2015-ci ildə kəndlərdə nə dəyişəcək- DEPUTAT YAZIR
12:47 17-02-2015
CƏMİYYƏT
Eldar QULİYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, iqtisad elmləri doktoru, professor
Regionun lideri statusunu layiqincə daşıyan ölkəmiz hazırda yüksəlişinin keyfiyyətcə yeni mərhələsindədir. Düşünülmüş siyasətə əsaslanan yüksəliş yolu ölkəmizi günbəgün inkişafa və modernləşməyə aparır. Müstəqil Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə olmaqla yanaşı, siyasi və makroiqtisadi baxımdan sabit dövlət, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınması hər birimizdə qürur hissi yaradır.
Yeni mülkiyyət formalarının yaradılması kənd təsərrüfatının inkişafına yol açdı
Aqrar islahatların Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkənin aqrar sahəsinin inkişafında həlledici rol oynayır. Azərbaycanda aqrar sahədə indiki inkişafın əsası isə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qoyuldu. Bu o dövr idi ki, aqrar sahədə əvvəlki istehsal və əmək münasibətləri pozulmuş, yeniləri formalaşmamışdı.
Bunun üçün dövlət başçısının rəhbərliyi ilə 1994-cü ildə geniş müzakirələr keçirildi, istiqamətlər müəyyənləşdirildi və ilk növbədə hüquqi baza yaradıldı. "Aqrar islahatın əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında", "Torpaq islahatı haqqında" qanunlar, daha sonra onların işlək mexanizminin tənzimlənməsi üçün bir sıra qaydalar, əsasnamələr və digər normativ-hüquqi aktlar qəbul olundu. Bu zaman qarşıda duran başlıca məqsəd planlı sosialist təsərrüfat sisteminin bazar iqtisadiyyatı ilə əvəz edilməsi, yeni mülkiyyət formalarının təşəkkül tapması və mülkiyyətçilərin yaradılması idi. İlkin mərhələdə torpaqdan və islahat aparılan təsərrüfatlara məxsus əmlakdan pay almaq hüququ olan subyektlər və onlara düşən paylar müəyyən olundu, mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədlər verildi. Təsərrüfatlarda islahat aparılaraq torpaq və əmlak bölüşdürüldü.
Beləliklə, 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, kənddə aqrar islahatların, o cümlədən torpaq islahatının həyata keçirilməsi, xüsusilə kolxoz və sovxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın paylanması, məhsulun qiymətlərinin sərbəstləşdirilməsi, ərzaq və yeyinti məhsulları emal edən sənaye müəssisələrinin özəlləşdirilməsi və s. bu kimi tədbirlər aqrar bölmənin sosial və sahə strukturuna ciddi təsir göstərmişdir. Ulu öndər Heydər Əliyevin başladığı islahatların nəticəsi olaraq, Azərbaycan iqtisadiyyatının mühüm sahəsi olan aqrar-sənaye kompleksi və onun əsas bölməsi olan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Torpaq öz sahibinə - kəndliyə verildi. Tədricən yeni dövrün tələblərinə uyğun olaraq torpaq üzərində yeni mülkiyyət formaları, yeni əmək münasibətləri formalaşdı. Bütün bunlar Konstitusiya ilə təsbit olundu.
Qeyri-neft sektorunun prioritet istiqaməti
Cənab İlham Əliyev Prezidentliyinin ilk vaxtlarından aqrar bölmənin iqtisadiyyatdakı yerini və rolunu çox düzgün qiymətləndirərək bu sahənin dinamik inkişafının təmin edilməsinə xüsusi diqqət və qayğı göstərir. Dövlət başçısı aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan edib və ölkənin aqrar siyasətinin əsas məqsədinin əhalinin ərzaq təhlükəsizliyinin tam yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi olduğunu önə çəkib.
