Rusiya ilə İranın məqsədli "nigahı" - TƏHLİL
Rusiya ilə İranın məqsədli "nigahı" - TƏHLİL

Georgi Mirski: "Nüvəli İrandansa Amerikayönlü İran bizim üçün daha təhlükəlidir"

İranın nüvə proqramı üzrə çoxtərəfli çərçivə sazişi imzalanandan dərhal sonra Rusiya Tehrana ən yeni zenit-raket komplekslərini satmaq qərarını bəyan etdi. 2010-cu ildə İrana qarşı sanksiyalar sərtləşdiriləndən sonra Rusiya Qərbə sayğısına görə bu kompleksləri İrana satmaqdan imtina etmişdi.

İranın nüvə proqramı üzrə yekun sazişin bağlanması təhlükə qarşısında olmasına baxmayaraq, Rusiyanın İrana S-300 raket sistemləri satmaq qərarı ABŞ üçün Moskva ilə Vaşinqton arasındakı düşmənçiliyin zəifləmədiyi barədə növbəti siqnal oldu.
ABŞ-ın nüfuzlu "The Washington Post" qəzetində dərc olunan məqalədə (müəllif Karun Demircan) bildirilir ki, Rusiyanın qərarı İsrail üçün təhlükə doğurur. Çünki S-300 raketləri İranın nüvə silahı hazırlayan obyektlərinə Tehrana nüvə bombası yaratmağa mane olmaqdan ötrü qabaqlayıcı zərbələri effektli şəkildə zərərsizləşdirə bilər.
İrana S-300-ün satılması barədə qərar Rusiya üçün bir qədər başqa növ xəbərdarlıq zərbəsidir: Rusiya əmin olmaq istəyir ki, beynəlxalq sanksiyalar götürülənədək İran bazarına daxil olmaq üçün əlverişli imkanı əldən buraxmayacaq.
Yaxın Şərq üzrə Rusiyalı ekspert Georgi Mirski deyir: "Bir neçə il əvvəl bir diplomatın dediyini eşitdim: "Nüvəli İrandansa Amerikayönlü İran bizim üçün daha təhlükəlidir".
Onun sözlərinə görə, Kremlin əksər məmurları məhz bu fəlsəfəni rəhbər tuturlar - xüsusən də ABŞ indi Tehranla münasibətləri yoluna qoymaq üçün təşəbbüslər göstərərkən.
Mirski bildirir: "Bu vəziyyət yalnız bir qalibin ola biləcəyi oyun kimi nəzərdən keçirilsə, o zaman Qərblə İranın yaxınlaşması Rusiyanın mövqelərinin zəifləməsi deməkdir. Buna görə də hələ nüvə sazişinin şərtləri gerçəkləşənə qədər qabaqlayıcı zərbə endirmək zəruridir ki, İrana bizim ən etibarlı tərəfdaş və güvəniləsi yeganə dövlət olduğumuzu sübut edək".
Gözlənilən nüvə sazişi İran bazarını gözaltı edən investorlara çox böyük gəlirlər vəd edir. Ümumdünya Bankı və Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, İran iqtisadiyyatı hətta təzyiq altında da dünyanın ilk iyirmiliyinə daxildir. İran Türkiyədən bir az geri qalır və Avstraliyanı bir az qabaqlayır. Saziş bağlansa və sanksiyalar götürülsə, neft kimyası və emal sahələrində, həmçinin İranın iri istehlak bazarında ciddi rəqabət başlanacaq.
İranın dirçəlməsi həm də Rusiya üçün potensial riskləri ehtiva edir - xüsusən də neft və qazın hasilatı və satışı sahəsində. İran neftinin dünya bazarına gəlişi neft ixracı qiymətlərinin azalmasına gətirib çıxaracaq. Rusiyanın əsas gəlir mənbəyi bu satışdan gələn qazancdır. İranla Rusiyanın təbii qaz ehtiyatlarının həcminə görə lider olduğu da nəzərə alınsa, onlar xüsusən də artıq çoxdan rus qazına alternativ arayan Avropada rəqiblərə çevrilə bilər.
