Sabiq nazir yeni vəzifə ümidini itirdi
07:35 28-04-2015
İQTİSADİYYAT
Sabiq nazir yeni vəzifə ümidini itirdi
Əvəz Ələkbərov deputat olmaq niyyətindən də əl çəkdi
Azərbaycanın keçmiş maliyyə naziri Əvəz Ələkbərov yeni açıqlamalarla çıxış edib.Nazir istər qarşıdan gələn parlament seçkilərində namizədliyini irəli-sürüb-sürməyəcəyi, istərsə də yeni vəzifə təyinatı alıb-almayacağı məsələsinə aydınlıq gətirib.
Əvəz Ələkbərov öncə jurnalistin "Deputatlığa namizədliyinizi irəli sürə bilərsinizmi" sualına cavab verib: "Açığını deyim, parlamentdə təmsil olunmaq üçün deputatlığa namizədliyimi irəli sürmək haqqında düşünməmişəm.Heç bu məsələnin üzərində dayanmıram və bundan sonra da belə olacaq".
Ələkbərov həmçinin son vaxtlar xeyli fəallaşan və bu fəallaşması da daha çox payızda keçiriləcək parlament seçkilərinə hesablanmış addım kimi yozulan başqa bir sabiq maliyyə naziri maliyyə naziri Fikrət Yusifov "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi yaratması və ona rəhbərlik etməsinə də toxunub "O iqtisadi sahədə baş verən proseslərlə bağlı müxtəlif təhlillər verir. Sizin də belə bir qurum yaratmaq niyyətiniz varmı" sualını Ə. Ələkbərov bu cür cavablandırıb: "Mənim hansısa təşkilat yaratmaq şansım daha çox idi. İstəsəydim, çoxdan belə bir təşkilat təsis edərdim. Təcrübəm, biliyim hər hansı təşkilat yaradıb onu idarə etməyə və təhlillər ortaya qoymağa imkan verir. Ancaq mən daha çox gəzməyə, dünyada baş verən prosesləri izləməyə, sağlamlığımı qorumağa üstünlük vermişəm. Kimsə nəsə yaradıbsa, Allah işini avand eləsin! Allah eləsin ki, bu cür təşkilatlar cəmiyyətə, xalqa, dövlətə faydalı bir şey versin. Yaratmaq asandır, amma əsas fayda verməkdir".
Bir sözlə, son cümlə ilə Ələkbərov F. Yusifovun bostanına birbaşa olmasa da, dolayısı ilə daş atıb.
Nəhayət, "İqtisadiyyat sahəsində xeyli təcrübəniz var. Məhz bu təcrübə və potensialınıza görə gələcəkdə hansısa dövlət vəzifəsinə təyin olunmağınızı gözləyirsinizmi" sualına cavabında sabiq maliyyə naziri deyib: "Həyatda hər şey ola bilər. Uinston Çörçill görün neçə yaşında gəlib Böyük Britaniyanın baş naziri olub?! Xalqıma, dövlətimə, komandama iş qabiliyyətim məlumdur, lazım olarsa, hər şeyə hazıram. Mən özümü bu hakimiyyət komandasının bir üzvü sayıram. Amma oturub nəyisə gözləməklə bağlı fikirlərdən də uzağam".
Aydın görünən odur ki, artıq keçmiş maliyyə naziri istər yeni vəzifə təyinatı almasına, istərsə də qarşıdan gələn parlament seçkilərində deputat mandatı əldə etməsinə hökumət dairələri tərəfindən "yaşıl işıq" yandırılmasına dair bütün ümidlərini itirib.
Xatırladaq ki, Əvəz Ələkbərov hazırda daha çox Türkiyədə yaşayır. Onun burada həm elmi iş, həm də bizneslə məşğul olduğu bildirilir. 1996-2006-cı illərdə maliyyə naziri postunu tutan Ələkbərov uzun fasilədən sonra, 2013-cü ildə prezident seçkiləri öncəsi səssizliyini pozmuş və ondan bəri mütəmadi açıqlamalarla çıxış edir. Bir çoxları bunu Ələkbərovun öz vəzifə karyerasını bərpa etmək niyyəti ilə əlaqələndirirlər.
Hələ 2014-cü ilin fevralında sabiq nazir saytlardan birinə müsahibəsində özünə yenidən vəzifə təklif olunacağına qəti şəkildə inanmadığına işarə vurmuşdu, halbuki bundan bir il əvvəl - 2013-cü ilin yayında prezident seçkiləri ərəfəsində Ələkbərov saytlardan birinə kiçik açıqlamasında vəzifə gözləntisində olduğunu açıq ifadə etmiş, hətta onun buna xeyli ümidli olduğu da hiss olunmuşdu.
Dünənki müsahibəsi sabiq maliyyə nazirinin öz vəzifə karyerasını bərpa etmək istiqamətində gözləntilərinin tamamilə bitdiyini göstərir. Baxmayaraq ki, o özünü az qala Çörçilə bərabər tutaraq, hələ də iş qabiliyyətinin yüksək olduğuna işarə vurur, lazım olarsa, "hər şeyə hazır olduğunu" deyir.
Amma açıq şəkildə görünən odur ki, Əvəz Ələkbərovun 9 illik fasilədən sonra hansısa postu tutması, yaxud payızda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində vəsiqə qazanması inandırıcı deyil. Elə bunun özü də keçmiş naziri sözügedən müsahibədə pessimist, hətta küsgün tonlarla danışmağa məcbur edib.
Onun "Təşkilat yaratmaq asandır, amma əsas fayda verməkdir" sözləri ilə F. Yusifovun "bostanına daş atması" da maraq doğurur. Mümkündür ki, bununla o, adıçəkilən sabiq nazirlə müqayisədə özünün fəallaşmasına iqtidar içindəki müəyyən dairələrin "yaşıl işıq" yandırmamasından incikliyini biruzə verməyə çalışır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53