Prezident İlham Əliyevin təsdiq etdiyi dövlət proqramları yalnız kənd təsərrüfatının deyil, həmçinin sosial-iqtisadi və aqrar-ərzaq siyasətinin əsas istiqamətlərindən olan kənd ərazilərinin davamlı inkişafını da təmin edir. Çox fərəhli haldır ki, dövlət başçısı ölkənin iqtisadi-sosial həyatının digər sahələrində olduğu kimi, regional inkişaf sahəsində də dövlət proqramlarını yalnız təsdiq etməklə kifayətlənmir, onların həyata keçirilməsi ilə özü bilavasitə maraqlanır. Regionlara səfərlər etmək, vəziyyətlə yerində tanış olmaq, yeni problemləri müəyyən edib aradan qaldırmaq üçün əlavə tədbirlər görmək ölkə başçısının iş rejiminin tərkib hissəsinə çevrilib.
Bütövlükdə kənd təsərrüfatında həyata keçirilən tədbirlər aqrar sahədə sahibkarlar üçün əlverişli fəaliyyət mühitinin yaradılmasına, fermerlərin dövlət qayğısı ilə əhatə olunmasına, onların gəlirinin artırılmasına və rəqabətə davamlı kənd təsərrüfatı məhsulları istehsalının dinamik artımına yönəlib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının 2001-ci ildən başlayaraq torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi müddəti 2018-ci ilin sonuna kimi uzadılıb. Bunun nəticəsində fermerlərin bu illərdə dövlət büdcəsinə ödəməli olduqları 1 milyard 500 milyon manatdan artıq vəsait onların öz sərəncamında qalaraq istehsalın genişlənməsinə yönəldilib. 2007-ci ildən isə əkin sahəsinin və çoxillik əkinlərin becərilməsinə sərf olunan yanacaq və motor yağları, mineral gübrələr, habelə toxumçuluğu və damazlıq işini yaxşılaşdırmaq üçün fermerlərə dövlət büdcəsindən subsidiyalar ödənilir. Bundan başqa, kənd təsərrüfatı istehsalçılarına digər istiqamətlər üzrə birbaşa və dolayı subsidiyalar verilir və güzəştlər tətbiq edilir.
Prezident İlham Əliyevin təşəbbüsü və imzaladığı sərəncamla yaradılmış "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti (ASC) respublikamızda kənd təsərrüfatının inkişafına böyük töhfələr verir. Belə ki, ASC tərəfindən dövlət vəsaiti hesabına 10 il ərzində 20 mindən çox müxtəlif növ kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr, damazlıq heyvanlar alınaraq aqrar sahədə çalışan hüquqi və fiziki şəxslərə güzəştli şərtlərlə və lizinq yolu ilə satılıb, əksər rayonlarda aqroservis filialları yaradılmış, regional logistik gübrə bazaları tikilərək istifadəyə verilib. Bunun sayəsində kənd təsərrüfatı maşın-traktor parkı xeyli təzələnmiş, aqrar sahənin maddi-texniki təminatı yaxşılaşıb. Bu dövrdə xaricdən 11 minə yaxın cins mal-qara, 2 mindən çox damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə satılıb.
Dünyanın bir çox ölkələrində iqtisadi durğunluq yaşandığı bir vaxtda da Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi inkişafı davam edib, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması prosesində yeni uğurlar qazanılıb. Ölkə iqtisadiyyatının əsas sahələrindən olan kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracının genişləndirilməsi məqsədilə subsidiyaların verilməsi, vergi güzəştlərinin tətbiqi, lizinq xidmətlərinin genişləndirilməsi və s. bu kimi tədbirlərin həyata keçirilməsi aqrar sektorun inkişafına müsbət təsir göstərib. Bunun nəticəsidir ki, hər il kənd təsərrüfatında 5-7 faiz artım müşahidə olunur ki, bu da ümumdaxili məhsulda aqrar sahənin çəkisinin ildən-ilə çoxalması deməkdir. Bu sahədə islahatlar həm də sahibkarlığın inkişafına, bazar iqtisadiyyatının möhkəmlənməsinə və dönməzliyinə, kəndin simasının dəyişməsinə təkan verib.