Bununla belə, son otuz beş il ərzində Moskva ilə Tehran arasında Qərblə qarşıdurmada ehtiva olunan nəsə ümumi bir iş formalaşması duyumu var. ABŞ təzyiqinə müqavimət Rusiya prezidenti Vladimir Putinə öz vətənində güclü siyasətçi kimi görünməyə imkan verir. İran liderləri üçün isə xalqın Qərb təsirindən qorunması İslam rejiminin yaşarılıq qabiliyyəti ilə birbaşa bağlıdır.
Mirskinin hesab etdiyi kimi, məhz buna görə İran nüvə sazşinin imzalanmasından sonra Qərb investorlarını fərəhlə salamlayacağına baxmayaraq, Rusiyadan heç zaman üz döndərməyəcək.
Lakin bu, əndişələrin zəminsiz olduğuna Rusiyanı inandırmaq üçün hər halda yetərli deyil.
Analitik, xarici və müdafiə siyasəti üzrə komissiyanın rəhbəri Fyodor Lukyanovun fikrincə, "Rusiya hökuməti əmindir ki, Qərb Rusiyanın hər hansı bir üstünlük əldə etməsinə mane olmaq üçün mümkün hər şeyi edəcək. Avropanın əksər ölkələrindən və şirkətlərdən qeyri-rəsmi nümayəndə heyətləri artıq İrana gəlir və sanksiyalrın götürülməsini gözləyir. Buna görə də Rusiya sayıqlaşıb".
S-300-ün tədarükünə 800 milyonluq sövdələşmə - ölkələr səkkiz il öncə müqavilə imzalayıb, lakin Qərb sanksiyalarının tətbiqi üzündən onun həyata keçirilməsi təxirə salınıb - bir çox ölkə və şirkətlərin İranla münasibətləri qaydaya salmağa cəhd etdiyi zamanda Rusiyanın daha arxada qalmayacağını qaranta alan ilk addım oldu.
Moskva Tehranla münasibətləri möhkəmləndirmək üçün başqa bir sıra tədbirlər görüb: Kreml ötən həftə "mallara neft mübadiləsi" proqramının mövcudluğunu təsdiq etdi. Rusiya taxıl və digər mallara mübadilə etməklə İrandan gündə yarım milyon barrelə qədər neft ala biləcək.
Ekspertlərin fikrincə, sanksiyalar götürülsə, ardınca bir sıra müqavilələrin bağlanması, o cümlədən silah tədarükü və atom elektrik stansiyalarının inşası gələcək. Çünki Rusiya malları bu sahələrdə rəqabət qabiliyyətlidir.
Rusiya parlamentinin "Vahid Rusiya" hərəkatından deputatı, Dövlət Duması beynəlxalq məsələlər üzrə Komitənin sədr müavini Andrey Klimov bildirir: "Biz ticarət və elmi proqramların yeni iştirakçılarının siyahısında sonuncu olmaq istəmirik. Biz Avropa Birliyi, Fransa və yaxud ABŞ-dakı dostlarımızdan sonra durmaq istəmirik. Mən hökumətin deyil, öz şəxsi fikrimi ifadə edirəm. Biz onların arasında, hətta bir qədər irəlidə olmaq istəyirik. Məhz buna görə artıq indidən başlamışıq".
Bununla belə, Rusiya hökuməti S-300-ün tədarükü barədə qərar haqda susmağa üstünlük verirlər.
Klimov deyir: "Onlara satmağa vəd etdiyimiz raketləri onlara satmamışıq, sadəcə, vəd etmişik. Belə bir avadanlığı onların ərazisinə dərhal çatdırmaq mümkün deyil. Biz axı bir neçə "Kalaşnikov" avtomatından danışmırıq. Bunu təkcə düyməni basmaqla həll etmək mümkün deyil".
Bəzi ekspertlərin fikrincə, raket tədarükü və "mal mübadiləsinə neft" proqramı Qərbi Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları yumşaltmağa vadar etmək cəhdidir. Yəni Rusiya Vaşinqtona xatırladır ki, hansısa başqa bir qaydada onun planlarının gerçəkləşməsinə mane ola bilər.
Nüvə sazişinin imzalanması İrandakı mühafizəkarlar və yaxud ABŞ Konqresi tərəfindən pozularsa, Rusiyanın İrana müdafiə silahı satmaq vədi Qərblə gərgin münasibətlər dövründə Moskvaya çox kömək edəcək. Keçən həftə İranın müdafiə naziri Rusiya, Çin, Hindistan və İranın NATO-ya qarşı dura biləcək alyans yarada bilməsi barədə ideya irəli sürdü.
