İnsanların siyasi fəallığının artırılması üçün nümunəvi addım
10:34 13-02-2015
SİYASƏT
İnsanların siyasi fəallığının
artırılması üçün nümunəvi addım
Bu gün cəmiyyətdə insanların sosial və siyasi aktivliyinin artırılması mühüm məsələ olaraq gündəmdədir. Ekspertlərin fikrincə siyasi fəallığın artırılması cəmiyyətin inkişafı ilə sıx bağlıdır və bu səbəbdən hakimiyyətlər bu məsələyə həssas yanşmalıdırlar. Maraqlıdır, bəs Azərbaycanda bu sahədə durum necədir? "Unikal"ın apardığı araşdırmalar sübut edir ki, son bir neçə il ərzində ölkədə sosial və siyasi aktivlik kifayət qədər artıb və bu artımın başlıca səbəbi hakimiyyətlə vətəndaş cəmiyyətinin birgə əməkdaşlığıdır.
Bu baxımdan Heydər Əliyev Fondunun həyata keçirtdiyi kampaniyaları xüsusi olaraq qeyd etmək lazımdır. Bu baxımdan reallaşdırılan "Xocalıya ədalət"kampaniyasını xüsusi olaraq qeyd etmək lazımdır. Məhz bu kampaniyanı fond həyata keçirəndən sonra cəmiyyətdə də bir tərpəniş yarandı ki, bu da sosial aktivliyin artması deməkdir. Gəlin elə bununla bağlı sonuncu prosesə baxaq. Belə ki, "Xocalıya ədalət" beynəlxalq məlumat kampaniyası çərçivəsində bu faciəni törətmiş cinayətkarların hüquqi məsuliyyətə cəlb edilməsi üzrə petisiyaya start verilib. Petisiyada Xocalıda baş verən kütləvi qırğının 53 ölkəni təmsil edən Parlament İttifaqı, 7 ölkə parlamenti və ABŞ-ın 16 ştatının qanunverici orqanı tərəfindən "insanlığa qarşı cinayət" və "soyqırım aktı" kimi tanınması qeyd olunur. Xüsusilə, bu sənəddə son zamanlar 100 il öncə baş verən hadisələrə istinad edən erməni lobbisi və onların maliyyələşdirdiyi təbliğatçıların Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətindən gizlətməsi cəhdləri göstərilir.Dünya liderlərinə, KİV-lərə, bütün vicdanlı insanlara ünvanlanan bu petisiyada Xocalı faciəsini törətmiş adamların cinayət məsuliyyətinə cəlb edilməsi və faciəni "insanlığa qarşı cinayət" və "soyqırım aktı" kimi qiymətləndirilməsi çağırışı edilir.Petisiyanı imzalamaq istəyənlər bu linkə daxil ola bilərlər. http://goo.gl/xbenPO
"Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb və hal-hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb. Bundan başqa hakimiyyət də cəmiyyətin siyasi və sosial aktivliyini təmin etmək üçün real addımlar atıb. Sözsüz ki, bir ölkədə insanların siyasi və sosial inkişafı, aktivliyi üçün siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin formalaşması əsas şərtdir. Bunu nəzərə alaraq mövcud hakimiyyət öncəliklə Qeyri Hökumət Təşkilatlarının dövlət tərəfindən maliyyələşməsi problemini həll etdi. Daha sonra isə dövlət büdcəsindən siyasi partiyaların maliyyələşməsi məsələsi gündəmə gəldi və təsdiq olundu. Bununla da siyasi partiyaların formalaşması tarixində yeni mərhələ başladı. Bu gün isə hakimiyyət siyasi partiyaların cəmiyyətdə rolunu artırmaq üçün növbəti addım atıb. Belə ki, ayda bir dəfə müxalifət partiyaları ilə hakimiyyətin dialoqu təşkil edilir ki, bu da özlüyündə cəmiyyətin siyasi aktivliyinə müsbət təsirini göstərir. Belə görüşlərdən sonuncusu isə daha maraqlı olub və əsas məqsədlər elan edilib. "Bugünkü görüşdə tərəfləri maraqlandıran bütün mövzuları müzakirə elədik, partiya sədrləri öz fikirlərini səsləndirdilər. Əlbəttə, fərqli fikirlər də səsləndi, amma ümumi razılaşma ondan ibarət oldu ki, Prezident Administrasiyasının nümayəndəsi - yəni siyasi partiyalarla işləyən strukturun rəhbəri olan mənimlə partiya rəhbərlərinin görüşü aktual hesab olunsun və davam etsin".Bu fikirləri Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir sıra müxalifət partiyasının rəhbərləri ilə görüşün nəticələrini şərh edərkən deyib.Şöbə müdiri qeyd edib ki, bundan sonra iki aydan bir bu formatda görüş keçiriləcək: "Xalqı, hakimiyyəti, daxili və xarici institutları narahat edən məsələləri əvvəldən razılaşdırılmış şəkildə müzakirə edəcəyik".
