Parlamentdə beynəlxalq təşkilatlar ittiham olundu
Zahid Oruc birləşdirilməsi vacib olan qurumların adlarını açıqladı
Deputat Zahid Oruc idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan prezidentinin apardığı islahatları müsbət qiymətləndirib. Milli Məclisin iclasında bu cür islahatların davamlı olacağına inandığını vurğulayaraq bir neçə təkliflə də çıxış edib: "Hesab edirəm ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Qulluğu Məsələləri Komissiyasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənayə Nazirliyinə birləşdirilməsi əhəmiyyətli olardı. Bu o demək deyil ki, həmin qurumlar birləşdirilərsə, işçilər ixtisara salınacaq, ştatlar ləğv olunacaq. Onlar öz ixtisaslarına görə işlə təmin olacaqlar".
Spiker Oqtay Əsədov isə deputata ironiya ilə avab verib. "Siz həm deyirsiniz ki, bu işlər prezident tərəfindən həyata keçirilir, həm də özünüz həmin işləri burada müəyyənləşdirirsiniz..."
"Azərbaycan qazının Avropaya gec çıxarılmasını istəyən qüvvələr var"
Deputat Vahid Əhmədov fevralın 12-də Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilən ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasın;n keçirilməsinə münasibət bildirib.
Vahid Əhmədov Milli Məclisin iclasında bu barədə danışarkən söyləyib ki, bəziləri "Cənub Qaz Dəhlizi" layihəsinin realaşmasına problem yaratmaq istəyirlər:
"Son zamanlar bu layihəyə problem yaratmaq istəyini müşahidə etmək olar. Rusiya "Cənub axını" layihəsi əsasında öz qazını Avropa bazarına çıxarmaq istəyir. Türkiyənin enerji naziri də ayda iki dəfə Rusiyada səfərdə olur. Bəzən qazın qiymətinə yenidən baxılacağı haqqında da Rusiya tərəfindən açıqlamalar verilir. Fikrimcə, burada məqsəd odur ki, Azərbaycan qazını mümkün qədər Avropaya gec çıxarsın. Deputatlar xaricdə səfərdə olanda bu haqda da danışmalı və bildirməlidirlər ki, bu, Avropa üçün də əhəmiyyətlidir. Neft hasilatının aşağı düşməsi fonunda qaz layihəsi bizim üçün çox vacibdir".
Qənirə Paşayeva cəbhə kəndlərinin sakinləri ilə bağlı məsələ qaldırdı
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində törətdiyi vandalizm aktlarından danışıb. O bildirib ki, Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq 100-ə yaxın evi silahlarla hədəfə alıb.
"6 nəfərlik bir ailənin - Nəbiyev İsmayıl Əkbər oğlunun evini silahlarla hədəfə alaraq yandırıblar. Atəş ataraq yanğını söndürməyə gələn yanğınsöndürənlərə belə, evi söndürmək imkanı verməyərək, bütün qeyri-insani əməllərə əl atıblar. Bundan başqa kənd sakini Əliyeva Xatirə Tofiq qızı evlərinin silahlarla atəşə tutulması istiqamətində yaralanıb".
Xatirə Əliyevanın evində pəncərədən daxil olan güllə ilə yaralandığını və müalicə aldığını deyən millət vəkili Qənirə Paşayeva ATƏT-in Minsk Qrup həmsədrlərini Ermənistanın bu cür qeyri-insani əməllərinə qarşı etiraz səslərini ucaltmamaqda, bunu pisləyən açıqlamalar verməməkdə ittiham edib. Onun sözlərinə görə, nə həmsədrlər, nə bu ölkələrin buradakı səfirləri, nə insan haqlarından danışan beynəlxalq təşkilatlar və onların Azerbaycandakı ofisləri məsələylə bağlı etiraz bildiriblər.
"Mən beynəlxalq təşkilatları, onların buradakı təmsilçilərini dəvət edirəm, getsinlər Ermənistanın atəşkəsi pozaraq evlərini yandırdığı, dağıtdığı, öz evinin içində güllə ilə yaraladıqları insanlarla görüşsünlər və Ermənistanın mülkü vətəndaşlara qarşı bu vandalizm aktlarına susmasınlar və öz etiraz səslərini ucaltsınlar, buna qarşı tədbirlər görsünlər".
Ön cəbhəmizi qoruyan əsgər və hərbçilərimizin Ermənistanın təxribatlarına, mülkü vətəndaşları hədəf almasına layiqli cavab verdiyini deyən millət vəkili buna baxmayaraq Ermənistanın mülkü vətəndaşlara qarşı vandalizm aktlarından əl çəkmədiyini söyləyərək, bir sıra təkliflərlə çıxış edib. O deyib ki, Ermənistan Silahlı Qüvvələrinin birbaşa hədəfə aldığı ailələrin evlərinin qarşısında istehkam divarlarının tikintisi daha da surıtlənməlidir.