Rusiyalı hərbi ekspert Aleksandr Qolts deyir: "Deyəsən, Rusiya təcrid olunmuş dövlətlər içində lider olmaq istəyir. Bu, sadsəcə, Qərbə dəqiq siqnal göndərmək üçün növbəti fürsətdir: "Bizi təcrid etmək istəyirsiniz, bizimlə hesablaşmaq istəmirsiniz? Olsun, onda baxın ki, biz nələr edə bilərik"".
Bu arada strateq.az saytının təhlilinə görə, Putinin İrana "yer-hava" raketlərinin tədarükü embarqosunu ləğv etməsi yekun nüvə sazişinin baçğlanması üzrə "altılıq" ölkələrinin Tehranla danışıqlarının məğlubiyyətə uğramasından xəbər verir: "Fransa Putini S-300-lə bağlı qərara görə açıq şəkildə tənqid edir. Natan Şaranski İsrailin tələbini yada salır: "İran onunla normal dövlət kimi davranılmasını istəyirsə, qoy özünü münasib şəkildə aparmağa başlasın" və Obamanı "Amerikanın kürəsəl liderlik inamının itirilməsindən" çəkindirir.
Corc Buş administrasiyasında müdafiə naziri müavininin köməkçisi olmuş Ced Bebbin "The Washington Times"-da yazır ki, Putinin İrana "yer-hava" raketlərinin tədarükü embarqosunu ləğv etməsi haqda qərarı dərhal nəticəsini göstərdi. Birincisi, Əli Xamenei bildirdi ki, beynəlxalq müfəttişlər İranın nüvə obyektlətinə buraxılmayacaq. Müəllifin fikrincə, Obamanın nüvə sazişi haqda danışıqlarda müzakirə etdiyi nüvə obyektlərində S-300-ün yerləşdirilməsi təftiş rejimi fəaliyyətinin qabağını alacaq: "Putinin bəyanatı Obamanın apardığı danışıqlara birbaşa müdaxilədir".
İkincisi, S-300 tədarükü İsraili "bu sistemlər quraşdırılana qədər İranın nüvə obyektlərinə zərbə endirib-endirməməyi" qət etməyə vadar edir.
Üçüncüsü, Rusiya yenidən İrana əsas silah tədarükçüsünə çevrilir və ehtimal ki, ticarətin digər sahələrində üstünlük əldə edəcək.
Rusiya nüvə sazişi barədə İranla danışıqlar aparan "5+1"-ə daxildir. Bebbin yazır: "Putin İranı bu danışıqlardakı "çevikliyə" görə raket tədarükü ilə mükafatlandırıb bub danışıqların nəticəsini öncədən müəyyən etdi və onun uğursuzluğunu təmin etdi. Putinin İrana nisbətdə planları Obamaya hər addımda əngəl törədir. ABŞ Konqresi "altılığın" İranla sazişini qısa vaxt ərzində nəzərdən keçirəcək, lakin Obama konqresmenləri maksimal səviyyədə uddu. Putin Obamanın onun əvəzləyicisi Dmitri Medvedyevə 2012-ci il seçkilərindən sonra böyük çeviklik göstərəcəyi barədə verdiyi vədi xatırlayır. Və Putinin bəxti üzünə gülür".
"The Financial Times" qəzeti yazır: "Fransanın xarici işlər naziri Loran Fabius müsahibəsində xəbərdarlıq edir ki, Rusiyanın İrana HHM sistemi tədarük etmək qərarı Tehranın nüvə razılaşmasına müqavimətini möhkəmləndirəcək və bölkədə durumu kəskinləşdirəcək: "Biz təəssürat yaratmamalıyıq ki, hazırda yaşadığımız mərhələ yenidən silahlanmaya dartıb aparacaq, əks halda əlverişsiz vəziyyət yaranacaq və sazişin əleyhdarları daha cürətli olacaqlar".