Ə. Həsənov deyib ki, görüşün formatı məsələsi də müzakirə olunub: "Qərara gəldik ki, aktiv siyasi fəaliyyət göstərən hər bir partiya bu görüşdə iştirak edə bilər. Buraya təşrif buyuranlar elə aktiv siyasi fəaliyyət göstərənlərdır. Bir neçəsi gəlməyib, halbuki onlara da dəvət göndərilmişdi. Yəqin bəlli səbəblərdən bu dəfə qatıla bilməyiblər, gələcəkdə qatılacaqlar. Qapılarımız onlara da açıqdır. Ümumilikdə, bu görüşlərdə partiyaların sayı 16-20 arasında dəyişir".
PA rəsmisinin sözlərinə görə, razılıq əldə olunan digər məsələ ondan ibarət olub ki, müzakirəyə çıxarılacaq tematikalar əvvəlcədən müəyyən edilsin: "Qərara gəlindi ki, hansı məsələlərin müzakirə olunacağına dair siyahı hazırlansın, siyahı bütün partiyalara göndərilsin, partiyaların seçimi əsasında mövzu müəyyənləşdirilərək növbəti görüşdə müzakirəyə çıxarılsın. Xocalı soyqırımından tutmuş, seçkilərə qədər ən müxtəlif mövzular təklif olundu. Bütün ictimai-siyasi mahiyyətli mövzuların görüşlərdə müzakirəyə çıxarılması tövsiyə edildi. Digər razılaşdırdığımız məqam odur ki, görüşdə müzakirə olunan məsələlərin cəmiyyətdə də müzakirəsini təmin edək. Azərbaycan hakimiyyətinin, prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, QHT-lər, siyasi təşkilatlar, mətbuat orqanları dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etsin, Azərbaycan şəffaf cəmiyyətə malik olsun, siyasi islahatlar davam etdirilsin. Bunun üçün belə görüşlər, müzakirələr vacibdir". "Biz QHT-ləri qərbyönümlü, şərqyönümlü olmalarına görə təsnif etmirik. Azərbaycanda qeydiyyatdan keçmiş, qeydiyyatdan keçməmiş, eyni zamanda şəffaf və qeyri-şəffaf fəaliyyət göstərən qeyri-hökumət təşkilatları var. Bununla yanaşı, fəaliyyətlərində QHT haqqında qanunvericiliyi rəhbər tutan QHT, eyni zamanda sifarişlə işləyən QHT mövcuddur. Bizim təsnifat bu şkala üzrə aparılır və onların hər birinə yanaşma da buna uyğun formalaşır".Bu fikirləri də Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənovun sözlərinə görə, Azərbaycan hökuməti istəyir ki, ölkədə hər bir təşkilatın fəaliyyəti şəffaf olsun, hər bir təşkilatın fəaliyyətində qanunlara sayğı, hörmət göstərilsin.
