Çanaqqaladan
Çanaqqaladan Yerevana uzanan yol

Yeni mərhələyə start verildi

Bu gün regionda qütbləşmə prosesinin son nöqtəsi qoyuldu. Bir tərəfdə, yəni Ermnənistanda bir çox dövlət təmsilçiləri erməni "soyqırım"ını, digər tərəfdə Çanaqqalada isə bir çox dövlət başçıları türklüyün qələbəsini yad edir. Əslində bu həm də regionun gələcək siyasi xəritəsini müəyyənləşdirən amildir. Amma məsələnin detallarına varmadan gəlin son xəbərlərə baxaq.

Avstriya "erməni
soyqırımı"nı tanıdı

Avstriya parlamenti "erməni soyqırımı"nı tanıyan bəyannamə qəbul edib. Ölkə parlamentindəki 6 əsas fraksiya bu günkü iclas zamanı bu barədə qərarı elan edib. İclas "soyqırımı" qurbanlarının 1 dəqiqəlik sükutla yad olunmasından sonra başlayıb.Bəyannamədə 1915-ci il hadisələri "genosid" adlandırılır və Türkiyədən "bu tarixi faktı" tanıması tələb olunur.

Rusiya Duması
24 apreldə "erməni
soyqırımı"nı tanıyacaq

Rusiya Dövlət Dumasının vitse-spikeri Nikolay Leviçov aprelin 24-də parlamentin "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul edəcəyini deyib. 1915-ci il hadislərinin "soyqırımı" olduğunu deyən rusiyalı siyasətçi sabah keçiriləcək iclasda qətnamənin qəbul ediləcəyini bildirib:
"Dövlət Duması hələ 1996-cı ildə "erməni soyqırımı"nı pisləyən qətnamə qəbul edib. Sabah da anoloji qətnamə qəbul ediləcək. Bir çox şəhərlərimizdə bu tarixlə bağlı aksiyalar keçiriləcək".
Putinin Moskvada təşkil edilən "soyqırımların olmadığı bir dünya" adlı proqrama göndərdiyi mesajda deyilir:"24 aprel 1915-ci il insanlıq tarixinin ən qorxunc və dramatik hadisələrindən və erməni xalqının soyqırımı ilə əlaqədar kədərli bir tarixdir".
Rusiyanın bu "faciəni" öz acısı və problemi olaraq gördüyünü ifadə edən Putin 100 il sonra "faciə qurbanları" qarşısında baş əydiklərini qeyd edib.
Rusiyanın obyektiv olmağa davam edəcəyini vurğulayan Putin "etnik şəxsiyyətlərə görə kütləvi qırğının haqlı səbəbi ola bilməz. Beynəlxalq cəmiyyət bu cür vəhşiliyin heç bir zaman və heç bir yerdə təkrarlanmaması üçün hər şeyi etməyə borcludur" xəbərdarlığını da etdi.
Sonda Putin mesajını iki dost ölkə Ermənistan və Rusiyada yaşayan erməni xalqına əmin-amanlıq və rifah diləyərək tamamlayıb.

Çanaqqalada izdiham

Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Türkiyədə keçiriləcək bayram mərasimlərində iştirak etmək məqsədi ilə qardaş ölkəyə 21 ölkə başçısı gəlib.Mərasimə 3 ölkənin parlament sədri, 5 ölkənin baş naziri, 3 ölkənin vitse-prezidenti qatılıb. Məlumatda qeyd edilir ki, Rusiya və Əlcəzair parlament, Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Cibuti, Çad, Cənubi Sudan, İraq, İrlandiya, Çernoqoriya, Qətər, Şimali Kipr Türk Cümhuriyyəti, Kosovo, Makedoniya, Mali, Nigeriya, Pakistan, Seneqal, Sloveniya, Somali və Türkmənistan isə prezident səviyyəsində mərasimlərdə iştirak edib.
Bəhreyn, Fransa, Qabon, Qana, Qvineya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Gürcüstan, Xorvatiya, Hindistan, İraq, Litva, Livan, Kanada, Monqolustan, Mavritaniya, Mozambik, Sinqapur, Tacikistan, Tunis, Vyetnamı isə nazirlər təmsil olunur.
İndi isə keçək Çanaqqala və Terevan aksiyalarının siyasi və hüquqi yükünə.