Bu istiqanətdə işlərin getdiyini deyən Qənirə Paşayeva Bərpa agentliyini və müvafiq dövlət qurumlarına müraciətlə bildirib ki, Tovuzda ön cəbhəyə çox yaxın yerləşən ailələr, yaralanmış insanlar xahiş edirlər ki, tikilən qoruyucu bütün evləri əhatə etsin. Millət vəkili eyni zamanda Əlibəyli kimi kəndlərdə sığınacağ tikilməsi və Ermənistanın atəşkəsi qəfil pozması zamanı ən öndə yaşayan insanların təhlükəsizliyi üçün bunu vacibliyini bildirib.
Deputat ön cəbhə kəndlərində yaşayan ailələrin evlərinin təcili sığortası məsələsinin öz həllini tapmasının vacibliyini vurğulayıb.
"Müharibə şəraitində yaşayan ölkə olaraq, bizə qəhrəmanlıq nümunələri vacibdir"
"Son dövrlər mətbuatda,kütləvi informasiya vasitələrində,telekanallarda Azərbaycan tarixi və tarixi şəxsiyyətlər haqqında bir sıra proqramlar hazırlanır,müzakirələr aparılır.Bu diskussiyalar xüsusilə son illərdə populyarlaşan müxtəlf sosial şəbəkələrdə davam etdirilir.Şəxsən mənim fikrimcə,bu fakt öz-özlüyündə xeyli müsbət bir hadisə sayılmalıdır.Əsasən əyləncə xarakterli verilişlərin yayınlandığı,müzakirələrin bəsit mövzularda olduğu məlumdur.Bu baxımdan təbii ki,ciddi,tarixi mövzuların gündəmə gəlməsi alqışlanmalıdır.Bu cür müzakirələr lazımdır və cəmiyyət tərəfindən də müşahidələrimiz göstərir ki,marağa,canlanmaya səbəb olub".
Bunu deputat Leyla Abdulayeva deyib. O bildirib ki, tariximizə yanaşma, tarixi şəxsiyyətləri qiymətləndirmə sualları meydana çıxır.
"Suallar yaranır ki,bu və ya digər tarixi şəxsiyyətə qiymət verilərkən hansı meyarlar əsas götürülür,tarixi qəhrəmanlarımıza hansı krtiteriyalar əsasında fikir bildirilir? Xüsusilə unutmaq lazım deyil ki,biz müharibə şəraitində yaşayan ölkəyik.Bizə qəhrəmanlar,qəhrəmanlıq nümunələri vacibdir.Əslində bizim tarixdə belə qəhrəmanlar çox olublar,onların azlığından da heç vaxt əziyyət çəkməmişik.Sadəcə indi onlara qarşı belə təftiş etmə,təftişçilik meylləri hesab edirəm ki,yersizdir.Şəxsiyyətləri müzakirə etmək və onları təftiş etmək,hesab edirəm ki,fərqli şeylərdir"
Xanım deputat söyləyib ki, bu kontekstdə digər məsələ tarixi şəxsiyyətləri bu günün prizmasından qiymətləndirmək cəhdləridir.Tarixə bu günün şərtləri daxilində baxmaq düzgün sayıla bilməz.Bizim tariximizdə olan istər dövlət,istər hərbi,istər fikir və yaradıcılıq adamlarına da öz dövrünün şərtləri daxilində qiymət verməliyik.Orta əsrlərdə yaşamış şəxsə 21-ci əsr şərtləri ilə fikir bildirmək qeyri-obyektivliyə gətirib çıxara bilər.Və ya 30-cu illərdə yaradıcılıqla məşğul olan adamlara 2015-ci il şərtlərində qiymət vermək nə dərəcədə düzgündür.Digər məsələ də Azərbaycan tarixində böyük rol oynamış insanların etnik köklərinin araşdırılması və qabardılması məsələsidir. Bilirsiniz,bu əlbəttə elmi cəhətdən maraqlıdır,amma bu bizim üçün,bu gün üçün nə verəcəkdir sualını da səsləndirmək lazımdır. Şəxsin Azərbaycan uğrunda və Azərbaycan üçün xidmət göstərməsi,vuruşması önəmlidir,daha əhəmiyyətlidir ,bax bu məsələ vurğulanmalıdır.Bu cür müzakirələrdə adətən ortaq nöqtəyə gəlmək mümkün deyil və bir çox hallarda belə də olur.Hər tərəf özünü haqlı bilir,müzakirələr mübahisələrə çevrilir,xoşagəlməz hallara da keçə bilir. Əslində isə həqiqəti araşdırmağı tarixçilərə buraxmaq da elə ən yaxşısı olardı.Cəmiyyət,ziyalı və vətəndaşlar isə bir suala cavab verməlidirlər-konkret tarixi şəxsdən bu gün hansı nümunə götürülə bilər,bu gün o bizə nə verə bilər,bu günümüz üçün onun xidmətlərindən necə yararlana bilərik?Məsələn,mən Rusiya ədəbiyyatı