Amerikalı həmsədrdən xalq diplomatiyası çağırışı
10:43 19-02-2015
CƏMİYYƏT
Amerikalı həmsədrdən xalq diplomatiyası çağırışı
Dağlıq Qarabağ probleminin bu il həll olunması ilə bağlı iddialar get-gedə artmaqdadır. Hesab edirlər ki, problemin həllinə əngəl yaradan Rusiya artıq Krım məsələsinə görə Dağlıq Qarabağda müəyyən güzəştlərə gedəcək. Bununla bağlı "Unikal"a açıqlama verən politoloq Mübariz Əhmədoğlu bildirdi ki, Rusiya Türkiyə ilə yaxınlaşdıqca Ermənistandan uzaqlaşır. Bu isə problemin həlli deməkdir:"Rusiya işğal olunmuş ərazilərdən 7 rayonun qaytarılmasına yaşıl işıq yandıracaq.
Bu isə kifayət qədər ciddi addımdır. Ermənistana gəldikdə isə onlar vaxt udmağa çalışacaqlar. Amma Rusiyanın Ermənistana təsir etmək imkanları böyükdür". Bu arada qeyd etmək lazımdır ki, ATƏT-in həmsədrlərindən olan Fransa da real addımlar atır. Öncəliklə Fransa prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü oldu, hazırda isə Fransadan olan həmsədr ciddi aktivlik nümayiş etdirir. Ekspertlərin sözünə görə belə məqamda ABŞ da ciddi aktivlik göstərməlidir. Hazırda ABŞ nədənsə gözləmə mövqeyi nümayiş etdirir və bu da problemə mənfi təsirini göstərir. Amma bu günlərdə ABŞ Dövlət katibinin müavininin Bakıya səfər etməsi və prezident İlham Əliyevlə mühüm məsələlərdə razılığa gəldiyinə görə bundan sonra ABŞ-ın proseslərə daha həssas yanaşacağı gözlənilir. Hazırda isə ATƏT-in Minsk qrupunun üzvləri regiona səfər ediərək yeni açıqlama səsləndiriblər.
"Hazırda əsas məqsədlərimizdən biri prezidentləri yenidən bir masa arxasına gətirməyin yollarını axtarmaqdır". Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Onun sözlərinə görə, bunu həm Ermənistan, həm də Azərbaycan prezidentləri istəyirlər: "Mən Azərbaycan prezidenti İlham Əliyevlə söhbət edərkən, o bildirdi ki, Serj Sarkisyanla görüş imkanlarını alqışlayacaq. Lakin prezidentlərin görüşü nə qədər yaxşı keçsə də, bu, kifayət deyil. Yəqin siz də gözləmirsiniz ki, 20 ildən artıqdır davam edən münaqişə iki ölkə prezidentinin mütəmadi görüşləri sayəsində həll olunsun, hətta bu görüşlər ideal keçsə belə. Biz istəyirik ki, real danışıqlar aparılsın, proses intensivləşsin. Qərar tək prezidentlərdən asılı deyil. Gəlin tərəfləri müzakirə üçün bir araya gətirək. Biz asan məsələlərdən başlaya bilərik. Ola bilər ki, ilk olaraq yüksək səviyyədə həlli tələb olunan status, dəhliz və ya digər çətin mövzulardan başlamayaq. Lakin digər məsələləri müzakirə edə bilərik. Bunlar telekommunikasiya, infrastruktur və s. ola bilər".
Diplomat bildirib ki, yaxın gələcəkdə yüksək səviyyədə görüş keçirilə bilər: "Azərbaycan prezidenti buna hazırdır. Ancaq bizə görüş naminə görüş lazım deyil. Biz buna hazırlaşmalıyıq. Vasitəçilərin rolu ondan ibarətdir ki, prezidentlərin müzakirə edə biləcəyi məsələlər paketini hazırlasınlar. Tərəflər bir-birinə çox yaxındır. Hər iki tərəf münaqişənin həlli üçün 3 prinsip və 6 elementin tətbiqini əsas hesab edir. Təbii ki, bəzi detallar var ki, biz onların üzərində işimizi davam etdiririk. Ancaq reallıqda heç bir fikir ayrılığı yoxdur".
C. Uorlikin sözlərinə görə, davamlı sülhə nail olmaq üçün hər iki ölkənin vətəndaşları arasında etimad mühitinin yaradılmasına nail olmaq lazımdır: "Biz Azərbaycan və Ermənistan xalqları arasında əlaqələri dəstəkləyirik. Ümid edirik ki, erməni idmançılar Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında iştirak edəcəklər. Bu cür ünsiyyət faydalıdır".
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə edilən səfərlərə toxunan C. Uorlik separatçı rejimlə mütəmadi danışıqları dəstəklədiklərini bildirib: "Biz Dağlıq Qarabağa səfərlər edirik və bunu gələcəkdə də edəcəyik. Biz onların fikirlərini, yanaşmalarını eşitmək istəyirik. Tək de-fakto rəhbərliklə görüşlər vacib deyil. Mən əvvəlki səfərlərimdə orada gənc insanlarla, ailələrlə görüşdüm. İnsanlar, xüsusilə münaqişənin həllinin birbaşa əlaqəsi olduğu qruplar nizamlanmanın əsas elementləri ilə tanış olmalıdır". Həmsədrin verdiyi açıqlamaya baxdıqda isə yeni bir fikrin olmadığını görürük. Yenə məsələnin həlli üçün xalq diplomatiyasının vacibliyi iddia olunur və 20 ildir ki, bu sistem özünü doğrultmayıb. Hesab etmək olar ki, problemin həlli üçün sadəcə olaraq Ermənistana beynəlxalq təzyiq tətbiq edilməlidir ki, bu da hələ ki, hiss olunmur.Politoloq Fikrət Sadıqov "Unikal"a açıqlamasında bildirdi ki, danışıqların heç bir müsbət nəticə verməməyinin əsas səbəbi odur ki, Minsk qrupu həmsədrləri işğalçı ölkənin nazı ilə oynayırlar və münaqişənin konkret həllinə çalışmırlar: "Bütün beynəlxalq hüquq, qəbul olunan qətnamələr birmənalı şəkildə Azərbaycanın haqlı olduğunu bildirsə də, Ermənistan ordusundan işğala son verməyi tələb etsə də, deyilənlər hamısı kağız üzərində qalır. Faktdır ki, həmsədrlər torpaqlarımızın işğaldan azad olunması üçün ortaya qəti mövqe qoymurlar, Ermənistana təzyiq göstərmirlər. Azərbaycan sülh sazişinə razılığını verir. Amma bu, o demək deyil ki, biz hansısa kompromislərə, güzəştlərə getməliyik. Çünki işğal olunan bizim torpaqlarımızdır. Həmsədrlər tərəfləri bərabərləşdirməməlidirlər. Çox şey aparıcı dövlətlərin Minsk qrupunda təmsil olunan həmsədrlərindən asılıdır".
Mehdi Əli
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15