Aqrar yüksəliş ərzaq təhlükəsizliyinin əsas şərtlərindən biridir
Hər bir ölkənin ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin vacib hissəsi olmaqla onun siyasi və iqtisadi müstəqilliyinin möhkəm zəminidir. Əkinçilik və heyvandarlıq məhsulları istehsalı və istehlakın kifayət qədər yüksək səviyyəsi cəmiyyət sabitliyini xeyli dərəcədə müəyyən edir, onun dinamik və hərtərəfli inkişafı üçün münbit şərait yaradır. Məhz buna görə də elmi cəhətdən əsaslandırılmış konsepsiya əsasında əhalinin ərzaqla yetərli təminatı hər bir dövlətin iqtisadi və sosial siyasətinin strateji xəttini təşkil edir.
İndi bu problem bəşəriyyət üçün nəinki sosial və iqtisadi xarakter almış, hətta beynəlxalq siyasətin ən vacib faktorlarından birinə çevrilmişdir. Dünyanın müxtəlif ölkələrində vaxtaşırı ərzaq problemlərinə dair keçirilən ümumdünya konfransları və konqresləri bunu əyani sübut edir. Tanrının Azərbaycana bəxş etdiyi torpaq - iqlim durumu ərzaq məhsullarının əsas mənbəyi olan bitkiçiliyin və heyvandarlığın ahəngdar inkişafı üçün etibarlı zəmin yaradıb. Buna görə də yaxın və uzaq keçmişimizə nəzər salsaq görərik ki, yurdumuzda tarixən aclıq təhlükəsi, ümumi ərzaq çatışmazlığı ilə bağlı qlobal xarakterli problemlər olmayıb. Enerji tutumuna görə respublikada yeyinti məhsullarının hazırkı adambaşına orta illik istehlak səviyyəsi insanlarımızın fiziki qüvvələrinin və həyat fəaliyyətinin bərpasına olan ehtiyaclarının tam ödənilməsinə imkan verir. Ərzaq istehlakının ümumi səviyyəsinə görə biz inkişaf etmiş ölkələrdən geri qalmırıq.
2001-ci ildə Heydər Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqram"ı təsdiq edilib. Bu proqram çərçivəsində görülmüş işlərin nəticəsi olaraq ölkədə aqrar sahənin inkişafı stimullaşdırılıb, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında əhəmiyyətli dərəcədə artım olub. Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ölkədə ərzaq təminatı ilə bağlı işlərin daha səmərəli aparılmasına təkan verib.
Son illərdə dünyada cərəyan edən proseslər, əsasən də enerji daşıyıcılarının qiymətlərinin sürətlə artması ölkəmizin ərzaq təhlükəsizliyi məsələsində daha diqqətli yanaşmanı tələb edir. Təsadüfi deyil ki, ərzaq təhlükəsizliyi məsələsi Nazirlər Kabinetinin iclaslarında həmişə müzakirə mövzusu olur, dövlət başçısı müvafiq tapşırıqlarını verir. Prezident İlham Əliyev aqrar sektoru ölkənin qeyri-neft bölməsinin prioritet istiqaməti olduğunu bəyan edərək ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına ödənilməsi, bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsini ölkəmizdə həyata keçirilən aqrar siyasətin əsas məqsədi kimi dəyərləndirir.
Müasir dünyanın reallıqları da göstərir ki, mövcud şərait ərzaq ehtiyatlarının yaradılması məsələlərinə kompleks yanaşma tələb edir. Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nı təsdiq edib. İcrası davam edən Dövlət Proqramının əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır. Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində ölkədə ərzaq məhsulları istehsalını artırmaq, əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək və ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitini yaxşılaşdırmaq kimi vəzifələr qarşıya qoyulub.
