərəkət edə bilər. Azərbaycançılıq ideologiyası gəncliyimizin gələcək dinamikasını milliləşdirən düsturdur desəm, yanılmaram. Təsəvvür edin ki, biz müstəmləkə şəraitində yaşayırıq əvvəlki kimi. Orada hansısa gənc uzaqbaşı hansısa vəzifəyə yiyələnmək üçün, yaxud da ənənəvi sovet yazıçılarından fərqlənməyən bir ada sahib olmaq üçün çalışır. Sizcə bu böyük bir millətin gənci üçün məqsədyönlü olmağın səbəbi ola bilərmi ? Məncə yox! İndi gənclərimiz əmindirlər ki, onlar nə etsələr, müstəqil dövlətimiz üçün edirlər, bu yolda onlar yüksəlsələr də faydanı başqa bir millət deyil, məhz öz millətimiz, dövlətimiz götürəcəkdir. Bu mənada azərbaycançılıq ideologiyasının təbliğində gənclərimizin rolunu yüksək görmək zəruridir. Həm bu ideologiyanı onlara təbliğ etmək, həm də onlar vasitəsilə azərbaycançılıq məfkurəsini daha da yaymaq. Bu gün minlərlə gəncimiz xarici ölkələrin universitetlərində təhsil alır, Azərbaycanın adını təmsil edirlər. Əlbəttə, onlar nə qədər bu ideologiyanı yaxşı bilsələr, bir o qədər daha sanballı fəaliyyətlə, millətimizin adına ucalıq gətirən əməllərlə fərqlənəcəklər. Azərbaycançılıq ideologiyasının təməl prinsipi müstəqil Azərbaycanın varlığıdır. Bu isə XX əsrdə biz Şərqdə öz müstəqilliyimizi elan etdikdən sonra rəsmi səviyyəyə qaldırılaraq elan olundu. Əlbəttə qaraguruhun, cəhalətin tüğyan etdiyi Şərq ölkələrində ilk demokratik dövlət yaratmaq əvəzolunmaz bir nailiyyətdir. Hətta biz bir sıra Qərb ölkələrindən daha tez bu sistemə keçmişik, demokratik, insan haqlarına önəm verən qanunları qəbul etmişik. O dövrün böyük ziyalıları başda Həsən bəy Zərdabi olmaqla Seyid Əzim, Sabir, Mirzə Cəlil, Haqverdiyev, Məhəmməd Hadi, Ə.Ağaoğlu, Əli bəy Hüseyzadə, M.Ə.Rəsulzadə, F.Xoyski, Ə.Topçubaşov, N.Yusifbəyli və başqaları müqəddəs missiya hesab olunan maarif və dövlət yaratma məsuliyyətini öz üzərilərinə götürdülər. Cümhuriyyət az da olsa xalqımıza müstəqilliyi dadızdıra bildi. Doğrudur, sovet işğalı nəticəsində cümhuriyyət az yaşadı. Müstəmləkə vəziyyətinə düşdük. Lakin 1991-ci ildə biz yenidən öz müstəqillyimizi bərpa etdik. Və azərbaycançılıq ideologiyasının təşəkkülünə yenidən ehtiyac yarandı. Hazırda da sürətlə inkişaf edən ölkəyə çevrilmişik. Şübhəsiz ki, bu inkişafın təmin olunmasında, azərbaycançılıq ideologiyasının ərsəyə gəlməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycan müstəqilliyini möhkəmləndirmək, onun siyasi və iqtisadi əsaslarını yaratmaq, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılığın irəli sürülməsi əsas şərtə çevrilmişdir. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir. O deyirdi ki: "Hər yerdə azərbaycanlılar olanda Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətini, torpağını, ana vətəni unutmayasan". Bax budur azərbaycançılıq. Azərbaycançılıq, eyni zamanda Azərbaycan ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. Professor Nizaməddin Şəmsizadə "Azərbaycançılıq
ideologiyası" əsərində haqlı olaraq qeyd edir ki, azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. Beləliklə, azərbaycançılıq milli-mənəvi varlığın ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq, Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır".Beləliklə qeyd etmək lazımdır ki, ümumilli lider Heydər Əliyev tərəfindən sistemləşdirilirək dövlət ideologiyasına çevrilən azərbaycançılıq sözün həqiqi mənasında Azərbaycan vətəndaşının yaşam tərzini müəyyənləşdirən, siyasi aktivliyini tənzimləyən bir bazaya çevrilib.
Digər Xəbərlər
2024-12-25 23:55:58
2024-12-25 22:51:58
2024-12-25 22:10:12
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48