Dövlətimizin xarici siyasətində qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və konkret nəticələrə əsaslanan münasibətlər xüsusi yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirdiyi görüş və mətbuata verdiyi bəyanat da məhz bu yanaşmanın növbəti təzahürü olub. Bu görüş yalnız diplomatik hadisə deyil, həm də Azərbaycan–Slovakiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirən mühüm siyasi hadisə kimi dəyərləndirilir.
Son illər Azərbaycan ilə Slovakiya arasında siyasi dialoq əhəmiyyətli dərəcədə intensivləşib. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin müntəzəm xarakter alması, hökumətlər və müxtəlif dövlət qurumları arasında fəal əlaqələrin qurulması ikitərəfli münasibətlərin dinamik inkişafını təsdiqləyir. Hər iki ölkə münasibətləri uzunmüddətli tərəfdaşlıq müstəvisində inkişaf etdirmək niyyətindədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.
2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə Azərbaycan–Slovakiya əlaqələrinin inkişafında mühüm dönüş nöqtəsi olub. Bu sənəd tərəflər arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni istiqamətlər üzrə birgə fəaliyyət üçün möhkəm hüquqi-siyasi baza formalaşdırıb. Artıq həmin sənəd konkret layihələr və qarşılıqlı təşəbbüslərlə öz real nəticələrini verməyə başlayıb.
Münasibətlərin mühüm xüsusiyyətlərindən biri əlaqələrin çoxşaxəli xarakter daşımasıdır. Görüş zamanı iqtisadiyyat, investisiyalar, enerji, nəqliyyat, hərbi-texniki əməkdaşlıq və digər istiqamətlər üzrə aparılan müzakirələr təsdiqləyir ki, tərəflər əlaqələrin bütün potensialından istifadə etmək niyyətindədirlər. Dövlət başçısının vurğuladığı kimi, nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol Slovakiya ilə əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır. Enerji sahəsində formalaşmış etibarlı tərəfdaşlıq modeli yeni imkanlar yaradır və Avropa ölkələrinin enerji təchizatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi həm iqtisadi münasibətlərin möhkəmlənməsinə, həm də qarşılıqlı maraqların daha dolğun təmin olunmasına xidmət edir. Dövlətimizin başçısı qeyd edib: “Müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi. İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır”.
Şuşada verilən bəyanatın ən mühüm məqamlarından biri Slovakiyanın Qarabağın bərpasına verdiyi dəstəyin yüksək dəyərləndirilməsi olub. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkətinin həyata keçirdiyi “Ağıllı kənd” layihəsi xarici tərəfdaşların Azərbaycanın bərpa və yenidənqurma siyasətinə göstərdiyi etimadın bariz nümunəsidir. Bu layihə müasir yaşayış məntəqələrinin qurulması, innovativ həllərin tətbiqi və dayanıqlı inkişaf prinsiplərinin reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qarabağda xarici şirkətlərin iştirakı ilə həyata keçirilən layihələr bölgənin artıq beynəlxalq iqtisadi əməkdaşlıq məkanına çevrildiyinin göstəricisidir. Azərbaycan azad edilmiş ərazilərdə yalnız infrastrukturun bərpasını deyil, eyni zamanda müasir şəhərsalma konsepsiyalarının tətbiqini, “yaşıl enerji” və “ağıllı şəhər”, “ağıllı kənd” modellərinin qurulmasını uğurla həyata keçirir. Slovakiyanın bu prosesdə iştirakı iki ölkə arasında əməkdaşlığın praktik nəticələr verdiyini nümayiş etdirir.
Slovakiya Prezidenti Peter Pelleqrinin əvvəlki illərdə parlament sədri, Baş nazir və daha sonra dövlət başçısı kimi ölkəmizə etdiyi səfərlər çərçivəsində ardıcıl təmaslar qarşılıqlı etimadın formalaşmasına, siyasi dialoqun davamlı xarakter almasına və münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verib.
Şuşada keçirilən görüş həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti göstəricisidir. Vaxtilə işğal altında olmuş bu şəhər bu gün beynəlxalq tədbirlərə, dövlət başçılarının görüşlərinə və mühüm siyasi dialoqlara ev sahibliyi edir. Bu reallıq Azərbaycanın bölgədə yaratdığı yeni inkişaf mühitinin və həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.
Prezident İlham Əliyevin bəyanatında ifadə olunan fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan–Slovakiya münasibətləri qarşılıqlı hörmətə, etibara və ortaq maraqlara əsaslanır. Mövcud siyasi iradə, imzalanmış strateji sənədlər və həyata keçirilən birgə layihələr əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyindən xəbər verir. Şuşadan verilən mesajlar isə bu tərəfdaşlığın yalnız bugünkü deyil, həm də gələcəyə hesablanmış möhkəm təməl üzərində qurulduğunu nümayiş etdirir.
Bədəl Bədəlov
Milli Məclisin deputatı




.jpg)



.jpeg)







.jpg)




