Beləliklə, əhalinin ərzaq təhlükəsizliyinin təmini ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini özündə ehtiva edən bu Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası nəticəsində ölkəmizdə ərzaq müstəqilliyinə nail olunması istiqamətində mühüm işlər görülüb. Azərbaycan hakimiyyətinin uğurlu aqrar siyasəti müxtəlif parametrləri, xüsusən kəndlini torpağa daha sıx bağlamaqla bahəm ildən-ilə ölkədə kənd təsərrüatı məhsulları istehsalının artması ilə müşayiət olunur. Ərzaq təhlükəsizliyinin isə kənd təsərrüfatı ilə qırılmaz vəhdətdə olduğunu izah etməyə ehtiyac yoxdur. Bu sahədə indiyədək həyata keçirilmiş məqsədyönlü tədbirlər kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının dinamik inkişafına imkan yaratmaqla ölkəmizdə ərzaq təhlükəsizliyində mühüm rol oynayır. Həyata keçirilən tədbirlər sayəsində bu illər ərzində milli ərzaq təhlükəsizliyinin təminatı möhkəmlənib, daxili istehsal hesabına əhalinin əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artıb, meyvə-tərəvəz və bir sıra digər məhsulların tələbatdan artıq istehsal edilməsi bu məhsullar üzrə ixrac potensialını artırıb.
Ərzaq təhlükəsizliyi proqramının uğurlu icrası üçün ölkənin işlək qanunları olmalıdır. Təqdirəlayiq haldır ki, ölkəmizdə aqrar sferanın bütün bölmələrini əhatə edən mükəmməl qanunvericilik bazası yaradılıb. "Fitosanitar nəzarəti haqqında", "Bağ təsərrüfatı haqqında", "Dövlət torpaqları haqqında", "Atçılıq haqqında", "Toxumçuluq haqqında", "Bitkiçilik haqqında", "Damazlıq heyvandarlığı haqqında" kimi qanunlar ərzaq təhlükəsizliyi ilə bağlı mükəmməl dövlət siyasətinin uğurla həyata keçirilməsini şərtləndirir. Müstəqil Azərbaycanın inkişafında, ölkədə hüquqi, demokratik dövlət quruculuğunun bərqərar olmasında, bazar iqtisadiyyatına keçidin tənzimlənməsində mühüm rolu olan Milli Məclisdə aqrar sahə ilə bağlı indiyədək həyata vəsiqə alan 70-ə yaxın qanun və digər qanunvericilik aktları hüquqi bazanı möhkəmləndirməklə yanaşı, Azərbaycan hakimiyyətinin ölkəmizin inkişafı ilə bağlı həyata keçirdiyi siyasi kursa dəstək verir.
Kənd təsərrüfatı kooperasiyaları aqrar istehsalın artımına böyük töhfə verəcək
Ötən il aprelin 17-də Prezident İlham Əliyev "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzaladı. Fərmanda aqrar sahənin inkişafına xidmət edən mühüm məsələlər, o cümlədən kəndli-fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi qarşıya qoyuldu.
İnkişaf səviyyəsindən asılı olmayaraq hazırda dünyanın əksər ölkələrində kənd təsərrüfatı məhsullarının kollektiv surətdə istehsalı geniş yayılıb. Aqrar sektorda kollektiv istehsalın beynəlxalq təcrübədə özünü doğrultmuş əsas forması isə fermerlərin və kənd təsərrüfatı üzrə fəaliyyət göstərən sahibkarların bir araya gələrək formalaşdırdıqları kooperasiyalardır. Müasir anlamda kənd təsərrüfatı kooperasiyası məhsul istehsalından tutmuş onun emalına, saxlanmasına, bazara çıxarılaraq satışının təşkilinə qədər bütün məsələləri özündə ehtiva edən bir sistemdir.
Bəs kollektiv təsərrüfatın yaradılmasını zəruri edən səbəblər nədir? İlk növbədə təkbaşına yüksək səviyyədə kənd təsərrüfatı məhsulu istehsalına nail ola bilməyənlər və yaxud torpaqdan daha səmərəli istifadə edə bilməyənlər bu problemi həll etmək üçün bir araya gəlirlər. Başqa sözlə, məhsul istehsalında iqtisadi səmərəliliyi əldə etmək üçün fermerlər kollektiv əmək mexanizmindən istifadəyə üstünlük verirlər. Digər tərəfdən, məhsulun həm istehsalı, həm də emalı və ya bazara çıxarılması bir fermerin görəcəyi iş deyil. Bundan başqa, dünya ölkələrinin təcrübəsi də göstərir ki, fermerlərin sərəncamında torpaq sahəsi az olduqda həmin təsərrüfatlar rentabelli işləyə bilmir və onların bazar və ixracyönümlü məhsul istehsalını təşkil etmək potensialı yüksək olmur. Belə fermerlər könüllülük prinsipi əsasında aqrar mülkiyyətlərini - torpaqlarını, kənd təsərrüfatı texnikalarını və digər resurslarını kooperativ xüsusiyyət əsasında qurulan müəssisə çərçivəsində birləşdirərək səmərəliliyi artırmaq imkanına malik olurlar.
