Putin İsraildən niyə qorxdu?
08:04 21-04-2015
İQTİSADİYYAT
Putin İsraildən niyə qorxdu?
ABŞ Rusiyaya qarşı yeni cəbhə açır
Rusiya prezidenti Vladimir Putin İsrailin Ukraynaya silahı göndərməsinə qarşı çıxmayıb və bu ölkənin Kiyevi silahlandırmasını təbii qarşılayıb.
Putin, "Vesti v subbotu" proqramına müsahibəsində bildirib ki, Rusiyanın İrana S-300 raket sistemi satmasına cavab olaraq İsrail Ukraynaya silah vermək məsələsində haqlıdır. Amma, bu, məsləhətli iş deyil.
V.Putin deyib: "İsrail rəhbərliyi seçimlərini haqlı və məqsədəuyğun hesab edirlər. Düşünürəm ki, haqlı olsalar da, amma, bu, məsləhətli deyil. Əgər ağır silahlardan söhbət gedirsə, bu, yalnız qarşıdurmanın əlavə bumuna, insan ölümlərinin sayının artımına gətirib çıxaracaq. Bizim İrana silah satmağımıza gəlincə, bu silahlar müdafiə xarakteri daşıyır və heç vaxt İsrailin müdafiə qabiliyyətini pozmağa yönəldilməyib."
Rusiyanın dövlət başçısı qondarma Donetsk və Luqansk Xalq respublikalarının tanınması imkanları barədə suala belə cavab verib: "Bu, məqsədəuyğun sayılmaya bilər. Amma biz daha çox həyatda baş verən reallıqlara baxacağıq."
Merkeldən Putinə yeni təklif
Almaniya kansleri Angela Merkel Rusiya ilə azad ticarət zonasının yaradılmasının əhəmiyyətindən danışıb. Xanım Merkel bu barədə Ştralzund şəhərində keçirilən iqtisadi forumda deyib.
O bildirib ki, Rusiya ilə azad ticarət zonanın perspektivi bizim üçün də əhəmiyyətlidir. İki ölkə arasında siyasi xarakterli problemləri var, amma, bunların öhdəsindən siyasi dialoq vasitəsilə gəlmək olar.
Merkel vurğulayıb ki, Avropa İttifaqının Ukrayna və Moldova ilə imzaladığı Assosiasiya sazişi Rusiyaya qarşı yönəldilməyib, əksinə, bu ölkələri ümumi ticarət zonasına cəlb edir: "Biz addımbaaddım onları ümumi iqtisadi sahəyə yaxınlaşdırırıq. Rusiya Prezidenti Vladimir Putinin bir dəfə dediyi kimi, Vladivostokdan Lissabona qədər."
Almaniyanın iqtisadiyyat və energetika naziri Ziqmar Qabriyel bildirib ki, Ukraynada münaqişə bitirdikdən sonra Avropa İttifaqı bu məsələdə Rusiya ilə danışıqlara başlaya bilər.
Xatırladaq ki, bu ilin yanvarında Almaniya Sənaye-Ticarət Palatasının direktoru Martin Vanslebenin Almaniya və Rusiya arasında azad ticarət zonasının yaradılmasının məqsədəuyğun olduğunu deyib.
NATO-da Rusiya xofu:
"Birləşməliyik..."
NATO üzvü olan ölkələr Rusiya təhdidi qarşısında birləşməlidir. Bu barədə Britaniyanın "The Telegraph" qəzetinə müsahibəsində ABŞ-ın Avropadakı qoşunlarının komandanı, general Ben Hodjes bildirib.
General deyib ki, alyansla Kreml arasında münasibətlərin gərgin olmasına baxmayaraq söhbət hələlik Rusiyanın birbaşa hərbi müdaxilə təhlükəsindən və ya yeni "soyuq müharibədən" getmir.
"Bu, uydurma deyil. Rusiya təhdididir. Siz Rusiya səfirinin Danimarkanı raketdən müdafiə proqramına qoşulacaqları halda nüvə silahı ilə necə hədələdiyini eşitdiniz. Və Rusiya nüvə bombardmançısının transponderi söndürülmüş vəziyyətdə sərnişin təyyarəsinin yaxınlığından uçursa bu artıq qeyri-peşəkar davranışdır" - deyə general bildirib.
Ben Hodjes deyib ki, onun fikrincə, hərbi qarşıdurma qaçılmaz deyil. "Lakin siz döyüş hazırlığı vəziyyətində olmalısınız ki, diplomatiyanın effektivliyini təmin edəsiniz. Biz Rusiya ilə hərbi toqquşmada maraqlı deyilik, ancaq bütün silah növləri üzrə üstünlüyü saxlamaq istəyirik. Hesab etmirəm ki, biz bu sahədə Rusiyadan geri qalırıq. Ancaq Rusiya bəzi sferalarda fərqi qapada bilib. Biz istəmirik ki, bunlar baş versin" - Amerika generalı deyib.
