Avropa Azərbaycanla hesablaşmağa məcburdur
12:05 26-02-2015
CƏMİYYƏT
Avropa Azərbaycanla hesablaşmağa məcburdur
"Bir neçə il sonra Azərbaycanla Avropa İttifaqı arasında sərbəst viza rejimi tətbiq edilə bilər".
Bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. M. Məmmədquliyev bildirib ki, tərəflər viza rejimini bir qədər asanlaşdırıb, artıq diplomatik pasportlar üçün viza lazım deyil, xidməti və adi pasportlar üçün isə müddət, sənədlər və rüsum məsələləri azalıb: "Altı aydır həm viza, həm də readmissiya məsələləri üzrə sazişi həyata keçiririk. Vaxt gəlib çatıb ki, biz oturaq və bu sazişlərin necə icra olunduğuna baxaq, eyni zamanda məsələ qaldıraq ki, gələcəkdə viza rejiminin tamamilə aradan qaldırılması üçün nə etməliyik.
Təcrübədə var ki, ölkə ilk sənədləri yaxşı icra edirsə, fəaliyyət planı hazırlanır və onun vasitəsilə sonda tərəflər arasında heç bir viza rejimi tətbiq olunmur. Belə bir müzakirə aparmaq mümkündür. Ola bilsin ki, fəaliyyət planının hazırlanması istiqamətində iş aparılsın və bir neçə il sonra Azərbaycanla Aİ arasında sərbəst viza rejimi tətbiq edilsin". Nazir müavini bəyan edib ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yaxşı səviyyədədir və bəzi istiqamətlərdə strateji xarakter daşıyır: "Lakin Avropa İttifaqı bəzi məsələlərdə bizi qane edən mövqe tutmalı, dəstək verməlidir. Biz bəzi ölkələrlə, o cümlədən Fransa, Macarıstan, İtaliya ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq. Hesab edirik ki, iki tərəf arasında assosiasiya sazişi deyil, strateji əməkdaşlıq haqqında hüquqi sənəd olmalıdır".Qeyd edək ki, hələ bir müddət öncə prezident İlham Əliyev də konkret şəkildə bəyan etmişdi ki, Azərbaycan ikitərəfli əməkdaşlığa üstünlük verəcək. Amma son zamanlar baş verən proseslər, neftin qiymətinin aşağı düşməsi və manatın ucuzlaşmasından sonra ekspertlər iddia etdi ki, Azərbaycan Avropa İttifaqının şərtlərini qəbul etməli olacaq. Maraqlıdır,həqiqətənmi Azərbaycanın düşdüyü hazırkı vəziyyət Avropa İttifaqına əlavə üstünlüklər verəcək? Öncəliklə qeyd edək ki, Avropanın Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra regionda ciddi proseslər baş verdi. İlk növbədə Rusiyadakı inflyasiya digər possovet ölkələrinə də təsirsiz ötüşmədi və nəticədə bu ölkələrdə Avropaya qarşı bir aqressiya baş verdi. Bu səbəbdən demək olar ki, hazırda possovet ölkələri birmənalı şəkildə Avropa İttifaqı ilə əməkdaşlıqda ehtiyatlı olmağa çalışırlar. Digər tərəfdən Ukraynada baş verənlər də Avropaya olan etibarı ciddi şəkildə zədələdi. Çünki Avropa İttifaqı Ukraynaya saziş imzalayarsa tam dəstək verəcəyini bəyan etmişdi. Amma bu gün Ukrayna faktiki olaraq dörd yerə parçalanıb və bu parçalanma daha çox dərinləşəcək. Bunu nəzərə alsaq hesab etmək olar ki, Avropa possovet ölkələri ilə ehtiyatlı davranmağa çalışacaq. Çünki Rusiya faktoru var və Rusiya açıq şəkildə bildirir ki, ətrafında NATO hansısa birlik yaratmağa çalışarsa Ukrayna hadisələri təkrarlana bilər. Artıq bir sıra beynəlxalq ekspertlər bəyan edir ki, Rusiya istənilən zaman Gürcüstan, Latviya,Litva və Azərbaycana ordu yeridə bilər. Görünür bunu Avropa dövlətləri də anlayır və bu səbəbdən ehtiyatlı siyasət yürüdürlər. Elə prezident İlham Əliyevin Almaniyaya səfəri bunu təsdiq etdi. Səfərdən öncə erməni lobbisinin də iştirakı ilə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı açıq şəkildə şantaj edirdilər və Azərbaycanla Avropa arasında ciddi uçurum yaranmışdı.Prezidentin Almaniyaya səfəri zamanı Avropa yanlışlığını etiraf etdi və hazırda münasibətlər tənzimlənməyə başlayıb. Buna görə hesab etmək olar ki, heç bir halda Avropa indiki zamanda Azərbaycanla təzyiq dilində danışmağa risk edə bilməz. Başqa maraqlı bir nüans isə bölgədə Rusiya-Türkiyə-Azərbaycan formatının ortaya çıxmasıdır. Əgər Azərbaycan bu formata razılıq verərsə bu Avropanın enerji təhlükəsizliyinə ciddi zərbə olacaq. Məhz bunu nəzərə alan Avropa İttifaqı hələlik Azərbaycanla ikitərəfli əməkdaşlığa üstünlük verir. Bu günlərdə Azərbaycana gələn ABŞ dövlət katibinin müavini də açıq şəkildə bəyan etdi ki, Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinə təminat verən yeganə dövlətdir. Bütün bunları nəzərə alaraq hesab edə bilərik ki, Azərbaycan xarici siyasət kursunda hücum diplomatiyasını davam etdirə bilir və nəticələr kifayət qədər effektlidir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27