Xatırladaq ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kooperativlər dünyada ilk dəfə olaraq XIX əsrin ikinci yarısında Avropa ölkələrində qurulub. Hazırda Avropanın inkişaf etmiş ölkələrində, o cümlədən Yaponiyada istehsal edilən kənd təsərrüfatı məhsullarının böyük hissəsi kooperativlərin payına düşür. Hazırda aqrar sektorun geniş potensiala malik olduğu inkişaf etmiş Avropa ölkələrinin hamısında kənd təsərrüfatı kooperasiyası bir iqtisadi sistem kimi formalaşıb. Danimarka həm əhali sayına, həm də kənd təsərrüfatına yararlı torpaqların həcminə görə Azərbaycandan 2 dəfə, kənd təsərrüfatı sektorunda çalışanların sayına görə isə 13 dəfə geri qalır. Amma bu ölkənin aqrar istehsalının indiki həcmi Azərbaycandan iki dəfə böyük olan ölkənin kənd təsərrüfatı məhsullarını 100 faiz ödəməyə çatır. Bu ölkədə aqrar istehsalın 80 faizə qədəri ixraca yönəlir. Heç şübhəsiz, bu inkişafın əsas səbəblərindən biri son yüzillikdə aqrar sektorun tam kooperasiya münasibətlərinə keçididir. Belə ki, bu ölkədə mövcud olan 40 mindən artıq fermer təsərrüfatının hamısı istehlak kooperativlərində birləşib.
Lakin kooperasiya sistemini sovetlər dönəmində mövcud olan kolxozlarla eyniləşdirmək olmaz. Kolxozlar xüsusi mülkiyyətə əsaslanmırdı və administrativ qaydada formalaşmışdılar. Kolxozdan fərqli olaraq, azad bazar münasibətləri şəraitində fəaliyyət göstərən kooperativlər üzvlərin tam könüllüyünə və müstəqil sahibkarlığına əsaslanır. Yəni, fermer istədiyi vaxt əmlakını götürüb kooperasiyadan ayrıla da bilər, əmlakını və mülkiyyətini sata da. Digər özəl təsərrüfat subyektləri kimi kooperativlər və onun üzvlərini dövlətlə yalnız vergi öhdəlikləri bağlayır. Kooperasiyada nə sədr, nə mühasib, nə də digəri var. Burada yalnız iş görənlər - istehsalçı, emalçı, tədarükçü var.
Hazırda inkişaf etmiş ölkələrdə kooperativ təsərrüfat anlayışı təkcə istehsal prosesini deyil, eyni zamanda məhsul istehsalından əvvəlki və sonrakı dönəmləri də əhatə edir. Məsələn, fermerlər bir araya gələrək kollektiv təsərrüfat qururlar. Lakin əldə olan istehsal vasitələri lazımi səviyyədə deyil. Belə olan halda fermerlər texniki, maddi və maliyyə ehtiyaclarını təmin etmək üçün başqa təsərrüfatlara, yəni təchizatçı kooperativlərə müraciət edirlər. Bu kooperativlər fermerləri gübrə, yanacaq və texniki avadanlıqla təchiz edirlər. Kredit kooperativləri isə lazım olan maliyyə vəsaitinin təmininə imkan yaradırlar. Bununla yanaşı, istehsal olunan məhsulun satışı və ya istehlakçıya çatdırılması fəaliyyəti ilə məşğul olan marketinq kooperativləri də mövcuddur. Satışla məşğul olanlar məhsulların çeşidlənməsi, qablanması və satışı, xidmət üzrə ixtisaslaşanlar meliorasiya, veterinar, bitki mühafizəsi kimi xidmətlərin çatdırılması ilə məşğul olurlar.