Qəzet şərh edir: "Ötən həftə Tehranı Lozannadakı çevikliyinə görə mükafatlandırdığını bildirən Putinin ünvanına birbaşa tənqid Fransanı sərt xəttini və nüvə proqramı haqda danışıqlarda onun aydın səsini əks etdirir. Olland Ukrayna böhranına münasibətdə daha həlimdir: o, Vaşinqtonun Ukrayna əsgərlərini silahlandırmaq ideyasını rədd etdi. Paris ən son həddə - ilin sonuna kimi Minsk razılaşmasının yerinə yetirilməsinədək Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaq ideyasını müdafiə etdi. Eyni zaman Paris sanksiyaları artıq iyunda yığışdırmağa hazırdır".
Fabius deyib: "Əgər Rusiya tərəfi Minsk öhdəliklərinə sayğı göstərəcəksə, sanksiyaların yumşaldılması mümkündür. Əgər pozulmalar qeydə alınarsa, onda sanksiyaların müddətini artırmaq və yaxud hətta genişləndirmək lazmdır".
Qəzet hesab edir ki, Mariupola hücum sanksiyaların müddətinin artırılmasına təkan ola bilər.
"Sohnut" yəhudi agentliyinin sədri, hüquq müdafiəçisi Natan Şaranski "The Washington Post" üçün məqaləsində yazır ki, "Amerika Amerika olduğunu nə vaxt unutdu? İranın nüvə proqramı haqda danışıqlar gedərkən İsrail ABŞ və onun müttəfiqlərinə "İran onunla normal dövlət kimi davranılmasını istəyirsə, qoy özünü uyğun şəkildə aparmağa başlasın" çağrışını edəndə. Lakin yalvarışa fikir vemədilər. Görünür, Ağ Ev güman edir ki, azad dünya ancaq nüvə sazişi bağlanandan sonra İrandan sivil davranış gözləyə bilər".
Şaranskinin fikrincə, bu yanaşma ABŞ-ın SSRİ ilə çoxillik danışıqlardakı mövqeyindən son dərəcə fərqlənir: Sovet rejimi yalnız iqtisadi əməkdaşlıq barədə Birləşmiş Ştatlarla danışıqlara başlamağın xatirinə ideologiya sahəsində ilk güzəştə getməyə məcbur oldu. Moskva 1950-ci illərin sonunda dinc yanaşı yaşamaq konsepsiyası xatirinə dünya inqilabının şiddətləndirilməsi doktrinasından imtina etdi, çünki başa düşürdü ki, ona lazım olanı ABŞ-dan başqa yolla əldə edə bilməyəcək. Əksinə, indiki İran özünün "Amerikaya ölüm!", "İsraili yerüzündən siləcəyik!" çağrışlarını yumşaltamağa ehtiyac görmür. Və İranın heç bir davakarlığı azad dünyanı inandıra bilməz ki, danışıqlarda Tehran özü özünü oyundan kənar duruma saldı və yaxud ona təklif edilən faydaya iddia etməyə haqqı çatmır. ABŞ Senatı bir zamanlar insan hüquqları sahəsində mühacirət azadlığını SSRİ ilə iqtisadi münasibətlərin normallaşdırılması ilə əlaqələndirdi. SSRİ-nin dissidentlərlə necə ötüşməsi SSRİ ilə ABŞ-ın, demək olar, bütün danışıqlarında başlıca mövzulardan biri idi. Əksinə, İranda insa hüquqları ilə bağlı kədərli durum bu yaxınlardakı danışıqlarda, ümumiyyətlə, xatırlanmırdı".
Şaranskinin fikrincə, ABŞ-ın indiki mövqeyi "öz mənəvi haqlılığına əminliyin itirilməsi ilə" izah olunur. ABŞ rəsmiləri SSRİ ilə danışıqlarda öz siysi sistemlərinin sovetinkindən əxlaqi üstünlüyünə əmin idilər. Lakin liberal demokratiyanın digər rejimlər üzərində üstünlüyünün bəyan edilməsi çağdaş dünyada keçmiş müstəmləkəçiliyin qalığı kimi göründüyü vaxt, görünür, hətta ABŞ da öz inanclarına inamını itirib.
Müəllif yazır: "İnamlı qlobal liderliyin itirilməsi təkcə ABŞ və İsrail üçün deyil, həm də Tehranın hakimiyyəti altında yaşayan İran sakinləri və digər xeyli insanlar üçün də təhlükəlidr. Bir az sonra çox gec olacaq, lakin nəticələr nə qədər ki daha da fəlakətli olmayıbsa, hələ kursu dəyişmək olar".
Kənan Rzaquliyev