Azərbaycanda
Azərbaycanda müəmmalı məmur şirkətlərinin "kitabı bağlanır"

Büdcə vəsaitlərini şübhəli satınalmalarla dağıdanlar üçün yolun sonu göründü

Daha 141 şirkət büdcə vəsaitlərinin müəmmalı satınalmalar vasitəsilə "əridilməsində" iştirak etmək kimi onlar üçün öncədən müəyyən olunmuş missiyanı yerinə yetirərək, "ömrünü" başa vurmaqdadır. Rəsmi mətbuatda rəsmən bir nəfərin idarə etdiyi bu qədər şirkətin ləğvi haqda elanlar dərc edilib.
Adı şübhəli dövlət satınalmalarında hallandırılan Mehman Canmirzə oğlu Mirzəliyevin direktoru olduğu bu şirkətlərin kimlər tərəfindən yaradıldığı məlum deyil. Məlum olan odur ki, bu şirkətlər 2013-cü ilin sentyabr və noyabr aylarında və ötən ilin yanvar ayında elektron qaydada qeydiyyatdan keçiblər. Ünvan olaraq, Quba, Qusar və Xaçmaz rayonlarındakı kəndlər seçilib. Qeydiyyatdan keçmə və tenderlərdə qalib gəlmə arasında müddət bəzən 2 aya çatır. Satınalmalar üzrə Dövlət Agentliyinin (SDA) açıqladığı məlumatlara görə bu şirkətlərin bir çoxu 2013-1014-cü illərdə təşkil olunmuş ən azı 243 satınlama prosedurunun qalibi olub. Qeyd edək ki, SDA-nın tərtib etdiyi dövlət satınalmalarının nəticələri üzrə reyestrdə qalib şirkətlərin adları bir çox hallarda yanlış göstərildiyindən sözügedən ləğv olunan şirkətlərin aşağıda açıqladığımız "uğur siyahısı" güman ki, daha uzun ola bilərdi. Ümumi dəyəri 6 milyon 897 min 140 manat olan bu satınalma müqavilələrin 52-si Milli Elmlər Akademiyasının, 47-si Səhiyyə Nazirliyinin, 40-ı Mədəniyyət Nazirliyinin, 20-si Təhsil Nazirliyinin, 11-i Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin özü və ya tabeli təşkilatları ilə bağlanıb. Qeyri-ciddi şirkətlərlə müqavilə ortağı olanlar arasında Kənd Təsərrüfatı Nazrliyi (6 müqavilə), Gənclər və İdman Nazirliyinin (5), Müdafiə Nazirliyi (9), Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (3), Energetika Nazirliyi (4), yerli icra hakimiyyəti orqanları (18), "Televiziya və Radio Verilişləri" QSC (4) və başqaları da var.
Bir qayda olaraq, birdəfəlik istifadə olunan şirkətlər bir qayda olaraq cari təmir işlərinin, mebellərin, dəftərxana və təsərrüfat mallarının, iri avadanlığın, digər maşın və avadanlığın, ərzaq məhsullarının satın alınması işlərində təchizatçı kimi göstərilir. Onlar, həmçinin, məzmunu qaranlıq olan "digər xərclər", "idarənin xərcləri", "sair xərclər" "digər alışlar və xidmətlər", "kommunal və kommunikasiya xidmətləri" və s. məbləği heç də az olmayan alışları da təmin ediblər. Ən azından büdcədən bu məqsədlə kifayət qədər vəsait bu şirkətlərin hesabına yönəldilib.
SDA-ya təqdim olunmuş məlumatlara görə, ləğv mərhələsinə qədəm qoyduğunu elan edən bu şirkətlər ixtisas imkanları tələb edən bir çox iri satınalmalar da həyata keçirib. Bunların arasında obyekt və yaşayış evlərinin fasadının, hətta yolların əsaslı təmiri, avtomobil təmiri, mətbəə və çap işləri, konfrans və digər tədbirlərin təşkili, kompyuter proqramının hazırlanması, lisenziyalı proqram təminatının təchizatı və sair işlər də var. Əksər hallarda eyni şirkət bir dövlət təşkilatı üçün bir neçə xidməti eyni zamanda görüb. Məsələn, ləğv edilməkdə olan "TTİ Ltd" MMC Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna 57 min 15 manat dəyərində hansısa xidmətlər göstərib, ona 10 min manatlıq inventar, 5 min manatlıq geyim və 6408 manatlıq dəftərxana ləvazimatları və təsərrüfat malları satıb, 7685 manatlıq nəqliyyat xidməti təşkil edib. Bundan başqa elə həmin şirkət İnformasiya Texnologiyaları İnstitutundan veb-saytların təkmilləşdirilməsi üçün 18 744 manat pul alıb. Tragikomik satınalmalardan biri Mehman Mirzəliyevin "Prima Servis" şirkətinin həmin institut üçün "elmi-tədqiqat işlərinin" aparılması olub. Dəyəri 70 250 manat qiymətləndirilən bu tədqiqatın mövzusu yəqin ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də maraqlı ola bilərdi.
Qeyd edək ki, hüquqi şəxslərin məlumatlarının yenilənməsi göstərir ki, ləğv olunan bu saxta şirkətlərin yerini oxşar adlarla başqaları tutur.
Ekspertlər deyirlər ki, bir çox hallarda bu tipli müəmmalı satınalmaların bir çoxunun qiyməti dəfələrlə şişirdilir, əksəriyyəti isə satınalan təşkilatların "daxili imkanları" hesabına icra olunur. "Birgünlük şirkətlər" isə bu vəsaitlərin mənimsənilməsi üçün bir mərkəzdən idarə edilir, meydana gəldikləri kimi sirli şəkildə də yoxa çıxırlar.
Eyni zamanda o da məlumdur ki, belə şirkətlər əksər hallarda müəyyən məmurlara birbaşa və ya dolayı yolla bağlıdırlar. İndi həmin şirkətlərin kütləvi şəkildə qapadılması belə deməyə əsas verir ki, hökumət onların büdcə vəsaitlərinin qanunsuz şəkildə istifadəsində mühüm payı olması reallığını qəbul edir və müəmmalı məmur şirkətlərini kütləvi şəkildə ləğv etməyə start verir.
Ən əsası isə, bu prosesin davamlı olması Azərbaycanda məmur iqtisadiyyatının tədricən çökdürüləcəyinə dair ehtimallarda həqiqət payının yüksək olduğunu göstərir.
Orxan Həsənli