General Hodjes hesab edir ki, Rusiya hakimiyyəti də NATO ilə birbaşa hərbi münaqişə istəmir. Çünki nəzərə alır ki, NATO nizamnaməsinin 5-ci maddəsinə görə, alyansın üzvlərindən birinə hücum 28 üzvün hamısına hücum deməkdir. "Ancaq iqtisadi, informasiya təzyiqləri var. Sərhədlərin pozulması baş verir. Onlar açıq hücum etmək istəmirlər, ancaq elə situasiya yaratmaq istəyirlər ki, heç kim hücumun baş verməyəcəyinə əmin olmasın" - deyə general bildirib.
ABŞ Rusiyaya qarşı
informasiya müharibəsinə
15 milyon pul ayırır
Rusiya KİV-ləri ABŞ-ın informasiya müharibəsi hazırlığı barədə yeni məlumatlar əldə ediblər.
Rusiyanın "İzvestiya" qəzeti iddia edir ki, ABŞ Rusiyaya qarşı öz "haker ordusu"nu səfərbər etmək fikrindədir.
ABŞ hakimiyyət qüvvələrinin rəsmən bunu elan etməsəydilər məsələ iddia olaraq qalardı. Halbuki Amerika Yayımı haqqında İdarə Heyətinin (Broadcasting Board of Governors; BBG) son təklifini açıq informasiya müharibəsi elanı hesab etmək olar.
Burada yazılanlara əsasən Rusiyanın "dezinformasiya"sına qarşı dövlət siyasətini yürütmək və sosial şəbəkələr vasitəsilə daha doğru xəbərlərin yayılması üçün rəqəmsal mediadepartamentə (15 milyon) pul ayrılması təklif edilir. Onu da nəzərə çatdıraq ki. təklif ABŞ prezidenti Barak Obama adından verilir.
Sənəddə kiber hücumlara 15 milyon dollar vəsait tələb olunur. Misla üçün deyəkl ki, İŞİD-ə qarşı kiberhücumlara 6 milyon dollar tələb edilir.
Qeyd edək ki, son vaxtlar Amerika təbliğatının (Psaki sayağı ittihamlar) Rusiyaya uduzmasına baxmayaraq ikinci tərəf buna çox aqressiv reaksiya göstərib. Bu gün hətta Rusiyada rəqəmsal müharibəyə orduda olduğu kimi məcburi çağırış elan edilməsinin vacibliyini vurğulayan insanlar var. Və həqiqətən də təbliğat məsələsində Ameriakyla düşmən olmağa Rusiya güclü hazırlaşmalıdır. Rusiyanın informasiya sahəsində qərbdə yayımlanan Russian Today (RT) telekanalı varsa, ABŞ-ın günü-gündən təbliğatı artıran və Rusiyada bazalaşmış RBC telekanalı fəaliyyətdədir.
Lakin bu yatırımdan sonra Rusiya təkcə RT-yə güvənsə uduza bilər. Çünki dünyada və Rusiya ilə sərhəd Ukraynada baş verən son hadisələr təbliğatın nə qədər güclü silah olduğunu hamıya göstərib. Bu təqdirdə təbliğat hücumu bəzən bir-başa hərbi hücumdan effektli ola bilər. Həm də bir fakt da var ki, ABŞ həmişə təbliğat hücumunu hərbi hücumla birgə aparır.
Ukrayna üçün
iflas təhlükəsi?!
Bu arada Ukraynanın müflis olma tarixi dəqiqləşib. Məlum olub ki, 27 aprel son tarixdir. Bu tarixdə Ukrayna xarici borcları verməkdən imtina etsə defolt elan ediləcək.
Bəs Ukrayna ölkənin ÜDM-ilə bir olan xarici borcları vermək iqtidarındadırmı? Məşhur Bloomberg portalı Ukraynanın bəzi borcları verməkdən imtina etməsi və asılı olduğu kreditorları defoltla hədələməsini artıq texniki müflisləşmə kimi qiymətləndirir.
Belə ki, borcun kreditor nəzərə alınmadan birtərəfli qaydada qaytarmaq şərti artıq texniki defolt göstəricisidir.
Qeyd edək ki, əgər hər hansı bir ölkə xarici kreditorlara borcunu vaxtında ödəyə bilmirsə bu defolt (müflisləşmə) göstəricisidir. Bu onsuz da vətəndaş müharibəsinin içində olan Ukraynaya xarici sərmayələrin yatırılmaması, şirkətlərin müflisləşməsi, işsizlərin çoxlaması, maaşın və pensiyanın azalması, qıtlıq, həyat tərzinin aşağı düşməs və bunlardan irəli gələrək rüşvət və cinayətkarlığın artımı deməkdir.
Bu təqdirdə Poroşenko hakimiyyətinin bunları bilərək ölkəyə kömək edən kreditor müttəfiqləri hədələməsini yersiz adlandırmaq olar. Rusiyaya olan qaz borcu bir yana qalsın, Avropa Birliyinə borclu olduğu təqdirdə hədənin nə qədər effektli olacağı isə Yunanıstan hadisələrindən bizə bəllidir. Hətta hakimiyyət belə dəyişsə, avropalılar özləri ölkəni "defolt" elan etməmiş, həmin ölkədən borcu tələb edir.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53