Nağı Nağıyev Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.

"Unikal" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurası qərar verib.

31 yaşlı N.Nağıyev 2020-ci ildə Birləşmiş Krallığın London şəhərində yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə təhlilçisi kimi təcrübə keçib.

Həmin il əmək fəaliyyətinə “SOCAR Trading” şirkətində bazar riskləri üzrə təhlilçi kimi başlayıb. O, 2022–2023-cü illərdə London Metal Birjasında çalışaraq beynəlxalq maliyyə və əmtəə bazarları üzrə peşəkar təcrübəsini genişləndirib.

O, əmək fəaliyyətini 2023-cü ilin avqustundan etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankında davam etdirib. 2023-cü ilin avqustundan 2024-cü ilin iyun ayınadək Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentində aparıcı mütəxəssis vəzifəsində çalışıb. 2024-cü ilin iyunundan 2026-cı ilin iyul ayınadək isə həmin departamentin Nəzarətin metodologiyası şöbəsinin rəisi vəzifəsini icra edib.