Çanaqqala bizlərə
nələr verəcək?

Çanaqqala anım tədbiri adından da göründüyü kimi sadəcə olaraq ictimai yüklü bir aksiyadır və bunu hardasa 2-ci dünya müharibəsində faşizm üzərindəki qələbəni yad etmək üçün Moskvada keçirilən paradla müqayisə etmək olar. Yəni Çanaqqala yürüşünün hüquqi və siyasi yükü yoxdur. Amma bu yürüş Türkiyə və Azərbaycanın dostlarını müəyyənləşdirmək üçün bir olay kimi qəbul oluna bilər. Amma hesab etmək olar ki, bu aksiya erməni "soyqırım"ına adekvat olaraq atılan addım kimi də qəbul olunmalıdır. Bəs bu nə qədər uğurlu addım idi? Hesab etmək olar ki, daha effektli addım məhz Xocalı faciəsi ilə bağlı bu gün də aksiyanın keçirilməsi olmalıydı.Nəyə görə?
1. Azərbaycan hakimiyyətinin və Heydər Əliyev Fondunun ciddi səyi nəticəsində "Xocalıya ədalət" kampaniyası dünyaya həqiqəti göstərmişdi və bir sıra dövlətlər Xocalı soyqırımını tanımışdı. Bu aksiya ilə bir çox dövlət başçılarını Bakıya toplamaq olardı.
2. Çanaqqala yürüşü əvəzinə Xocalı soyqırımı ilə bağlı dövlətlər səviyyəsində yürüş keçirtmək ona görə lazım idi ki, bu gün Ermənistan Dağlıq Qarabağı işğal edib və bir daha bu aksiya ilə Dağlıq Qarabağ problemini gündəmə gətirmək olardı.
3. Bu gün reallıq budur ki, Türkiyə ilə müqayisədə Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlər daha çoxdur və Xocalı aksiyası keçirilərdisə daha çox dövlət başçıları, hətta İsrail kimi dövlətlərin rəsmiləri də bu aksiyaya qoşulardı.
Deyilə bilər ki, bu gün Türkiyədəki tədbirə də onlarla dövlət başçıları qatılıb.Amma gəlin baxaq, Azərbaycan və Azərbaycan prezidenti istisna olmaqla Türkiyəyə gələn hansı dövlət regiondakı proseslərə təsir edə bilir?. Demək olar ki, heç biri.

Yerevanda keçirilən
tədbir Ermənistana
nə verir?

