Bəzi
Bəzi rektorlar özlərinə yeni qazanc yeri axtarır

Ölkənin ali təhsil müəssisələrindən qəribə xəbərlər gəlir

Bu yaxınlarda maraqlı, elə maraqlı olduğu qədər də müxtəlif müəmmalara yol açan xəbərlər yayıldı. Həmin xəbərə görə, Azərbaycan Texnologiya Universitetinin (ATU) məzunlarından biri lent.az-a müraciət ünvanlayaraq, iki il öncə adıçəkilən məktəbi bitirdiyini bildirib.

Həmin gənc deyib ki, təhsil haqqını ödəməyinə və diplom almağına baxmayaraq, ATU-dan ona zəng edilərək, təhsil haqqını ödəməyə çağırıblar: "Universiteti bitirməyimdən iki il keçməsinə baxmayaraq, "Qida məhsullarının texnologiyası və turizm" fakültəsinin dekanı Arzu Həsənov mənə zəng edərək, bildirdi ki, "Universitetə 250 manat borcun qalıb, gəl, təhsil haqqını ödə". Baxmayaraq ki, mənim əlimdə ödəniş qəbzi var".
Məsələ ilə bağlı ali məktəblə əlaqə saxlayan sayta özünü rektorun köməkçisi kimi təqdim edən şəxs belə cavab verib ki, həmin şəxsdə təhsil haqları ilə bağlı ödəniş qəbzi varsa, universitetə təqdim etməlidir: "Əgər ali məktəbin məzunu təhsil haqqını ödəməyibsə, ödəməlidir. Ödəyibsə, bizə qəbz təqdim etməlidir". "İndiyə qədər təhsil haqqı niyə tələb olunmurdu" sualına universitetdən belə cavab verilib: "Maliyyə Nazirliyi universitetdə yoxlama aparıb. Məlum olub ki, bəzi tələbələr təhsil haqqı ödəməyiblər. Buna bir neçə səbəb var. Bunlardan biri, həmin tələblərin qarışıqlıqdan (? - red.) istifadə edərək, təhsil haqqından yayınmasıdır. Digər məsələ isə bir neçə tələbənin həmin vaxt təhsil haqqının ödəməyə imkanının olmamasıdır".
Rektor köməkçisi "tələbə təhsil haqqını ödəməyibsə, ona diplom verilməlidirmi" sualına cavab verməyib.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, həmin şəxs ali məktəbə gedərək, özü bu məsələni araşdırmalıdır: "Əgər universitet məzunu təhsil haqqını ödəməyibsə, ona, ümumiyyətlə, diplom verilməməli idi. Əgər diplom alıbsa, həmin şəxs təhsil haqqını ödəməyə bilər".
Nazirlikdən o da bildirilib ki, bu məsələdə təqsirkar adıçəkilən ali məktəbdir: "Təhsil alanla təhsil müəssisəsi arasında müqavilə imzalanır. Həmin müqavilədə göstərilir ki, təhsil alan (ali məktəbə ödənişli əsaslarla qəbul olunubsa) təhsil müəssisəsinə illik ödəniş etməli və təhsil almalıdır. Təhsili uğurla bitirdikdə isə diplomla təmin edilir. Bütün bunlar nəzərə alınaraq, qeyd olunmalıdır ki, Texnologiya Universiteti həmin müqavilənin şərtini pozub".
Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, ali məktəb öz "günahı"nı keçmiş tələbələrinin hesabına yumaq istəyir.
Ən ilginc məqam isə analoji halların ölkədə bir çox tələbələrin, həm də fərqli universitetlərdə başına gəlməsi ilə bağlıdır. Belə ki, bir çox ali təhsil müəssisələri keçmiş tələbələrinin hesabına "varlanmaq yolu" tutublar.
Bunun məhz indi - ölkədə maddi kapitalla bağlı problemlərin yaşandığı vaxtda ortaya çıxması isə xüsusi maraq doğurur. Belə düşünməyə əsas yaradır ki, baş verənlər heç də təsadüfi, eyni zamanda nadir hadisə deyil və bəzi rektorların düşdükləri maddi krizisdən çıxmaq üçün baş vurduqları yollardan biridir.
Ali məktəb rəhbərlərinin bəlli maddi problemlər içində olduqlarını onların ölkədə təhsil haqlarının artırılmasını istədiklərinə dair mətbuatda yayılan məlumatlar da təsdiqləyir. Həmin məlumatların qeyd-şərtsiz həqiqətə uyğun olduğunu demək çətindir. Amma eyni zamanda unutmaq olmaz ki, "od olmayan yerdən tüstü çıxmaz".
Bir sözlə, belə məlum olur ki, Azərbaycanda xeyli rektorun maddi durumu heç də normal deyil və onlar bu vəziyyətdən çıxmaq üçün ən ağlagəlməz variantlara hazırdırlar. Belə görünür, biz qarşıda həmin variantları reallaşdırmaq cəhdlərinin açıq şahidi olacağıq.
Odur ki, gözləyək. Zaman bütün deyilənlərə konkret aydınlıq gətirəcək.
Sənan Mirzə