Hazırda ölkəmizdə aqrar sahədə fəaliyyət göstərən kooperativlər var. Lakin bu, ölkəmizin inkişafda olan kənd təsərrüfatı sistemi üçün yetərli sayıla bilməz. Buna görə də hesab edirik ki, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvlərinin hazırladığı "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin qəbulu fermerləri kooperativ ittifaqlarda və beləliklə, səmərəliyi daha da artırmağa təşviq edə bilər.
Bir müddət əvvəl Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Almaniyaya səfər edərək bu ölkənin kənd təsərrüfatı kooperasiyası sahəsindəki təcrübəsi ilə tanış olub. Hazırda Almaniyada 1,8 milyona qədər üzvü olan 2675 kənd təsərrüfatı kooperativ fəaliyyət göstərir. Könüllülük, sərbəstlik, fərdi məsuliyyət, demokratik nəzarət, özü-özünü idarəetmə prinsiplərini əldə əsas tutan alman kooperativ sistemi əsasən üç istiqamət üzrə formalaşmışdır: kənd təsərrüfatı kooperativləri, kredit kooperativləri və sənətkarlıq malları və xidmətləri kooperativləri.
Bu gün Avropada kooperasiya keyfiyyətli məhsul bolluğu, bazarlarda qiymətlərin süni bahalaşmasının qarşısını təbii yolla almaq deməkdir. Azərbaycanda da fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşmələri aqrar sahədə istehsalın və səmərəliyin artırılmasına böyük töhfələr verə bilər. Bu mənada kooperasiyaların yaradılması bütün hallarda həm dövlətin, həm də fermer və kəndlilərin marağına uyğundur.
"Kənd təsərrüfatı ili" qarşıya yeni hədəflər qoyur
Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci il Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilib. Sərəncamda qeyd olunub ki, kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulub, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilib.
"Kənd təsərrüfatı ili"ndə qarşıya qoyulan vəzifələr isə kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etməkdir. Bu məsələlər hazırlanacaq tədbirlər planında öz əksini tapacaq.
Yanvarın 27-də Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda kənd təsərrüfatında görülən işlərdən söz açıldı. Bir daha qeyd olundu ki, həyata keçirilən tədbirlər daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac imkanını yaratmışdır. Statistika göstərir ki, ötən il meyvə-tərəvəz məhsullarının ixrac həcmi əvvəlki illə müqayisədə 16,1 faiz çox olmuşdur. Ölkəmizə idxal olunan meyvə-tərəvəz məhsullarının həcmi isə 13,5 faiz azalmışdır. Bütün bunlar daxili tələbatın ödənilməsində yerli istehsalın rolunun artmasından xəbər verir ki, bu da məhz aqrar sahədə həyata keçirilən tədbirlərin nəticəsidir.
Təbii ki, "Kənd təsərrüfatı ili"ndə bu sahədə daha böyük uğurlu nəticələr əldə ediləcək. Bunun üçün bütün potensialdan səmərəli istifadə olunmasına diqqət artırılmalıdır. Hesab edirik ki, ilk növbədə torpaqdan başlamalıyıq. Çünki torpaq ən böyük nemət və dəyərdir. Təəssüf ki, bu gün istifadə edilməyən böyük ölçüdə torpaq sahələri var. Cənab Prezident haqlı olaraq qeyd etdi ki, istifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur, vaxtilə kimsə onları ya zəbt edib, ya da icarəyə götürüb. "Biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər, daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir və s. Bu, yolverilməzdir. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər. Onların rayonlarında əgər kimsə bu işlə məşğul olursa, buna qarşı tədbir görülməlidir", - deyə Prezident İlham Əliyev bəyan etdi.
