Çingiz Əsədullayevin adı seçkiöncəsi gündəmdə
11:04 22-04-2015
İQTİSADİYYAT
Çingiz Əsədullayevin adı seçkiöncəsi gündəmdə
Biznesmen-deputatla bağlı maraqlı faktlar ortaya çıxdı
Parlament seçkilərinə aylar qala bəzi deputatlarla bağlı məlumatlar intensivləşir. Onların fəaliyyəti ilə bağlı müxtəlif maraqlı faktlar ortaya çıxır.
Dünən belə millət vəkillərinin siyahısına biznes fəaliyyəti ilə məşğul olan Çingiz Abdullayevin adı əlavə olunub. Belə ki, onun həm biznes, həm də deputatlıq fəaliyyəti ilə bağlı iki ilginc informasiya yayılıb.
AGBank Müşahidə Şurasının sədri olan Çingiz Əsədullayevin biznesini araşdıran arqument.az dünən yazıb ki, bundan əlavə onun səhmlər və əqdlər bölməsində pay sahibi olduğu da qeyd olunur. Hazırda onun 23.096 faiz bankda pay sahibi olduğu rəsmi olaraq əksini tapıb. Qeyd edək ki, Çingiz Əsədullayevin rəhbərlik etdiyi və əsas payçısı olduğu "AG Bank" ("Azəriqazbank") 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biri kimi tanınır. Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və "Kazimir İnvestment LTD" Amerika Sərmayə Fondu. Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC " AGBank "-ın 17.5% həcmində səhmlər paketinin sahibidir. "Kazimir İnvestment LTD" Amerika Sərmaye Fondu 2008-ci ildən etibarən ASC "AGBank"-ın 10% səhmlər paketinə malikdir. Hazırda, AGBank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir...
Ç. Əsədullayevin biznes fəaliyyəti ilə məşğul olduğunu onun deputat həmkarı da təsdiqləyib. "Bizim aramızda iri biznes adamları var. Mənə elə gəlir ki, onlar deputat kimi öz fəaliyyətlərini səmərəli qura bilmədi. Onlar adətən susur. Bir-iki nəfər istisna olmaqla. Çingiz Əsədullayev aktivdir, sağ olsun. Qalan biznes strukturunun nümayəndələri passivdir. Bəlkə də səviyyələri olmadı, bəlkə də, siyasət aləmində tanınmadıqlarına görə utandılar danışmağa..." - bu fikirlər isə Milli Məclisin deputatı Elmira Axundovaya məxsusdur. O, bir müddət öncə modern.az saytına müsahibəsində biznesmen deputatları tənqid edərkən belə demişdi.
Sayt xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Ancaq buna baxmayaraq, Milli Məclisdə mandat sahibi olan deputatların bir qismi, o cümlədən də Çingiz Əsədullayev bizneslə məşğul olur.
editor.az saytı isə dünən Çingiz Əsədullayevin deputatlıq fəaliyyəti ilə bağlı şikayət dərc edib. "Baxmayaraq ki, on ilə yaxındır bizi Milli Məclisdə təmsil edir, ağdaşlılar Çingiz Əsədullayevi son seçkilərdən sonra rayonda üst-üstə beş dəfə görməyib. Ona yazdığımız məktubların əksəriyyəti də cavabsız qalır", - saytın yazdığına görə, bu sözlər 90 saylı Ağdaş seçki dairəsinin bir qrup sakini tərəfindən editor.az-ın elektron ünvanına daxil olan şikayət məktubunda öz əksini tapıb.
Şikayətçilər bildirib ki, yalnız seçkidən-seçkiyə seçicilərini yada salan deputat onları unudub: "Çingiz müəllim, iş adamıdır. Ölkənin aparıcı banklarından birinə rəhbərliik edir. Görünür başı pul qazanmağa qarışıb və biz seçiciləri unudub. İndiyə qədər müxtəlif məsələrlə bağlı deputata müraciət etsək də, demək olar ki, əksər məktublar cavabsız qalıb və ya mənfi cavab verilib. Nəinki onun özü ilə, heç Ağdaşda fəaliyyət göstərən köməkçisi ilə də əlaqə yarada bilmirik. Həm deputatın özünün, həm də köməkçilərinin telefonları gün ərzində qapalı olur. Dəfələrlə Ağsudan olan istedadlı uşaqları işlə təmin etməyi ondan xahiş etsək də, o, bizim müraciətlərimizə heç bir cavab verməyib. Rayonda olan özbaşınalıqlarla bağlı etdiyimiz müraciətlərə əhəmiyyət vermir".
Sayt məsələyə Milli Məclisin deputatı Çingiz Əsədullayevin özündən münasibət öyrənmək istəsə də, millət vəkilinin telefonu bağlı olduğundan onunla əlaqə saxlamaq mümkün olmayıb. Millət vəkili ilə Milli Məclisin telefonları vasitəsilə əlaqə saxlamaq cəhdləri də nəticəsiz qalıb.
Qeyd edək ki, parlament seçkisi öncəsi biznesmen-deputatla bağlı bu cür məlumatların intensivləşməsi maraq doğurur. Ç. Əsədullayevin barəsində yazılanlara reaksiya verib-verməyəcəyini isə zaman göstərəcək.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05