Şöbə müdiri əfv prosesinə də münasibət bildirərək, bunun davamlı olacağını qeyd edib: "Əfv mütəmadi davam edən prosesdir, Əfv Komissiyası da mütəmadi fəaliyyət göstərən bir qurumdur. Əfv prosesi bundan sonra da davam edəcək".Ekspertlərin fikrincə belə dialoqların təşkili özlüyündə bir tərəfdən siayasi və sosial aktivliyin təmin edilməsidirsə, digər tərəfdən cəmiyyətdə bir barış ovqatı yaratmaq təşəbbüsüdür. Bildiyiniz kimi bir cəmiyyətdə ciddi parçalanmalar olursa bundan kənar qüvvələr maksimum dərəcədə yararlanmağa çalışır. Uzağa getməyək elə götürək Ukraynanı. Bu gün faktiki olaraq dövlətçiliyini itirən Ukraynanın yeganə problemi cəmiyyətdə barış ovqatının olmamasıdır. Bunu görən Rusiya və Avropa isə Ukraynanı az qala əyalətlərə böldülər. Bu baxımdan hazırda Azərbaycanda bir barış mühitinin yaradılması ciddi məsələdir. Çünki erməni lobbisi istənilən addımda Azərbaycana zərbə vurmağa çalışır və bunun üçün bəzi beynəlxalq təşkilatlardan və Azərbaycandakı müəyyən qüvvələrdən istifadə edirlər. Elə Leyla Yunusun rəhbərliyi ilə Azərbaycanda bir erməni şəbəkəsinin yaradılması da buna misaldır. Bunu da qeyd edək ki, son zamanlar ABŞ-da fəaliyyət göstərən erməni lobbisi aktivləşib və Azərbaycanla ABŞ arasında ciddi qarşıdurma yaratmağa cəhd edirlər. Amma PA rəsmisi bildirir ki, iki ölkə arasında heç bir problem yoxdur:" Ayrı-ayrı hüquq müdafiəsi təşkilatları, fikir formalaşdırma mərkəzləri nələrisə müşahidə edə bilər. Amma Azərbaycanla Amerika arasındakı münasibətlər həm beynəlxalq sülh yaratma proseslərində, terrorizmlə mübarizə sahəsində, həm də beynəlxalq enerji təhlükəsizliyi məsələlərində, Xəzər dənizinin və Cənubi Qafqazın transmilli kommunikasya xəttlərinin birgə istismarında davam edir. O cümlədən Azərbaycanla ABŞ arasında iqtisadi, siyasi, sosial sahədə münasibətlər davam edir. Bəzi dairələr var ki, bu münasibətləri kəsməyə çalışır. Onlar Amerika mətbuatında ara-sıra Azərbaycanla bağlı neqativ yazılar dərc etdirir. Bu yazıların da hazırlanması bir qayda olaraq real gerçəkliyi deyil, ayrı-ayrı mərkəzlərin sifarişləri əsasında həyata keçirilir. Biz bunun qarşısını almağa çalışırıq.
ABŞ Dövlət Deprtamentinin Azərbaycanla bağlı dinləmələrinə gəlincə isə, Ə.Həsənov bunu normal qarşıladığını deyib: "Bizim parlament də ABŞ-la bağlı dinləmələr keçirir, QHT-lər də həmçinin. Lazım olsa biz də hökumət olaraq analoji dinləmələr keçirə bilərik. Siyasi plüralistik ideyaların hökm sürdüyü dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. ABŞ-da Azərbaycan həyatını olduğu kimi təhlil etsinlər, biz də olduğu kimi Amerika cəmiyyətindəki hadisələri təhlil edib, münasibət bildiririk. Amma belə dinləmələrin bir prinsipi var. Müzakirələrə ancaq anti-Azərbaycan qüvvələri deyil, eyni zamanda Azərbaycandakı mövcud vəziyyəti həqiqətən bilən insanları da dəvət etmək lazımdır ki, müzakirələr birtərəfli yox, neytral keçsin". Məhz belə bir məqamda siyasi aktivliyin artması xarici qüvvələrə işləyən birlikləri sıradan çıxardacaq. Çünki siyasi aktivliyin artması həm də onunla müşahidə olunur ki, cəmiyyət ətrafında baş verənlərə biganə deyil və hakimiyyətin tutduğu siyasi xətti dəstəkləyir.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35