Torpaq Fondumuz o qədər də böyük deyil. Nəzərə alsaq ki torpaqların hamısı əkinə yararlı deyil, şoran, münbit olmayan torpaqlarımız da var. Odur ki, torpaqların monitorinqi keçirilməlidir. Şoranlaşan torpaqların yuyulması, istifadəsiz torpaqların əkin-biçinə cəlb edilməsi, əkilən torpaqların dincə qoyulması kimi məsələlər diqqət mərkəzində olmalıdır. Fikrimizcə, icarəyə götürülərək istifadəsiz torpaqlardan icarə haqqı natura ilə ödənilsə, daha məqsədə uyğun olar. İcarəçidən iqlimə uyğun, xüsusən strateji, daxili tələbatın ödənilməsində və ixracın artmasında əsas rol oynayan kənd təsərrüfatı məhsulu tələb olunmalıdır. Belə halda torpağın istifadəsiz qalmasının qarşısı alına bilər.
Əsas məsələlərdən biri məhsuldarlığın artırılmasıdır. Konfransda qeyd olundu ki, taxılçılıqda iri fermer təsərrüfatları yaradılıb və onların məhsuldarlığı hər hektardan 55 sentner olmaqla orta məhsuldarlıqdan iki dəfə çoxdur. Orta məhsuldarlıq isə 23-24 sentnerdir. Ölkəmizdə hər inəkdən il ərzində 1000-1200 litr süd sağılır. Almaniyada isə hər hektardan 80-85 sentner taxıl yığılır, hər inəkdən ildə 10-12 min litr süd sağılır. ABŞ-da hətta hər inəkdən ildə 30 min litr süd alınır. Lakin əlverişli coğrafi məkanda və iqlimdə yerləşməyimiz göstərir ki, Azərbaycanın kənd təsərrüfatında məhsuldarlıq baxımından potensialı daha yüksəkdir. Təbii ki, yüksək məhsuldarlıq üçün əsas səbəblərdən biri qabaqcıl texnologiyaların tətbiqidir. O cümlədən, toxumçuluq və damazlıq işinə, keyfiyyətli üzvi gübrə təminatına diqqət daha da artırılmalıdır. Məhsuldarlığın artırılması istiqamətində yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün stimullaşdırıcı tədbirlər görülməlidir.
Məhsuldarlığa təsir edən faktorlardan biri də suvarmanın genişləndirilməsidir. Respublikada 4768,3 min hektar kənd təsərrüfatına yararlı, o cümlədən 1855 min hektar əkin sahəsi var ki, bunların da müvafiq olaraq 30 və 65 faizi suvarılandır. Bir çox ölkələrə nisbətən bu, çox yüksək göstəricidir. Bununla belə, son illər aparılan tədbirlər nəticəsində respublikada Taxtakörpü, Şəmkirçay su anbarları istifadəyə verilmişdir. Bu su anbarlarından istifadə sayəsində 10 min hektarlarla yeni suvarılan və suvarılması yaxşılaşdırılan torpaq əkin dövriyyəsinə daxil olacaq ki, bu da məhsuldarlığın artımı üçün əlverişli şərait deməkdir. İcrasına bir neçə il əvvəl başlanmış layihələrin yüksək səviyyədə tamamlanması müasir şəraitdə sivil dünya üçün ən aktual problemlərdən birinə çevrilmiş, hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmli olan ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan dövlətinin necə geniş və aydın strategiyaya malik olduğunu əyani şəkildə sübut etdi.
