Atılmış valideynlərin övladlarından aliment hüququ
15:52 06-03-2015
SİYASƏT
Atılmış valideynlərin
övladlarından aliment hüququ
Hər bir valideynin borcu övladını boya-başa çatdıraraq cəmiyyətə layiqli vətəndaş vermək olduğu kimi, övladların da borcu yaşlandıqda ata-anansının qayğısına qalmaq, ona maddi və mənəvi dəstək verməkdir. Amma təcrübə göstərir ki, heç də həmişə bizi dünyaya gətirən, böyüdüb sağlam vətəndaş kimi formalaşmağımıza səbəb olan valideynlərimiz yaşlandıqda övladları tərəfindən lazımi qayğı ilə əhatə olunmurlar.
Bu gün "Ahıllar Evi"ndə yaşayan xeyli sayda yaşlı valideynlər var ki, onlar heç də kimsəsiz deyillər. Hətta 3-4 övladı olan valideynlər belə bəzən nankor övlad üzündən ömrünün ixtiyar çağında dilənərək yaşamaq məcburiyyətində qalır. Səhhətində ciddi problem üzündən əmək qabiliyyətini itirən qocalar bir tikə çörək üçün yad insanlara əl açmaq məcburiyyətində qalır. Hansı ki, qanunla onlar öz övladlarından aliment tələb edə, onların bu dünyada yaşadığı müddətdə maddi baxımdan korluq çəkməməsi üçün övladı tərəfindən hər ay müəyyən məbləğdə pul ödənilə bilər. Təcrübə göstərir ki, bəzən atılmış valideynlər bu hüquqlarını bilmədiklərindən dilənməklə yaşamaq məcburiyyətində qalırlar. Hüquqşunaslar isə, qanunla əmək qabiliyyətini itirmiş valideynlərə maddi baxımdan kömək etməyin övladın borcu və vəzifəsi olduğunu bildirirlər. Ekspertlər deyir ki, valideynlərin uşaqlarını saxlamaq üçün aliment ödəmək vəzifəsi olduğu kimi, yetkinlik yaşına çatmış övladların da valideynlərini saxlamaq vəzifəsi var.
Məsələn, hüquqşunas Zülfiyyə Bayramovanın verdiyi məlumata görə, bu günlərdə onların küçədə səfil, dilənərək tapdıqları Fətullayev Oktayın yaxınları,ailəsi və övladları tərəfindən küçəyə atıldığı, baxımsız qaldığı müəyyən olunub. Z. Bayramovanın sözlərinə görə, O. Fətullayevin 4 qız övladı olsa da, onlar, xəstə, əmək qabiliyyətini itirən atasına nəinki baxıb, onu evdən çıxararaq küçəyə atıblar. Z. Bayramova hazırda Suraxanı rayon məhkəməsinin qərarı ilə Oktay Fətullayevin də sahiblik hüququ olduğu evin məhkəmə qərarı ilə onun həyat yoldaşı Fətullayeva Gülnazla yarı bölündüyünü söylədi. Hüquqşunas üstəlik yaxın günlərdə məhkəmə qərarı ilə sağlamlığı işləməyə imkan verməyən Oktaya 4 qız övladı tərəfindən alimentin verilməsi üçün də iddia qaldırılacağını bildirib. Hüquqşunas deyir ki, qanunla valideynlərə övladlarının aliment verməsi məsələsi tənzimlənir: "Ailə Məcəlləsində əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olduqları təsbit olunub".
Vəkil deyir ki, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur:
"Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən digər diqqətəlayiq maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən aliment tələbi valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verilməsindən asılı olmayaraq məhkəmə onların hamısını nəzərə ala bilər".
Vəkilin sözlərinə görə, valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Uşaqlar, həmçinin valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.
Z. Bayramova bildirir ki, yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər: "Uşaqların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla müəyyən edilir".
Vəkil qeyd edib ki, əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin bağladığı sazişlə də müəyyən oluna bilər: "Aliment ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı və ödənilməsi qaydası və üsulları tərəflərin razılığı ilə müəyyən olunur".
Müəyyən olunmuş aliment, aliment ödəməli olan şəxsin qazancından və digər gəlirlərindən tutulur. Qazanc və digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun başqasına verilməsinə səbəb olan müqavilələr istisna olmaqla, müqavilə əsasında kommersiya və qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən tutulur. Bu vəsaitlər çatışmadıqda isə tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər.
Aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda aliment öhdəliklərinə xitam verilir.
Hüquqşunas deyir ki, 2013-cü ildən alimentdən boyun qaçıranlar və əmək qabiliyyəti olan, işləyən övladlar tərəfindən əmək qabiliyyəti olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq yayınanlar ilə bağlı cəzalar sərtləşdirilib. Parlamentin iclaslarından birində bununla bağlı "İcra haqqında" qanuna və CM-yə əlavə və dəyişikliklər edilib: "Dəyişikliklərə əsasən, bu hal Məcəllədəki mövcud 176-cı maddədən çıxarılaraq, 306-cı maddə tətbiq olunur. Layihəyə əsasən, əmək qabiliyyəti olan və işləyən valideynlər tərəfindən yetkinlik yaşına çatmayan uşağın (uşaqların), habelə yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan övladların saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçıranların 250 manatda 500 manata qədər cərimə, yaxud 220 saatdan 300 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulur. Eyni zamanda əmək qabiliyyəti olan və işləyən övlad (övladlar) tərəfindən əmək qabiliyyəti olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçıranlar isə 700 manatadək miqdarda cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan öncə isə CM 176-cı maddəsinə əsasən uşaqlara və valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçırma 100 manatdan 500 manatadək miqdarda cərimə, və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Eyni zamanda qüvvədə olan eyni maddəyə əsasən əmək qabiliyyəti olan və işləyən övlad (övladlar) tərəfindən əmək qabiliyyəti olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçırma 500 manatadək miqdarda cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50