və tarixi üzrə ixtisaslaşmışam, Rus mədəniyyətini öyrənmişəm. Rusiya tarixində ən böyük imperatriça olmuş Böyük Yekaterina mənşəcə təmiz alman olmuşdur.Onun həm ana,həm ata nəsli almanlardır.Amma bu gün o Rusiya tarixində Rusiyaya ən böyük xidmətlər göstərmiş bir insan kimi tanınır,ruslar onu ən doğma bir şəxsiyyət kimi tanıyır və fəxr edirlər. Mən hesab edirəm ki,bir tarixi şəxsə sadə bir meyara görə tarixi qiyməti verilməlidir-o kimə,hansı xalqa xidmət edib,hansı ölkə qarşısında tarixi xidmətləri olub.Etnik,milli,dini mənsubiyyətindən asılı olmayaraq tarixi Azərbaycan torpaqlarında yaşamış,yaratmış hər bir insan bu vətənin,bu torpağın övladıdır. Bu ideologiya isə Ümumilli liderimiz Heydər Əliyevin müəllifi olduğu və indi də cənab prezident İlham Əliyev tərəfindən reallaşdırılan Azərbayçançılıq ideologiyasının birbaşa təzahürüdür.Məhz ulu öndərimiz bu ideyaları ilk dəfə siyasi dünyagörüşü olaraq formalaşdırmışdır.Bu ideologiyanın əsasənda isə artıq deyildiyi kimi,milli,dini,etnik kimliyindən asılı olmayaraq Azərbaycan vətəndaşlığı durmaqdadır.
Bu baxımdan hesab edirəm ki,bu müzakirələr əlbəttə olmalıdır,amma yaxşı olardı ki,orada iştirak edərkən bu kimi hallar nəzərdə alınsın. Peşəkar tarixçilər,alimlərimiz iştirak etsin".
Deputat sonda təklif edib ki, tarixi şəxsiyyətlərimizin təbliği üçün ,o cümlədən incəsənət,mədəniyyət vasitəsilə təbliği üçün daha da geniş işlər görülsün.Filmlər,seriallar çəkilsin.Eyni zamanda təklif edərdim ki,Mədəniyyət Nazirliyi yeni bir kitab seriyasının nəşrinə başlasın-"Azərbaycanın görkəmli adamları" adı altında.
Bu seriyada Azərbaycanın dövlət adamları, sərkərdələr,yazıçıları,şairləri,alimləri haqda elmi-kütləvi formada sənədli kitablar, bioqrafiya, memuarlar, avtobioqrafiyalar, monoqrafiyalar nəşr edilsin.Tarixi şəxsiyyətlərimizi, görkəmli adamlarımızı olduğu kimi təbliğ etmək üçün bu cür kitabların nəşrinə ehtiyac var".
"Azərbaycanda 500-600 bələdiyyə olmalıdır"
"Əsas problem torpaqların vətəndaşlara qanunsuz satılmasıdır. Bəzən yeni gələn bələdiyyə sədri torpağı ikinci dəfə satır. Nəticədə minlərlə şikayətçi ortaya çıxır. Bununla bağlı mənə çoxlu şikayətlər gəlir. Ədliyyə Nazirliyi müvafiq orqanlarla birlikdə bu problemi həll etməlidir".
Bunu Milli Məclisin iclasında deputat Elmira Axundova bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə münasibət bildirərkən deyib. Onun fikrincə, bələdiyyələrlə bağlı Türkiyə təcrübəsindən yararlanmaq lazımdır: "2002-ci ildə Türkiyədə 3225 bələdiyyə strukturu olub. İndi isə cəmi 1395 bələdiyyə var. Bizdə bələdiyyələrin sayı Türkiyədən qat-qat çoxdur. Türkiyə isə ərazisinə və əhalisinə görə, bizdən dəfələrlə böyükdür. Bələdiyyələrin sayı 500-600 olmalıdır".
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bildirib ki, Türkiyədə sistem fərqlidir: "Orada daha çox böyük şəhər bələdiyyələri var. Kəndlərdə isə muxtarlar deyilən şəxslər var və onlar da bələdiyyə üzvüdür. Bunu da hesablasaq, Türkiyədə bələdiyyələrin sayı bizdən bir neçə dəfə çox olar. Azərbaycanda bəzən bələdiyyələrlə icra orqanları dəyişik salınır. Bələdiyyələrin statusu var, genişdir. Bəzən deyirlər ki, bələdiyyə torpaq satır. Torpaq bölünübsə, necə sata bilər? Ola bilsin ki, kimsə dələduzluq edir. Ancaq bu bəlli olanda cəzalandırılır. Bəli, elə bələdiyyə sədri var ki, səlahiyyətinin əksinə fəaliyyət göstərir. Məncə, hesabat ətraflı hazırlanıb, deputatları buna səs verməyə dəvət edirəm".
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35