Azərbaycanın əlverişli təbiəti daxili imkanlar hesabına əksər kənd təsərrüfatı məhsulları ilə təmin etməyə imkan verir. Üstəlik, Azərbaycanda istehsal olunan məhsullar ekoloji baxımdan təmizdir. İstehsal edilən kənd təsərrüfatı məhsullarının xarab olmasının qarşısının alınması və ilboyu onlardan səmərəli istifadəni təmin etmək məqsədilə isə ölkəmizə soyuducu anbarlar gətirilərək quraşdırılıb. Lakin bəzən həmin anbarları əldə edənlər məhsulu olduqca baha qiymətə saxlayırlar ki, bu da məhsulun satış qiymətinin yüksəlməsinə görə fermerlərə sərf etmir. Çünki bu zaman xaricdən gətirilən məhsullar bazarda daha ucuz qiymətə təklif olunur. Ona görə bu məsələyə də diqqət artırılmalı, süni qiymət artımının qarşısı alınmalıdır ki, yerli fermerlər məhsulu ilboyu saxlaya bilsinlər. Bu, həm yerli istehsalın artması, həm də əhalinin ekoloji cəhətdən daha təmiz kənd təsərrüfatı məhsulları ilə təminatı deməkdir. Ümumiyyətlə, yerli istehsalın stimullaşdırılması və istehsalçıların mənafelərinin, maraqlarının müdafiəsi baxımından ölkəmizdə istehsal edilən məhsulların xarici ölkələrdən idxalının azaldılması daha məqsədəuyğun olar. Bütün bunlarla yanaşı, qarşıdakı dövrdə çovdar əkininin stimullaşdırılması, yeni emal müəssisələrinin yaradılması, aqrar istehsalda hər kəsə bərabər imkanların və azad rəqabətin təmin edilməsi kimi məsələlərə diqqətin daha da artırılması kənd təsərrüfatının inkişafına mühüm töhfələr verər. Subsidiyaların verilməsinə də yenidən baxılmalıdır. Fikrimizcə, subsidiya son məhsula verilsə, o zaman təsərrüfat sahibi daha keyfiyyətli və ekoloji təmiz məhsul istehsalında maraqlı olar.
"Kənd təsərrüfatı ili"ndə alimlərin də üzərinə çox böyük məsuliyyət düşür. Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təminatı üçün elmi-tədqiqat müəssisələri, sınaq təsərrüfatları, fermerlər və elmi innovasiyanın digər istehsalçıları arasında müvafiq əlaqələr yaradılmalı, elmi nailiyyətlərin səmərəli tətbiq edilməsi, qabaqcıl təcrübənin fermer və digər sahibkarlar arasında yayılmasına ciddi fikir verilməlidir. Bu, son nəticədə aqrar, təhsil, özəl və ictimai bölmələr arasında əlaqə mexanizminin qurulmasına, həmçinin qida məhsullarını emal edən iri kənd təsərrüfatı müəssisələri ilə birbaşa əlaqələrin yaradılmasına təkan verəcək.
Ümumiyyətlə, ölkəmizdə aqrar sahədə müəyyən edilmiş bütün hədəflərə çatmaq məqsədilə əvvəlcədən güclü maddi-texniki baza yaradılıb. 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi isə bu işlərin yeni mərhələyə qədəm qoymasına impuls verəcək. Hazırlanan tədbirlər planında qarşıya qoyuların vəzifələrin icrası nəticəsində kənd təsərrüfatının inkişafına dövlət dəstəyi gücləndiriləcək, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədiilə müasir aqroparklar və iri fermer təsərrüfatlarının təşkili sahəsindəki işlər genişləndiriləcək. Onu da qeyd edək ki, kənd təsərrüfatının inkişafı etibarlı ərzaq təhlükəsizliyi ilə yanaşı, iş yerləri deməkdir. Bu mənada aqrar sahənin yüksəlişi həm də əhalinin yerlərdə məşğulluğunun təmin edilməsi, iş dalınca böyük şəhərlərə üz tutmaması baxımından müstəsna əhəmiyyətə malikdir.
Milli Məclisin Aqrar siyasət komitəsi də 2015-ci ilin yaz sessiyasında qanunvericilik işləri planına iki qanun layihəsi salıb. Bunlar "Kənd təsərrüfatı kooperasiyası haqqında" və "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanun layihələridir. Bu il hər iki qanunun qəbul olunması Milli Məclisin "Kənd təsərrüfatı ili"nə mühüm töhfəsi olacaq.
Digər Xəbərlər
2024-11-03 10:40:33
2024-11-03 10:32:06
2024-11-03 09:42:33
2024-11-03 09:40:56
2024-11-03 09:14:57
2024-11-03 08:44:55
2024-11-02 21:25:41
2024-11-02 19:18:18
2024-11-02 18:40:05
2024-11-02 18:02:40
2024-11-02 17:50:12
2024-11-02 17:10:10
2024-11-02 16:43:08
2024-11-02 13:34:23
2024-11-02 13:28:16
2024-11-02 13:22:15
2024-11-02 12:45:19
2024-11-02 11:49:24
2024-11-02 10:59:26