Ermənistanda keçirilən yürüş isə siyasi yük baxımdan təssüflər ki, kifayət qədər siyasi çəkili bir aksiyaya çevrilə bildi. Ən azından ona görə ki, dünya düzəninə təsir edə bilən Fransa və Rusiya kimi dövlətlərin prezidentləri, ABŞ kimi dövlətin isə maliyyə naziri bu aksiyaya qatıldı. Unutmayaq ki, Fransa, Rusiya və ABŞ Dağlıq Qarabağ problemini həll etməli olan ATƏT-in Minsk qrupunun həmsədrləridir. Bu aksiyanın ermənilər üçün ilk uğuru məhz budur. İkinci uğuru isə psixoloji üstünlüyün ermənilərə keçməsidir. Məlum olduğu kimi bir neçə ildir ki, Azərbaycan diplomatiyası hücum diplomatiyasına keçid edərək erməni diplomatiyasına ağır zərbə vura bildi. Həmçinin "Xocalıya ədalət" kampaniyası ilə dünyaya erməni vəhşiliyini göstərdik və psixoloji üstünlüyü tam əldə edə bildik. Nəhayət son bir neçə ay ərzində atəşkəsin pozulması nəticəsində cəbhədə ermənilərə ağır zərbələr endirə bilməyimiz, bir helikopteri sıradan çıxartmağımız Ermənistanda bir təlaş yaratdı və erməni cəmiyyəti bir panikgərginlik yaşamağa məhkum oldu. Amma bu gün keçirilən erməni "soyqırım"ı yürüşü ermənilərə əlavə stimul verdi. Çox təəssüflər ki, Çanaqqala yürüşü bu stimulu sıradan çıxarda bilmədi. Maraqlıdır, bəs nədən bu prosesdə ermənilər psixoloji baxımdan olsa belə qalib gələ bildilər.
- Çünki ermənilər əsas hədəflərinə doğru getməyi bacardılar.Türkiyə isə sadəcə görüntü yaratmaq üçün ayda bir dəfə hansısa Avropa dövlətində gərəksiz aksiyalar keçirtməklə diplomatik hərəkətlərinə ara verdilər.
-Çünki ermənilər diplomatik cəbhədə əsas hədəfləri düzgün müəyyənləşdirir və davamlı şəkildə addımlar atırlar.
-Çünki ermənilər bütün proseslərdə təşəbbüsçü olurlar. Biz isə onların atdığı addıma adekvat olaraq müdafiə xarakterli addımlar atmaqla əslində onları yamsılayırıq.
-Çünki ermənilər bir dəfəlik türkə düşmən mövqedən yanaşırlar. Biz isə o erməni pisdir, bu ermeni yaxşıdır deyə, hətta birisini baş nazirin müşaviri təyin edirik.
-Çünki ermənilər türkün gücünü bilirlər. Biz isə erməni gücünü bilmirik, gah şişirdirik,gah da onları adam belə saymırıq. Nəticə isə göz qabağındadır.
Bunlar əslində çox xırda arqumentlərdir və daha ciddi arqumentləri də sadalamaq olar.

Bəs bundan sonra?

Əslində indi bu sual Türkiyə və Azərbaycanı daha çox düşündürməlidir. Amma təəssüflər ki, son günlər yaşananlar heç də nikbin nəticələr çıxartmağa imkan vermir. Belə ki, Ermənistanın və erməni lobbisinin bu həyasızlığına cavab olaraq Türkiyənin baş naziri Əhməd Davudoğlu 1915-ci ildə ölən ermənilərlə bağlı erməni xalqına baş sağlığı göndərdi. Bu isə siyasi baxımdan buraxılan ciddi bir yanlışlıq oldu. Bütün bunları nəzərə alaraq hesab etmək olar ki, yaxın illərdə ermənilər bu fürsətdən yararlanaraq daha ciddi siyasi və psixoloji basqıları artıracaq və bu da Dağlıq Qarabağ probleminə bir başa təsir edəcək. Başqa bir tərəfdən isə artıq erməni lobbisi "soyqırım" oyunu ilə bağlı ikinci mərhələyə start verir. Bu nədən ibarətdir?
1. Türkiyədə "soyqırım"a məruz qalanların ailəsinə təzminatın verilməsi
2. 1915-ci illərdə Türkiyədən köç edənlərin geri qaytarılması və əmlaklarının özlərinə verilməsi
3. Rəsmi şəkildə Türkiyənin ermənilərdən üzr istəməsi
4. Türkiyə daxilində erməni muxtariyyətinin verilməsi.
Bütün bunların olması isə faktiki Türkiyənin dövlət olaraq unitarlığına zərbə, Dağlıq Qarabağ probleminin isə arxa sıraya keçirilməsidir.
Beləliklə prosesləri ümumilikdə cəmləşdirərək çıxara biləcəyimiz nəticə budur ki, erməni "soyqırım"ının yüz illiyindən sonra daha ağır mərhələ başlayacaq və buna indidən hazırlıq görmək vacibdir. Ən azından ona görə ki, artıq ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransa və Rusiya açıq şəkildə mövqeyini ortaya qoydu.Sonda isə Dağlıq Qarabağda görünməmiş vəhşiliklərə rəhbərlik edən Ermənistan prezidenti Serj Sarksyanın dediyi bir sözü yada salmaq istəyərdim:"Bizim nəsl Dağlıq Qarabağı götürdü. Gələcək nəsl isə Ağrıdağ, Anadolu haqqında düşünməlidir".